TEATRO

TEATRO

sənət portalı

post-title

“Bizim peşədə utanmaq ən vacib keyfiyyətdir” II Hissə

Əvvəli

“Bizim sənətdə utanmaq ən vacib keyfiyyətdir” I hissə

II hissə

    Məmməd Səfa:
-...Teatr, tamaşa, səhnə, həqiqətən də, gözlənilməzliklərlə doludur! Eyni rola hər dəfə yenidən qayıdarkən, sənin üçün bir daha obraz üzərində işi təkminləşdirmək imkanı yaranır. Beləcə, aktyor böyüyür. Kinoda isə tam fərqli mənzərədir. Kino, nə gözləməyi, nə güzəşt etməyi, nə də bağışlamağı sevmir. Kinoda gələn dəfə olmur. Hər şey bu saat, son dəfə və ömürlük. İlk çəkiliş günündən bu günədək mən kinonu belə anlamışam. 
O da şərtdir ki, kinonun teatrla müqayisədə bir saniyə içində milyonların auditoriyasına yiyələnmək imkanları var. Bu isə, hər bir sənət adamı üçün arzulanan fürsətdir. Elə bir aktyor tanımamışam ki, kinoda işləmək istəməsin. Böyük ekran cazibəsinin təsirindən çıxmaq mənim üçün də həmişə çətin olub... Həm tamaşaçı kimi, həm də aktyor kimi. Bir halda ki, bu mövzuya toxunduq, öz təcrübəmdən çıxış edərək, aktyor sənətində kino məktəbinin rolu haqda sizə deyəcəklərim olacaq...
 
Bəzən gənclər filmlərə, seriallara dəvət alan kimi özlərini artıq peşəkar hesab edir, qısa bir zamanda məşhurlaşmaq eşqinə düşürlər. Belə keyfiyyətlər birmənalı şəkildə peşəkarlığa yad və zərərli hesab olunur. Bu sənətdə vaxtsız “hə” deməkdənsə, vaxtında “yox”demək daha yaxşıdır. Yalnız zahiri görkəminə güvənib ekranlarda görünmək üçün tələsməyə dəyməz. Əsas məsələ peşəni addım-addım öyrənərək özünü tanımaqdır, rollar isə mütləq sahibini axtarıb tapacaq. Məmməd Səfanın həyatında olduğu kimi...

Məmməd Səfa:
-...Otuz dörd yaşım var idi... Rejissor Şamil Nəcəfzadə məni operator Rafiq Quliyevlə birgə çəkdiyi reklama dəvət etdi. Bir müddətdən sonra tammetrajlı filmdə baş rola təyin olundum. Bunu tale də adlandırmaq olardı... Çünki, Tofiq Tağızadə kimi kinoda böyük təcrübəsi olan istedadlı rejissorun filmində ilk dəfədən baş rola çəkilmək və böyük sənətkarlarla bir meydançada bacarığını sınamaq cavan aktyor üçün xoşbəxtlik idi.
Tofiq müəllim “Köpək” filmini çəkirdi. Fuad Poladov, Yaşar Nuri, Muxtar İbadov, Nuriyyə Əhmədova və digər sənətkarlarla tərəf müqabili olmaq, onların hər birinin xarakterini anlamaq və nəticədə hamılıqla bir bütöv orqanik aktyor ansambılına çevrilmək şəxsən məndən ötrü çox səmərəli və gələcək işlərim üçün stimul verən, vacib saydığım yaradıcı bir proses idi.
Filmin operatoru Rafiq Quliyev idi və məhz o, mənim “Köpək”də çəkilməyimə səbəbkar oldu.
Bunları bölüşməkdə məqsədim diqqətinizi peşəmizlə bağlı incə məqamlardan birinə yönəltməkdir. 
Aktyoru mütləq kimsə görə bilməlidir, qiymətləndirməlidir, sevməlidir. Təbii ki, o, buna layiqdirsə... Aktyor peşəsi asılı peşədir. Bəzən çox istedadlı insanlar başqalarının diqqətsizliyi səbəbindən ömrünün sonuna kimi özlərini realizə edə bilmirlər və nəticədə səhnə də, kino da itirmiş olur. Bunun üçün rejissorlar, operatorlar, prodüserlər mütləq vaxt tapıb teatra getməlidirlər, tamaşalara baxmalıdırlar. Düzdür, bu gün kinoda ciddi şəkildə kastinqlər, kinosınaqlar keçirilir. Lakin aktyorun hərtərəfli bacarığını daha çox səhnədə müşahidə etmək olar.  
“Köpək” böyük kinoda ilk ciddi peşəkar addımım oldu. Onu da qeyd edim ki, bu film Tofiq Tağızadənin yaradıcılığında fərqli bir iş idi. 
90-cı illər idi... Sovet imperiyasının illər boyu cəmiyyətin beyninə yeritdiyi ideologiyanın, nəhayət ki, məhvə uğradığı zaman yetişmişdi. Təbii ki, qlobal siyasi dəyişikliklər böyük iqtisadi böhranlarla müşayət olunurdu. Belə bir dövrdə ən vacib proses sayılan milli təfəkkürün oyanışıyla yanaşı, işsizlik problemi insanları, sözün əsl mənasında, çaşdırmışdı. İşğalçıların torpağımıza təcavüzü, bütün bu gərginliyin üstünə ən dəhşətli bəlanı da gətirmişdi.
   
Çox çətin bir dönəmdə Cəfər Cabbarlı adına kinostudiyanın fəaliyyəti tədricən səngisə də, az sayda filmlər hələ də çəkilirdi. Hərtərəfli böhran içində yaranan “Köpək” filminin məqsədi də məhz dövrün insana vurduğu ən ağır mənəvi zərbələrin fəsadlarını gənc qəhramanın simasında ekranda göstərmək idi. 
Bəzi motivləriylə M.A.Bulqakovun fantastik elementlərlə tamamlanmış sosial fəlsəfi-satirik povest janrında yazılan “İt ürəyi” əsərini xatırladan “Köpək” filminin estetik həlli rejissor tərəfindən alleqorik və bir qədər də  mücərrəd bir formada təqdim olunurdu. Nəticədə, nəzərdə tutulan ideya, aktyorların həm zahiri görkəmində, həm də oyun tərzində öz təzahürünü tapa bildi.  


 
Məmməd Səfa:
-... Mənim qəhramanım iş axtarışında olarkən özü də bilmədən qapalı məkanda yerləşən karxanaya düşür. Fəhlələrə qarşı qəddar davranışı görərkən, həmən yerdən uzaqlaşmaq qərarına gəlir. Amma nə qaça bilir, nə də intihar edə bilir. Onu it kimi zəncirləyib, mənən sındırmağa çalışırlar... Belə epizodların birində rejissor qəhramanın itlə üz-üzə monoloqunu göstərir. Mətnin məzmunu dərin depressiyaya düşmüş insanın içindən qopan haray kimi səslənir. Buna filmin kulminasiyası da demək olardı. Əslində, deyilənlər insanlara müraciətdir, mücərrəd, gözə görünməyən tərəf müqabilinə ünvanlanan etirafdır. 
Bəzən tərəf müqabili, ehtiyaca baxmayaraq, çəkiliş meydançasında olmaya da bilər (müxtəlif səbəblərdən), lakin sən özünü toparlayaraq, nəyi necə edəcəyini dəqiq bilməlisən. Əlbəttə ki, belə hallar aktyor üçün çətinlik yaradır. Çalışmaq lazımdır ki, epizod çəkilib bitənə qədər, iştirak edən aktyorların hamısı meydançada olsun və bir-birinə kömək etsin.
      
Buna peşə etikası deyilir! Çünki boşluğa münasibət bildirmək bir o qədər xoşagələn proses deyil (əgər verilən tapşırıqla bağlı olmasa). Bir də ki, baxışlar bir-biri ilə rastlaşanda daha ifadəli olur. Ekranın isə, mənalı, məzmunlu, dolğun baxışlara həmişə ehtiyacı var.

Məmməd Səfa:
 -...Mən bunu ustad aktyormuz Fuad Poladovla tərəf müqabili olan zaman özüm üçün bir daha kəşf etdim. Kinoda ilk rolum olmağına baxmayaraq, qarşımdakı aktyorun nizam-intizamı, səbri, sənət yoldaşlarıyla münasibəti mənə həyəcanımı unutdurdu. Fuad müəllimin insanı diqqətlə dinləmək və eşitmək qabliyyəti var idi. Bu keyfiyyət ünsiyyət zamanı əsas şərtlərdən biridir. Təkcə rolda deyil, elə həyatda da. 
  
 Eyni zamanda, kinoda çoxmilyonlu tamaşaçı diqqətini aktyora yönəldən, çəkiliş meydançasında onu daima nəzərində saxlayan və heç kimin təsəvvürünə gətirə bilmədiyi xırda incəlikləri belə sezə bilən ən iti baxışlı göz mövcuddur – kamera gözü.
  
Məmməd Səfa:
-...Etiraf etməliyəm ki, nə qədər sərbəst olmağa çalışsam da, kameranın məni fasiləsiz izləməyi, qeyri-ixtiyari daxilimdə bir gizli gərginlik yaradırdı... Çox qəribə hissdir... Bir tərəfdən, kamera, aktyor üçün maneə törətməməlidir. O, kameranı “görməməlidir”, ona qarşı biganə olmalıdır, yəni, çəkiliş zamanı özünü rahat hiss etməlidir. Digər tərəfdən də, daima kameranın hərəkət trayektoriyasından xəbərdar olmalıdır, gözünə baxmadan, onunla  əlaqəni itirməməlidir. Belə ikili halı mənimsəyib idarə etməyi bacarmaq üçün, aktyor, ilk növbədə ağıllı olmalı, özünü hər cəhətdən tanımalı və nəhayət, kameranı sevməlidir. Yalnız o zaman kinokamera aktyora düzgün xidmət edə bilər. Şübhə yox ki, söhbət kinooperatorun mürəkkəb və ağır əməyindən gedir.
    
Əfsus ki, kinoda yalnız istedadlı və bacarıqlı olmaq da hələ hər şeyi həll etmir. Lazım olan keyfiyyətləri vərdiş halına çevirmək üçün daima çəkiliş meydançalarında zəhmət çəkməlisən... Təbii ki, bəxtin gətirərsə...
    
Məmməd Səfa:
-...Tofiq Tağızadənin son filmindəki işbirliyindən sonra xeyli davam edən fasilə, mənə bunu bir daha anlatdı. Düzdür, teatrdakı mütəmadi iş, aktyora kökdən düşməyə imkan vermir. Lakin kinodakı iş mühiti fərqli olduğuna görə davamlı fasilələr aktyorun yadırğamasına səbəb ola bilər.
     
Nəzərə almalıyıq ki, 90-cı illərdən başlayaraq, incəsənətin bütün sahələrində olduğu kimi, milli kinonun da böyük çətinliklər yaşadığına görə filmə çəkilmək ehtimalı tədricən azalırdı.


     
Məmməd Səfa:
-...Həmin dönəmdə rejissor Oqtay Mirqasımov, Azərbaycanda Sovet Qızıl Ordusunun terror aktları törətdiyi dövrə həsr olunan “Ovsunçu” filmini çəkirdi. O, şərəfsiz, qansız bir əsgərin roluna aktyor seçməliydi... Filmdə rejissor köməkçisi kimi çalışan həmkarım Ötkəm İskəndərovun təkidi olmasaydı, bəlkə də mən bu filmə çəkilməyəcəkdim. Oqtay müəllim şəklimə baxıb mənim zahirən yekəpər, qaba, vəhşi xislətli birinə uyğun gəlmədiyimi söyləmişdi. Yəqin bu da təbiidir, bir halda ki, rejissor məni o vaxta qədər aktyor kimi tanımırdı... Bir də, olur ki, daha çox, aktyorun zahiri göstəriciləri həlledici rol oynayır. Kinoda düzgün seçilmiş xarici görünüş, qəhramanın xarakterinin mahiyyətini ekranda daha da dəqiq göstərmək üçün, ən önəmli vasitələrdən biridir. Buna baxmayaraq, rejissor məni çəkməyə razılıq verdi. Onu inandırdılar. O zaman düşündüm ki, əgər zahirim personaja tam uyğun deyilsə, deməli mən var gücümü və vaxtımı psixofiziki imkanlarımın istifadəsinə sərf etməliyəm. Ümumiyyətlə, aktyor oynadığı qəhramanın psixologiyasından, təsəvvüründə yaratdığı keçmiş həyatından çıxış edərək, mütləq onun üçün uyğun olan vərdişlər tapmalıdır. Bir halda kı, Qıvrımsaç nəfsinin quluna çevrilmiş heyvani bir məxluqdur, belə qərara gəldim ki, film boyu ovcumda qoz ləpəsi gəzdirim, lazım bildiyim yerdə məşğuliyyət edim və bununla obrazın xarakterinə qıcıqlandırıcı bir arsızlıq da əlavə edim. Yəni, insan qidanı da bəzən natəmiz niyyətlə qəbul edə bilər... Məqsədim isə, bir ifaçı kimi obraza münasibətimi bildirmək idi. 
Rejissora çox minnətdaram ki, çəkiliş zamanı mənim azadlığıma toxunmadı, improvizələrə müdaxilə etmədi. O, çox gözəl bilirdi ki, mən kontekstdən kənara çıxmırdım. Əgər aktyor vərdişin yaranma səbəbini özü üçün əsaslandırsa, nəticədə mütləq ondan ətrafdakılara lazımı impulslar ötürüləcək və tamaşaçı ona inanacaq. 
    
Belə məqamda kinooperatorun öhdəsinə də çox yük düşür. O, işığı elə qurmalıdır ki, aktyoru elə düzgün rakurslardan çəkməlidir ki, əsər boyu qəhramanın iç dünyasını tamamlayan görüntüsü, ovqatı ekrandan düşünüldüyü kimi tamaşaçıya ötürülə bilsin. 

Məmməd Səfa:
-...Filmin operatoru Kənan Məmmədovun çəkiliş vaxtı şəxsən mənə göstərdiyi peşəkar münasibət, rolumun daha da maraqlı və dolğun alınmasına təkan verdi. Onun prosesə təmkinlə yanaşması mənim işimə də müəyyən bir rahatlıq gətirirdi. Operator aktyoru sevə-sevə çəkməlidir, onu maraqlı təqdim etməyi bacarmalıdır. Əlbəttə ki, belə münasibət qarşılıqlı etibar və rəğbət nəticəsində yarana bilər.
   
“Ovsunçu”da, Yekəpər ilə bağlı fraqmentlərə baxarkən filmdə baş verən əsas hadisələrlə yanaşı, təsvir boyunca qəribə enerji ötürən xəttin inkişafını görürük. Filmin içində özünün monofilmini yaradan tək aktyorun özünəməxsus şəkildə cəzbedici və eyni zamanda qeyri-ənənəvi oyun tərzini müşahidə edirik. Belə məqamda iki peşəkarın illərlə birgə əməyi  sayəsində böyüyən bənzərsiz aktyor məktəbinin nümunəsinə heyran qalırıq! Rejissor Vaqif İbrahimoğlu poetikasından qaynaqlanan Məmməd Səfanın təbii, rahat və təkrarsız özünüifadə tərzi. Oqtay Mirqasımov, sanki yaratdığı ekran əsərinin bütün dramaturji əsasını, psixoloji mənasını müəyyən bir model şəklində məhz Yekəpərin obrazına yükləyib. O, Sovet hökümətinin qan bahasına yeritdiyi siyasətin mahiyyətini çox sadə bədii həlli olan, lakin yetərincə sarsıdıcı bir səhnə vasitəsiylə tamaşaçılara çatdıra bilib. Məmməd Səfanın film boyu ustalıqla daşıdığı ovqat, çox məntiqli şəkildə özünə bəraət qazandırır. Ekrandakı şərəfsizin soyuqqanlı və laqeyd baxışları, aktyorun həyatda necə insan olduğunu bir anlıq tamaşaçıya unutdurur...


Məmməd Səfa:
...- Tərəf müqabillərindən  asılı məqamlar da önəmlidir. Söhbət peşəkar kollektivdən və dəyərli həmkarlardan gedir. Fuad Poladov, Eldəniz Rəsulov, Bəxtiyar Xanızadə, Ayan Mirqasımova kimi zəhmətsevər aktyorların əhatəsində işləmək məni daim səfərbər olmağa sövq edirdi. Çəkiliş meydançasında yaradıcı mühiti saxlamaq zəruridir. Əks halda əməyin nəticəsi olmur.

Təbii ki, belə məsələlərdə rejissorun, prodüsserin zəhməti danılmazdır. Böyük bir aktyor heyyəti ilə işləmək, sonsuz səbr və güc tələb edir. Onu da nəzərə alsaq ki, hər bir aktyorun ayrılıqda formalaşmış xarakteri və davranış qaydaları var, vəziyyət bir qədər də mürəkkəbləşir...Belə məqamda insani keyfiyyətlər iş prosesində daha böyük önəm daşıyır. Məhz elə bu mənada, Məmməd Səfa həm teatrda, həm də kinoda həmişə nizam-intizamlı aktyor kimi tanınıb... Onun digər peşəkar tərəflərini də yaxşı tanıyan və düzgün qiymətləndirən ustad sənətkarımız rejissor Ramiz Həsənoğlu, aktyoru ən mürəkkəb konsepsiyalı obrazlardan sayılan İblisi yaratmağa dəvət etdi...

Məmməd Səfa:
     ... - Ramiz Həsənoğlu ilə mənim ilk işbirliyim “Fatehlərin divanı” televiziya tamaşası oldu. İllər sonra isə biz Anarın senarisi əsasında çəkilən “Cavid ömrü” bədii televiziya filmində yenidən görüşdük.
  
Görkəmli dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən film, əsasən, şairin taleyini qaraya qərq edən iblis xislətli qüvvələrin qaydasız oyunlarından bəhs edir. Qırmızı terrorun, repressiya illərinin davam etdiyi zamanda ziyalılara dəyən zərbələrin ağır fəsadları, mərkəzin törətdiyi dəhşətli aktlar nəticəsində millətimizin qaymaqları sayılan, xalqına ən çox gərəkli olan şəxsiyyətlərin itkisi dövründə hər şey, bineyi-qədimdən bəşərə düşmən kəsilən yalnız tək bir qüvvəyə tabe ola bilərdi... İblisə!
Ədəbiyyatda kifayət qədər rahat  dildə təsvir olunmuş  İblis obrazı, tam əksinə olaraq, səhnə və ekran həlli zamanı aktyor ifasında mürəkkəb psixiki və psixoloji yükdən ibarət hiperaktiv alqoritmlərə tabe olan iş prinsipi tələb edir.


     
Məmməd Səfa:
... - Tam səmimiyyətimlə deyirəm ki, əksər aktyorların arzusunda olduğu kimi, mənim də bir çox mürəkkəb rollar üzərində işləmək istəyim olub. Çox az aktyor tapılar ki, dünya dramaturgiyasından ən məşhur nümunələr sayılan Ezopu, Hamleti, Otellonu, Romeonu, Kral Liri, İdiotu, Karamazovları oynamağa can atmasın... Eləcə də milli səhnə tariximizin iki qütbündə dayanan Məcnun və İblis kimi dramaturji baxımdan mükəmməl şəkildə həllini tapmış dolğun fəlsəfi obrazları özünün sənət tarixçəsinə yazmaq istəməyən aktyor çətin tapılar. 
Əlbəttə ki, seçim sizindir... Məhz klassik əsərlərdə səslənən monoloqlar aktyorun bütün yaradıcı imkanlarını aşkara çıxarmağa qadirdir. Xüsusilə də, istedadlı teatr aktyorlarının çoxu, klassik ədəbiyyat nümunələrindən monoloqlarla yadda qalıblar. Belə məqamda çox vacibdir ki, hər birimiz eyni materiala müraciət edərkən çalışıb, gördüyümüz işə öz möhürümüzü vuraq. 
 
Normal haldır ki, gənclik, tələbəlik illərində hər kəs qeyri-ixtiyari özünü sevdiyi, pərəstiş etdiyi aktyora bənzətsin... Lakin peşəkar meydanda bu, acizlik əlamətidir.
   
Məmməd Səfa:
... - Hamlet Xanızadənin “İblis”i həmişə dillər əzbəri olub. Şübhəsiz ki, mən də onun ən sadiq tamaşaçılarından olmuşam. Məhz ona olan rəğbətimə görə, İblis roluna dəvət alanda ilk düşündüyüm o oldu ki, illərlə zövqlü tamaşaçıların yaddaşına həkk olunan ifaya qəti surətdə və heç bir şəkildə toxunmayım... Buna ixtiyarım da yoxdur.
  
Onu da qeyd edək ki, İblisin monoloqunda aktyor üçün çox geniş imkanlar var. Hər kəs öz potensialından çıxış edərək, özünün “İblisi”ni yaratmağa qadirdir.
  
Məmməd Səfa:
         ... - Filmin yükü isə xeyli fərqli oldu...
Adətən, mən senarini çox rahat, heç bir şey haqda düşünmədən, bir neçə dəfə üzdən oxuyuram. Bunu, məzmunla tanışlıq da adlandırmaq olar. İkinci mərhələdə isə artıq özüm üçün əsərin bədii-konseptual həllini araşdıraraq sırf öz obrazımın üzərində əsaslı şəkildə işləməyə başlayıram. Bu işin özü də, müəyyən mənada, incə və mürəkkəb mərhələlərdən ibarət olur. Bura mənim qəhramanımın digərlərinə münasibəti və əksinə, onların mənim təbiətimə yanaşması, aktyor oynunda plastik həllin, xırda elementlərin tapılması, bir sözlə, film boyu düzgün alqoritmin qurulması kimi vacib şərtlər daxildir.
   
Etiraf edək ki, Məmməd Səfa, İblis obrazlarının müxtəlif səhnə və ekran interpretasiyalarından tamam fərqli, qeyri-adi, özəl oyun tərzi nümayiş etdirdi. Burada İblis, həmişə səhnələrdən tanıdığımız ənənəvi tək personaj deyil. Bu dəfə o, müxtəlif cildlərə girmiş riyakar insanların simasında özünü canlandıran amansız, qəddar bir məxluqdur. Belə müxtəlifliyin ifa baxımından formalarını düzgün seçib tapmaq aktyor işinin ən vacib mərhələsini və əsasını təşkil edir.  
Sənətkarımıza böyük uğur gətirən Ramiz Həsənoğlunun çəkdiyi “Cavid ömrü” filmindəki İblis obrazı bu dəfə, belə də demək olar ki, Cavidin rəğbətini qazandı. Söhbət baş rolun ifaçısı xalq artisti RASİM  BALAYEVDƏN  gedir. O , öz müsahibələrin birində Məmməd Səfa ilə birgə işindən böyük zövq aldığını qeyd edib və onun tərəf-müqabili kimi dayaq olduğunu söyləyib. Bir də, çox gözəl qeyd edib ki, sənətində qazandığı uğurlar Məmməd Səfaya bir çox aktyorlarda olduğu kimi başgicəlləndirmə gətirmir, bu insan heç nəyi düşünmədən daima öz sevdiyi sənəti ilə məşğuldur, çünki , o -  əsl  peşəkardır. Ümumiyyətlə, Məmməd  Səfa müəllimlə tərəf-müqabili olan bütün aktyorlar onun bu xüsusiyyətini həmişə qeyd edirlər. Bu barədə o, misilsizdir. 
Filmdə baş verənlər çox incə bir xəttlə iki paralel müstəviyə ayrılır - Cavidin  yaşadığı faciələr və insan talelərini oyuncaq kimi oynadan İblisin qara oyunları... OYUN! Bu söz dünya yaranandan daima müxtəlif məqsədlərlə işləndiyinə görə, artıq onun ilkin mənasını tapmaqda çətinlik yaranır. Bu dəfəki “oyun” isə daha da mürəkkəb olacaq...
Məhz “Cavid ömrü” filmində tamaşaçı, İblisin rolunu ifa edən aktyorun real həyatdakı cəllad xislətli insanların oyunlarına qarşı çıxardığı misilsiz sənət oyununu izləyir. Aktyor çox incə, ustalıqla, saxta oyunçuluğa yol vermədən doqquz  fərqli qəhrəmanın hər birinin ayrılıqda böyük siyasi oyunun içində fərdi oyun apardığını nümayiş etdirir. Məmməd Səfa yaratdığı obrazların daxili aləminə öz aktyor cazibəsi və peşəkar psixotexnikasını əlavə etməklə ümumilikdə filmə mistik ab-hava gətirir. İstifadə etdiyi qrotesk elementləri isə səhnələrin plastik həlli zamanı ifanın çoxşaxəli alınmasına təkan verir. İblisin özünü aldadacaq qədər! Əsl aktyor oyunu!  


    
Məmməd Səfa:
... - Eyni xislətli məxluqların fərqli psixiki xassələrini araşdırmalı olduğumdan bu film mənim üçün əsl sınaq meydanı oldu. Eyni zamanda, qəhramanlarımı bir-birinə bağlayan ümumi xətti də unutmamalıydım, bir halda ki, onlar İblisin müxtəlif sifətləridir. Əslində, “Cavid ömrü”ndə oynadığım rolların hər biri ayrı-ayrı filmlərin qəhramanları da ola bilərdi... Elə maraqlı məqam da məhz ondadır. Bir aktyorun ifasında bu qədər müxtəlif oyun tərzi tələb edən rolların bir ekran əsərinə toplanması, təbii ki, rejissorun çox uğurlu qərarıdır. Eyni zamanda, belə işlərdə operatorun, geyim rəssamının və qrim ustasının əməyi əvəzsizdir. Hər dəfə həm zahirən, həm də daxilən dəyişilən aktyor üçün saçın rəngindən, paltarlarındakı detallara qədər düzgün rəng həlli də işin vacib tərəfi hesab olunur.
   
Ən önəmlisi isə filmdə aktyor ansamblının düzgün seçilməsidir. Ramiz Həsənoğlunun bütün işləri bu cəhətdən həmişə uğurlu sayılıb. O, aktyorlara qarşı daima həssas olub və onların yaradıcı imkanlarını düzgün qiymətləndirib. Nəticədə, ekranda hər kəs öz yerində göründüyü zaman baş verənlər tamaşaçını daha çox inandıra bilib. 
     
Məmməd Səfa:
... - Hüseyn Cavidin obrazını ekranda canlandıran ustad aktyorumuz Rasim Balayev, tərəf-müqabili kimi şəxsən mənə, işimin maraqlı və səmərəli olmağına  təkan verdi. Eləcə də, kinoda bir daha işbirliyində olduğum, özünəməxsus oyun tərzinə görə fərqlənən Bəxtiyar Xanızadə ilə çəkiliş meydançasında iş prosesinin özü də mənə xüsusi zövq verirdi. 
   
Uzun illərin peşəkar və tanınmış sənətkarlarıyla yanaşı, aktyor gənc rejissorlarla da işləməyə üstünlük verir. Fariz Əhmədovun “Mayak” filmində Məmməd Səfa övladı ilə münasibət qura bilməyən, hamıya yol göstərdiyi halda, öz doğma balasına sarı yolu itirmiş ata rolunu ifa edir. Onun oğlu rolunda çəkilən tələbəsi Toğrulun uğurudur ki, müəllimiylə çəkiliş meydançasını bölüşə bildi. Daha sonralar Babək Şirinsifətin “Üçüncü günün adamı” adlı filmində növbəti gənc kollektivə yenidən Məmməd Səfa müəllimlə birgə çəkiliş prosesindən zövq almaq qismət oldu . 
Aktyorlardan çox vaxt soruşurlar ki, həmkarınla həyatdakı münasibətin birgə işin keyfiyyətinə nə dərəcədə təsir edə bilər? Əslində, peşəkar olan kəs, proses zamanı bu barədə düşünməməlidir. İstər həyatdakı münasibətlər xoş olsun, istərsə də yox, necə deyərlər, özünü səfərbər edib, işinlə məşğul olmalısan. Qarşındakı insan səni yalnız aktyor kimi maraqlandırmalıdır. Əfsus ki, bu qaydalar hamıya eyni təsir etmir.


    
Məmməd Səfa:
         ... - Söhbət məndən gedərsə, bircə onu deyə bilərəm ki, istənilən sahədə, peşədə xoş münasibət, rəftar olmadan işbirliyi mümkünsüzdür. Ən azı, sabit peşəkar münasibətlərə bütün hallarda ehtiyac var. Əslində isə, xüsusilə də iştirakçıların sayı çox olan filmlərdə, nizam-intizama xidmət edən keyfiyyətlərin vacib olanları elə məhz mehribançılıq və əqidə birliyidir. “Dolu” filminə çəkilərkən mən buna bir daha əmin oldum. 
Aktyorları çəkiliş meydançasına toplamaq, onlarla xırdalıqları işləmək və eyni zamanda böyük bir çəkiliş heyətini səfərbər etmək insandan bitməyən enerji tələb edir. Bununla yanaşı, aktyorlardan xüsusi diqqət tələb olunur. Bundan əlavə, hərbi filmdə çəkilən aktyorun xüsusi fiziki hazırlığı olmalıdır. Odur ki, yeri gəlmişkən, bəzi tələbələrimizə tövsiyə edərdim ki, özünün həm mənəvi, həm də fiziki inkişafına eyni diqqət ayırsınlar. Çünki illər ərzində itirdiklərini bir günün içində əldə edə bilməzsən! 
Fəxrlə deyə bilərəm ki,”Dolu” filmində həmyaşıd həmkarlarımla yanaşı gənc istedadlı aktyorlarla birgə işdən böyük zövq aldım. İlk dəfə Drakonun rolunu ifa edən Rzanı tanıdım. Hesab edirəm ki, Rza bu filmdə rejissorun çox uğurlu tapıntısı idi. Maraqlıdır ki, filmin senari müəllifi Aqil Abbasın romanda təsvir etdiyi hadisələr, qəhramanlar reallıqdan götürüldüyünə görə, ekrandakı obrazlar da inandırıcı oldu və sevildi. 

“DOLU” filminə baxdıqda, ilk növbədə, tamaşaçını maraqlandıran çox dəqiq və zövqlü rejissor işidir. Milli kinematoqraf tarixində müharibə mövzusuna həsr olunmuş ekran əsərləri xüsusi yer tutur. Qarabağla bağlı“Dolu” filmi də bu siyahını layiqincə tamamlayır.
Biz anlayırıq ki, böyük həcmli işlər görmək üçün kinomuzun imkanları məhduddur. Xüsusilə də, kütləvi səhnələrdən, ağır texnikadan və müasir kino effektlərindən söhbət gedərsə. Lakin buna baxmayaraq, filmin rejissoru Elxan Cəfərov istedadına, ağlına və zövqünə söykənərək, hamının qəlbindəki sarı simə toxunan səhnələrlə dolu “DOLU”nu çəkdi. Final səhnəsinin üzərində işləyən sənətkar, bəlkə də, qarşıdakı qələbənin yaxınlaşdığını hiss edirdi... Hamını təsirləndirən son kadrlar, sanki xalqımızın dualarının birləşdiyi məqam idi! 
Ümumiyyətlə, VƏTƏN mövzusu elə bir mövzudur ki, ona həsr olunan istənilən sənət nümunəsinin müzakirəsi şəxsən mənim üçün çətinlik yaradır. Bu da təbiidir... Çünki, ANA, VƏTƏN mövzuları hamının kövrək yeridir. Bu yolda hər kim xoş niyyətli iş görərsə, ona yalnız minnətdar olarıq.
Ceyhun Mirzəyevin “Fəryad” filmini xatırlamaya bilmərik... Qəribədir... Qarabağ ağrısı o qədər çox çəkdi ki, artıq proses mərhələlərə bölündü və özünü kinoda da əks etdirdi. “Fəryad” Qarabağ faciəsinin ilkin dövründə çəkilib və filmin finalı sərhəd xəttində bitir, İsmayıl obrazını yaradan təkrarsız Ceyhun Mrzəyevin təbəssümüylə... Qismən ümidverici səhnə olsa da, qələbə hələ də xəyal olaraq qalırdı. “Dolu”da isə Komandirin fiziki məğlubiyyətinə baxmayaraq, sonda erməni tapdağı altında qalmış ərazisinə, yəni doğma torpaqlarına doğru qorxmadan qürurla addımlamağı, artıq bədii ekran vasitəsiylə düşmənə ünvanlanan xəbərdarlıq idi. “DOLU” Məmməd Səfanın təkcə yaradıcılığında deyil, elə real həyatında da öz mühüm yerini tutdu. Bu film tanınan aktyoru daha da tanınmış etdi. Nə gözəl ki, sənətkarı böyük auditoriyaya sevdirən, ona uğur gətirən məhz VƏTƏN haqqında film oldu!
“DOLU” Azərbaycanın Xalq Artisti Məmmədsəfa Qasımovun milli bədii ekranda daha çox özünün daxilini, vətəndaş mövqeyini və doğma torpağına bağlılığını, sevgisini əks etdirən bədii film adı altında möhürlənmiş tarixi bir sənədə çevrildi...


 
     Məmməd Səfa :
... - Yol gedərkən bəzən yeniyetmələrin arxamca “Komandir... Komandirdir...” pıçıldadıqlarını eşidəndə, mənə elə gəlir ki, əgər aktyor sənəti məni qəbul etməsəydi, çox güman ki, hərbçi olardım. 
“DOLU” filmində bizə dəstək olan, çəkiliş zamanı müxtəlif silahlarla düzgün rəftarı aktyorlara öyrədən vətənpərvər oğlanlarımızla, peşəkar hərbçilər və müharibə iştirakçılarıyla ünsiyyətdən tükənməyən qürur hissi duydum.
Belə qeyrətli oğulları yetişdirən torpaq düşmənə qismət ola bilməz və olmadı! 
    
Əziz sənətkarımız artıq ömrünün altıncı onilliyini tamamlayır. Doğmalarından həmişə eşitmişik ki, o, çox qayğıkeş və ailəcanlı insandır. Bununla yanaşı, onun həyatının böyük bir hissəsi milli teatr sənətinin inkişafına həsr olunub. O, bu yolda neçə tələbə nəsli yetişdirib və bu gün də pedaqoji fəaliyyətini uğurla davam etdirir.
Bu gün onun tələbələri içində  Milli Ordunun sıralarında Vətən uğrunda döyüşən əsgərlər də yetişdi. Müəllimindən halallıq istəyən gənç döyüşçülər də oldu... Müəlliminə fəxrlə zəng edib, “...Komandir, biz torpaqlarımızı qaytardıq. Şuşa bizimdir!!!” deyən tələbələr də böyüdü...
Azərbaycanın fəxrli sənətkarı Məmməd Səfanın altmışilliyi özünün yaddaşına necə yazıldı? Ürək sözü varmı?

Məmməd Səfa:
... - 2020-ci il mənim üçün çox ağır və eyni zamanda zəfər gətirən il oldu. Hamı kimi, - itirdiklərim də oldu, qazandıqlarım da... Qarabağı aldıq! Vətən uğrunda həlak olan şəhidlərimizin qanı bahasına qayıdan doğma torpaqlarımızın gələcək taleyi artıq gənclərimizin əlindədir. 
Bu gün tələbələrimə yeganə tövsiyəm var - həyatda şəxsiyyət kimi özlərini inkişaf etdirə bilsinlər. Ailəsini, torpağını, Dövlətini sevməyi bacarsınlar. Azərbaycana layiq olsunlar. 
        
Komandirin istəyi həyata keçdi... 
Əziz ustad sənətkarımız, Sizə bütöv Vətəndə can sağlığıyla uğurlu həyat arzulayırıq. Gələn onilliklərdə görüşənədək!

      
Mahmənzər  

07.03.2021
 

Load Time (S) : 0.000266