Əvvəla onu deyim ki, təəssürat və mülahizələrimi elmi-nəzəri qata varmadan, mürəkkəb terminlərə əl atmadan, çox sadə dildə sizinlə bölüşməyi daha səmərəli hesab etdim.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 və Azərbaycan Teatrının 150 illiyinə həsr olunmuş Teatr Forumu (11-12 aprel 2023-cü il) məni bir sıra önəmli məsələlərə, ənənəvi anlayışlara sürətlə dəyişməkdə olan rəqəmsal dünyanın sərt gözü ilə yenidən baxmağa sövq etdi. Bu məqamda Teatr Forumu güclü optika funksiyasını yerinə yetirərək sanki böyüdülmüş güzgü vasitəsilə Azərbaycanın “teatr icmasının portreti”ni əbədiləşdirdi. Bu minvalla həm biz, yəni teatr adamları özümüzü olduğumuz kimi – necə var gördük, həm də Forumun təşkilatçıları (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yeni komandası) bizi olduğumuz kimi görübən, bizimlə tanış oldular. Azərbaycanın teatr xadimləri ilə tanışlıq və dialoq (təəssüf ki, dialoq qismən alındı) üçün görünür ki, Forumdan daha səmərəli platforma seçmək qeyri-mümkün idi.
Bu məqamda Forumun təşkilatçılarına minnətdarlıq hisslərimi bəyan etmək istəyirəm. Teatr Forumu, əvvəla teatr xadimlərini bir yerə topladı və çoxdan bir-birini görməyən, bir yerə cəmləşəndə sənət problemlərindən daha çox cari məsələlərə taxılıb qalmağa məcbur olan bizlərə platforma verməklə, həm də illərcə ürəyimizdə qubarlanmış, aidiyyatlı qurumların eşitmək istəmədiyi məsələləri (təəssüf ki, bu dəfə də əsasən sosial məsələlərə köklənməli olduq) bir daha səsləndirmək imkanı yaratdı. O bir ayrı söhbətin mövzusudur ki, biz bu problemləri necə səsləndirə bildik. Forum iştirakçılarının çoxu görünən bu mənzərədən, yəni teatr xadimlərimizin məsələlərə daha böyük miqyas rakursundan baxa bilməmələrindən narazı qaldılar.
Teatr Forumunun iki iş günündə sırf yaradıcılıq söhbətlərinə, teatrımızın inkişaf strategiyasına, onun zamanla birgə addımlaması üçün perspektiv yolların axtarılmasına, yeni hədəflərin tapılmasına, yeniləşmə prosesində həm müasir milli dramaturgiya, həm milli aktyor, rejissor və teatr rəssamlığı sənətinə sistemli yanaşmaya qismən toxunulsa da, bu problemlərin çözülməsinə yaranmış aşırı ehtiyacımız ödənilmədi. Eyni zamanda teatr və tamaşaçı probleminə, yeni iqtisadi münasibətlərin formalaşması, prodüser institutunun milli teatr məkanında tətbiqi, marketinq və reklam strategiyası, region teatrlarının vəziyyəti, müstəqil teatr siyasəti, bu günün festival formasının funksiyalarının müəyyənləşdirilməsi, teatr təhsili və teatr münasibətlərinin tənzimlənməsi kimi dörd panel müzakirəsinə çıxarılan önəmli mövzuların (etiraf edək ki, mövzuların çoxluğu iki günün çərçivəsinə sığmadı) araşdırılmasına istədiyimiz dərəcədə nail olmasaq da, onlara da qismən nəzər salındı. Teatr Forumu illərlə görüşməyə, bir yerə yığışmağa və bir-birini dinləməyə tamarzı olan bizlərə doğru söz demək, obyektiv olmaq, dərdlərimizi bölüşmək imkanı verdi, bizi görüşdürdü, arzuladığımız ünsiyyətə qovuşdurdu.
Forum təcrübəmizin olmaması və dialoqdan yadırğamağımız səbəbindən istədiyimiz səviyyədə dialoqa girə bilməsək də, hər halda dialoqun əsası qoyuldu. Tarixi bir görüş baş tutdu ki, bu da Teatr Forumunun uğurundan xəbər verir. İnanıram ki, II Teatr Forumunda arzularımız çin olacaq, yəni yüksək dialoq mədəniyyəti ilə yaradıcılıq problemlərinə nüfuz edə, onlara işıq sala və beləliklə də, bu problemlərin həlli yollarının axtarışına çıxa biləcəyik.
Bu yerdə teatr ictimaiyyətinin diqqətini onları yetişdirən, boya-başa çatdıran Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə yönəltmək istəyirəm. Bu müqəddəs bədii təhsil məkanında zamanın tələbləri mövqeyindən yetişdirilən istedadlı gənc kadrlar göz qabağındadır. Bu il 100 illik yubileyinə hazırlaşdığımız ADMİU-nun Teatr sənəti fakültəsinin və SABAH qruplarının uğurları bizi sevindirir. Sözügedən bu uğurlarda həm fakültənin, həm də SABAH qruplarının əvəzedilməz dekanı, tələbələrin və professor-müəllim heyətinin sevimlisi Böyükxanım Talıbovanın danılmaz əməyini ayrıca qeyd etməliyik. Bu fakültənin görkəmli sənətkarımız, professor Gülşad Baxşıyevanın rəhbərlik etdiyi Aktyor sənəti kafedrasında böyük pedaqoji təcrübəyə malik ustad teatr pedaqoqları ilə yanaşı, istedadlı gənc müəllimlər də kadr yetişdirirlər. Sadalananların nəticəsində 2022-ci ildə Universitetdə ilk dəfə «Pillə» adlı teatr festivalı keçirildi və bu festival fəaliyyətini bundan sonrakı illərdə də davam etdirəcək.
Onu da qeyd edim ki, Teatr Forumunda söz demək xatirinə ADMİU-də yetişdirilən kadrların səviyyəsindən giley-güzar səsləndirilsə də, süni problem yaratmaq cəhdi müsbət qarşılanmadı.
Son illər ADMİU-nun SABAH qrupları universitetdaxili eksperimental teatr studiyası rolunu oynamaqdadır. Sevindirici haldır ki, burada pedaqoji fəaliyyətlə uğurla məşğul olan gənc pedaqoqlar ali məktəbimizin müəllim bazasına daxil ediliblər. Yəni, onlar mənim bu gün eksperimental teatr studiyası adlandırıdığım yaradıcılıq atmosferində yetişdikdən sonra pedaqoq kimi uğurla fəaliyyət göstərməkdədirlər. Tələbə tamaşaları kimi qəbul etdiyimiz bu quruluşlar dəfələrlə dövlət teatrlarımızın böyük səhnələrinə çıxmış, xarici ölkələrdə keçirilmiş teatr festivallarına qatılmış və hər dəfə arzuladığımız yeni teatr düşüncəsini sərgiləməklə böyük uğur qazanmışlar. Onda, gəlin, rejissor qıtlığından az danışaq və gənc rejissorlara böyük səhnələri etibar edək.
Teatr Forumunda toxunulan problemlərə gəlincə isə, bilməliyik ki, onların həllinə biz qollarımızı çırmalayıb, köhnə teatr düşüncəmizi yeniləmək və sovetdən qalma teatr sistemimizi dəyişmək yoluna qədəm qoymaqla nail olacağıq. Bunun üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bizə Azərbaycan teatrının inkişaf proqramını təqdim etməli, Teatr və teatr fəaliyyəti haqqında qanuna (29 dekabr 2006-cı il) zamanın tələbləri müstəvisində yenidən baxılmalıdır ki, teatrlarımız da bu dövlət sənədləri çərçivəsində işlərini yenidən qura bilsinlər. Teatrlarımız teatrdaxili işlər sırasına daxil olan problemlərlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini yükləməməli, bunları özləri həll etməlidirlər. Bu məqamda teatr icmamızdan təvəqqe edərdim ki, «Teatrın bazarı və bazar iqtisadiyyatı» adlı vaxtında yazılmış bir məqaləni (Teatro.az., 17.04.2023, Elçin Cəfərov) diqqətlə oxusunlar. Avropa teatr modelini öyrənmiş və özünün səmərəli təkliflərini sadalamış müəllifin bu yazısında irəli sürülən müddəaların teatrımızın praktikasına tətbiqi, düşünürəm ki, arzusunda olduğumuz yenilənmə prosesində sistemli yanaşmaya, yeni maliyyələşdirmə mexanizmlərinin tapılmasına, prodüser institutunun milli teatr məkanımıza tətbiqinə, teatr sənətinin müxtəlif formalarının dirçəlişinə, region teatrlarında kadr potensialının yenidən saf-çürük edilməsinə, bir sözlə, milli teatrın inkişaf strategiyasına bir işıq salacaqdır. Məncə, Türkiyədə uzun illərin sınağından çıxmış “Teatrların idarə edilməsi modeli”ndən də bəhrələnə bilərik.
Bəli, heç şəksiz ki, problemlərimiz çoxdur: binasız fəaliyyət göstərən teatrlarımızın, sosial problemləri həllini gözləyən teatr sənətçilərimizin taleyi hamımızı düşündürür və düşündürməlidir də. Amma və lakin bütün bunlara ilk növbədə yeniləşməsi zəruri olan teatr düşüncəsinə, yeni teatr strategiyasına, cilalanmalı olan professionallığa, peşəkarlığa və yeni idarəetmə sisteminə yiyələnəndən sonra nail ola bilərik. Bir də ki, mütləq və mütləq dövlət büdcəsindən maliyyələşən teatrlarımız vaxtaşırı olaraq maliyyə xərcləri barəsində açıq hesabatlar sərgiləməlidirlər.
O ki qaldı nihilist əhval-ruhiyyəyə, gəlin, ondan qurtulaq, inkar mövqeyindən uzaqlaşıb, həllini gözləyən məsələlərə köklənək, teatr sosiologiyasının təməl daşını qoyaq, teatrlarımızda sözügedən problemləri tənzimləmək gücündə olan şöbələr açaq, potensial imkanı olan gənc teatrşünasları bu şöbələrin işinə cəlb edək, yeni layihələrlə meydana atılaq, ADMİU-də yetişdirilən gənc kadrların sonrakı sənət taleyi naminə Universitetlə teatrlarımızın yaradıcılıq əlaqələrini gücləndirək.
Hörmətli teatr xadimləri! Hamımız bilirik ki, arzuladığımız bu günün və sabahın teatrına doğru aparan yollar enişli-yoxuşlu, müzakirələrlə, münaqişələrlə, uğur və uğursuzluqlarla dolu olacaqdır. Çünki həyatımızı həsr etdiyimiz “Əlahəzrət Teatr!” canlı, sirli, sehrli olmaqla yanaşı, həm də daim dəyişməyə, yeniləşməyə məcbur olan mürəkkəb bir sənətdir. Amma yenə də qarşımızda keçilməsi çətin olan aşırımlar, sədlər bizi qorxutmur. Ona görə ki, teatr adlı bu canlı möcüzəni sevirik və bilirik ki, özümüzü bütünlüklə ona həsr etməsək, zamanla birgə addımlamasaq, teatra lazım olmayacağıq, zamandan kənara atılacağıq. Bu isə sənətkar üçün əsl faciədir.
Təəssürat və mülahizələrimin sonunda Konstantin Sergeyeviç Stanislavskinin teatr sənətçilərinə xitabən dediyi bu qiymətli fikri xatırlamaq yerinə düşərdi: “Bütün həyatınız boyu sənətdə yaxşını pisdən ayıran demarkasiya xəttini durmadan axtarıb tapın!” Aleksandr Blok isə daha kateqorik mövqe tutaraq: “Sənət əsəri adını o adı daşımağa layiq olmayana verməyək!” deyə həyəcan təbili çalırdı. İstər məmnunluq və inam hissi ilə ayrıldığım Teatr Forumu, istərsə də mübahisə və mülahizələrimiz bu iki dahinin səsləndirdiyi sadədən-sadə həqiqətin bərqərar olunmasına xidmət edir.
Bəli, Heydər Əliyev Mərkəzinin bəmbəyaz müasir salonuna toplaşan bizlərin də arzuları K.S.Stanislavskinin və A.Blokun tələb və arzuları ilə bir məcrada görüşdü. Sözügedən bu mənzərə hörmətli panel moderatorlarının və ekspertlərin (xarici qonaqlarımızdan Rusiya Teatr Sənəti İnstitutunun – QİTİS-in rektoru Q.A.Zaslavski və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları İdarəsinin baş direktoru Mustafa Kurt da ekspertlərin sırasında idi) maraqlı çıxışları toxunduqları məsələlərə dərindən bələdlikləri sayəsində hasil oldu.
Bu iki gün ərzində bizimlə olan, bizi səbrlə dinləyən Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimliyə, onun işgüzar və müsbət enerjili komandasına, fədakar teatr icmamıza bizi gözləyən mürəkkəb məsələlərin həllində uğurlar diləyibən böyük inam, ümid və yenidən görüşmək arzusu ilə Teatr Forumundan ayrıldım.
Məryəm Əlizadə
Əməkdar incəsənət xadimi,
Sənətşünaslıq elmləri doktoru, professor
Müəllifin digər yazıları
M.Ələkbərzadə aktyorda kök salmağa, rişələnməyə cəhd edən, özünün intellektini, iradəsini, hisslərini ustalıqla ona ötürən rejisordur. Və göründüyü kimi «irimiqyaslı» (hər mənada!) tamaşal...
(Mövsüm öncəsi mülahizələr...)
Hərdən öz-özümə fikirləşirəm, görəsən, nədəndir, teatrı gah barometr, gah məbəd, gah tribuna, gah da emalatxana adlandırırlar?!
Məgər üç min ildən çox tar...
Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev təkcə teatr rəssamı deyil, o, həm də bənzərsiz bir rəngkardır. Amma və lakin onu şöhrətləndirən rəngkarlıq sənəti TEATRı, səhnəni əvəz edə bi...
Bu gün Azərpaşa Nemətovun anım günüdür. Görkəmli rejissor, düz bir il əvvəl - 2023-cü ilin 9 aprel tarixində haqqın rəhmətinə qovuşub. Bu gün onun birinci anım günüdür. Teatro.az sənət po...
Əlahəzrət Teatrın məhsulu olan Tamaşa bu anın sənətidir, yəni, hər axşam tamaşa başlayanda səhnədəkilərin – sənətçilərin (Aktyorların!) yaradıcılıq prosesi də başlayır və nə gözəl ki, bu proses tamaşa&cce...
(Şanlı məktub)
Dünyanın müharibələrlə çalxalandığı bir əyyamda mən əzizim Aydın müəllimi (sevimli tələbəm olub, indi isə sevimli həmkarımdır, müəllim sözü də burada mütləqdir, çünki o, həm də ə...
Əvvəla onu deyim ki, təəssürat və mülahizələrimi elmi-nəzəri qata varmadan, mürəkkəb terminlərə əl atmadan, çox sadə dildə sizinlə bölüşməyi daha səmərəli hesab etdim.
Azərbaycan Respublikasının Mədəniyyət Naz...
(Zamanın salnaməsi üçün eskiz)
Müdriklik mərtəbəsinə çatmış sənətkar haqqında zamanın salnaməsi üçün eskiz kontekstində söz demək asan olduğu qədər də çətindir.
İşin asan...
..."Yuğ" teatrının gümbəzli salonuna daxil oluram. Hər dəfə olduğu kimi özümə də qəribə gələn ehtiyatla ətrafıma göz gəzdirirəm: məkanın düz ortasında bir qurğu var, peşə vərdişimin sövqü ilə tez bir zaman...
Düşüncəylə duyğuların qovşağında
Teatr sənətinin ən əhəmiyyətli və bəlkə də ən çətin peşəsi, heç şübhəsiz, rejissuradır. XX yüzillik kosmos və rejissura əsri elan olunandan sonra mənsub olduğum peşənin qarşısına b...