TEATRO

TEATRO

sənət portalı

post-title

“Bizim sənətdə utanmaq ən vacib keyfiyyətdir”

I hissə

Dünyada minlərlə peşə  mövcuddur. Hər hansı bir sənətdə peşəkar olmaq nə deməkdir?.. Qəhramanımızın seçdiyi sahədə hansı kriterilərə cavab vermək lazımdır?  Maraqlıdır, insan peşəni seçir, yoxsa peşə insanı kəşf edir?.. Nəhayət, kim olduğunu təyin etmək üçün sənə nə qədər vaxt gərəkdir? Belə suallar həyatda özünü axtarıb tapmaq istəyən hər kəsi daima narahat edir, düşündürür və nəticədə istiqamətləndirir.
Əziz dostumuz, sənin kimi bizim həmsöhbətimizə - Azərbaycanın Xalq artisti Məmmədsəfa Qasımova da insan taleyi ilə bağlı bir çox həyatı məsələlər rahatlıq vermir, o da sənin kimi axtarışlar içində yaşayaraq, gördüklərini, eşitdiklərini daha dərindən dərk etməyə çalışır və o, bu məqama qədər öyrəndiklərini, bildiklərini məhz səninlə bölüşüb, getdiyi yolun növbəti mərhələsinə keçid almaq əzmindədir. 
O yolun ki, bitməz və tükənməz bir yoldur... 

                 
Məmməd Səfa :
- ...Yadımdadır... Uşaq idim, məktəbdə oxuyurdum. Bir gün evdən icazəsiz çıxıb kinoya qaçdım...O zaman uşaqların kinoteatra getməyi təqdir edilmirdi, hesab olunurdu ki, məktəbli yalnız dərsləriylə məşğul olmalıdır, kino böyüklərin yeridir... Mən isə zalda oturub, müharibə haqqında filmə baxırdım. Qəfil filmi saxlayıb, işıqları yandırdılar və bir səs elan etdi ki, Məmmədsəfa kimdirsə, çıxsın çölə... Çıxıb gördüm ki, anamla dayım məni gözləyir, nigaran idilər... Dedilər ki, bir də icazəsiz kinoya getməyim və qayıdıb filmə sona qədər baxdım.
O dövrdə kəndlərdə yay kinoteatrları quraşdırılırdı. Əsasən, müharibə və hind filmləri nümayiş etdirilirdi. Təsəvvür edin ki, gecə, qaranlıqda böyük ağ parçanı tarım çəkirdilər və hamı (kişilər) yığılırdı ekranın qarşısına... Möcüzə idi... O zaman mən özüm olmurdum... 
  
Hər şey bir anın içində baş verdi... Təbiətin qaranlığında ay işığınınsehri altında böyük ağ kətanın üzərindəki təsvirin möhtəşəmliyi onu heyran etdi. O, “xəstələndi”...
Beləcə, mənşəyi bilinməyən bu “xəstəliyin” ənənəvi simptomatikası, azyaşlı oğlanı uzun müddət tərk etmədi. O zaman balaca Məmməd Səfa inana bilməzdi ki, içində yaranan vurğunluq hissi bir gün möhkəm istəyə, daha sonralar isə dəyişməz məqsədə çevriləcək... Məhz böyük ekran onun daxilini alt-üst etdi.
Qəribədir... Qədimdən müasir zamanəmizə qədər inkişaf xəttiylə yol gələn teatr sənətinə olan sevgi azalmasa da, XX əsrin əvvəllərindən başlayaraq, tamaşaçıların marağı müəyyən qədər kinoya yönəldi. Keçən yüzilliyin ortalarında meydana gələn televiziya sonradan kinoteatrları sıxışdırsa belə, böyük ekranın cazibəsini əvəz edə bilmədi. 

Məmməd Səfa:
-...Mən də kinoya olan sevgimin ardınca getdim. Bir çox kinomanların uşaqlıq tarixçəsində rast gəldiyimiz  kimi, mənim də məktəb illərində dərsdən qaçıb, kinoya tələsdiyim günlər oldu. Xarici filmlərdəki qəhramanlardan başlayaraq, milli kinomuzun korifeylərinə kimi dünya auditoriyasının rəğbətini qazanmış ən məşhur aktyorlar pleyadası məni kumir seçiminin qarşısında qoydu. Ekranda maraqlı aktyorların simaları bir-birini əvəz etdikcə, gələcəyim haqqında planlarım qətiləşirdi. Lakin aktyor sənətinin nə dərəcədə dərin, mürəkkəb və asılı sənət olduğundan tamamilə xəbərsiz idim. Baxdığım filmlərin gecə-gündüz davam edən ağır zəhmətin nəticəsi olduğu haqda, demək olar ki, təsəvvürüm yox idi... 
   
Bütün bunları daha dərindən anlamaq üçün, sən demə, xassəsinə və yükünün ağırlığına görə bir-birindən fərqlənən neçə-neçə müxtəlif mərhələlərdən keçmək, yetərincə mürəkkəb olan özünəməxsus psixoloji tərbiyə məktəbində oxumaq” lazım imiş. Söhbət böyük sənət məktəbindən gedir, daha doğrusu, həmsöhbətimiz  üçün önəmli olan peşəkar aktyor tərbiyəsindən.

Məmməd Səfa:
-... Artıq hədəfi təyin etmişdim - “mən aktyor olacağam!”
Gələcəkdəki təcrübəm bu qətiyyətli cümlənin mənasını tədricən dəyişdirirdi - mən aktyor olmaq istəyirəm... Daha sonralar, görəsən, aktyor ola biləcəyəmmi?.. Bu kimi suallar bir-birini əvəz etdikcə qarşıda məni gözləyən mənzərə yavaş-yavaş aydınlaşırdı... Anlamağa başlayırdım ki, aktyor sənəti zövq verdiyi qədər də hərtərəfli bilgilər, fasiləsiz mənəvi və fiziki əmək tələb edir. Pillə-pillə öyrənməyə başladım.

Maraqlıdır ki, çox vaxt məhz insanın təbiəti onun hansı peşəyə sahib olacağını təyin edir. Məmməd Səfa uşaqlıqdan müşahidə etməyi sevirmiş. Sən demə, bu keyfiyyət aktyor sənətində ən vacib amillərdən biridir. Ətrafda baş verənləri, əhatəndəki insanları, hətta bəzən özünü belə kənardan diqqətlə müşahidə edərkən gördüklərini beyninin süzgəcindən keçirib  özünün yaddaş arxivinə toplayaraq, lazımi məqamda istifadə etmək qabliyyətini, bir növ, vərdişə çevirmək aktyor işi üçün zəruridir.


    
Məmməd Səfa:
-... Sənətdən bəhs edən ən incə məsələləri və aktyor tərbiyəsi ilə bağlı digər mövzuları mən ilk dəfə sənət müəllimim Əfrasiyab Məmmədovdan eşitdim. 1977-80-ci illərdə Bakı Kitabxanaçılıq Texnikumunda mənə dərs deyən istedadlı aktyorun Stanislavski sistemindəki vacib məqamlardan etdiyi söhbətlər, mənim ali təhsili almağım üçün, sanki mükəmməl hazırlığı əvəz etdi. Tezliklə anladım ki, üç il ərzində keçdiklərim sevib-seçdiyim sənətdə hələ ki, heç başlanğıc da sayıla bilməz... Əfrasiyab müəllim, Dram Teatrının səhnəsində illərlə çalışsa da, filmlərdə çəkilsə də, daima yaradıcılıq axtarışlarında olduğunu deyir, dəfələrlə bizə xatırladırdı ki, aktyor əldə etdiyi nailiyyətlərlə, yığdığı təcrübə ilə kifayətlənməməlidir. Məhz belə məsləhətlər mənim ADMİU-ya daxil olmağıma təkan verdi.
  
Tələbənin  xoşbəxtliyi həm də ondadır ki, müxtəlf iş prinsipi olan bir-birindən maraqlı müəllimlərin onun sənət taleyində, təkcə aktyor kimi deyil, həm də şəxsiyyət kimi formalaşmasında rolu olsun. 

Məmməd Səfa:
-...Fəxrlə deyə bilərəm ki, məktəb illərindən başlayaraq tələbəlik illərimin sonunadək və sonrakı peşəkar fəaliyyətimdə əvəzsiz pedaqoqlarla ünsiyyəti tale məndən əsirgəməyib. Təsadüfi deyil ki, K.S.Stanislavski yaratdığı sistem haqqında kitabları yazarkən əsas hissələri müəllim-tələbə dialoqları əsasında qurub. Sırf öz təcrübəsindən çıxış edərək, “Aktyorun öz üzərində işi”ni demək olar ki, əyani şəkildə oxucunun diqqətinə çatdıra bilib. İncəsənət aləmində özünü sınamaq arzusunda olan hər kəs üçün dərslik sayılan Stanislavski sistemini gələcəkdə ADMİU-da təkrar-təkrar nəzərdən keçirməli idim... Əvvəl tələbə, sonra isə müəllim kimi... Fuad Hacıyev, Zəminə Hacıyeva, Nəsir Sadıqzadə, Faiq Zöhrabov kimi müəllimlər bizi aktyor sənətinin sirlərindən agah etdikcə, məndə seçdiyim peşə ilə bağlı məsuliyyət və tədris prosesinə qarşı sevgi hissi artırdı.
Hər şey etüd adlanan səssiz, sözsüz hərəkətlərdən başlandı. Gözlərinlə görmədiklərini öz təsəvvüründə canlandırıb, beş duyğu orqanının vasitəsiylə qarşı tərəfə bacardığın qədər aydın şəkildə ötürmək bizdən iti diqqət, son dərəcə həssaslıq və ən əsası, səbr tələb edirdi. İlk baxışdan çox maraqsız görünən etüd məşğələləri, əslində, aktyor fəaliyyətində ən gərəkli vərdişləri inkişaf etdirən ilkin mərhələdir. Aktyor olmaq istəyən kəs, fərdi fiziki hazırlığı olmadığı halda, sənət dərslərində əziyyət çəkə bilər. Adi etüdü yerinə yetirmək üçün, biz bir hərəkəti dəfələrlə təkrar edərək, onu yadda saxlamağa, əzbərləməyə çalışırdıq. Bunun üçün yaddaşı bərkidən məxsusi treninqlər bizə kömək edirdi. Sənətə aid digər dərslərimiz də eyni qaydada keçirdi. Hüseynağa (Hüseynov-red.) müəllim səhnə hərəkətindən, Kamal (Həsənov-red.) müəllim rəqsdən, Rima xanım (Məmmədova-red.) ritmikadan danışarkən zehni yaddaşla yanaşı, həm də bədən yaddaşının vacibliyini qeyd edirdilər.
Bugünkü tələbələr çox vaxt ilkin etüd mərhələsini tez bitirib ötürməyə çalışırlar, çoxlarına səssiz, sözsüz proses darıxdırıcı görünür... Lakin zaman göstərir ki, aktyor sənətinin özəyi sayılan etüdlər istənilən sahədə istənilən yaradıcı işin əsasını təşkil edir. Əgər gənclərimiz bugünkü müasir texnalogiyalar vasitəsiylə çəkilən mürəkkəb qrafikalı ekran əsərlərinə diqqət yetirsələr, anlayacaqlar ki, aktyorların işi elə məhz etüdlərdən ibarətdir. Xüsusilə də, fantastik filmlərdə, hansı ki, aktyor, kiminlə danışdığını, harada olduğunu görmür... 
Bir halda ki, canlı insanın ruhu bədəndən ayrılmazdır, o zaman hər iki tərəf bir-birini tamamlamalıdır. Aktyorun ruhu onun bədənini düzgün idarə etməlidir. Söhbət insanın ruhu ilə cismi arasında baş verən harmonik mübadilədən gedir.

Odur ki, aktyorluq adlanan maraqlı və mürəkkəb peşənin sahibi, ilk növbədə, bir insan kimi zəngin daxili aləmə malik olmalıdır. Şəxsi tərbiyəsi, davranışı, dünyagörüşü, maraqları, biliyi ilə lazım olan tələblərə cavab verməlidir. Aktyor özünü tanımalıdır. 

Məmməd Səfa:
-...Tələbəlik illərimə bir daha nəzər salarkən xatırladığım müxtəlif fənn müəllimlərimizin bizə qarşı tələbkarlığı bu gün də mənim işimdə öz bəhrəsini göstərir. İllərlə səsini dinləyərək danışıq tərzindən, özünəməxsus maraqlı nitqindən sözlə düzgün işləməyi öyrəndiyimiz səhnə danışığı müəllimim Mikayıl Mirzə, teatr tarixini bizlərə mərhələ-mərhələ tanıdan Məryəm Əlizadə, rus ədəbiyyatını analitik səviyyədə tədris edən Validə xanım Məmmədova, dünya mifologiyasını bütün incəlikləriylə gənclərə sevdirən Hibabə xanım (Sadıqova – red.) kimi peşəkar insanları dinləyən auditoriyanın bir hissəsi olmaq, həqiqətən də, tələbə üçün uduş idi. İnanın ki, o illərə bir daha qayıtsaydım, daha da diqqətli, daha da məsuliyyətli olardım. Müəllimlərimiz həmişə bizə deyərdilər ki, nə qədər gəncsiz, tələbəsiz, seçdiyiniz peşənin fundamentini möhkəmlədin, dayanmadan işləyin, çünki bu divarları tərk edəndən sonra, siz artıq bizim həmkarlarımızsınız. Bu o demək deyil ki, siz daha öyrənməyəcəksiz, əksinə... Sadəcə, buradan fərqli olaraq, növbəti məktəbiniz ömrünüzün sonuna qədər davam edəcək...
Belə də oldu... Lakin...
Universiteti bitirdikdən sonra çoxlarının ilk peşəkar səhnəsi sayılan Tədris teatrında müxtəlif əsərlərdə iştirak etdim. Günlərin birində hər şey dəyişdi... Növbəti tamaşalardan birini oynayırdım...

Milli teatr sənətində öz sənət fəlsəfəsi ilə fərqlənən, səhnədə baş verənləri tamaşaçıya qeyri-ənənəvi şəkildə çatdıran, aktyorlara yeni oyun estetikası təklif edən, Azərbaycan teatr tarixində “Psixosof” poetikasının əsasını qoyan və böyük rejissorluq istedadı ilə xatirələrdən silinməyən əvəzsiz Vaqif İbrahimoğlunun diqqət dairəsinə düşmək peşəkar səhnəyə yenicə ayaq basmış hər bir gənc aktyor üçün  birmənalı şəkildə göstərici idi.

Məmməd Səfa:
-...Gələcəkdə özümə böyük qardaş biləcəyim və sənət yolunda sonadək bələdçim saydığım Vaqif müəllim məni yaratmaq istədiyi YUĞ teatrının məşqlərinə dəvət etdi. Əlbəttə ki, həmin ana qədər topladığım biliklər mənim üçün çox qiymətli idi. Sadəcə, böyüklərimizin bizə xəbərdarlığı indi öz təsirini göstərdi... Axı, bizə demişdilər ki, universitet illəriniz yalnız və yalnız sizin özəyiniz ola bilər. Sonrası isə...
Sonrası, həqiqətən də, məni gözləmədiyim bir yola çıxmağa səfərbər etdi...
K.S.Stanislavski sistemini ardıcıllıqla mənimsəyən tələbənin özünə inamlı olması təbii haldır. Lakin ən vacibi, bu sistemin birbaşa aktyor olmaqdan ötrü deyil, daha çox peşəyə lazımlı keyfiyyətləri özündə sistemli şəkildə tərbiyələndirərək, daxilindəki ikinci ”mən”i hər dəfə yenidən kəşf etmək üçün ən düzgün vasitələrdən biri olduğunu anlamaq idi. Məhz Vaqif müəllimin teatrına gələndən sonra bütün deyilənlərin əyani şəkildə şahidi oldum.
   
Bəzən klassik teatrın nümayəndələrinə bir qədər yad görünən yeni estetika, əslində, Stanislavskinin ən diqqətli və düzgün oxunuşlarından biri idi. 

Məmməd Səfa:
-...Şüur, paradiqma, alqoritm, ekstrapolyasiya və s. kimi terminlərin ətraflı izahı rejissor tərəfindən bizə verilərək, eyni zamanda fasiləsiz məşqlər zamanı bütün incəlikləriylə tətbiq olunurdu.
Vaqif İbrahimoğlu hər dəfə eksperimentlər eləməkdən, yenilənməkdən çəkinməyən əsl peşəkar idi. Əlli nəfərlik zalda dördüncü divar adlanan sərhədi aşıb, tamaşaçı ilə açıq sistemdə ünsiyyət quran sənətkar aktyor işinə yeni dəst-xətt gətirdi. Hər dəfə tamaşaçı zalındakı oturacaqların yerlərini dəyişərək, vizual görüntüyə müxtəliflik gətirən rejissor, yuğpərəstlərin ovqatına müəyyən bir azadsevərlik təravəti qatmış olur və aktyorla pərəstişkar arasındakı məsafəni azaltmaqla tamaşa zamanı yüksək enerji mübadiləsinə nail ola bilirdi. 
Əlbəttə ki, klassik teatrın böyük səhnəsində hər dəfə iri pərdələr açılıb bağlanarkən hamını həyəcanlandıran möhtəşəm görüntünün təəssüratı əvəzsizdir. Milli incəsənətimizdə səhnə tarixinin təməlini qoyan peşəkar aktyorlarımızdan  Ərəblinskidən başlayaraq bu günədək inkişafda olan  Milli Teatr illər boyu görkəmli sənətkarlar yetişdirmiş və minlərlə tamaşaçı formalaşdırmışdır. Unutmamalıyıq ki, hamının teatra olan sevgisinin ilham mənbəyi məhz böyük səhnənin cazibəsi olub. 
  
Sadəcə, kiçik səhnə və tamaşacı ilə yaxın məsafədən ünsiyyət aktyordan daha incə, həssas oyun tərzi istəyir. Xüsusilə də, əgər söhbət postmodernizmdən gedirsə, o zaman kiçik məkanlı teatrlarda mütəmadi məşqlərlə yanaşı, psixotexniki məşğələlər də keçirilməlidir. Vaqif müəllim məhz belə məqamlarla bağlı çox maraqlı və işlək bir proqram tərtib etmişdi. Ola bilər ki, ilk anlarda nələrsə alınmırdı, hətta bəzən qəbul olunmurdu... Lakin tədricən, aktyor özünü tanıdıqca, daxili balans qaydaya düşür, harmoniya bərpa olunurdu.


    
Məmməd Səfa:
 -... Usanmadan işləyən rejissorun, şübhəsiz ki, eyni rejimi aktyorlardan da tələb etməyə haqqı var idi. Biz bəzən material üzərində o qədər dərindən işləyirdik ki, nəticənin necə olacağı qismən əhəmiyyətsizləşirdi. Prosesdən aldığımız zövq və yaşadığımız yüksək məmnunluq hissi, tamaşanın gələcək taleyindən asılı olmayaraq, bizim mənəvi ehtiyaclarımızı yetərincə ödəyir, peşəyə bağlılığımızı daha da möhkəmləndirirdi. 

Vaqif müəllim xırdalıqlardan ibarət iş üslubu ilə aktyorları, demək olar ki, kino meydançası üçün də hazırlayırdı. Böyük ekranda adətən işlənən üç plandan (ümumi, orta, iri) ən çox təsir gücünə malik olan iri planda düzgün ifa tərzi, kiçik səhnədə dəfələrlə sınaqdan keçirilirdi. Olduqca maraqlı və səmərəli bir proses yaşanırdı. Teatr aləmində qəbul olunmuş ənənəvi səhnə fəndlərinə də ehtiyac qalmırdı – “yalana” yer yox idi... Belə teatrın kinoda işləmək istəyən aktyora verdiyi təcrübə daha qiymətlidir. Ümumiyyətlə, rolun ifası zamanı insanın daxili aləmiylə bağlı məsələlərlə yanaşı, məkanın ölçülərindən asılı olaraq, vəziyyət, ifaçıya daha bir paralel alqoritmi də diktə edə bilər. Bu nə deməkdir? Biz, demək olar ki, həyatda vərdiş halına çevrilmiş gündəlik təkrar olunan hərəkətlərimizə fikir vermirik... Lakin, diqqət yetirsək, görərik ki, insanın fiziki varlığı ilə bağlı istənilən proses mütləq olaraq nəzərdə tutulan və ya tutulmayan müəyyən bir alqoritm əsasında baş verir və çox vaxt qeyri-ixtiyari olaraq, sistemli şəkildə davam edir. Qeyd etməliyik ki, dediyimiz proses məkana öyrəşdikdən sonra özünü doğruldur. Həyatda olduğu kimi, səhnədə də belədir. Səhnəyə öyrəşincə bədən çaşa bilir, sözü eşitmir... Bu da təbiidir... Çünki nəticədə fiziki hərəkətlərin alqoritmi ruhani varlığın quracağı alqoritmə tabedir. Odur ki, ilk növbədə aktyor öz ruhunun hikmətini axtarmalı, ətrafında baş verənlərin ona nə dərəcədə təsiredici olduğunu təyin etməlidir.
Belə olduğu halda, bütün tamaşaların məşq prosesləri eyni tərzdə gedə bilərmi? Uzunmüddətli təcrübə əsasında məlum olur ki, ayrılıqda hər bir tamaşanın özünün yaranma dinamikası var...Eyni zamanda, onu da nəzərə alsaq ki, belə bir prosesdə iştirak edən hər bir yaradıcı şəxsin baş verənlərə özünün fərdi yanaşması yarana bilər, demək olar ki, hər dəfə aktyor,növbəti əsər üzərində işlərkən, yeni iş üsulunu özü üçün kəşf etmiş olur. 

Məmməd Səfa:
-... Məsələn, masaarxası oxunuşu xeyli davam etdirərkən əsər elə məqama kimi həllini tapa bilər ki, səhnədə, yalnız hərəkətlərin trayektoriyasını çəkməklə işi bitmiş hesab etmək olar. Ya da ki, tam əksinə, səhnəyə çıxmayınca, əbəs yerə vaxt itirib, iş prosesini ləngitmək olar. Təbii ki, məzmunu ağır və dərin fəlsəfi mənalarla zəngin olan əsərlərin təhlili uzun müddət tələb edə bilər. Aktyor özü, oxuduqlarını hər bir incəliyinə qədər dərk etmədən, tamaşaçıya heç nə çatdıra bilməz.
Bütün Şərq aləmində olduğu kimi, türk ədəbi mühitində və xüsusilə də Azərbaycanın ədəbiyyatında elə dahi mütəfəkkirlərin adı əbədiləşib ki, onların tədqiqinə, təhlilinə bir ömür belə bəs etməz. Böyük Nizami Gəncəvinin “Sirrlər xəzinəsi” əsərinin əsasında səhnə həllini tapmış “Açar” tamaşası yeddi aylıq masaarxası oxunuş mərhələsini keçdi və YUĞ teatrının mükəmməl işlərindən biri oldu. Vaqif İbrahimoğlunun, “Kitabi-Dədə Qorqud”un “Bamsı Beyrək boyu” əsasında quruluş verdiyi “Oğul” tamaşası da uzun müddətli müzakirələr və təhlillərdən sonra səhnə məşqlərinə keçid almışdı. Belə əsərlərin mürəkkəbliyi həm də ondadır ki, onların plastik həlli ilə yanaşı, çətin mətni kompozisiyasının da dəqiq qurulmasına ehtiyac yaradır. Ekssentrik ifa, bəzən də qroteskli oyun zamanı fasiləsiz və bir qədər sürətli danışıqla müşayiət olunan tamaşalar aktyordan xüsusi istedad tələb edir. 
Elə səhnə kompozisiyaları da var ki, onların məzmun yükü, əsasən, mətnin üzərinə düşür. Söz sərraflarının diyarında yazıb-yaradan Z. Marağayinin “İbrahimin səyahətnaməsi” əsərindən “Yuxu” bölməsi məhz bu baxımdan fərqlənən  işlərimdən biri idi. Belə bədii əsərlərin plastik həlli nitqin üzərində aparılan işə tabe olur. Buraya təkcə intonasiya deyil, həm də aktyorun daxili ilə bağlı bütün psixotexniki elementlərin danışıq zamanı səslə, sözlə ifadəsi aiddir. Nitqin düzgün qurulması vizual prosesin əsasını təşkil edir. Belə məqamda adicə nəfəsin də öz dramaturji mənası var.

Məmməd Səfanı teatr və kino aktyoru kimi tanımazdan əvvəl onun səsini eşidənlər artıq bu qeyri-adi səsin vurğunu idilər. Pərəstişkarlar daima hamıdan seçilən səsin sehrinə düşüb, dəfələrlə radio və televiziya vasitəsiylə onun səsləndirdiyi verlişləri, sənədli filmləri, serialları izləyərək, aktyoru daha da yaxından tanımağa çalışıblar. Sevilən doğma səs, tamaşaçını hər dəfə “YUĞ” teatrına yenidən qayıtmağa sövq edib...

Məmməd Səfa:
-...Ümumiyyətlə, səs, aktyorun silahıdır. Silahı isə qorumaq gərək. 
Əgər söhbət monotamaşadan gedərsə, o zaman nəzərdə tutulan yaradıcı işin mənəvi və fiziki yükü ikiqat artar. Öz təcrübəmdən onu da deyə bilərəm ki, səhnədə təklikdən zövq almaq elə də asan deyil. Bir tərəfdən anlayırsan ki, tərəf müqabilin yoxdu və sən tam olaraq özünlə məşğulsan, digər tərəfdən isə, elə məhz tək olduğuna görə bütün məsuliyyət sənin üzərinə düşür və “istirahət” etməyə imkanın yaranmır. Bir məsələ də var ki, nəqli xarakterli mətnlərin darıxdırıcı olmaq riski də mövcuddur. Belə problemi aradan qaldıra bilən  əsas şey keyfiyyət və diqqətini lazımı istiqamətə cəmləmək bacarığıdır. Aktyor səhnədə səsləndirdiyi mətnin məzmununa o dərəcədə inanmalıdır ki, tamaşaçı eşitdiklərini təsəvvür edə bilsin. 
Ümumiyyətlə, bütün növ tamaşalarda ifa zamanı səhnə qaydalarına görə, demək olar ki, şərtlər eynidir. Sadəcə, aktyorun öz qarşısına qoyduğu şərtlər həmişə fərqli olur! Məhz elə bu məqama əsaslanaraq, vacib bir məsələni qeyd etmək istərdim. Bəlkə də, deyəcəklərim yalnız YUĞ teatrına aiddir, amma bildiyimə görə dünyadakı bir çox müasir teatrlar artıq uzun müddətdir ki,eyni üsulla işləyirlər. 
Vaqif müəllimin teatrda işlədiyi dövrdə əvvəldən axıradək ən çox nail olmaq istədiyi nəsnə aktyorun səhnədəki azadlığı idi... O daima bizə aşılayırdı ki, siz sadəcə içraçı deyilsiz. Sizi heç kim idarə etməməlidir. Sizin hər bir mövzu ilə bağlı şəxsi fikriniz, şəxsi yanaşmanız və şəxsi konsepsiyanız olmalıdır. Səhnədə hamı bir-birini eşitməli və eyni zamanda hər kəs öz müstəqil işi ilə məşğul olmağı bacarmalıdır. Hər kəs özü özünün rejissorudur! Vaqif İbrahimoğlu bizi fərqli böyütdü...
     
Olurdu ki, çox vaxt baş rejissor tamaşanın müəyyən hissələrinə aid mətnləri aktyorların özünə yazdırır, onlardan quruluş tələb edirdi. Bu da iş prosesinə qeyri-adilik gətirirdi. Sonralar belə yanaşma aktyorlar üçün vərdiş halına çevrildi. Məsələn, Çexovun “Albalı bağı”nda sonluq üçün qəhramanların hər biri özləri haqda peyğəm hazırlamışdılar. Ən maraqlısı da odur ki, aktyor növbəti tamaşada mətnin məzmununu dəyişdirə bilərdi, təbii ki, əsas mövzudan uzaqlaşmayaraq. Məşhur əsərin, onsuz da, özünəməxsus rejissor oxunuşuna əlavə olunan  azad aktyor fikri səhnədə baş verənləri əsil canlı həyatın anlarına çevirirdi.
Lakin yaradıcı azadlığa baxmayaraq, Vaqif müəllimin bəzən çox sərt qaydalarla işləmək vərdişi də var idi. Belə halda rejissor kontekstdən bir addım belə kənara çıxmağa imkan yaratmırdı. Əslində, bu da fəndlərdən biri  idi. Elə tamaşalar var ki, onlar sırf rejissor təxəyyülünün məhsulu kimi reallaşır. Yəni, əsərə quruluş verən insan, onun matrisini zədələmədən səhnədə baş verənləri tam gözlənilməyən tərzdə, qəribə bir şəkildə təqdim edir.

Məmməd Səfa:
-...İllər öncə, Vaqif İbrahimoğlu, Şekspirin “Otello” əsərinin klassik konsepsiyaya tam zidd görünən səhnə həllində eyni iş üslubundan istifadə etmişdi. Pyesin yalnız üç əsas qəhramanı ilə (Otello, Dezdemona, Yaqo) qurulan tamaşa boyu əsərdə baş verən hadisələrin paradiqma qatında mənimsənilməsi gedir, insanın şüuraltı təxəyyülünün estetik ifadəsi müşahidə olunur. Həmişə kövrək, incə, qayğılı tanınan Dezdemona bu dəfə, demək olar ki, qorxaq və riyakar Yaqonun vasitəsi ilə Otellonu saxta bir sevginin ikili oyununda azdırır... 

Vaqif müəllimin işlədiyi variantda da sevgililərin hər ikisi ölür. Matris toxunulmazdır. Lakin rejissor heç kimi günahlandırmır və heç nəyi bəhanə gətirmir. O, genetik yaddaşla bağlı olan mənəvi travmaların nəticəsində formalaşan psixi təfəkkürün və psixi təxəyyülün inkişafı zamanı qeyri-ixtiyari baş verən təsadüfi proseslərin sonradan insanın həyatında faciə törətməyə qadir olmaq qabiliyyətini araşdırır. 
    
Məmməd Səfa:
-...Mən də Otello rolunun ifaçısı olaraq, rejissorun əsərə məhz belə rakursdan yanaşmasına əsaslanıb, öz qəhramanımı ətraflı öyrənməyə çalışırdım. Onu da qeyd edim ki, məşqlər və tamaşa zamanı aktyorlar özünü eyni müstəvidə realizə edirdi. 
Mürəkkəb alqoritmli səhnə mizanları ilə dolğun olan tamaşalarda tərəf müqabillərin bir-birinə qarşı həssaslığı zəruridir. Müəllimin sonuncu işində mən bunu daha dərindən anladım. 
Frans Kafkanın müxtəlif əsərlərindən toplanmış mətnlər və mövzular əsasında Vaqif İbrahimoğlunun quruluş verdiyi “Kafkadan salam” tamaşasının hazırlanmasına cəmi üç gün sərf olundu. Buna ekspromt da demək olardı, lakin kənardan belə görünmürdü... Fəlsəfi və psixoloji cəhətdən yüklənmiş aktyor işi bu tamaşanın hər bir iştirakçısını bir-biri ilə zəncirvari bağlamışdı. Və bu zənciri özünə bənd edib çəkən Vaqif müəllim idi. O, bizimlə səhnədə idi... 
Rejissorunla, müəlliminlə meydanı bölüşməyin özü bir məktəbdir. O da mənə nəsib oldu... 
İllər öncə, Afaq Məsudun “Can üstə” tamaşasında ilk dəfə Vaqif İbrahimoğlu ilə səhnəni bölüşərkən düşünmürdüm ki, ustadımla birgə işdən zövq ala-ala yaşadığım yaradıcı məqamları bir zaman niskil dolu xatirələr əvəz edəcək.

Vaqif İbrahimoğlu Məmməd Səfa haqqında danışarkən onun bir keyfiyyətlərini məxsusi qeyd etmişdi.

Vaqif İbrahimoğlu:  
... - Məmməd Səfanın adını mən, əsasən, onun çox vaxt işlətdiyi bir kəlmə ilə bağlayıram... - “Ayıbdır...” Həyatda da, səhnədə də, bir çox məqamlara Səfanın dəyişməz, qəti münasibəti var! Hətta istedadı və imkanları uyğun gəlsə də, özəl prinsipləri ona təbiətinə zidd olan addımlar atmağa heç vaxt yol verməz. Çətinliyə düşsə belə, kimsəyə baş əyməz. Çünki, özü demişkən, “...müəllim, ayıb olar bizim üçün...”. İllərdir ki, Məmməd Səfanı tanıyıram... Xasiyyəti dəyişmir. Onun üçün müəyyən çərçivələr mövcuddur ki, ondan kənara çıxmaz.

Məmməd Səfa:
... - Mən xoşbəxt şagirdəm ki, müəllimimlə təkcə səhnədə deyil, kino meydançasında da birgə işdən zövq almaq imkanım olub. Buna görə, “Sahə” bədii filminin rejissoru İlqar Safata minnətdaram. Çəkiliş zamanı Vaqif müəllimin son dərəcə səmimiliyi və tərəf-müqabili kimi düzgün davranışı, bir daha onun nə dərəcədə təvazökar, ədalətli, müdrik insan olduğunu təsdiqlədi. O, yalnız sənətdə deyil, həyatda da mənə həmişə dayaq olub. Sənətdə mayakım, həyatda isə böyük qardaşım bilmişəm onu. Hər bir insanın hər şeydən ümidinin kəsildiyi vaxtlar ola bilir... Mənim ən çətin anlarımda Vaqif müəllim yanımdan çəkilmədi, əlimi buraxmadı. Əsl dost idi! Bu gün tale kitabının onunla olduğum illərini vərəqləyərkən görürəm ki, mən onun məsləhəti olmadan addım belə atmamışam. Çünki bütün işlərimdə ustadımın xeyir-duasına ehtiyacım olub... Kişi dostluğunu mən onda gördüm. Vaqif İbrahimoğlu məktəb idi.

Sənət adamlarının bir qismi Vaqif təbiətini və məktəbini bu gün də qəbul edə bilmir. Eyni zamanda, onun böyüklüyünü etiraf edirlər. Bu da təbiidir, çünki o, neçə-neçə tələbə nəsli tərbiyə edib və onlar bu gün müxtəlif teatrlarda peşəkar səhnədədirlər. Vaqif İbrahimoğlunun “Psixosof” poetikası təkcə özünün aktyorlarını deyil, həm də YUĞun xüsusi zövqü formalaşan daimi tamaşaçılarını yetişdirə bildi. Nəticədə Teatrın daxilində premyeralar zamanı qeyri-adi mühit yaranırdı. Bəzi tamaşalar dəhlizdən başlanırdı... Tamaşaçılar qeyri-ixtiyari şəkildə tamaşanın iştirakçılarına çevrilirdilər...
Vaqif İbrahimoğlu, bütün peşələrdə olduğu kimi, rejissor və aktyor fəaliyyətində də eksperimentləri işin əsası hesab edirdi və “YUĞ” son günədək onun yaradıcı laboratoriyası olaraq qaldı. 
Vaqif müəllimin çox incə və bir qədər də fərqli yumor hissi var idi. Onun yetirmələri də həmişə xüsusi yumor hissi  ilə seçiliblər. Məmməd Səfa isə komediya tamaşalarında elə  maraqlı  tapıntılardan istifadə edir ki, tamaşaçı eyni zövqü bir daha yaşamaq üçün təkrar-təkrar teatra gəlir. Aktyorun səhnə əsərində səsləndirdiyi replikalar isə dillər əzbərinə çevrilib.
“Can baba dərviş!” kəlməsi, artıq Mirzə Fətəli Axundzadənin pyesini “YUĞ”un səhnəsində görən hər kəsin üzündə təbəssüm yaradır. Mirzə Fətəlinin “Müsyö Jordan həkimi-nəbatət və Dərviş məstəlişah cadüküni-məşhur” komediyasının Dərviş Məstəlişah obrazı məşhur personajdır. Teatr tarixi boyu görkəmli aktyorlarımızın hər biri bu rolda özünün əvəzsiz ifasını yaradıb. Məmməd Səfanın Dərvişi isə bu dəfə demək olar ki, Axundzadə mətninin sətraltı oxunuşu oldu. Heç bir oyunçuluğa, güldürmək məqsədi ilə canfəşanlığa, səhnəni yükləyən artıq mizanlara yol vermədən, həm zahirən, həm də daxilən olduqca fərqli ekssentrik oyunun şahidi olduq. Həyasızlığı həya çərçivələri daxilində nümayiş etdirən peşəkar aktyor incəsənətdə məcazdan istifadə etməyin qaydalarını incə surətdə tamaşaçıya bir daha xatırlada bildi. Bunun üçün aktyor ali səhnə dilini öyrənməli və mənimsəməlidir. Bu da şəxsiyyətinin sənə nələri diktə edəcəyindən asılı olan birbaşa insani keyfiyyətlərlə bağlı məqamdır.      

 
 

Məmməd Səfa:
-...Tələbələrimlə sorğu-sual apardığım zaman biri cavab verdi ki, müəllim, mən heç nədən utanmıram, səhnədə nə istəsəniz, edərəm... Ona dedim ki, çox nahaq... Aktyor, ilk növbədə, insandır! Bizim peşədə isə utanmaq ən vacib keyfiyyətdir. Bunu, sadəcə, düzgün anlamaq lazımdır.

Tamamilə razıyam. Bu sənətdə utancaqlıq hissi olmasa, inkişafdan söhbət gedə bilməz. Çünki bildiklərimizi və düşündüklərimizi utanmadan olduğu kimi göstərsək, o zaman sənətin əsas məqsədi sayılan bədii ifadə vasitələrinə yer qalmayacaq və nəticədə aktyor bir peşəkar olaraq özünü doğrulda bilməyəcək. 
Vaqif İbrahimoğlunun “Psixosof” poetikası, aktyor üçün hər cəhətdən geniş yaradıcı imkanlar yaradan, onları dayanmadan düşünməyə sövq edən sənət yoludur.
Ustadına əhsən! 

Məmməd Səfa:
-...Elə düşünürəm ki, bütün baş verən proseslər yalnız və yalnız Vaqif müəllimin özü ilə bağlı idi. Dediyimiz qeyri-adilik, nəzərdə tutduğumuz fərqli mühit, maraqlı eksperimentlər, bir sözlə, hər şey ustadın varlığından qaynaqlanırdı... Bu gün onun yeri görünür...

Ədəbiyyatda mümkün olan bütün janrlarda müxtəlif üslublardan ustalıqla istifadə edərək, ən incə mətləblərə belə zövqlə toxunub istənilən mürəkkəb mövzunu sərraflıqla sözə çevirə bilən şair, yazıçı, dramaturq İlqar Fəhminin pyesi əsasında səhnədə ekspressivliyi sevən və tamaşa qurarkən aktyorun bəzən görünməyən, çoxlarına tanış olmayan yaradıcı keyfiyyətlərini məşq prosesi zamanı aşkara çıxarmağı bacaran rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi “Mənəm, mən...” tamşası bir örnəkdir. Tamaşada Şeyx Əzəm rolunu canlandıran Məmməd Səfa bu dəfə  gənc aktyorlarla (onların arasında tələbələri də var) bərabər özünü daima düzgün köklənməyə tərbiyə edərək, səhnə cazibəsini heç vaxt itirməyən əsl ustad sənətkar kimi səsiylə, plastikasıyla bir daha olduğu məkana peşəkarlıq ab-havası gətirdi. “YUĞ” teatrının İmadəddin Nəsiminin 650 illiyinə pay etdiyi “Mənəm, mən...” tamaşası haqqında geniş oxucu auditoriyası tərəfindən resenziyaları daima izlənən teatrşünaslarımız Aydın Talıbzadə, Elçin Cəfərov olduqca əhatəli və dərin fikirlər söyləyiblər. 
Əsərin müəllifi də aktyor sənətinin incəliklərinə bələd olduğuna görə ustad sənətkarımızın fəaliyyətini daima müşahidə edir, ifa tərzindən zövq aldığını deyir və onun yaradıcılığına böyük rəğbət bəslədiyini bildirir.   


    

İlqar Fəhmi:
-... “Mənəm, mən...” tamaşasında Şeyx Əzəm obrazı cəmisi iki dəfə görünür. Bir əvvəldə, bir də final səhnəsində. Lakin məhz bu obrazı yaradacaq aktyorun üzərinə çox böyük yük düşürdü. 
Birinci pərdədə aktyor səhnədə elə bir vahimə, qəzəb və diktat atmosferi yaratmalıydı ki, bu ab-hava sona qədər tamaşanın üzərində qara bulud kimi dolaşsın… Tamaşaçı hər səhnədə Seyid Əlinin bu diktatın təsirindən çıxmağa çalışmağına və hər səhnənin sonunda qorxaraq yenidən geri qayıtmağına inanmalıydı… Və sonda baş qəhrəman yalnız tam Nəsimiləşəndən sonra bu diktata qarşı açıq qiyama qalxacaqdı…
Məhz bu vahimə və diktat kölgəsini pyes boyu inandırıcı eləmək, Xalq artisti Məmməd Səfanın boynuna düşmüşdü. 
Həqiqətən də, ilk səhnədə, zahirən sakit dialoqun içində bu obrazın onminlərlə insanın həyat və düşüncəsini öz diktatı altında saxlaya bilmək qüdrətini Məmməd Səfa yüksək səviyyədə nümayiş etdirdi. Sanki bir vahiməli kölgəyə çevrilib baş qəhrəmanın içinə hopdu. Bu kölgənin cizgiləri sonrakı bütün səhnələrdə baş qəhrəmanın başı üstündə dolaşır, onun diliylə danışır, mübahisə edir və hər səhnənin sonunda qalib gəlirdi. Əslində, bütün tamaşa boyu Seyid Əlinin içindəki Şeyx Əzəmlə, Nəsimilərin içindəki «Ənəlhəq»in mübarizəsi gedirdi.  Ziya Ağanın hər geri addımında sankı Məmməd Səfanın gur səsi xatırlanırdı. Əgər Məmməd Səfanın ilk səhnədə yaratdığı enerji axını tamaşanı öz arxasıyca çəkə bilməsəydi, sonrakı səhnələrdəki mübarizə bir o qədər də inandırıcı görünməzdi.
Nəhayət ki, final səhnəsi. Öz yaratdığı, öz böyütdüyü və öz davamçısı kimi hazırladığı Seyid Əlinin «Nəsimi»ləşərək, onun özünə qarşı qiyamı, sanki Şeyx Əzəmin bütün iç üzünü tamaşaçılara açır. Bu geniş final səhnəsində də, Məmməd Səfa sadəcə bir ruhani olan Şeyx Əzəmi oynamır, ümumiyyətlə insanların şüur və düşüncəsini, həyat və fəaliyyətini öz diktatı altında saxlayan, Cavidin təbirincə desək, “məzhəb çıxaran, yol ayıran hakimi-ədyan” iddialarıyla özlərini, az qala, Allahın yerdəki vəkili hesab edən minlərlə qəddar zalım hökm sahibinin ümumiləşdirilmiş obrazı kimi çıxış edir.
Yenə də Məmməd Səfanın səhnədə yaratdığı enerji axını, bütün bu “hakimi-ədyan”ların nə qədər məkrli, qorxulu, vahiməli, qəddar və ən nəhayət, nə qədər güclü olduqlarını tamaşaçıya inandıra bilir… Lakin eyni zamanda, bu dünyəvi gücün arxasındakı mənəvi acizliyi və gizli qorxunu da Məməd Səfa çox yüksək peşəkarlıqla çatdıra bilir… 
   
Biz isə, illərin bir-birini əvəz etməyinə baxmayaraq, sevdiyimiz sənətkarın yaradıcı meydanda yaşadığı ruh yüksəkliyinə sevinirik. 

Ardı var...

“Bizim peşədə utanmaq ən vacib keyfiyyətdir” II Hissə

Mahmənzər

 

Load Time (S) : 0.005352