TEATRO

TEATRO

sənət portalı

post-title

CHARACTERS Müasir Dramaturgiya Festivalı pyes müsabiqəsi elan edir

Azərbaycanda CHARACTERS Müasir Dramaturgiya Festivalı keçirilir. İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə, dramaturq İsmayıl İmanın təşkilatçılığı və kuratorluğu ilə həyata keçirilən layihənin tərəfdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət YUĞ Teatrı, Bakı Marionet Teatrı, Teatro.az sənət portalı, Katalizator Art Hub və TOTD İctimaiyyətlə əlaqələr təşkilatıdır.

Layihənin məqsədi yeni aktual pyeslərin yaradılması, dinlənilməsi və səhnələşdirilməsi üçün mexanizm və platforma yaratmaqdır. Layihə Azərbaycanda müasir dramaturgiya ilə bağlı mövcud boşluğu doldurmağı və yeni nəsil dramaturqların pyeslərini təbliğ etməyi hədəfləyir. Əvvəllər heç vaxt pyes yazmamış müəllifləri tapmaq və onları dramaturgiyaya həvəsləndirmək də layihənin məqsədləri sırasındadır. Festival dramaturqlarla teatrlar, teatr ictimaiyyəti və tamaşaçılar arasında körpü yarada, tamaşaçıların yeni məzmuna olan ehtiyacının ödənilməsinə fayda verə bilər.

Festival təlimlər, müsabiqə, pyes oxunuşları və qalib pyes əsasında hazırlanmış tamaşadan ibarətdir. Festival çərçivəsində ilk mərhələ 18-50 yaş arası dramaturqların son 5 il ərzində yazdığı pyeslərdən ibarət dramaturgiya müsabiqəsidir. Müsabiqəyə qəbul edilən pyeslər Azərbaycanın tanınmış rejissorları, teatrşünasları və teatr tənqidçilərindən ibarət jüri tərəfindən oxunaraq qiymətləndiriləcək. Qalib gələn pyeslər 2024-cü ilin yazında rejissor oxunuşu şəklində teatr mütəxəssislərinə və tamaşaçılara təqdim olunacaq, quruluş üçün Azərbaycanın dövlət və özəl teatrlarına tövsiyə olunacaq. Birinci yerin qalibi olan pyes festivalın tərəfdaşı YUĞ Dövlət Teatrının səhnəsində tamaşaya qoyulacaq.

 

CHARACTERS Müasir Dramaturgiya Festivalının QAYDALARINDA bir sıra dəyişikliklər olunub. Dəyişikliklərlə tanış olmaq üçün klikləyin. 

CHARACTERS Müasir Dramaturgiya Festivalı çərçivəsində keçirilən dramaturgiya müsabiqəsinin QAYDALARI
 

1. Dramaturgiya müsabiqəsi

1.1. Dramaturgiya müsabiqəsi CHARACTERS Müasir Dramaturgiya Festivalının bir hissəsidir.

1.2. Müsabiqə çərçivəsində pyes qəbulu elan olunur, qəbulun nəticəsi kimi Münsiflər heyəti uzun siyahı, qısa siyahı və üç qalibi (birinci, ikinci və üçüncü yerlər) seçəcək.

1.3. Uzun siyahının və qısa siyahının mövcudluğu birbaşa təqdim olunan pyeslərin sayından və təqdim olunan materialın keyfiyyətindən asılıdır.

1.4. Birinci, ikinci və üçüncü yerləri tutan pyeslər 2024-cü ilin yazında rejissor oxunuşu şəklində teatr peşəkarlarına və hər kəsə təqdim olunacaq, tamaşalar üçün Azərbaycanın dövlət və özəl teatrlarına tövsiyə olunacaq.

1.5. Birinci, ikinci və üçüncü yerləri tutan pyeslərin müəlliflərinə festival sertifikatları veriləcək.

1.6. Birinci yeri tutan pyes festivalın tərəfdaşı Azərbaycan Dövlət Yuğ Teatrının səhnəsində tamaşaya qoyulacaq.

2. Müəlliflər və pyeslər

2.1. Müsabiqədə yaşadığı şəhər və ölkədən, təhsilindən və peşəsindən asılı olmayaraq, Azərbaycan dilində yazan müəlliflərin iştirakına icazə verilir.

2.2. Pyeslərin dili Azərbaycan dilidir.

2.3. Müəlliflərin yaş həddi 18 yaşdan 50 yaşa qədərdir.

2.4. Müsabiqədə əvvəllər teatr səhnəsində tamaşaya qoyulmayan və son beş ildə yazılmış pyeslərin iştirakına icazə verilir.

2.5. Müsabiqədə eyni müəllifin üçdən çox pyesi iştirak edə bilməz.

2.6. Pyes başqa ədəbi əsərin əsasında teatr səhnələşdirməsi olmamalıdır.

2.7. İbtidai və orta məktəb yaşlı uşaqlar üçün pyeslər nəzərə alınmır.

2.8. Təqdim olunan pyeslərin mövzusu sərbəstdir.

2.9. Bir pyesinin həcmi 60 min işarədən çox olmamalıdır.

2.10. Təqdim olunan pyeslər rəy və ya resenziyadan keçmirlər.

 

3. Müddət

3.1. Pyeslər 15 yanvar  2024-cü il tarixinədək yalnız elektron formatda (pdf, doc, yaxud docx formatlarında) characters.drama@gmail.com elektron poçt ünvanına göndərilməlidir.
3.2. Müsabiqəyə təqdim olunan pyeslər müəllif haqqında aşağıdakı məlumatlar olan qeydiyyat forması ilə müşayiət olunmalıdır: ad və soyad; doğum tarixi; yaşadığı şəhər; təhsil; peşə; təqdim olunan pyesin adı və yazıldığı il; telefon və e-mail ünvanı ilə əlaqə məlumatları. Bu məlumat olmadan pyeslər nəzərə alınmırQEYDİYYAT FORMASI (yükləmək üçün tıklayın)
3.3. Müsabiqənin və ümumiyyətlə, festivalın şərtləri və mərhələləri dəyişə bilər. Bütün dəyişikliklər barədə mediada və festivalın sosial şəbəkə hesablarında (@characters.az Instagram səhifəsi) məlumat yerləşdiriləcək.

Load Time (S) : 0.009923