“Qloballaşma və müasir dünya teatrı” dərs vəsaiti nəşr olunub

  • 23 Okt - 2020

Respublikamızda xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, Prezident İlham Əliyevin 30 aprel 2014-cü il 419 nömrəli sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyasının yaradılması ölkəmizdə təhsilə və incəsənətə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Təhsil sahəsində gənc, istedadlı peşəkar kadrların yetişdirilməsi, teatr sənətinin müxtəlif sahələri üzrə beynəlxalq təhsil standartlarına uyğun dərsliklərin, dərs vəsaitlərinin, proqram və metodik tövsiyələrin yazılması və nəşri Xoreoqrafiya Akademiyasının professor-müəllim heyətinin bu sahədə apardığı elmi-yaradıcı və tədqiqat işlərinin nəticəsi kimi, təqdirəlayiqdir. 

Belə nəşrlərdən biri də Bakı Xoreoqrafiya Akademiyasında Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə  doktoru,  professor Rafik Sadıxovun və  Qabaqcıl təhsil işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyevanın həmmüəllifliyi ilə hazırlanan “Qloballaşma və müasir dünya teatrı (və ya teatr eskizləri)”  adlı dərs vəsaitidir (Bakı: ADMİU, 2020, 160 səh.). 

Nəşri yeni tədris ilinin başlanmasına təsadüf edən dərs vəsaitində müasir Avropa və Şərq teatrlarının inteqrasiya prosesi zəngin teatr faktları ilə, sənətşünas və mədəniyyətşünas təfəkkürünün işığında  təhlilə çəkilir. Bir  neçə hissədən ibarət olan kitabın “Şərqin “ideyalar” teatrının Avropa teatr məkanına inteqrasiyası”  bölməsində “Müasir teatr məkanında mədəni dialoq”, ““Teatr coğrafiyası”: Teatr sakral Şərqdən başlayır”, “Eucenio Barbanın beynəlmiləl teatr antropologiyası” kimi eskizvari yazılarla yanaşı, “XXI əsrdə ənənəvi Şərq teatrı”, “Müasir Avropa teatrı”, “Qloballaşma  dövründə slavyan xalqlarının  teatrı” kimi konkret “coğrafiyalar”ın  ayrı-ayrı nümayəndələrinə  həsr olunan fəsillər də  mövcuddur. 

Kitabda XXI əsrdə ənənəvi Şərq teatrı müasir Hindistan və Yaponiya teatrları nümunəsində təhlil olunmuş, müasir Rus teatrının, Ukrayna, Belorus, Estoniya, Latviya və Litva teatrlarının yaradıcılıq yoluna nəzər yetirilmiş və bu ölkələrdə dünyəvi teatr prosesindən bəhrələnmə, rejissor və aktyor sənətlərində yeni yaradıcılıq üslubları, qarşılıqlı zənginləşmə prosesi, sənətdə fərdi və fərqli baxışlar, ənənə və novatorluq məsələləri öz əksini tapmışdır. Dərs vəsaitində teatral proseslər müasir zamana qədər izlənilmişdir ki, bu da tələbələrə müxtəlif xalqların teatrlarında gedən yaradıcılıq prosesini izləmək və Azərbaycan teatrı ilə müqayisə etmək inkanı verir. 

Dərs vəsaiti tərtib edilərkən bu sahədə yazılmış müxtəlif xalqların elmi-nəzəri, tədqiqat işlərinə, tarixi mənbələrə müraciət edilib. Vəsaitdə həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədqiqatları ilə səsləşən cəhətlər də mövcuddur. Bu isə hər iki ali məktəbin teatrşünas kadrlarının tədris təminatına, yeni dərs vəsaitlərinin yazılmasına kömək edə bilər.         

“Qloballaşma və müasir dünya teatrı (və ya teatr eskizləri)”  kitabı müvafiq ixtisaslarda təhsil alan tələbələr, doktorant və dissertantlar, tədqiqatçılar, eləcə də, teatrla maraqlanan oxucular üçün nəzərdə tutulub.


Oxunma sayı: 94

Yazar haqqında