CHARACTERS Müasir Dramaturgiya Festivalı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi Azərbaycan dilinə pyes tərcümələri müsabiqəsinin nəticələrini elan edib. Qeyd edək ki, müsabiqənin şərtlərinə əsasən, 1950-ci ildən sonra yazılmış, Avropa, Aralıq dənizi və Mərkəzi Asiya ölkələrinin dillərində, onların müəllifləri tərəfindən yazılmış pyeslərin tərcümələri qəbul edilirdi. Müsabiqəyə müraciətlərin qəbulu bu ilin yanvar ayında elan olunmuş və 1 mart 2025-ci ilə qədər davam etmişdir.
CHARACTERS kuratoru və EURODRAM Azərbaycan komitəsinin koordinatoru İsmayıl İmanın verdiyi məlumata görə, müsabiqəyə 14 pyes tərcüməsi daxil olub. “İlk baxışda bu, az görünə bilər, lakin digər EURODRAM komitələrinin statistikasına nəzər salsaq, vəziyyət o qədər də pis deyil. Şübhəsiz, daha çox tərcümə olunmuş pyeslər görmək istərdik və bu istiqamətdə işimizi davam etdirməliyik”, – deyə İsmayıl İman bildirib.
Azərbaycan komitəsinin üzvləri – teatrşünaslar İsrafil İsrafilov, Elçin Cəfərov, Aliyə Dadaşova və rejissorlar Mikayıl Mikayılov və Tural Mustafayev təqdim olunan tərcümələr arasından üç pyesi seçiblər.
İsmayıl İmanın sözlərinə görə, münsiflər heyəti və təşkilatçılar başqa bir problemlə də qarşılaşıblar – pyes müəlliflərindən tərcümə icazəsinin alınmaması. “Bu məsələni kompleks şəkildə nəzərdən keçirmək lazımdır, çünki bu, Azərbaycandakı teatr mühitində ümumi tendensiyadır. Bizim teatrlar çox vaxt müəllif hüquqlarına riayət etmir, müəlliflərə və ya hüquq sahiblərinə qonorar ödəmir. Nəticədə, xarici pyeslərin tərcümələri də icazəsiz ortaya çıxır. Təəssüf ki, bu, geniş yayılmış bir təcrübədir. Hətta bəzən azərbaycanlı müəlliflər də öz pyeslərinin tamaşaya qoyulmasını xəbər saytlarından və ya sosial şəbəkələrdən öyrənirlər. Bu, əlbəttə ki, normal deyil”, – deyə o vurğulayıb.
Azərbaycan və digər komitələrin nəticələri 21 mart 2025-ci il tarixində EURODRAM-ın rəsmi saytında (eurodram.org) dərc olunub.
Azərbaycan komitəsi aşağıdakı pyes tərcümələrini seçib:
★ “Ata” (Le Père) Florian Zeller, fransız dilindən tərcümə edən Aliyə Səmədova;
★ “İllüziyalar” İvan Vırıpayev, rus dilindən tərcümə edən Rəbiqə Nazimqızı;
★ “Din müəllimi” (Profu' de religie) Mihaela Mikailov, rumın dilindən tərcümə edən Jalə İsmayıl.
Florian Zellerin “Ata” və İvan Vırıpayevin “İllüziyalar” pyesləri bu tərcümələrdə 2024-cü ilin mart ayında CHARACTERS Festivalının müsabiqədənkənar proqramında oxunuş formatında təqdim olunub. “İllüziyalar”ın tərcüməsi Rəbiqə Nazimqızı tərəfindən məxsusi olaraq festival üçün hazırlanıb. Jalə İsmayıl həmin festivalın Azərbaycan pyesləri müsabiqəsində “Göyərçin dimdiyində bir qəfəs küçə” adlı əsəri ilə ikinci yeri tutmuşdu, bu dəfə isə rumın pyesinin tərcüməsi ilə seçildi.
CHARACTERS Festivalının tərəfdaşı olan Azərbaycan Dövlət YUĞ Teatrının baş rejissoru Mikayıl Mikayılovun sözlərinə görə, teatr mühitində kommunikasiya problemi var. “Teatrlar çox zaman hər hansı tərcümənin mövcudluğundan xəbərsiz olurlar. Buna görə də belə təşəbbüslər rejissorlarla tərcüməçilər arasında əlaqə qurmaq üçün faydalı ola bilər”, – deyə o qeyd edib.
Seçilmiş tərcümələrin müəllifləri müvafiq sertifikatlarla təltif ediləcəklər. Təqdimat aprel ayında YUĞ Teatrının səhnəsində baş tutacaq.
EURODRAM-ın Azərbaycan komitəsi 2023-cü ilin sonunda bərpa olunub. Komitənin fəaliyyəti CHARACTERS Müasir Dramaturgiya Festivalı çərçivəsində həyata keçirilir.
Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...