TEATRO

TEATRO

sənət portalı

post-title

Əhməd Mehdiyev – “Pillə 3”: münsiflərin gözü ilə

Hər birinizi “Pillə 3 Respublika Tələbə Tamaşaları Festivalı”nın son günündən salamlayıram. Tələbələrə öz bilik və bacarıqlarını göstərmək imkanı yaradan festival bu gün başa çatdı. Festival bütün iştirakçı tələbələr kimi mənim üçün də təcrübə meydanı oldu. Festivalda gənc ekspert kimi çıxış etməyim, mənim üçün yeni imkanlar yaratdı. Bu gün həmin imkandan istifadə edib, müsahibə götürmək qərarına gəldim. Və müsahib olaraq, teatrşünas müəllimlərimi seçdim. Beləliklə, müsahiblərim: professor Aydın Talıbzadə, professor İsrafil İsrafilov və dosent Vidadi Qafarovdur. 

-Aydın müəllim, salam. İcazənizlə, “Pillə 3 Respublika Tələbə Tamaşaları Festivalı” ilə bağlı sizə bir neçə sual vermək istərdim.

- A.Talıbzadə: Salam oğlum. Əlbəttə, buyur.

-Aydın müəllim, birinci sualım belədir ki, siz həm “Pillə 2”, həm də “Pillə 3” tələbə tamaşaları festivalını görmüsünüz, eləcə də münsiflər heyətinin üzvü olmusunuz.

- A.Talıbzadə: Hətta “Pillə 1” festivalının da iştifrakçısı olmuşam, hətta (gülümsünür) bu festivalın adını mən vermişəm.

- Çox gözəl, elə isə bu festivallar arasında inkişaf dinamikası mövcuddurmu, yoxsa əksinə geriləyirik?

- A.Talıbzadə: Mən elə hesab edirəm ki, “Pillə 3” festivalı bu festivalın qısa tarixinin ən zəif festivalı oldu: həm tamaşaları, həm də özünün bədii-estetik mündəricəsi etibarilə. Hərçənd, “Pillə 3” tələbə tamaşaları festivalını öz coğrafiyasına, yəni festivala Azərbaycanın müxtəlif bölgələrindən, digər Bakı universitetlərindən qatılmış iştirakçılarının sayına görə daha uğurlu saymaq mümkündür.

- Siz dediyiniz zəifləmə məqamının səbəbini nədə görürsünüz?

- A.Talıbzadə: Birinci növbədə mən sizə ümumi bir cavab verəcəyəm, bu festival daha çox istər aktyor tələbələrin, istər tamaşanı hazırlayan rejissorların, istər kurs rəhbərlərinin problemlərini aşkarladı. Təqdim olunan tamaşaların bir xeyli hissəsi müzakirəyə gəlməyən tamaşalardır, təhlil olunmayacaq bəsit, zəif, yaradıcılıq ehtirasından məhrum, sönük tamaşalardır. Bəzi tamaşalar isə, sadəcə, “başdansovdu” xarakter daşıyırdı: təki mən aktyorlarla bu tamaşanı hazırlayım və məsələ çözülüb getsin. Odur ki, mən tamaşaların əksəriyyətində yaradıcılıq görmədim, tələbə-aktyorları “kəşf etmək”, sənətə yeni sima gətirmək ehtirasını görmədim. Bu, məsələnin bir tərəfi. Başqa bir tərəfi də budur ki, ADMİU-nun müəllim və tələbə kontingenti bu dəfə əvvəlki illərdə olduğundan festivalda daha zəif iştirak etdi. Və mən düşünürəm ki, bu inertliyi aradan qaldırmaq naminə festival üçün tamaşalar məxsusi hazırlanmalı və kurs tamaşaları festivalın gündəliyinə daxil edilməməlidir.

-Festivaldan sonra, tələbə aktyorlara və rejissorlara nələri tövsiyə etmək və ya məsləhət vermək istərdiniz?

- A.Talıbzadə: Birincisi, mən teatrşünasam. Onlara tövsiyyəni, məsləhəti öz müəllimləri verəcək. Mən onların müəllimləri deyiləm, bu, bir qədər qeyri-etik səslənər mənim tərəfimdən. Amma mən istərdim ki, müəllimlər tələbələrə səhnədə dəqiq, peşakar işləməyi öyrətsinlər. Elə öyrətsinlər ki, aktyor səhnədə pyesin münasibətlər şəbəkəsində mövcud ola bilsin və bu ünsiyyət şəbəkəsindən kənarda kimlərisə imitatsiya etməklə məşğul olmasın, orqanik, ifadəli və inandırıcı olmağı bacarsın. Əgər bu yoxdursa, hansı janrda, hansı estetik müstəvidə nə ifa edirsənsə elə, sən tamaşaçını öz obrazının və özünün ekzistensional həqiqətinə inandıra bilməyəcəksən: səhnədə sənin ifan, sənin davranışın, nitqin, sözün, eyləmin mütləq bəraətli olmalıdır. Əgər bu yoxdursa, izləyici  ilə empati qurmaq mümkünsüzdür.

- Sonda ümumi olaraq nə demək istərdiniz? Həm festivalla bağlı, həm də ümumiyyətlə.

- A.Talıbzadə: Öncə onu demək istərdim ki, bu festivalın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tarixində var oluşu mütləqdir, qaçılmazdır. Bu festival hər il keçirilməlidir: festivalın səviyyəsi isə ildən ilə daha da yüksəlməlidir. Nə üçün? Birinci, mən hesab edirəm ki, tələbə-aktyorlarda, rejissorlarda festivalla bağlı bir məsuliyyət hissi olmalıdır. Buna elə-belə, barmaqarası, “yola vermək” prinsipilə yanaşmaq olmaz. Kafedramızın dosenti, teatrşünas Elçin Cəfərovun inanılmaz səyləri, çabaları sayəsinda baş tutan bu festival, baxıram ki, elə bil yalnız iştirakçı qruplar, yalnız “Teatrşünaslıq” kafedrası və universitet üçündür, mən burada əsasən “Teatr sənəti” fakultəsinin kafedralarını nəzərdə tuturam, nədənsə tamaşalarda iştirak etməyə həvəsli deyillər. Mən bu festivala müəllim, tələbə axınını görmədim. I və II festivallarda biz bunu müşahidə etmişdik, hamı tamaşalara gəlirdi və öz reaksiyalarını bildirirdilər. Yəni, əsas məsələ təkcə hər hansısa bir tamaşanın uğuru, və ya uğursuzluğu deyil, əsas, tamaşanın, teatr mühitinin mövcudluğudur. Əgər teatr mühiti yoxdursa, tamaşa da yoxdur, teatr fikri də yoxdur. Ona görə ki, teatr fikrinin vibrasiyası teatr sənətinin inkişafı üçün çox vacib məsələdir. Əgər teatr fikri inkişaf etmirsə, onda tamaşa da olmayacaq təbii ki.  Ona görə, mən hesab edirəm ki, festivalların dəyəri ondan ibarətdir ki, festival maraqlananları özünə cəlb edə bilir, çox qısa müddətdə kifayət qədər impulsiv həyat sürə bilir və teatr adamlarını bir araya gətirmək qüdrətinə malik olur. Mən belə düşünürəm.

-Müsahibəyə görə sizə təşəkkürümü bildirirəm, Aydın müəllim.

- A.Talıbzadə: Çox sağol.

Növbəti müsahibim “Pillə 3 Respublika Tələbə Tamaşaları Festivalı”nın münsiflər heyətinin sədri İsrafil İsrafilov oldu.  

-İsrafil müəllim, ilk növbədə sizi təbrik edirəm. Bildiyimiz kimi, bu yaxınlarda Qazaxıstanın Almatı şəhərində “Türk Dünyası” III Beynəlxalq Tələbə Teatrları Festivalı keçirildi və siz  incəsənət sahəsində mütəxəssislərin hazırlanmasında göstərdiyiniz böyük əməyə və festivalın münsiflər heyətindəki fəaliyyətinizə görə qızıl medalla təltif olundunuz.

İ.İsrafilov: Bəli, təşəkkür edirəm.

-İndi isə icazənizlə başa çatan “Pillə 3” festivalı haqqında sizə bir neçə sual vermək istərdim. Sizə elə gəlmirmi ki, Festivala təqdim edilmiş tamaşaların əksəriyyətində janr problemi müşahidə olunurdı?

İ.İsrafilov: Ümumiyyətlə, bizim universitetdə keçirilən tələbə festivalı müəyyən mənada bir məhdudiyyət içindədir. Ona görə ki, bu tamaşaların böyük bir qismi tələbələrin ayrı-ayrı kurslarda hazırladıqları tamaşalardır, yəni bu, oların tədris prosesində üzərində işlədikləri əsərlərin səhnə təcəssümüdür, ayrı-ayrı kafedraların işinin bilavasitə festivala çıxarılmasıdır. Bu səbəbdən festivalda janr yeknəsəkliyi ola bilər,  festival onları sadəcə  hazır bir əsər kimi, tamaşa kimi, təqdimat nümunəsi kimi qəbul edir. Amma onların janr müxtəlifliyi kafedralarda hazırlanır, yəni kafedralarda müəyyən olunnmalıdır ki, bu janrda və ya başqa janrda hansı işlər hazırlanır. Semestrin əvvəlidə kafedralarda bütövlükdə semestr ərzində müəllimlərin, kursların görəcəyi işlər haqqında bir müzakirə keçirilir və kafedra iclasında hazırlanacaq tamaşalar təsdiq olunur. Burda, müəllif sırası,  janr məsələsi müzakirədən keçir və müəyyən olunur, təsdiq edilir və iş başlayır. Biz artıq festivalın  nəticəsində görürük ki, festivala sadəcə bu və ya digər kursda hazırlanmış işin təqdimatı gəlir. Yəni, tutaq ki, gələn il, İnşaallah dördüncü “Pillə” festivalı olacaqsa, kafedralar bunu artıq indidən fikirləşməlidirlər. Biz bu festivalda müşahidə etdik ki, ayrı-ayrı kurs tələbələri fərdi olaraq bir rejissor işini təqdim edib. Burda da bir qəbahət yoxdur, əksinə sevindrici haldır. Sadəcə, bunların hamısı müəllimlərin, təcrübəli mütəxəsislərin bir balaca diqqətində olmalıdır, onların tövsiyələri ilə olmalıdır. Onda keyfiyyət əlbəttə ki, başqa cür olar. İndiki halda isə biz yarımçıq, naqis, qüsurlu tamaşalar görmək məcburiyyətindəyik.  Bunun qarşısını almaq olardı, amma belə görünür ki, festivala hazırlıq işində, istər əsərlərin seçilməsində, istər ümumiyyətlə təqdimatda müəyyən boşluqlara yol verilib. Yəni elə tamaşalar var ki, onlar haqqında danışmaq olmur, onları təhlil etmək olmur, onların qüsurları bir deyil, üç deyil, başdan ayağa konsturuksiya etibarilə tamaşa adına uyğun gəlməyən səhnə işləridir. Yəni bu səhnəciklər, ala-yarımçıq tamaşa adına verilən işlər, festivalın bütövlükdə səviyyəsinə uyğun gəlmir.

-Bayaq sizin iştirak etdiyiniz “Türk dünyası” Beynəlxalq Tələbə Teatrları Festivalının adını çəkdik. Ötən il bu festival Azərbaycanda keçirildi və siz münsiflərin sədri idiniz. Bilmirəm, müqayisə nə dərəcədə düzgündür, amma hər halda sizin fikrinizi öyrənmək maraqlı olardı. Həm teatrşünas, həm də münsif olaraq, sizcə “Türk dünyası” festivalı ilə “Pillə 3” festivalı arasında hansı oxşarlıqlar və fərqliliklər var?

İ.İsrafilov: Fərqlər hər şeydədir. “Türk dünyası” beynəlxalq tələbə festivalıdır. Yəni həmin festivalda yerli təşkilatçılardan başqa, digər türkdilli ölkələrin ayrı-ayrı ali məktəblərinin qrupları iştirak eləyir. Fərq ilk növbədə bundadır. Bizim festivalın beynəlxalq statusu yoxdur. Biz daha çox öz universitetimizdə hazırlanan tamaşaları izləyirik, özümüz də müzakirə edirik. Orda müxtəlif janrlar var, müxtəlif axtarışlar var, müxtəlif eksperimentlər var, mövzu rəngarəngliyi var. Təbii ki, ifaçılıq məsələləri də fərqlidir, amma bütövlükdə səviyyə haqqında söhbət etsək, əlbəttə ki, o festivallarda yaradıcılığ, axtarış, ustalıq səviyyəsi bizimkindən bir qədər üstündür.

-Sizcə bu festivalda nələr olmalı idi, nələr yox?

İ.İsrafilov:  Bizim festivalda?

-Bəli

İ.İsrafilov: Bilirsən, bizim festivalda ovqat etibarilə bir qədər  tələskənlik var. İlk olaraq, az öncə dediyim kimi, tutaq ki, əgər 2025-2026-cı il tədris ilində və tədris ilinin ikinci semestr mərhələsində festival keçiriləcəksə, artıq sentyabr ayında, tədris ili başlayanda, tapşırıq verilməlidi müəllimlərə, kurslara, kafedralara ki, onlar festivala hazırlaşmağa başlansınlar. Yəni iştirak etmək istəyirlərsə, bu barədə düşünsünlər. Burda maraqlı və əlverişli hal odur ki, heç bir mövzu məhdudiyyəti qoyulmayıb, elə festivallar var ki, orda konkret mövzu olur və o mövzu müəyyən bir məhdudiyyət yaradır. Yəni sən başqa istədiyin mövzuda tamaşa təqdim edə bilməzsən, əsər verilən mövzuya müvafiq olmalıdır. Bu festivalda o yoxdur, bir tərəfdən yaxşıdır ki, iştirakçıların əl-qolunu açır. Amma seçim zamanı təqdim olunan işlərin yaradıcılıq səviyyəsi, tamaşaların bədii bütövlüyü, təqdimatlardakı hansı şərtlər varsa, o şərtlər nəzərə alınmalıdır. Təəssüf ki, həmin şərtlər bu festivalda nəzərə alınmayıb. Sadəcə elan olunub ki, festival keçiriləcək və hər bir kurs artıq kurs işi kimi bizim baxdığımız tamaşaları festivala təqdim ediblər. Amma festivalı əslində maraqlı edən, onun səviyyəsini artıran, məzmununu zənginləşdirən o olardı ki, biz gözləmədiyimiz hansısa maraqlı, eksperimental tamaşaya baxardıq, aktyorların kurs işlərində oynamadıqları fərqli bir tamaşanı izləyərdik, baş gicəlləndirən ideyaların təcəssümünün şahidi olardıq. Bu, festivalı maraqlı edərdi, sözün əsl mənasında gözlənilməz edərdi və fərqli bir səviyyə görə bilərdik. “Pillə 3”-də isə bu mümkün olmadı.

- Sonda ümumi olaraq festival və teatr prosesi barədə nə demək istərdiniz? 

İ.İsrafilov: Teatr prosesi?

-Yəni festival daxilində gedən teatr prosesi haqqında.

İ.İsrafilov: Aydındır, burda teatr prosesi haqqında danışmaq olmaz, burda hansı teatr prosesi var ki? Festivalın özünün keçirilməsi, əlbəttə ki, vacib, maraqlı, əhəmiyyəti, bəlkə indi isti-isti nəzərə alınmayan çox gərəkli bir işdir. Amma festival mədəniyyəti deyilən bir anlayış var. Bizdə festival keçirilməsi ənənəsi, mədəniyyəti hələ kifayət qədər yüksək səviyyədə deyil. Az öncə dediyim kimi, biz istər festivalın keçirilməsində, istərsə də təşkilində bəzi irili-xırdalı qüsurlara, nöqsanlara yol veririk. Bu da bütövlükdə özünü prosesdə və nəticədə göstərir, amma festivalın keçirilməsi vacibdir. Festival fikirləri, mövqeləri müəyyənləşdirir. Festival ifaçıları, tələbə-aktyorları, tələbə-rejissorları bir az bərkə-boşa salır və ən mühümü odur ki, onlar elədikləri işlərin nəticəsinin təhlilini eşidirlər, onlar mövqe görürlər, onlar nəzərə almadıqları bəzi məqamları bilavasitə təhlildə, araşdırmada konkret olaraq eşidirlər. Bu çox mühümdür, vacibdir. Həmdə ki, hər şey bir yana dursun, kafedralar, ayrı-ayrı müəllimlər, ayrı-ayrı tələbələr il boyu çalışdıqlarının bir nəticəsini görməlidirlər, onun dəyərləndirilməsini eşitməlidirlər və nəticə çıxartmalıdırlar. Biz burda müəllimlərin işinə dəyər, qiymət vermirik, onları araşdırmırıq. Biz tələbələrin işinə dəyər veririk, tələbələrin işi isə müəllimlərin gördüklərinin faydalı iş əmsalının təzahürüdür. Yəni müəllim necə işləyibsə, onun tələbəsi onu əks etdirir. Necə ki, bir ailədə uşağın tərbiyəsi, uşağın dünyagörüşü evdə valideynlərin yaratdıqları mühitlə  bağlıdır. O mühit doğurdan da zəngindirsə, uşağın əxlaqı, düşüncəsi, tərbiyəsi, özünifadəsi yaxşı olacaq, sağlam olacaq. Bu mənada, mən belə hesab edirəm ki, tələbələrə deyilən iradlar onların müəllimlərinə də deyilməlidir. İstər səhnə danışığı müəllimi, istər vokal müəllimi, plastik həll müəllimi olsun, onların hər birinin tələbələrin uğurunda və uğursuzluğunda, qüsurlarında payı var.

-Mənə vaxt ayırdığınız üçün sizə minnətdrlığımı bildirirəm,İsrafil müəllim.

İ.İsrafilov: Buyur, mən həmişə hazıram, əsas məsələ odur ki, suallar öz cavablarını tapsınlar.

Sonuncu müsahibim digər universitetlərin tamaşalarını dəyərləndirən münsiflər heyətində yer almış Vidadi Qafarov oldu.

-Vidadi müəllim, salam, imkanınız varsa, sizdən festivalla bağlı müsahibə götürmək istəyirəm?

V.Qafarov: Əleykümsalam, buyur, əlbəttə.

-Vidadi müəllim, sizcə “Pillə” festivalını uğurlu hesab etmək olarmı?

V.Qafarov:  Bəli, məncə festivalı uğurlu hesab etmək olar. Əvvələn, ona görə ki, biz artıq 3-cü festivalın iştirakçısı olduq. Bu o deməkdir ki, Pillə Tələbə Tamaşaları Festivalı artıq ənənəyə çevirilib. Bu, çox vacib amildir. 2-ci ona görə ki, bu il festival respublika statusu aldı, festivalın coğrafiyası genişləndi və İncəsənət Universitetindən əlavə, daha 8 ali məktəb festivalda iştirak etdi. Bu özü çox böyük uğurdur. Sadəcə elə bu faktlara görə festivalı uğurlu hesab etmək olar. Lakin festivalın uğuru təkcə bu amillərlə yekunlaşmır, digər amillər də var ki, festivalın uğurunu şərtləndirir. Sözsüz, iş olan yerdə, qüsurlar da olur. Sözsüz ki, bütün tamaşalar yüksək səviyyədə deyildi, amma bütövlükdə hesab edirəm ki, festival uğurlu keçdi. Festivalın müsabiqə proqramında İncəsənət Universitetindən 11, digər ali məktəblərdən 8 tamaşa iştirak edirdi. Bundan əlavə, ADMİU-nun iki tamaşası müsabiqədənkənar oynanıldı. Yəni, ümumilikdə festival çərçivəsində 21 tamaşa nümayiş olundu. Müsabiqəyə Bakıda yerləşən ali məktəblərlə yanaşı, Naxçıvan və Mingəçevir Dövlət Universitetlərinin qatılması festivalın sərhədlərini daha da genişləndirdi. Müxtəlif ali məktəblərin tələbələri biri-birlərinin tamaşalrına baxdı. Tamaşalar münsiflərin, gənc ekspertlərin, tələbə-aktyorların iştirakı ilə müzakirə edildi, fikir mübadiləsi aparıldı. Tamaşalar, müzakirələr gənc ekspertlər üçün böyük təcrübə oldu. Məncə festival bayram missiyasını yerinə yetirə bildi və tələbələrə bayram ovqatı bəxş etdi. Düşünürəm ki, bütün bunlar tələbələrin yaddaşında ömürlük xoş xatirə kimi qalacaq. Festivalın mövzu dairəsi, janr mənzərəsi, repertuar siyasəti, aktyor oyunu, rejissor işi və s. məsələlərdə rastlaşdığımız qüsurlardan da danışmaq olar. Lakin bunlar təfərrüatdır. Əsas odur ki, biz düzü ilə, əyrisi ilə həm öz universitetimizin peşəkar aktyor təhsili alan tələbələrinin, həm də digər ali məktəblərdə oxuyan gənclərin teatr sevgisini gördük, onların şövqlə oynadığı maraqlı tamaşaları izlədik, bir neçə istedadlı gənci kəşf etdik. Bütün bunlar həm tələbə aktyorların, həm də həvəskar tələbələrin teatr sevgisinin, səhnə bacarıqları və imkanlarının bir hesabatı, testi kimi şəxsən məndə teatrımızın gələcəyi ilə bağlı nikbin hislər yaratdı. 

- Bildiyimiz kimi siz digər universitetlərin hazırladığları tamaşaları dəyərləndirən münsiflər heyətində idiniz. Qısası, uzaqlarda işıq görsənirmi?

V.Qafarov: Bəli, mən digər universitetlərin tamaşalarını dəyərləndirən münsiflər heyətində yer almışdım. Bu mənada, bizim işimiz həm çox çətin, həm maraqlı, həm də məsuliyyətli idi. Çünki İncəsənət unniversitetinin tamaşalarını dəyərləndirən münsiflər aktyor təhsili alan, gələcəyin peşakar aktyorları olacaq tələbələrin ifasını qiymətləndirirdilər. Biz isə - mən,  Fəridə Cəlilova və Aygün Süleymanova digər universitetlərin həvəskar tələbələrinin hazırladığları tamaşaları dəyərləndirirdik. Yəni Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Ali Neft Məktəbinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Pedaqoji Universitetinin, Azərbaycan İqtisad Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin müxtəlif ixtisaslarda, məsələn; mühəndis, proqramçı, kimyaçı, iqtisadçı və s. belə ixtisaslarda təhsil alan tələbələrin tamaşalarını onların iştirakı ilə müzakirə edirdik, ifalarını qiymətləndirirdik. Bu mənada, işimiz bir qədər fərqli, mürəkkəb və çətin idi. Çətin idi, ona görə ki, biz qeyri-peşakar kollektivlərin tamaşalarına baxırdıq. Biz həmin qeyri-peşəkar tamaşaları elə təhlil etməli, qiymətləndirməliydik ki, onlar bizi anlasınlar, bizə inansınlar, həvəsdən düşməsinlər, teatra maraqları, sevgiləri azalmasın, gələcəkdə də bu işi davam etdirsinlər. Axı digər ali məktəblərin bizim teatr festivalına qatılması özü bir fədakarlıdı. Tamaşa hazırlamaq bizim tələbələrin dərsidir, işidir, amma digər universitetlər tamaşa hazırlayanda dərsdən kənar bir iş görmüş olurlar. İndiki dövrdə teatra, incəsənətə maraq göstərmək və zamanını ona ayırmaq özü böyük işdir və belə gəncləri qorumaq, həvəsləndirmək lazımdır. Buna görə biz də çalışırdıq ki, müzakirələrdə və verdiyimiz qərarlarda obyektiv, səmimi olaq. Düşünürəm ki, belə də oldu, tələbələri öz fikirlərimizə inandıra bildik. Mən inanıram ki, hətta mükafatçı olmayan universitetlər belə, gələcəkdə yenə bizim festivala qatılacaqlar.

Sualın işıq tərəfinə gəldikdə, bizi ruhlandıran elə o işıqdı. Çünki, gənclik özü elə işıq deməkdi. Deyim ki, digər ali məktəblərin tələbələrində mən daha çox işıq gördüm. Adlarından da bəlli olduğu kimi, bu universitetlərin əksəriyyətinin tələbələri ən yüksək ballarla bu ada layiq görülən gənclərdi. Bu gənclərin arasında hətta Prezident təqaüdçüsü olanlar da vardı. Bayaq söylədiyim kimi, tamaşa hazırlamaq bizim tələbələrin işidirsə, onlar bu işə öz istəkləri, həvəsləri ilə qoşulublar, öz vaxtlarından, istirahətlərindən, əyləncələrindən kəsib qoşulublar. Hətta bəzi tələbələr danışırdı ki, evdəkilərin etirazına baxmayaraq səhnəyə çıxıblar. Bəziləri isə ali təhsillərini başa vurduqdan sonra bizim universitetdə oxumaq istədiklərini deyirdilər. Və bu  istək, şövq onların bəzi tamaşalarında, ifalarında da özünü göstərirdi. Bu həm də bizə gələcəyin işıqlı olacağını göstərirdi.

- Bəs festival çərçivəsində sizin diqqətinizi cəlb edən tamaşa hansı idi?

V.Qafarov: Mən ilk növbədə Bakı Dövlət Universitetinin “Ezop” və Azərbaycan Dillər Universitetinin “Arşın mal alan” tamaşalarını qeyd etmək istərdim. Fikrimcə bu tamaşaları, hətta, bizim universitetin tamaşaları ilə eyni müsabiqəyə daxil etmək də olardı. Bu tamaşalar mükafat almasaydılar belə inanın ki, həm rejissor işi, həm aktyor oyunu baxımından bizim peşəkar təhsil alan aktyorlarla yarışmağa layiq işlər idi. Bundan əlavə, Bakı Ali Neft məktəbinin “Sevil”, Azərbaycan Texniki Universitetinin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşalarının adını çəkmək istərdim. Digər universitetlər klassikaya daha çox müraciət emişdilər. Naxçıvan Dövlət Universitetinin tələbələri isə hətta H.Cavidin mənzum “Uçurum” pyesini hazırlamışdı. Həvəskarlar tərəfindən mənzum bir əsərin səhnəyə gətirilməsi sıradan bir hal deyil. Onlar mükafat almasalar da çəkilən əziyyət böyükdür. H.Cavidin bu pyesini peşakar teatrlar səhnəyə qoymağa cəsarət tapmırlar. Bu mənada onların əməyi və cəsarəti dəyərləndirilməlidir. Aktyor oyununa gəldikdə, “Ezop” tamaşasında baş rolun ifaçısı Hüseyn Cabbarlının və Melita rolunu oynayan Rəna Əsədovanın, “Arşın mal alan”da Gülçöhrə obrazını ifa edən Ruqiyyə Nəsirovanın oyunlarını xüsusilə qeyd etmək lazımdır. Eyni zamanda, “Müsyö Jordan və dərviş Məstəli şah”da Müsyö Jordanın ifaçısı Xəyal Abdullayevin, “Sevil”də Balaşı ifa edən Əli Məmmədlinin və Dilbər obrazını oynayan Sevinc Rüstəmovanın da adlarını çəkərdim. Yəni bu festivala qatılan xarici universitetlərin əməyini nəticədən asılı olmayaraq, yüksək qiymətləndirirəm, cəsarətlərinə və festivala rəng qatdıqlarına görə təşəkkür edirəm. İnanıram ki, biz onları növbəti festivallarımızda da görəcəyik.

- Sonda  ümumi olaraq festival haqqında nələri demək istərdiniz?

V.Qafarov: Teatr sintetik, kollektiv sənət növü olduğundan insanlara birgəliyi, digər sənətlərə hörməti, humanizim  hisslərini aşılamaqla məşğuldur. Cəmiyyətimizdə teatr sənəti nə qədər inkişaf etsə, mədəniyyətimiz də o qədər yüksələcək. Ona görə sonda “Pillə” Tələbə Tamaşaları Festivalının davamlı olmasını arzu edərdim. Bu festival tələbələr arasında müasir dövrdə teatrın təbliğinə və yayılmasına xidmət edən bir təşəbbüsdür və onu qorumaq, inkişaf etdirmək lazımdır. Mən çox arzu edərdim ki, bu festival beynəlxalq status alsın. Ən sonda isə festivalı təşkil edən, festivalda iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm, təbriklərimi çatdırıram və gələcəkdə bu yolda hamıya uğurlar arzulayıram.

Və beləliklə müsahibəmiz də festival kimi sonlandı, pərdələr bağlandı, oyun qurtardı. İyun ayının ikinci günündə, günün günorta vaxtında bayramımız başa çatdı. Amma heç bir şey qurtarmadı, çünki teatr hər gün bizimlədir.

* Yazı ADMU-nun keçirdiyi “PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalı haqqında ən yaxşı məqalə” müsabiqəsi çərçivəsində çap olunur. 

Load Time (S) : 0.008301