2021-сi ilin axırlarında Daşkənd şəhərində baş tutan Gənclərin IV Beynəlxalq Teatr Forumu çərçivəsində Vladimir Pankovun laboratoriyasında iştirak etmək, onun teatrşünaslığın qlossariyasına daxil etdiyi “soundrama” ilə tanış olmaq imkanı qazandım. Artıq oxumağa başladığınız yazıda iki suala cavab axtarmağa, eyni zamanda, dünya teatr məkanında yaşanan tendensiyalarla bağlı məlumatları sizinlə paylaşmağa çalışacağam.
Soundrama nədir və teatr sənətindən ötrü yeniliyi nədən ibarətdir? Əvvəla, V.Skottun “Cənubi Şotlandiyanın xalq nəğmələri” kitabında aktuallaşdırdığı həqiqəti xatırlamağa məcburam ki, “yeni yaxşı unudulmuş köhnədir”. Yəni bu göy qübbəsinin altında yeni heç nə yoxdur. Haqqında danışdığımız nəsnələr, olsa-olsa, yeni libasa bürünmüş “köhnə”dən savayı bir şey deyil. Bu gün mədəni proses, o cümlədən zamana daha çox adekvat olan teatr sənəti sürətlə dəyişir, mədəniyyətdə “yeni” anlayışı, “yeni” haqqında təsəvvürlər ciddi transformasiyaya məruz qalır: dünən yeni olan nəzəriyyə, üslub, yaxud cərəyan artıq bu gün köhnəlir və tarixə qovuşur. Yeni və köhnə anlayışları da şərti xarakter daşıyır və zaman-zaman öz ehtiva etdiyi məna çalarlarını dəyişir.
Hərdən adama elə gəlir ki, artıq incəsənətdə yeni nəsə tapmaq, “insan ayağı dəyməmiş xam torpaqlar” kəşf etmək qeyri-mümkündür. Bütün gözəl sözlər deyilib, gözəl libaslar geyinilib, ləziz təamlar yeyilib. Yaxşı kişilər yaxşı atları minib gediblər. Postdramatik teatrdan sonra səhnə sənəti, bir növ, boşluğa düşdü və “postdramatik”in, postmodernizmin “post”undan kənara çıxa bilmədi. Məgər “post-postmodernizm” ifadəsinin özü də simulyakor deyilmi?
Ancaq V.Pankov və həmfikirləri teatrın “yeni” defisiti yaşadığı bir dönəmdə yeni bir janr, forma və teatr yaratmağa nail olub. Adını da qoyublar “soundrama”. Bu yazımda Pankovun özünün də ustad dərsində qeyd etdiyi kimi, “sənətkarı öz qanunları ilə mühakimə etməyə” və məhz bu yeni teatr forması haqqında danışarkən sənətkarın özünün təklif etdiyi oyun şərtləri ilə “oynamağa” çalışacağam.
Sound və drama sözlərinin birləşməsindən yaranan soundrama (d hərfinin biri ixtisara düşür) səsin, musiqinin və mahnının dramatik tamaşanın əsas elementinə çevrildiyi teatr formasıdır. Daha dəqiq desək, soundramada “səs” (hər cür səs!) tamaşa adlı bədii bütövün əsas elementidir.
Soundrama özündən əvvəlki bütün janrları qarışdıran, musiqini və səsi teatrın köməkçi ifadə vasitəsi olmaqdan çıxarıb, tamaşanın özəyinə çevirən üslubdur. Soundramada tamaşanın musiqisi və səsi elə tamaşa zamanı səhnədə yaranır. Klassik musiqili teatrda olduğu kimi, musiqiçilər orkestr quyusunda yox, səhnədə yerləşdirilir. Tamaşanın musiqisinin yaradılmasında musiqiçilər, səs rejissoru ilə yanaşı, aktyorlar da iştirak edir. Soundramada əl altında olan hər şey – dekorasiya da, rekvizit də, butafor da, aktyorun özü də, hətta səhnə planşeti də asanlıqla bir anda musiqi alətinə çevrilə bilir.
V.Pankov deyir ki, soundrama – janrların qarışığıdır, yeni, innovativ, qeyri-adi layihələrin hazırlanması üçün incəsənətin müxtəlif növləri arasında sərhədlərin silinməsidir.
Soundramanı anlamaq üçün şifrəni uzaqda yox, məhz SounDrama studiyasının yaradıcılarının uydurduqları adda axtarmaq lazımdır. Rejissor, aktyor, bəstəkar, rəssam, səs rejissoru, xoreoqraf və b. həmfikirlərdən ibarət kompakt komanda müxtəlif mövzularda improvizələrlə, janrlarla jonqlyorluq edərək tamaşalarının strukturunun əsasında sözü, mətni deyil, səsi, musiqi partiturasını, hərəkət alqoritmini qoyur. V.Pankova görə, onların teatrında rejissor, bəstəkar, rəssam, aktyor ierarxiyası yoxdur. Sənətkar özü bu məsələyə belə yanaşır: “Biz tamaşada aktyorlardan ansambl ifası tələb edirik, özümüzsə ierarxiya qururuq. Bu məntiqli deyil”. V.Pankova görə, şaquli münasibətlər üzərində qurulan kollektiv soundrama yarada bilməz. “Bu münasibətlərdə hamı bərabərdir, hamı yaradıcıdır. Rejissorun rolu Tretey məhkəməsindəki hakimin roluna bənzərdir. Hakim-rejissor, sadəcə, son sözü deyə bilər”. Ancaq bədii məhsulun yaranmasında iştirak edən bütün sənətçilər eyni qədər səlahiyyət və məsuliyyət sahibidirlər.
Misal üçün, bir nəfər əlindəki balaca bir daşı gölə atarsa, gölün üzərində konsentrik dalğalar yaranar. Bu konsentrik dairələr daşla su səthinin görüşməsindən yaranan enerjinin vizual təzahürüdür. Əgər, məsələn, yüz nəfər eyni anda eyni nöqtəyə daş atsa, bu enerjinin və konsentrik dairələrin ölçüsü və miqyası yüz dəfə artıq olar. Bu say daha artıq olsa, eyni anda, eyni nöqtəyə atılan daşların yaratdığı enerjinin dalğası qarşısıalınmaz qüvvəyə malik olar.
Soundramanın bir teatr forması kimi meydana gəlməsi 2003-cü ilə təsadüf edir. Dramaturgiya və Rejissura Mərkəzində A.Jeleztsovun “Qırmızı ip” əsəri əsasında tamaşa hazırlayarkən yaradıcı heyət hasilə gələn bədii məhsulu mövcud janrlardan heç birinə aid edə bilməyib. Çünki yekun bədii məhsul nə xalis dramatik tamaşa, nə də müzikl janrının çərçivələrinə sığmırdı. Ona görə də yaradıcı kollektiv SounDrama sözünü axtarıb tapıb və məhz həmin tamaşanın premyera günü – 5 aprel 2003-cü il soundramanın təvəllüd tarixi hesab olunur.
Növbəti illərdə kollektiv müxtəlif teatrlarda “Dok.tor” (E.İsaeva, SounDrama studiyası və Teatr.doc, 2005), “Keçid” (Rusiyada “yeni dram”ın nümayəndələri olan gənc dramaturqların birgə yazdığı pyes əsasında, SounDrama studiyası və Dramaturgiya və rejissura mərkəzi, 2006), “Morfiy” (M.Bulqakov, Et Cetera, 2006), üç hissəli “Qoqol. Axşamlar” (N.Qoqol, SounDrama, V.Meyerhold mərkəzi və “Teatral həll” kompaniyası, 2007, 2008, 2009), “Afərin / Le Gars” (M.Svetayeva, SounDrama, Millətlər Teatrı, 2007), “Toy” (A.P.Çexov, Çexov festivalı və Yanka Kupala adına Belarus Milli Teatrı, 2009) “Sevgi ərazisi” (M.Kristofer, “Art-Partner XXI” və SounDrama studiyası, 2009), “Romeo və Cülyetta” (U.Şekspir, Millətlər teatrı, 2010), “Yeddi səyyarə (ay)”, (Ə.Nəvai, SounDrama və Özbəkistanın “İlxom” teatrı, 2010), “Mən Pulemyotçuyam” (Y.Klavdiev, SounDrama studiyası, 2010), “Şəhər. OK” (V.İrvinq və M.Saltıkov-Şedrin, Çexov Festivalı, 2011), “T.Ə” (Ş.de Laklonun “Təhlükəli əlaqələr” romanı əsasında, SounDrama studiyası, 2011), “Orfey sindromu” (V.Mayakovskinin və poeması və J.Koktonun pyesi əsasında, Vidi-Lozan teatrı və Çexov festivalı, 2012), “Maşın” (Y.Klavdiev, Qoqol-mərkəz teatrı, 2013), “Həyət” (E.İsaeva, Qoqol-mərkəz teatrı, 2014), “Zoykinin mənzili” (M.Bulqakov, Sverdlov teatrı, 2015), “Kim Virciniya Vulfdan qorxur” (E.Olbi, “Art-Partner XXI”, 2015), “Ördək ovu” (A.Vampilov, Et-Cetera teatrı, 2016), “İblis” (M.Lermonotov, Bişkek, 2016), “Kedlər” (L.Stirijak, Dramaturgiya və rejissura mərkəzi, 2017), “Köhnə ev” (A.Akazantseva, Dramaturgiya və rejissura mərkəzi, 2017), “Üç bacı” (A.Çexov, Bolşoy teatr, 2017), “Fedra” (M.Svetayeva, İlxom teatrı, 2018), “Spokanda ələ vida” (M.Makdonax, Dramaturgiya və rejissura mərkəzi, 2018) və s. tamaşalarla soundramanın yaşam hüququnu təsdiqləyib. Bu gün soundrama teatr mühitindən ötrü elə bir anlayışa çevrilib ki, onun haqqında fikir yürütmək, onu sorğulamaq yanından sürətlə ötüb keçən qatara daş atmaq kimi bihudə işdir. Amma yenə də V.Pankovun, A.Kimin və S.Rodyikovun danışdıqlarına və özümün anladıqlarıma əsasən, bəzi məsələlərə aydınlıq gətirməyə çalışım.
V.Pankovun “silahdaşı” bəstəkar A.Kim danışır: “İlxom” teatrının yaradıcısı Mark Vayl mənə dedi ki, sən musiqini yaz, sonra mən tamaşanı ona uyğun quracağam. Bu, mənə R.Uilsonun təcrübələrini xatırlatdı. Nə qədər ekstraordinar olsa da, zənnimcə, bu təcrübəni teatr üçün yeni hesab etmək olmaz. Elə ənənəvi Şərq teatrının formaları arasında da bənzər təzahürlərlə rastlaşmaq mümkündür. A.Kim soundramanı “total teatr” adlandırır və bu zaman teatrın müxtəlif komponentləri arasındakı qarşılıqlı əlaqəni nəzərdə tutur. Əgər soundrama “total” teatrdırsa, Piter Brukun teatrı nədir? Axı, Piter Brukun teatrı haqqında da “total teatr” ifadəsi mövcuddur. Hərçənd ki, “total teatr” ifadəsinin özü də “sulu su” kimi bir şeydir. Teatr, onsuz da, mahiyyətinə görə “total”dır. Total olmayan teatr yoxdur, varsa da, dar bədii istiqamətləri özündə ehtiva edən ayrı-ayrı belə teatrlar outsayder mövqeyindədir.
Nəticədə soundrama nədir? Bədii istiqamət, üslub, janr, yoxsa fəaliyyət prinsipi, bəlkə tamaşanın hazırlanması mexanizmi? Bədii istiqamət və üslub variantları ağlabatan gəlmir. Yaranmasından 20 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, hələ də nəzəriyyə tərəfindən onun elmi qiyməti verilməyib. Soundrama haqqında bir dənə də olsun elmi araşdırma, monoqrafiya, monoqrafiyanın bir fəsli, sanballı bir elmi məqalə yoxdur. Bəlkə də ona görə ki, Pankov və silahdaşları teatrşünaslığa inanmır, tənqidin gərəksiz olduğunu düşünür. Bəlkə də rus teatrşünaslar “kakoy privet, takoy otvet” prinsipiylə yanaşıb, bu fövqəladə sənət faktını bir qədər diqqətdən kənarda qoyublar.
Yaradıcılarının yanaşmasından belə çıxır ki, onlar öz yaratdıqlarına “janr” qiyafəsini daha çox yaraşdırırlar. Çünki həm V.Pankov, həm A.Kim, həm də S.Rodyukov öz mühazirələrində deyirlər ki, gördüyümüz işin nəticəsi mövcud janrların heç birinə uyğun olmadığı üçün soundrama ifadəsini uydurduq. Soundrama nə qədər janrdır? Postmodernizm janr məsələsinə yanaşmada hansısa sərhəd tanımır. Artıq çoxdan ənənəvi janr sərhədləri mövcud deyil. Bu baxımdan yanaşdıqda soundrama niyə janr olmasın ki? Ancaq şəxsən mən, soundramanı janr yox, multijanr adlandırardım. Bu multijanr musiqini köməkçi ifadə vasitəsi olmaqdan çıxarır və əsas personaja çeviririr. Tamaşa dramatik (bəzən postdramatik) mətnlər əsasında qurulduqda belə musiqi partiturası tərtib olunur və o, səhnə əsərinin özəyini təşkil edir. Daha dəqiq desək, soundramanın yaradıcıları dramatik mətni musiqi kimi “dinləyir”, sözə musiqi kimi yanaşırlar. R.Uilson “mənimlə işləmək üçün aktyor əvvəlcə mənim işıq partituramı öyrənməlidir” dediyi kimi, V.Pankov da deyir ki, “mənimlə işləmək üçün musiqi partituramı öyrənmək lazımdır”.
Sonda bütün bu yazdıqlarım, festival ərzində gördüklərim və müşahidələrimi ümumiləşdirərək, yazının əvvəlində qoyduğum sualın cavabını tapmağa cəhd edim. Soundrama nə qədər yenidir? Yaxud soundramanın nəyi yenidir? Cavabım belədir: soundrama sound və drama sözlərinin birləşməsi zamanı ixtisara düşmüş “d” hərfi qədər yenidir. Bu azdırmı? Qətiyyən!
Çarxın içindəki qaçan dələ kimi yerində addımlayan dünya teatrı üçün soundrama “ən yaxşı unudulmuş köhnə” qədər yenidir.
P.S: Bu yazını yazmağa başlayanda hələ V.Pankovun forum çərçivəsində hazırladığı “Daşkənd çörəkli şəhərdir” (“#Tale belədir - dözmək lazımdır”) tamaşasına baxmamışdım. V.Pankovun laboratoriyasının iştirakçıları komandalara bölünərək, bir həftə ərzində A.Neverovun romanı əsasında yeddi müxtəlif parça hazırladılar. Forumun təşkilatçıları romanda yeddi əsas mövzu müəyyənləşdirmişdilər: “aclıq, yoxsulluq”; “dostluq, dost”; “geriyə yol yoxdur”; “qorxaqlıq (qorxu)”; “tale belədir - dözmək lazımdır”; “evə qayıdış” və “ev sahibi”. Maraqlıdır ki, həmvətənlərimizin – Telman Musayev, Səbinə Havqerdiyeva, Vüsal Rəhimov və Nicat Məmmədov – daxil olduğu komandaya “ev sahibi” mövzusu tapşırılmışdı. Sonra V.Pankov bu parçaları birləşdirərək saat yarımlıq bir tamaşa hazırladı. Cəmi bir həftə ərzində hazırlanan, aktyorlarla yanaşı, dramaturqların, rəssamların, rejissorların, hətta teatrşünasların da çıxış etdiyi tamaşa güclü emosional təsirə, bədii bütövlüyə malik performans kimi hamını heyrətləndirə bildi. Təsəvvür edin ki, cəmi bir həftə ərzində V.Pankov və onun komandasının həm iştirakçıları soundrama ilə tanış etməsi, həm də 11 ölkəni təmsil edən, əksəriyyəti bir-biri ilə yenicə tanış olan ifaçılarla (onu da unutmayaq ki, onların yalnız yarısı ixtisasca aktyor idi) belə bir tamaşa ərsəyə gətirməsi əsl sənət möcüzəsi idi. Bu möcüzənin sirri isə, yəqin ki, V.Pankov və komandasının peşəkarlığında, forum iştirakçılarının sonsuz öyrənmək istəyində, bir-birilərinə və teatra sevgisində idi. Hə, bir də musiqidə. Tamaşanın əvvəlindən axırına qədər bütün hadisələrin mərkəzindən ip kimi keçən musiqidə və səsdə. Səs demişkən, deyəsən, soundramanın nə olduğunu indi daha yaxşı başa düşürəm, axı.
Teatr Forumuna sözardı
Bu gün Azərbaycan teatr sənətinin irili-xırdalı xeyli nailiyyətləri var. Teatr sənətinin müxtəlif istiqamətləri üzrə maraqlı gənclər yetişir. Dramaturgiyada, rejissor və aktyor sənətində, teatrşünasl...
Я имел возможность познакомиться с В. Панковым и его саундрамой, который он включил в глоссарий театроведения. В рамках IV Международного Молодёжного Театрального Форума, который прошёл в конце 2021 года в Ташкенте. В статье, которую вы только начали...
2021-сi ilin axırlarında Daşkənd şəhərində baş tutan Gənclərin IV Beynəlxalq Teatr Forumu çərçivəsində Vladimir Pankovun laboratoriyasında iştirak etmək, onun teatrşünaslığın qlossariyasına daxil etdiyi “soundrama” ilə ...
Birinci Cahan Savaşının sonlarında bəzi Alman şəhərlərində özlərini dadaist adlandıran və açıq şəkildə ekspressionizmə qarşı çıxan sənətkarlar qrupu yarandı. Ancaq dadaistlərin nümayişkaranə, ünvansız və adətən, qalmaqall...
Dünyanın ən pessimist filosofu A.Şopenhauer deyirdi ki, qəzet tarixin saniyə əqrəbidir. Zaman XVIII əsr idi. O vaxtlar hələ tarixin milli saniyə əqrəbi saytlar və mikrosaniyə əqrəbi olan sosial şəbəkələr yaranmamışdı.
Atatürk isə dey...
Koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sosial izolyasiya işlərinin həyata keçirildiyi, kütləvi tədbirlərin, konsertlərin və tamaşaların ləğv edildiyi zamanda teatrlarımız “...
Bəlkə də bu sətirləri, nə siz, nə də səbəbkarın özü oxumayacaqdı. Əgər, ya zəlzələdən, ya vəlvələdən 2003-cü ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil olmasaydım.
Məryəm xanımın dili ilə desək, “xoşbaxt” va...
Bu yaxınlarda APA TV-nin “Səhər zəngi” proqramında qonaq qismində iştirak etdim. Maraqlı bir mövzu seçilmişdi: PR (piar). İki samitin ifadə etdiyi PR – olduqca mürəkkəb və maraqlı bir mövzudur. Nədən ki, bu fəa...
Biri var idi, biri yox...
Biri az idi, biri çox...
Kiminin Adərbayqan, kiminin Absurdistan adlandırdığı balaca, bapbalaca bir ölkə var idi. Bu balaca ölkəni hərə bir yandan didişdirib, dartışdırıb, dürtüş...