TEATRO

TEATRO

sənət portalı

post-title

Məryəm Əlizadə - Torpağımızı əlimizdən alma, İlahi! I HİSSƏ

(Mövsüm öncəsi mülahizələr...)

Hərdən öz-özümə fikirləşirəm, görəsən, nədəndir, teatrı gah barometr, gah məbəd, gah tribuna, gah da emalatxana adlandırırlar?!

Məgər üç min ildən çox tarixi olan TEATR özünü öz adı ilə tam, dolğun ifadə edə bilmirmi?! Bəzən teatra «gerçəkliyin güzgüsü» də deyirlər. Hətta dahi Mirzə Cəlil bu «ayina»da özünü görüb, təəccüb və xəcalətdən gözləri bərəlmişlərə də işarə edib…

Bəşər tarixinə, lap elə güclənməkdə olan hərbcu ruhun amansızcasına çalxaladığı və məhvərindən qopartmaq istədiyi dünyamıza – bu günümüzə nəzər salanda da görürük ki, «teatr» sözü insanlara çox xoş gəlib. Çünki bədii yaradıcılıqdan çox-çox uzaq olan sahələrə də bu sözü şamil ediblər və edirlər: «hərbi əməliyyatlar teatrı»…, «siyasi səhnə»…, «kulisarxası oyunlar»…, «siyasi rollar»… və s.

Hər kəsə məlumdur ki, «teatr asılqandan başlayır», amma ömründə, heç olmasa, bir dəfə teatra gələn hər kəs onu da bilir ki, teatrın canı-qanı alovlu ideyaların, sehrli duyğuların, dərin düşüncələrin, sevinc və kədərin mənbəyi olan və «səhnə» adlanan ecazkar məkandır…

Hərəkətdə olan tarixi ZAMAN XIX əsrin sonu XX əsrin əvvəllərində «REJİSSOR» adlanan yeni yaradıcı peşənin doğuluşuna səbəb oldu. Cəmiyyətin bütün strukturlarını özünəməxsus formada təkrarlayan və tədricən «cəmiyyətin modeli» statusunu qazanan teatr öz içində ictimai-sosial qurğularına uyğun iyerarxiyasını, vəzifə təbəqələşməsini də müəyyənləşdirdi və sözügedən iyerarxiyanın başında teatrn BƏDİİ RƏHBƏRi (və ya baş rejissoru - teatrın içində cərəyan edən bədii prosesin başında duran sənətkar) durdu. Bir sözlə, «bədii rəhbər» vəzifəsinə təyin edilən şəxs yaradıcı strukturun başında yer alır, həm bədii-estetik prosesin önündə durur, həm də  teatrın yaradıcılıq platformasını, ideya-bədii proqramını, repertuarını və s. müəyyənləşdirir.

Bu gün, yəni, bizim zəmanədə, əslində isə elə bütün zamanlarda «bədii rəhbər»in başlıca funksiyası yaşayıb-yaratdığı zaman içində «öz zamanını» yaratmaq missiyasıdır. Bu missiya yetərincə yerinə yetiriləndə K.S.Stanislavski, V.E.Meyerxold, B.Brext, P.Bruk, A.İsgəndərov, M.Məmmədov, T.Kazımov, H.Atakişiyev, V.İbrahimoğlu, A.Nemət və b.  adları teatr tarixinin özəl səhifəsində «yaşamaq»da davam edir...

Bu yaxınlara qədər istər Bakının müxtəlif teatrlarında (Azərbaycan Dövlət Yuğ Teatrı-baş rejissor, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı-baş rejissor, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və b...), istərsə də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (rejissor, 1988-2014-cü illər) çoxsaylı tamaşalara uğurlu quruluş vermiş Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, rejissor Mehriban Ələkbərzadənin yaradıcılığında realizə etməyə, formalaşdırmağa cəhd etdiyi fərdi metodunun elementlərini qabarıq sezmək mümkün idi. 151 yaşlı ana teatrımızın yaşam gücünə malik ənənəsinə genetik doğmalığını çoxdan təsdiq etmiş Mehriban xanım sözügedən teatrın bədii rəhbəri təyin edildikdən sonra (2023-cü il 13 may) öz fərdi yaradıcılıq metodunu  zənginləşdirmək və milli teatrımızın mütərəqqi ənənəsinə yeni həyat vermək üçün münbit bir mühitin yarandığını həməncə anladı və gecəsini-gündüzünə qatıb, bu istiqamətdə işə başladı... Məsələnin subyektiv məqamına gəldikdə isə Mehriban xanımın qarşısında bədii rəhbər olaraq  ilk növbədə  yaradıcı heyətə (baxmayaraq ki, 25 il ərzində truppanı əməllicə tanıyırdı) adaptasiya  tələbi dururdu.

M.Ələkbərzadə bu vaxta qədər müəllifi olduğu tamaşalarda (“Qatil”, “Nuri-Didə Ceyhun”, “Mənəm... mən”, “İsgəndərə yeni namə”...) dramaturji əsərə münasibəti, qlobal mövzu seçimi, fəal müəllif mövqeyi, aktyorlarla aşırı tələbkarlıqla işləmək qabiliyyəti, bədii səhnə kompozisiyasının parametrlərinin dominantlığı («Kod adı V.X.A…») və s. ilə  seçilən fərdi yaradıcılıq metodunu formalaşdırmağa, realizə etməyə yönəldi. O, duyub-anladı ki, bu gün bədii rəhbər kimi «müəlliflik hüququ»na, öz paradiqmasına uyğun ədəbi material seçmək sərbəstliyinə daha çox malikdir… və «qızıldan qiymətli vaxt» itkisinə yol vermək olmaz…

 Bədii rəhbər kimi hazırladığı ilk tamaşa (Ç.Aytmatov «Əsrə bərabər gün», iki hissəli fantastik realizm) ilə bəyan etdi ki, müəlliflik ilk növbədə rejissorun professional, intellektual səviyyəsinin və vətəndaş mövqeyinin meyarıdır. Tamaşanın müəllifi və quruluşçu rejissoru M.Ələkbərzadə bu günə qədər uğurla sınaqdan çıxartdığı təcrübəni («Kod adı V.X.A…», “İsgəndərə yeni namə”...) daha da zənginləşdirmək əzmini nümayiş etdirdi. Onun rejissor iddiaları və mövqeyi sözügedən tamaşada teatrın müqtədir aktyorları ilə iş metodikasında öz əksini tapdı. O, rejissor kimi özünün başlıca vəzifələrindən birini – aktyordan ötrü oynadığı personajın təqdim olunan vəziyyətdəki psixofiziki əməl xəttini düzgün qurdu. Tamaşanın ali məqsədini «emosional dona bürünmüş ictimai-siyasi çağırış» kimi müəyyənləşdirməsi onu iki çox çətin və çox vacib məqsədə yetirdi, yəni, obrazların, eyni zamanda tamaşanın ideya tutumunu açmaqla aktyorların oyununu daha da məzmunlu etdi.

İkinci məqsəd isə tamaşanın ideya tutumunu tamaşaçılara emosional tərzdə təqdim etməsi oldu. O, tamaşanın tamhüquqlu müəllifi kimi «Əsrə bərabər gün» romanının üzərində ciddi ədəbi əməliyyat aparmaqdan çəkinmədi və  ədəbi kompozisiyanı  köklü surətdə yenidən – səhnəyə uyğunlaşdıraraq qurdu.

Beləliklə, yazıçı Ç.Aytmatovun «Əsrə bərabər gün» romanı quruluşçu rejissor M.Ələkbərzadənin tamaşa müəllifliyi sayəsində özünün «teatr bürüncəyi»nə büründü və səhnəyə xalis “teatr libası”nda qədəm qoydu. Belə ki, romanın kompozisiyasına, mətninə cəsarətlə və ədəbi istedadla yanaşan Mehriban xanım yaradıcı heyətə (57 nəfər!) dəqiqliklə ölçülüb-biçilmiş və səhnə təcəssümündən ötrü son dərəcə əlverişli olan ədəbi mətn təqdim etdi. O, müəllifi olduğu tamaşada məzmun və formanı, ideya və emosional qatları aşkarlamaqla, AKTYORlar üçün obrazın inkişaf perspektivini, tamaşanın bədii sistemindəki yerini, rolunu və əhəmiyyətini tam açıqlamış oldu.

M.Ələkbərzadə öz rejissor niyyətini ilk məşqdən aydın və səlis tərzdə açıqladığı üçündür ki, aktyorları yalnız öz rollarını deyil, bütövlükdə bu monumental tamaşanın bədii-ictimai sistemini realizə etməyə kökləyə bildi. Məhz bu səbəbdəndir ki, tamaşada əsas  rolların ifaçılarına  «solo» imkanını verərək  aktyorlara   özünüifadəyə,  yaratdığı obraza «çevrilmə»yə gərəkli olan  münbit zəmin yaratdı. Və 57 aktyorun məşğul olduğu  tamaşada heç kim kölgədə qalmadı...

“Torpaq və yaddaş haqqında ən uzun hekayət” olan bu tamaşada səhnədən bizə ötürülən «Adını unutma!…», «Torpağını, tarixi yaddaşını qoru!...» çağırışı tamaşa boyu get-gedə güclənərək «Bəşəriyyəti… insanlığı qoru!...» çağırışına qədər  yüksəldi...

 Tamaşada çoxqatlı yaddaş mövzusu etik qatın üzərində şaxələnir və süjet konstruksiyasında bu mövzuya əsas yer verilir. Sözügedən mövzunu çözələyən bir-birinə sıx hörülmüş “lövhələr” retro-zəncirvari tərzdə təqdim edilir. Bu tamaşada əsas konflikt Nurəddin Mehdixanlının yaratdığı dəmiryolçu fəhlə Yedigeylə Anar Heybətovun “ali təhsilli ziyalı” Sabitcanı arasındakı konfliktdir. Bu konfliktin açılması üçün teatr tamaşaçını kulminasiya nöqtəsinə, qarşıdurmanın zirvəsinə və sonuna professional oyun sərgiləyən aktyorlar vasitəsilə gətirib çıxarır. Tamaşa müəllifinin qaldırdığı bütün mətləblər isə bu qarşıdurma fonunda “vərəq-vərəq” açılır...

Tamaşanın əsas ideyasını - KEÇMİŞİ, KÖKÜ OLMAYAN İNSAN GƏLƏCƏYİ OLMAYAN İNSANDIR - görkəmli sənətkarımız Nurəddin Mehdixanlının heyrətamiz tərzdə yaratdığı Yedigey obrazı təstiqləyir. Bütün hadisələr “yerlə-göy arasında min dəfə ölüb-dirilən” Yedigeyin-Nurəddin Mehdixanlının xatirələri və dünyadərki süzgəcindən süzülərək canlandırılır. Ucsuz-bucaqsız səhranı öz ruhu miqyasında dərk etməsi Nurəddin Mehdixanlının Yedigeyini həqiqət axtarışlarına yönəldir. Aktyor Yedigeyin bu əzablı, məşəqqətli axtarışlarını, gələcəyi görmə, dərketmə anlarını (inanır ki, günahı-“Zərifə sevgisi” ucbatından Nayman ana qəbiristanlığı onu da qəbul etməyəcək) ağır iztirablardan keçərək yaşayır. Tamaşa başlayarkən Laləzar Mustafayevanın xəsis boyalarla yaratdığı həssas, təmkinli, bağışlamağı bacaran etibarlı Ukubala (Yedigeyin arvadı) ərinə Qazanqapın ölüm xəbərini verəndə Nurəddin Mehdixanlı-Yedigey həməncə “belə bir insan ölübsə, bu gecə heç kim yatmamalıdır...” deyir və dostunun Ana Beyit qəbiristanlığında dəfn edilmək vəsiyyətini yerinə yetirməyə başlayır...

Tamaşada Ana Beyit qəbiristanlığı mifin, müasirliyin və Kosmosun- üç əsas bədii qatın uzlaşdığı məkan olmaqla yanaşı, həm də onun mərkəzidir (Boranlı stansiya ilə birlikdə!). Yedigeyin başçılıq etdiyi ölünü dəfn etməyə gedən matəm dəstəsi Ana Beyit qəbiristanlığına doğru əzablı bir “səyahət”ə yollanır… 

Tamaşa bizi Çingiz Aytmatov, Mehriban Ələkbərzadə və Nurəddin Mehdixanlının yaratdığı Yedigeylə birlikdə mənəvi-ruhsal səyahətlərin ən… ən… ən çətininə-əsrə bərabər günü bir yerdə yaşamağa dəvət edir. Nurəddin Mehdixanlının aktyor şəxsiyyəti, möhtəşəm ifası əsrlərin ibrətamiz əfsanələrinin  həyatının ən məşəqqətli.... ən ağır gününə ustalıqla hörülmüş  Yedigey obrazının məzmununu daha da zənginləşdirir. Əzəmətli səhnə görkəmi olan bu sənətkar oyun meydançasında «çəkisizlik şəraiti»ndəymiş kimi çevik hərəkət edir və ilk kəlmələri səsləndirən andaca tamaşaçıya «hakim kəsilir». Bu sənətkarın  güclü, mənəvi-ruhsal təbiəti, vətəndaş mövqeyi və tamaşaçını heyrətə salan «mütləq özünüifadə» qabiliyyəti yaratdığı Yedigey obrazına ruhundan rişələnən oyun tərzi bəxş edir. Aktyor Yedigeyin kədərli hekayətini bütün varlığı ilə yaşayır və  özünün aşıb-daşan enerjisi sayəsində səhnəyə addım atan andaca həməncə istər səhnəni, istərsə də tamaşaçı zalını özünə tabe edir. Göründüyü kimi, özü də bundan zövq alır. Onun böyük mənəvi və fiziki güc sərgiləyən oyununda özünü biruzə verən və müxtəlif situasiyalarda aşkarlanan əməl-fəaliyyət zəncirinin «kardioqramması» açıq-aydın oxunur.

Tamaşada səhnəyə canlı çıxarılan dözümlü, sədaqətli, folklor mənşəli dəvə-Sarınər obrazı Yedigeyin təbiətdəki prototipidir. Dünyanın yaranışından sonuna qədər ram edilməz bu səhralar... bu dəvələr... bu sərt təbiət həmişə duracaqdır. Ç.Aytmatov nəsrindən rişələnən bu düşüncələrlə də teatr Sarınəri canlı-canlı səhnəyə gətirir.

Ç.Aytmatov nəsrində heyvanların taleyi rəmzi mənada insanın... bəşəriyyətin taleyi ilə sıx bağlılıqda verilir. Sarınər yazıçının bədii dünyasında parlaq təsvir edilir, insaniləşdirilir, psixoloji keyfiyyətlərə yiyələnir, insan kimi onun da fərdi taleyi olur. Nurəddin Mehdixanlının mükəmməl ifasında Boranlı təbiətinin bir parçası olan Yedigeyin sərt səhraların digər parçası olan Sarınərlə canlı dialoqu bizi “təbiətin harmoniyasını pozmayın!” çağırışına kökləyir.  Bu kontekstdə Sarınərin tamaşada canlı iştirakı, personajlaşdırılması teatrın  Ç.Aytmatovla həmfikir olması ilə yanaşı həm də əbədi  yaşayacaq mifə... rəvayətə işarə kimi də qavranılır.

Tamaşanın mifoloji, mifik, əfsanəvi qolunu «Manqurt əfsanəsi», fantastik qolunu isə kosmik planet və onun sakinləri təmsil edir. Yedigeyin mürəkkəb, sintetik obrazını yaradan Nurəddin Mehdixanlı Yedigeyin xatirələri ilə həm də obrazının həyat yolunu canlandırır. Tamaşada təklif edilən məkanda dəfn mərasiminin üzvlərini qəbristanlığa aparan YOL həm də  mifoloji dona bürünərək sakral məkana – Ana Beyit qəbristanlığına və eyni zamanda İNSAN QƏLBİNƏ GEDƏN YOLa  çevrilir. Yedigey ilə yanaşı digər obrazlar da bu YOLda «içlərinin-içinə» lağım atmalı və insani dəyərləri axtarıb-araşdırmalı olurlar. Ana Beyit qədristanlığına gedən yolun bağlanmasının əsas səbəbi isə əcdadlarına dönük çıxanlara verilən mənəvi cəza kimi yozulur.

Teatrın öz tamaşaçısına ötürmək istədiyi məzmunlu informasiya – ideya emosional başlanğıcla mütənasib şəkildə təqdim edilir. Belə ki, tamaşanın müəllifi və quruluşçu rejissoru emosional sarsıntını başlıca amil dərəcəsinə yüksəltmədiyi üçün ideyanı da dominantlaşdırmır. Bu səbəbdən də tamaşaçının qavrayışı intellektual və emosional qavrayışların harmoniyası ilə səciyyələnir. Türkün özünəqayıdış prosesini gücləndirməyə yönələn bu tamaşada  tamaşaçıya ötürdükləri duyğuları anlayan, anladıqlarını emosional-intellektual şəkildə bizə aşılaya bilən aktyorları görürük.

Səhnə variantının ideya strukturu, yəni, ali məqsədi, hadisə xətti, konflikti və temporitmi tamaşanın müəllifi tərəfindən dəqiq parametrləri olan «səhnə lövhələri» vasitəsilə təcəssüm etdirilir: “Qatar yolu (stansiya) Boranlı”, “Sarı Özək”, “Sakit okean – Kosmik gəmi”, “Sinif otağı”, “Boranlı razyezdi”, «Manqurt əfsanəsi…», «Ana Beyit…», «Donanbay quşu əfsanəsi…» və s. Sözügedən bu «lövhə»lərin hər biri üçqatlı kompozisiya komponenti, ünsürü kimi bitkin və mükəmməl formada həll edilib.

Load Time (S) : 0.007162