TEATRO

TEATRO

sənət portalı

post-title

Ramilə Abdullazadə - FESTİVALIN TƏSLİM AKTI

İnsan azadlıqla əsarətin, ləyaqətlə alçaqlığın, dostla düşmənin, nifrətlə sevginin arasındakı incə cizgidə yeriyə bilən ən mahir akrobatdır. Nodar Dumbadze isə həyatını incə cizgilərdə yaşamış, yaratmış və daima əlində ağ bayraqlar dalğalanmışdır. Təslimiyyətin, sülhün işarəsi olan ağ bayraqlar, həmçinin N.Dumbadzenin eyniadlı romanının adıdır. Bu roman əsasında “Pillə 3 Respublika tələbə tamaşaları festivalı”nın ikinci günündə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin teatr və kino aktyoru ixtisası üzrə IV kurs tələbələri (kurs rəhbəri və quruluşçu rejissor Fərhad İsrafilov, səhnə danışığı müəllimləri Mahirə Yaqubova və Əlizaman Mirzəyev) tərəfindən “Ağ bayraqlar” tamaşası oynanıldı. Ağ bayraq özlüyündə ayrı bir ziddiyətdir: qədim dövrlərdə qalibiyyət rəmzi idi.

Bəlkə də təslim olmaq elə qalibiyyət idi...

“Biz “gürcü” deyəndə ağlımıza hər şeydən əvvəl nə gəlir? Əlbəttə ki, mərdaneyi qafqazlı görkəmində qatarla sıraya düzülmüş gürcü kişilərinin xoru, şərəfə qaldırılan və dibəcən içilən çaxır dolu buynuz, bir də gözəl gürcü rəqsləri...“[1]

Hazır olun... Bu tamaşada yuxarıda deyilənlərin heç birini görməyəcəksiniz. Çünki “Ağ bayraqlar” tamaşasının mərkəzi ideyası lokal deyil. Tamaşa insan və insanlığın həssas predmetinə müraciət edir ki, bu, həmçinin N.Dumbadze yaradıcılığının əsas ideyasıdır: AZADLIQ. Balaca həbsxana kamera dünyanın göbəyində cəng meydançasıdır. Tamaşaçı kamera sakinlərinin necə məğlub oluşunu seyr edir və ... sona qalan ağ bayraq qaldırmalıdır. İnsan azadlığa qiyafə geydirməkdən yorulmur, çünki heç vaxt onu tapa bilmir. Hökm gözləyən məhbus üçün isə bu fikirlər boş və əsassızdır. O, yalnız elekrtik məftili ilə dövrələnmiş həbsxana divarlarının çölündə olmaq arzusu ilə alışıb, yanır. Elə bu məqamda tamaşanın ana ideyası olan azadlıq, ləyaqət faktoru ilə qarşı-qarşıya qoyulur: Azad olan ləyaqətsizdirmi, yoxsa ləyaqətli olanmı dustaqdır? Bu sual obrazların hər birinə aiddir. Hər kəsin simasında isə başqa cavab var.

Gürcü musiqisi sədaları altında, polis məntəqəsinin 4 nəfərlik gözləmə kamerasında, cılız sulietin kədərli etiraz tüğyanı duyulur. Bu Şoşiadır (Pərviz Soltanlı): etiraz və qorxunun vəhdətində zühur edən, həbsxana tipajlarından biri. Balaca adamın qəbulolunma arzusu ilə çoşub-daşan Şoşianın üzərində tapılan pulları bizim bütün qohum-əqrəbamız 10 ildə hesablayıb qurtara bilməz. Lakin bu, onun Dato və Devdarianidən qorxmamasını təmin etmir. O, qorxur, amma etiraz edir, inanır, amma skeptikdir, vicdanlıdır, amma həm də ləyaqətsizdir. Pərvizin oyunu bu ammaların üzərində qurulduğu üçün uğurludur. Aktyor Şoşianın xarakterik əlamətlərinin kövrək sərhədlərində rəqs edir.

Aktyor döşəməni etiraz şövqü ilə silir, plastik qıvraqlığı diqqətdən yayınmır. Pərviz qəhrəman energetikası ilə hərəkət edir, gəl gör ki, Şoşia qorxağın biridir. Hətta bəzən Şoşia ilə o qədər barışmır ki, obrazın üzərinə çıxıb Pərvizi göstərməyə çalışır. Baxma, yenə də Şoşia yazıq adamdır, qanadlarının olacağına inanır. Bəlkə də var və o uçur, amma heç kim görə bilmir...

Kimsa görmürdü onu,

Hamının başı qarışıq idi.

Axmaq ata, qorxaq məhbus, ləyaqətsiz oğru – Şoşia Qoqoladze...

Bu balaca otaqda heç kim onu görməsə də, tamaşada hər kəs Pərviz Soltanlını görə bilirdi. Çünki onun oyunu tamaşanın bitkin və psixoloji dərinliyə malik iki oyunundan biridir. Hə, onun qanadları var idi, İsidor əmi, sadəcə yuxarıdan baxmaq lazım idi...

Yuxarıdan baxmaq lazım idi bəlkə,

Yuxarıdan ulduzlar baxa bilirdi”.[2]

İsidorun (Şəhriyar Aşkari) isə heç vaxt qanadları olmayacaqdı. Çünki bu qoca məhbusu həyata bağlayan yeganə ümid işığı, qətlə yetirdiyi kürəkəninin gözlərində oxuduğu son ifadə idi. Hərçənd ki, bunu da Devdariani onun əlindən alacaqdı. Tamaşanın ən uğurlu obrazı Şəhriyar Aşkarinin ifasında İsidor obrazıdır. Şoşiadan fərqli olaraq İsidoru həmin balaca otaq içrə hər kəs görə bilir. İsidor həmin otaqda ağ bayraqdır. İsidor ona görə ağ bayraqdır ki, o bu kamerada iki ləyaqətli və əslində günahsız adamdan biridir. Bu səbəbdən ölümü tamaşanın sınma məqamıdır. İsidorun gerçək kimliyini saxta məhkəmə zamanı aydın oxuyuruq. Oyun içində oyun prinsipi ilə qurulmuş epizod, İsidorun gerçəklik qavramını necə itirdiyini və bir yalanın ləyaqətli və yaşlı adama həmin situasiyada necə təsir etdiyini göstərir. İsidor qorxudan ölmür, utancdan ölür. Ağsaqqal partiya üzvünə güllələnmə əmri?!

Aktyor rolunu yaşlı məhbus tipajına uyğun təmkin və ədəblə yerinə yetirir. Tamaşanın ən parlaq kişi obrazı məhz Aşkariyə məxsusdur. O, hər cəhətdən obrazı dolğun təqdim edir: Yavaş və boğuq səsi, ağır hərəkət tərzi və digər zahiri əlamətləri, bitkin əməl xətti və obrazın psixoloji dərinliyinin açılması. Aktyor İsidorun məkan içrə mövqeyini bütünlüklə qavraya bilib və daha önəmlisi bunu nümayiş etdirə bilir. Şəhriyar İsidoru oynamır, o, elə zatən İsidor İsidoroviç Salaridzedir. Salaridzenin ölümü münasibətlər balansını dəyişir. Burada birmənalı olaraq səbəbkar Devdarianidir (Rəvan Hüseynzadə).

Adətən həbsxanada həmişə bir kamera lideri olur: ona ləqəbi ilə müraciət olunur, digər məhbuslar ondan qorxur və ya çəkinir, tiraniyasını yaradır və sairə. Limon ləqəbi daşıyan Devdariani isə həmin lider personasının imitasiyasıdır. Bu faktın səbəbi var: Limon obrazı olduqca ziddiyyətli və dərin psixoloji personajdır. Nəzərə alsaq ki, bu tamaşa səhnələşdirmə əsasında hazırlanıb, həmin səbəbdən Limon obrazı bitkin təəssürat oyatmır. Lakin psixoloji portretin yaradılması cəhətdən, Limon da digər personajlar kimi uğurludur. Burada xatırladaq ki, tamaşanın janrı psixoloji-dram olaraq təqdim edilib və özünü doğruldub.

Rəvanın ifasında Devdarianinin ən doğru və bariz cəhətlərindən biri odur ki, ansambl oyunu daxilində ərimir, baxmayaraq ki, adekvat tərəf müqabildir. Yəni aktyor Limon obrazının paradoksallığını balansda saxlamağı bacarır. Limon həm qəddardır, həm mərhəmətli, həm düşməndir, həm dost, həm oğrudur, həm də ədaləti müdafiə edən: emosiyaları dəyişkəndir, inkişafı düz xətt üzrə irəliləmir. Limon tamaşanın başlanğıcında situasiyanın idarə edicisidir. Əvvəl özünü qəddar tiran kimi qələmə versə də, müəyyən sınma məqamları nəticəsində əslində aciz adam olduğu su üzünə çıxır. O, elə özü etiraf edir ki, dünyada oğrudan iradəsiz adam yoxdur. Devdarianinin Nunu (Nəzrin FƏəullayeva) ilə olan münasibətləri məsələni daha da mürəkkəbləşdirir. Aktyor isə obrazın çoxşaxəli inkşaf xəttini itirmir. Hərçənd ki, bu xəttlərin heç biri finala çata bilmir. Buna baxmayaraq, Hüseynzadənin ifası ikinci dərəcəli personaj üzərindən dəyişimin uğurlu nümunəsidir.

Devdarianin sağ əli Dato (Cavid Mirfətəliyev). Tamaşanın ən sadə personajını məhz Mirfətəliyevin ifasında görürük. Aktyor öz rolunu qabartmadan, olduğu kimi təqdim edir. Qəddar adam kimi görünsə də əslində ən mərhəmətli odur. Limon İsidora güllələnmə əmri verəndə ilk və tək etiraz edən Dato olur. Hətta İsidorun yerinə cəza çəkməyə də hazır olduğunu deyir. Halbuki, İsidor haqqında danışarkən qeyd etdiyim ləyaqətli və günahsız iki personajdan biri olan Zaza Nakaşidze (Hüseyn Rzayev) bu hadisə qarşısında səssiz qalmışdı.

Zaza Nakaşidze tamaşanın mərkəzi fiquru, əsərin baş qəhrəmanıdır. Digər hadisələr Zazanın istintaq prosesinin fonunda baş verir. Zaza hadisələrin mərkəzində dayansa da Rzayevin ifası tərəfmüqabillərlə nisbətdə sönük qalır. Hüseyn mərkəzdənqaçma qüvvəsi ilə xaricə dartılır və beləliklə Zaza obrazı ilə aktyorun məni arasında qırıqlıq yaranır. Kollektiv səhnələrdə oyunu ansambl daxilində itir. Aktyorun potensial gücü müstəntiqlərlə (Elvin Abbasov, Kənan Hacıyev) və ana (Nazlı Quliyeva) ilə səhnələrində daha qabarıq hiss olunur. Amma obrazı ilə yalnız sonda, kamerada tənha qaldığı zaman bütünləşə bilir. Müstəntiq Qaqua (Elvin Abbasov) və müstəntiq Xeladze (Kənan Hacıyev) ilə görüşləri zamanı Nakaşidzenin personası daha qaranlıqdır, qorxusunu büruzə verməməyə çalışır. Devdarianinin Nunu (Nəzrin Fətullayeva) ilə olan münasibətləri onun xarakterini nə qədər mürəkkəbləşdirirsə, Zazada əksinə, bir o qədər ifşaedicidir. Qadınlarla münasibəti göstərir ki, Amiraxvali və Xarabadzenin onu düşürdüyü bu qalmaqallı situasiya həyat həqiqətinin Zazaya ilk silləsidir. Təsadüfi deyil ki, kamera dörd nəfərlikdir. Zazanın gəlişi göstərir ki, hökmən kimsə getməlidir. İlk gedən İsidor olur və hər kəs sıra ilə kameranı, həmçinin Zazanı tərk edir. Beləliklə Zaza qorxuları ilə baş-başa qalır...

Sən azaqdlıqdan qorxursan, yoxsa mahkumluqdan, Zaza?

Zaza azadlıqdan yox, azadlığı istəməkdən, azad olmaq ümidinin qırılmasından qorxurdu. Artıq o təslim olmuşdu, ümidsizlik dənizində bir damla olmuşdu, Zaza artıq ağ bayraq olmuşdu. Təslim olmaq qalibiyyət deyildi, yanılıb bütün cahan.

Qalibiyyat heç vaxt təslim olmamaqdı...

Fonda “Orovela”, qulaqlarda isə Şoşianın son sözləri: “Allah var, Zaza, möcüzələr olur” cümləsi səslənir. Ən zülmət qaranlıqda yalnız nəzarətçinin (Anar Papaxov) dilindən bir neçə kəlmə eşidilir: “Nakaşidze, şey-şüyünlə!”

Allah var, Şoşia, möcüzələr olur...

Dan yeri sökülmüşdü... Kamera qapısından parterə yönəlmiş güclü ağ işıqda Zazanın silueti görünürdü. Artıq seçim öz əlində idi: Dünya adlı bu həbsxanada ya azad-ləyaqətsiz olacaqdı, ya da ləyaqətli dustaq.

Zazanın seçimi məlum olmadı. Amma Pillə 3 Respublika tələbə tamaşaları festivalı” öz seçimini etdi və “Ağ bayraqlar” “Gənc ekspertlər qrupu” tərəfindən “Ən yaxşı tamaşa”, Pərviz Soltanlı isə ifa etdiyi Şoşia roluna görə festivalın “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi seçildi.

Festival beş gün ərzində (26-30 may) iştirakçıları fərqli suallarla qarşı-qarşıya qoydu. Suallara cavab tapılmağa çalışıldı. 11 tamaşanın (“Dönüş”, “Arqon”, “Ağ bayraqlar”, “Bir, iki-bizimki”, “Don Raffael - Trombonçu”, “Jorj Danden”, “Yay gecəsində yuxu”, “220 saylı otaq”, “Daş qonaq”, “Metamarfoza”, “Skapenin kələkləri”) hər biri problemtikaya yanaşma rakursu ilə festivalı daha canlı hala gətirdi.

Məni isə ən çox düşündürən... “Ağ bayraqlar” tamaşasının problematikası idi: AZADLIQ. Bizlər də həyatın dar çərçivələrinin ləyaqətli dustaqlarıyıq. Möcüzə isə yalnız ondadır ki, bizə bu həyatı kənardan izləmə fürsəti verilib. Bu səbəbdən səhnədəki oyun, parterdə onu seyr edən bizdən daha gerçək və azaddır.

Teatr küknardır, festival isə milad bayramı. Həmişəyaşıl ağacın gerçək vəzifəsini xatırladacaq bir bayram ...

* Yazı ADMU-nun keçirdiyi “PİLLƏ 3 Tələbə Tamaşaları Festivalı haqqında ən yaxşı məqalə” müsabiqəsi çərçivəsində çap olunur. 

 

[1] Aydın Talıbzadə. “Milli teatrda gürcü mərəkəsi”. https://teatro.az/az/post/aydin-talibzade---milli-teatrda-gurcu-merekesi-165
[2] Bertold Brext. “Ölü əsər haqqında ballada”

Load Time (S) : 0.030768