Vilson öz tamaşalarının həm də səhnə dizayneri olan tək-tük rejissorlardandır. Ona görə də tamaşalarında əksər rejissorlardan fərqli olaraq, əsərlə səhnə tərtibatı arasında xoş bağlılıq olur. Tamaşa həqiqətən sintetik xüsusiyyətinə, sənətsəl mahiyyətinə yaxınlaşır.
Həmçinin heykəltəraş, rəssam, xoreoqraf və işıqçı işləyən Robert Vilson 1941-ci ildə Texas ştatının Vako bölgəsində anadan olub. Texas Universitetində biznes təhsili aldıqdan sonra Bruklinə köçüb, Pratt sənət institutuna qəbul olunub. Burada rəssamlıq ixtisasına yiyələnib və heykəltəraşlığı öyrənmək üçün Arizonaya gedib. Arizonada arzu etdiyi təhsili Paolo Solerinin (italyan arxitektoru) məktəbində alıb.
1960-cı illərin əvvəlində Nyu-Yorka köçən Vilson zamanının öndə gedən xoreoqrafları ilə çalışır. 1968-ci ildə ilk eksperimental teatr kompaniyasını – Bird Hoffman məktəbini yaradır. Bu məktəbin adı uşaq ikən onun pəltəkliyini düzəltmiş müəlliminin adıyla bağlı idi. O, yaradıclığı dövründə “İspaniya Kralı” və “Ziqmund Freydin Həyatı və Zamanı” adlı tamaşalarını qurur, bəstəkar Filip Qlassla operada “Eynşteyn Sahildə” əsərini səhnələşdirir. Avropanın məşhur teatr və operaları ilə işləməyə başlayan rejissorun “Deafman Glance” tamaşası sürrealist xüsusiyyətləri ilə diqqəti çəkir, Almaniyada Şekspirin “Kral Lir”, Çexovun “Qu Quşunun Nəğməsi”, Virciniya Vulfun “Orlando” və s. tamaşalar qurur.
1983-84-cü illər ərəfəsində o, 1984 Yay Olimpiya Oyunları üçün “the CIVIL warS: A Tree Is Best Measured When It Is Down” tamaşasını hazırlamağı planlaşdırır. On iki saatlıq tamaşa altı hissəyə hesablanmışdı. Lakin tamaşa maliyyə çatışmazlığı üzündən qismən işləndi. Hərçənd, 1986-cı ildə Pulitzer mükafatının dram üzrə bölməsinin jürisi yekdilliklə bu tamaşaya səs verdi. Sonradan mükafatın Müşahidə Şurası bu qərarı rədd etdi və həmin il heç bir əsərə mükafat verilmədi.
Robert Vilson teatrın sərhədlərini qırmaqla tanınır. Onun əsərləri sadə üslubu, asta hərəkətliliyi, tez-tez zaman və ya məkan içində böyük miqyası ilə tanınır. Məsələn, “KA MOUNTain and GUARDenia Terrace” tamaşası İranın Şiraz bölgəsində dağ təpəsində 7 gün ərzində, 7 fərqli məkanda, 7 ailənin həyatını canlandırırdı. Digər bir tamaşa “İosif Stalinin Həyatı və Zamanı” isə 12 saatı əhatə edirdi.
Həmçinin, 2013-cü ildə Vilson rusiyalı aktyor, baletmeyster Mixail Barışnıkov və dünyaca məşhur aktyor Vilyem Defonun iştirakı ilə rusiyalı dramaturq Danil Xarmzın “Qoca Qadın” əsərini səhnələşdirir. Tamaşa ilk dəfə Mançestr Beynəlxalq festivalında nümayiş olunur. Vilson yazırdı ki, o və Barışnikov neçə illərdi ki, bir rus əsəri əsasında tamaşa qurmaq istəyirdilər. Və sonda ortaya belə bir tamaşa çıxdı: rəqs, işıq, musiqi ifası və ikidilli çıxışdan ibarət tamaşa. Vilson bundan başqa dünyanın bir çox məşhur aktyorları ilə maraqlı foto layihələrə imza atıb.
“Vilson” teatrı.
Dil Vilson teatrının əsas elementlərindən biridir. Brandeis Universitetinin professoru Artur Holmberq deyirdi: “Teatrda dilin böhranını Robert Vilson kimi dramatikləşdirən dahi yoxdur. O, öz işlərində sözləri də görülən edir, buna görə onun üçün dil vacibdir” . Vilson əsərlərində dilin nə olduğunu və vacibliyini, həmçinin niyə gözdən yayınmamalı olduğunu vurğulayır. Robertin teatrda əməkdaşlıq etdiyi bəstəkar Tom Veyts deyir: “Onun üçün sözlər gecə mətbəxdə yerə tökülmüş mıxları xatırladır və siz bu zaman ayaqyalın olursunuz. Yəni, Bob (Vilson) incitmədən adlamaq üçün yolu təmizləyir. O, sözlərin formasını və dəyərini dəyişdirir. Onlara bəzən artıq, bəzənsə daha az anlam qazandırır”.
XX əsrin məşhur yazıçısı Ejen İonesko Vilson haqqında “O, Bekketi də ötüb keçdi. Çünki Vilsonun səssizliyi danışan səssizlikdir” deyirdi. Ola bilər ki, bu səssizlik tamaşaçının əsəblərini pozsun, lakin bu, dilin yoxluğu zamanı səssizliyin nə qədər vacib olduğunu göstərməyə xidmət edir. “Kral Lir” üzərində işləyəndə o, səssizliyin zərurliyini belə təsvir edir: “Aktyorlar burda (Almaniya nəzərdə tutulur) doğru öyrədilməyiblər. Onların düşündüyü tək şeu mətni necə interpretasiya etməkdir. Onları sözləri necə demək qayğılandırır, amma öz bədənləri haqda heç nə bilmirlər. Bunu onların necə gəzməsindən görmək olar. Onlar məknada jestin yükünü anlmırlar. Yaxşı aktyor zalı bir barmağını dəyişməklə idarə edə bilər”.
Hərəkət Vilson tamaşalarının digər əsas elementidir. O, “sözsüz” tamaşası olan H.İbsenin “Biz, Ölülər, Oyananda” əsərindən danışarkən deyirdi: “Mən mətn üzərində çalışmazdan əvvəl hərəkət üzərində çalışıram. Daha sonra hərəkəti və mətni birləşdirirəm. Mətn olmadan təkcə hərəkətlə tamaşada oynamağı bacardıqlarından əmin olmaq üçün ilk hərəkəti edirəm. Hərəkət özlüyündə ritmə və struktura malik olmalıdır. O mətni izləməməlidir. Sizin nə eşitdiyiniz və gördüyünüz fərqli anlayışlardır. Onlar bir araya gəldikdən sonra isə ortaya fərqli bir şey çıxır.”
Vilson hətta ətrafını belə bunun vacibliyinə adaptasiya edir. O, tez-tez mürəkkəb hərəkət ardıcıllığı göstərir və aktyorlardan bunu etmələrini tələb edir. Vilson zaman və məkan ətrafında qurduğu tamaşalarda hərəkət və sözün sintezi ilə tamaşaçıya düşünmək üçün məkanda boşluq yaradır. Tamaşaları haqqında danışarkən Vilson yalnız bunu deyir: “Bu nədir?”
Vilsonun görüntünün tamaşaçı tərəfindən yozulmasına şərait yaratması, həmçinin, bir çox nəzəriyyəçilərin də teatrı fərqli yozmasına gətirib çıxarıb. Məsələn, uzun müddət Robert Vilsonla çalışan Stefan Brext onun tamaşalarını “Theatre of Visions” (Baxış Teatrı) adı ilə dəyərləndirmişdi. Digər tənqidçi Bonni Maranka isə Vilsonun mətn və dil eksperimentlərini irəli çəkərək bu teatrı Theatre of İmages (Obraz Teatrı) toplusuna daxil etmişdi. Bunlardan ən çox tanınanı isə Hans-Ties Lemanın “Postdramatik Teatr” kitabıdır. Leman Vilson teatrını təkcə öz içində yox, həm də ümumi post-dramatizm cərəyanı ilə uyğunlaşdırır və geniş bir araşdırma aparır. Leman post-dramatik teatrı “dramın başqa yanı” adlandırır. Bu teatrda rejissordan başqa aktyorun, musiqiçinin, rəqqasın da özünəməxsus azad məkanı vardır. Bədən bir obrazı canlandırmaqdan daha artıq səhnədə səsi, ritmi, ahəngi axtaran bir şeyə dönür.
Vilsonun tamaşaları da post-dramatik teatrın bir hissəsinə çevrildi. Onun əsərlərində tamaşaçı xəyali bir dünyaya, yuxuya düşür və onu anlamağa çalışır. Post-dramatik teatrda olduğu kimi Vilson teatrında da mətn önə çəkilir, mizanlar ikinci sıraya düşür. O səhnədə mətnin rəsmini çəkməyə çalışır. Bir neçə gün davam edən tamaşaları ilə tamaşaçıya daha azad, daha geniş bir çeşid təqdim edir.
Robert Vilson öz dizayn təcrübəsini teatrda istifadə etməklə illüziya yaradır və tamaşaçıya böyük zövq verir. İşığın, səhnəqrafiyanın düzgün işlənməsi onun teatrının əsas elementlərindəndir. O səhnədə işığa ayrıca obraz kimi baxır. Vilson deyir: “İşıq olmasa məkan olmaz, məkan olmayanda isə teatr olmur.” Qısa və konkret desək, Vilson teatrı işıq və səhnə qrafikası ilə səhnədə fövqəladə bədiilik yaradır.
Müəllifin digər yazıları
Böyük Britaniya teatrı 1950-ci illərdən bəri İkinci Dünya müharibəsinin doğurduğu ictimai-siyasi, mənəvi-psixoloji vəziyyətdən, bu durumun diktəsi ilə meydana gələn fərqli teatr cərəyanlarından, ideoloji sistemlərdən təsirlənmişdi...
Marqaret Tetçerin siyasi arenadan çəkilməsi yeni bir dövrün başlanğıcı hesab olunur. 1995-ci ildə Royal Kört Cervud Cervud Apsteyrdə göstərilən Sara Keynin cinsəllik və şiddət kimi tabuların yer aldığı “Zibilə ...
Kerl Çörçill 1938-ci ildə Londonda doğulmuş İngilis dramaturqdur. Pyesləri əsasən feminizm, iqtidarın tənqidi və cinsəlliklə əlaqəlidir. Aleks Sirz onun haqqında yazır: “1980-ci illərdə ən təsirli yazar Çörç...
Sonsuzluq haqqında düşünmək. Bunu düşünmək belə qorxuludur. Düşün ki, heç nə bitmir, tükənmir, ölürsən amma hələ də davam edir. Sonsuz xoşbəxtlik, sonsuz bədbəxtlik qədər qorxuludur. Amma insanlar d...
Helen MİRREN
Teatr, kino və televiziya aktrisası
Helen Mirren səhnə və televiziya fəaliyyətində parlaq və rəngarəng ifası ilə bir çox önəmli mükafatlar qazanmış, dünyada ən tanınan və nüfuzlu aktrisalardan biridir. 20...
Sosializm realizminə qarşı çıxan rejissor günlərin bir günü özünü zamanının məşhur və dahi rejissorlarından birinə çevrildiyini gördü. Bu, həmin rejissor idi ki, 20-ci əsrin ortalarında Polşada te...
Vilson öz tamaşalarının həm də səhnə dizayneri olan tək-tük rejissorlardandır. Ona görə də tamaşalarında əksər rejissorlardan fərqli olaraq, əsərlə səhnə tərtibatı arasında xoş bağlılıq olur. Tamaşa həqiqətən sintetik xüsusi...
Bu gün yola məni uzun zamandır ki, narahat edən bir problemin axtarışı ilə çıxıram. Nədənsə mənə həmişə elə gəlib ki, müəlliflər (burada yazıçılar, rejissorlar, şairlər, dramaturqlar da nəzərdə tutulur) oxucuları aldadıblar....
“Teatr məbəd kimi”
“Teatro.az” sənət portalı Pakistan dramaturqu Şahid Nadimin Beynəlxalq Teatr Günü ilə bağlı teatr ictimaiyyətinə ünvanlandığı müraciəti təqdim edir.
Dünya Teatr G&uum...
Bu gün Beynəlxalq Teatr Günüdür. Bu əlamətdar gün UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1962-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən hər il Beynəlxalq T...