Aydın Talıbzadə - GÜLÜŞ AKADEMİYASININ QARĞALARI VƏ YAXUD USTAD TURP
(yaponsayağı yuğlama) Yenə də “Yuğ”... yenə də bir ilk... yenə də hoqqa-komediya-hokk...
Şəki teatrında həmişə hay-küy var. Hətta bu hay-küyün sanballı bir tarixi də var: hansı ki Mirzə Fətəlinin “vay şələküm-məəlləküm” qəlibində yazılmış pyeslərindən başlayıb Sabit Rəhman komediyalarında da aramsız cövlan eləyir.
XX əsrin 70-ci illərində Vaqif Abbasov öz rejissor missiyasında Şəki teatrının hay-küyünü zəmanəsinin yeni tendensiyalarına doğru yönəltdi.
Hüseynağa Atakişiyev isə Şəki teatrının hay-küyü ilə Avropa mədəniyyətinin pəncərələrindən içəri daxil olub onu Qərb məmləkətlərinin teatr festivallarında tanıtdı.
Şəki teatrının o zamankı hay-küyü hələ də Gülşad Baxşıyevanın qulaqlarında cingildəyir, Cahangir Novruzovla isə hər zaman bərabər addımlayır.
İndiki hay-küy Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlinindir: o, teatrın 145 yaşını qutlamaq, IV Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində ləyaqətlə təmsil olunmaq, teatrın müasir inkişaf mərhələsinin vizit kartını ortaya qoymaq məqsədilə Uilyam Şekspirin “Heç nədən hay-küy” pyesinə quruluş verib.
... Və bununla kifayətlənməyib: festivaldan dərhal sonra Mirbala Səlimli daha bir hay-küyə imza atıb, tamaşanın paytaxt nümayişini Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində təşkil edib, Şəkinin səhnə sənətçilərinin lokal bayramının, yubiley yaşantılarının ömrünü bir az daha uzadıb.
Bu, baş rejissorun öz teatrına bütün varlığı, məfkurəsilə, cani-dildən bağlandığının, onu nə qədər sevdiyinin, gecə-gündüz bu kollektivlə aramsız işləməyə hazır olduğunun bariz nümunəsidir. Yəqin elə ona görə də “Heç nədən hay-küy” tamaşasına baxarkən mənə aydın oldu ki, teatrın truppası bir harmoniya içindədir, vahid bir orqanizm kimi çalışır, tam şəkildə səhnə oyununa köklənə bilir. Truppa rahat rəqs edib oxuyur, xor və solo ifalardan çəkinmir. Heç şübhəsiz ki, elə buradaca Diana rolunda çıxış edən aktrisa Aytac İsmayılzadənin vokalçı istedadını xüsusi qeyd etmək gərəkir. Onu da deməyi vacib sayıram ki, Bakı premyerası günü tamaşada gördüyüm aktyorların hamısı, yaşından və cinsindən asılı olmayaraq, əla səhnə görkəmi sərgiləyirdilər. Deməli, baş rejissor truppanı fasiləsiz çalışdırır, aktyorları formada saxlayır və hətta teatr civarlarında məktəb-studiya variantından yararlanaraq yeni sənətçilər nəslinin yetişməsinə yardımçı olur.
Elə isə alqış, üstündən bir də alqış!!!
Keçək 145 illik yubiley kontekstində tamaşanın təhlilinə. Çağdaş dövrümüzün rejissorları “Heç nədən hay-küy” komediyasını tamaşaya hazırlayarkən əksərən istəyirlər Şekspirlə “məzələnsinlər”, onun bədii dünyası ilə “zarafatlaşsınlar” və İntibah dövrü karnavalının içində “əriyib” teatrın imkanları yol verənə qədər səhnədə oyunbazlıq eləsinlər. Nədən ki, şekspirşünasların hətta müəyyən faktlara söykənərək gəldiyi qənaətlərə rəğmən yazılma tarixi heç də dəqiq məlum olmayan “Heç nədən hay-küy” pyesi dahi Şekspirin ən böyük xalturasıdır: ona görə xalturadır ki, “Romeo və Cülyetta”, “Otello”, “Şıltaq qızın yumşaldılması”, “Kral Lir” pyeslərindən götürülmə motiv və fraqmentlərin tələm-tələsik kollajıdır, haradasa reversidir. Görünür, “Qlobus” teatrının repertuarında yeni əsərə təcili ehtiyac yarandığından Şekspir bu komediyanı seytnot vəziyyətində tərtibləyərək ortaya çıxarıb, sevgini, qısqanclığı, ərköyünlüyü, şıltaqlığı yeni modifikasiyalarda və daha ironik variantlarda təqdim edib.
Mirbala Səlimli faktiki olaraq Şekspir mətninə ciddi müdaxilə etmədən, yalnız Heronun adını Dianaya dəyişərək və çox cüzi ixtisarlar apararaq komediyanın məkan kompozisiyasını qurur və keçən əsrin 70-80-ci illər rejissurası üçün xarakterik meydan teatrı üslubunda, delarte komediyalarına yaxın bir variantda səhnə ünsiyyətini təşkil edir. Proqramda tamaşanın janrı yazılmayıb: sanki rejissor bununla demək istəyib ki, “Heç nədən hay-küy”ə nə janr, zatən adın özü hər şeyi danışır, ifadə edir.
Bir-iki cümlə də komediyanın adı ilə bağlı, təbii ki, məlumatsızlar üçün. İngiliscə “nothing” heç nə anlamına gəlir. Amma bu sözlə, İntibah dövrü İngiltərəsində dedi-qodunu, qeybəti də bildirərdilər. Hərçənd onun meydan, karnaval stixiyasına uyğunlaşdırılmış, söyüşə yaxın məna variantı da mövcuddur. Bütün bunlar “Heç nədən hay-küy” komediyasının geniş spektrdə yozumlara, improvizlərə açıq olduğunu isbatlayır.
Tamaşada qotika üslubuna yaxın tərzdə işlənmiş malikanə fasadını yansıdan, divar və pəncərələri eksteryerdə işarələyən yarpaq yaşılı rəngində dekorlar (quruluşçu rəssam Sahib Əhmədov) qövsvari şəkildə səhnəyə düzülüb: elə düzülüb ki, faktiki olaraq səhnə planşetinin yalnız ailə planı oyun üçün yararlı qalıb. Bu ailə planı həm malikanənin həyətidir, həm küçədir, həm də Siciliya adasında yerləşən Messinanın şəhər meydanı. Qövsün tən ortası və şərti divarların arxasından səhnəyə gəlib-getmək üçün keçidlər saxlanılıb. Dekorlar Şəki teatrının səhnə ölçülərinə hesablandığından Milli Dram Teatrının daha böyük həcmli səhnəsində elə təəssürat yaranır ki, sanki oyun məkanı bilərəkdən ailə planına doğru sıxışdırılıb və yelpik formasında açılaraq hadisələri tamaşaçılara sarı “itələyib”. Təbii ki, ailə planı həmişə ən “isti” plandır və seyrçi diqqətini daha rahat özündə fokuslayır. Bu ara onu da qeyd edim ki, geyimlər dekor və mizanlarla bir uyum içindədir, “qışqırmır”. Geyim üzrə rəssam Dilşad Şirinova heç bir detalı məxsusi qabartmır, səhnəni modalar podiumuna çevirmir və fikri aktyor oyunundan yayındırmır.
Amma buna baxmayaraq tamaşanın birinci hissəsi çox ləngdir, ritmsizdir, darıxdırıcıdır. Halbuki “Heç nədən hay-küy” təkcə vəziyyətlər yox, həm də xarakterlər komediyasıdır: yəni personajların səhnə ünsiyyəti prosesində improviz imkanları hədsiz dərəcədə boldur. Bu da o anlama gəlir ki, bütün hallarda “Heç nədən hay-küy” tamaşasının uğuru aktyor ifalarının rəngarəngliyindən, onların oyunbazlıq bacarığından çox asılıdır. Nədən ki, Şekspirin komediyaları oyunbazlıq “atəşfəşanlığıdır”, karnaval dəcəlliyi, karnaval şıltaqlığıdır, emosional partlayışlarla strukturlaşan gülüş kaleydoskopudur. Gərçi bu dramaturgiya cəngavərinin komediyaları əsasında hazırlanmış tamaşalarda gülüş benqal şamlarının qığılcımları kimi ətrafa səpələnmirsə, səhnə oyunu sönük alınır.
Təsadüfi deyil ki, şəkililərin gətirdiyi “Heç nədən hay-küy” tamaşasında belə gülüş partlayışı məhz Cır Zoğal rolunun ifaçısı Əbülfət Salahov II hissədə səhnəyə çıxarkən yaşandı. Cır Zoğal Messina şəhərinin hüquq-mühafizə şəbəkəsinin təmsilçisidir, qərarların icrasına rəhbərlik edən şəxsdir, polis pristavıdır, dili qüsurludur, özünü olduğundan daha bilikli və müdrik göstərməyə çalışır, çox danışmağı sevir: gülməli bir tipdir, di gəl, fikirlərində bir qırıq da məntiq pozuntusu yoxdur. Aktyor Ə.Salahovun Cır Zoğalı öz çəlimsiz, arıq, sısqa fakturası, qorxaq maneraları, titrəyişli yerişi, pəltəksayağı danışığı ilə qanunlar və icraat arasına sığışan ironiyanın səhnə obrazı kimi yozulur. Əlüstü bilinir ki, aktyor Cır Zoğalı zərgər dəqiqliyilə işləyib, səhnədə öz bədəni, davranışı, nitqilə personajın sosial mahiyyətini, sosial kimliyini görüntüyə gətirib: sən demə, Şekspir dönəmində də qanunlar və icraat dopdolu pul kisədindən asılı imiş. Ə.Salahovun Cır Zoğalı əcnəbidən daha çox şəkilidir və Şəki ləhcəsini aktuallaşdırmadan bu bölgənin koloritinə tam uyğunlaşdırılmış bir obrazdır. Belə Cır Zoğala yalnız Şəkidə rast gəlmək mümkündür.
Elə düşünürəm, ixtiyarım çatır sorğulayım ki, Əbülfət Salahov kimi bir aktyor niyə indiyədək “Xalq artisti” fəxri adına layiq görülməyib? Bu sualı Leonato rolunun ifaçısı təkrarsız istedad sahibi Xanlar Həşimzadə ilə bağlı da gündəmə gətirmək mümkündür. Çünki hər iki aktyor uzun zaman Şəki teatrında oynanılan tamaşaların ən cazibəli, ən məzəli, ən koloritli ifaçıları sırasında olub.
Düzü, “Heç nədən hay-küy” tamaşasında Xanlar Həşimzadə onun oyun manerasına xas yumorlu hay-küydən qaçmışdı, öz aktyor arsenalındakı tragifars boyalardan yararlanmamışdı, kükrəyən emosional ifasını “cilovlayıb” minora endirmişdi. Xanlar Həşimzadə Leonatonu qubernator və ata kimi ciddi oyun plastikasında rəsm etməklə kifayətlənmişdi, obrazı heç nə ilə xüsusiləşdirib fərqləndirməmişdi. Bəlkə də sevgilisi Klavdio qarşısında şərlənmiş, bica yerə günahlandırılmış, ləyaqətli və füsunkar Diananın “zavallı” atası olduğuna görə aktyor Leonatonu karnaval personajına çevirmək, onu gülüş obyekti kimi təqdim etmək istəməmişdi. Hərçənd karnavalda bütün funksiyalar və definisiyalar şərtidir və potensial gülüş hədəfidir.
Şərləmə və bu zəmində pöhrələnən qısqanclıq motivisə birmənalı şəkildə “Otello” ilə assosiasiaya yaradır. Diana-Hero elə Dezdemona variantıdır və aktrisa A.İsmayılzadə personajın işığını, saflığını, şüşəkimiliyini, səmimiyyətini yansıda bilir: onun Dianası səhnənin sevgi, ləyaqət və vəfa çırağıdır sanki.
Lakin “Otello”dan fərqli burada böhtan, yalan birbaşa florensiyalı gənc əyan Klavdionun gözü qabağında “gerçəyə dönür”: onu rəhmsizcəsinə aldadırlar. Dedi-qodu ilə, qeybətlə “doldurulmuş” aşiq Klavdioya ay işıqlı bir gecədə göstərirlər ki, onun Dianaya eşq elan etdiyi pəncərənin önündə bu dəfə bir başqası dayanıb və “Diana, Diana” səslənərək qızın pəncərəsinə dırmaşır, yataq otağına keçir. Xəyanət, qısqanclıq, etibar və inamın süqutu!!! Qısası: faciəvi olaylar üçün münbit zəmin!!!
Əslində isə bu, həqiqət deyil, illyuziyadır: Don Xuanın təkidilə Boraçionun 1000 dukat qarşılığında düzüb-qoşduğu bir teatr səhnəsidir, bir fırıldaqdır. Boraçio pəncərə altında dayanıb qulluqçu Marqaritanı Diananın adı ilə çağırır və bu aldanışla qızın xəyanətkar olduğunu Klavdioya isbatlayır, gənc əyanı tora salır.
Busa artıq “Romeo və Cülyetta” faciəsindən neqativdə istifadə edilən və niyyət baxımından dəyişdirilmiş bir sitatdır (eyvan səhnəsi). Şekspir “Heç nədən hay-küy”də “Romeo və Cülyetta”dan “Otello”ya qapı açır və qısqanclıq atəşində qıvrılan Klavdionu hadisələrin mərkəzinə çəkir.
Otello əgər faciə qəhrəmanı kimi qısqanclıq kəndirilə cəhənnəmə vasil olursa, Klavdio həmin kəndirlə karnavalın içinə tullanır. Lakin təəssüf ki, Klavdio aktyor Rəşid Mirizadənin ifasında bu sıçrayışı gerçəkləşdirməkdə zorlanır: o, Otello qısqanclığını oynamağa meyllənir; halbuki Klavdionun qısqanclıq zəminində davranışları, asıb-kəsmək iddiaları seyrçi tərəfindən gülüşlə qarşılanmalıdır. Zatən bu, quruluşçu rejissorun aktyor seçimində də məxfi şəkildə kodlaşdırılıb: Diananın yaraşığı müqabilində bəstəboy Klavdio bir o qədər də effektli təəssürat oyatmır. Zahirən onlar bir-birinə heç də yaraşmırlar. Qurulişçu rejissor karnaval dünyasına daxil olmaq üçün aktyora imkan verir. Bunu reallaşdırmaqsa artıq Klavdio rolunun ifaçısı R.Mirizadənin istedad və bacarığından asılıdır.
Tamaşada heç nədən hay-küy yaradan personaj isə Don Xuandır, Araqon şahzadəsi Don Pedronun nikahdan kənar doğulmuş qardaşıdır: istəyir ki, Messina şəhərinin harmoniyasını, nizamını pozsun və imkan düşərsə, çaşqınlıqdan istifadə edib yararlansın, qardaşı Pedroya zərər vursun. “Kral Lir” faciəsi yadınıza düşdümü: harada ki Qlosterin nikahdan kənar oğlu Edmund öz qardaşı Edqardan hayıf çıxıb atasının yeganə varisi olmağa çalışır. Bax, burada da hadisələrin çıxış nöqtəsi Don Xuan adlı bir kimsənin Messina şəhərinə qayıdışıdır və qardaşı Don Pedronun (Rəhim Qocayev) “Araqon şahzadəsi” tituluna paxıllanmasıdır.
Məhz Don Xuan (Pərviz İsmayılov) sevgililərin xoşbəxtliyini oğurlamaq, insanlara, ilk növbədə isə, qardaşına yara vurmaq naminə adının mənası ispanca “əyyaş” kimi anlaşılan Boraçionun (Rəsul Məmmədrəhimov) hiyləsindən faydalanıb vəziyyəti maksimal gərginlik həddinə çatdırır, öz Yaqo missiyasını yerinə yetirib sevgililər arasına nifaq salır.
Lakin və bir də lakin...
“Heç nədən hay-küy” əsərinin bir üzü də maskalar komediyasıdır axı: burada qılınclar oynasa belə qan tökülməz, ölüm olmaz, şər fəsadlar törətməz və hər şey Cır Zoğal səvivyyəsində yumorla çözülüb gedər.
Odur ki, mənim fikrimcə, tamaşada vəziyyətləri daha çox karnavallaşdırmaq, maskalarla daha səriştəli davranmaq, bir sıra hallarda klounada effekti əldə etmək, qroteskvari oyun tərzinə meyllənmək də mümkün idi. Mən şəxsən şəkililərin “Heç nədən hay-küy” tamaşasının bu potensialını gördüm.
Yəqin elə bu məramla da Şekspir “Heç nədən hay-küy” komediyasında “Şıltaq qızın yumşaldılması” pyesindəki Katarina – Petruçço münasibətlərini yenidən Beatriçe – Benedikt cütlüyü vasitəsilə modelləşdirir: Şekspir öz pyeslərinə sanki bir səyahət təşkil edir. Oxşarlıq yüzfaizlidir və burada personajlar artıq buffonada qapılarını döyəcləyir.
Beatriçe və Benedikt rollarının ifaçıları, müvafiq olaraq Arzu Mustafayeva və Xəyal Salahov məhz bu tip oyun tərzinə meyllənirlər. Hər iki personajın dialoqlarının məqsədi sözü şpaqaya çevirib bir-birini “neştərləməkdir”: elə “neştərləmək” ki, seyrçilər uğunub özlərindən getsinlər, onların huşyarlığına, hazırcavablığına, fövri reaksiyalarına heyrətlənsinlər, amma gizli sevgilərindən mütəəssir olsunlar, duyğulansınlar. Beatriçe və Benediktin münasibətləri qarşılıqlı şıltaqlıqdır, ərköyünlükdür, bir-birilə məzələnməkdir: ona görə ifalar burada yüngül, parlaq və dinamik olmalıdır. İstər aktrisa A.Mustafayevanın, istərsə də aktyor X.Salahovun davranışları, rəftarları çevikdir, “diridir”: lakin bütün bunlar Beatriçe və Benediktin mükəmməl xarakterlər fövqünə qalxmasına bəs eləmir.
Tamaşada solo və xor ifaları (sonetlərə yazılmış mahnıların bəstəkarı Xatirə Orucova) nə qədər gözəl səslənsə də, səhnə oyunun musiqi leytmotivi tapılmayıb: burada, zənnimcə, klavesin musiqisindən, ud çalğılarından, həmçinin şən karnaval rəqslərindən də faydalanmaq mümkün idi.
Ancaq bütün hallarda mən elə fikirləşirəm ki, “Heç nədən hay-küy” tamaşası Şəki Dövlət Dram Teatrının birmənalı şəkildə uğurudur və bu uğurun başlıca əlaməti odur ki, truppa səhnədə vahid bir komanda kimi çalışa bilir. Düşünürəm ki, Şəki teatrı öz 145 illik yubileyilə bağlı Bakı seyrçilərinin qarşısında Mirbala Səlimlinin rejissorluğu ilə əsl sənət hay-küyü qoparmağı bacardı.
Hərçənd bizim təəssüratlarımızın hamısında Şekspirin “Heç nədən hay-küy” komediyasında olduğu kimi bir illyuziya tərkibi var!!!