Aydın Talıbzadə - TORPAĞIN DADI

  • 21 Okt - 2020

Amerika hindularının, yəni Amerikanın yerli aborigen tayfalarının folklorunda son dərəcə qutsal, günəş kimi şəfəqlənən bir deyim var ki, hər dəfə onu xatırlayanda nurlanıram, fərəhlənirəm, dünyanın ən xoşbəxt insanlarından biri oluram. 

Çünki bu deyim vətən sevgisinin zirvə məqamını görükdürür. 

Hinduların qəbilə müdrikləri söyləyirlər ki,  “sən çörək yeyəndə vətən torpağını yeyirsən, sən su içəndə vətən torpağını içirsən”.

Bu o anlama gəlir ki, sən vətənlə birləşmisən, vətən torpağının şəkli olmusan, vətən sənin qanındadır, sənin damarlarınla vətənin torpağı axır, sən özün vətənsən, sənin bədənin vətəndir, sən vətən torpağısan və öləndə bu torpağa qarışmalısan. Ki, nəslin səni özünə vətən bilsin, sənin tapşırıldığın torpağı ziyarət yeri kimi qavrasın.

Allaha səcdə zamanı da insan alnını torpağa toxundurur, torpağa baş əyir, torpağa sitayiş eləyir. 

Vətən məskəndir (A.Səhhət), məskunlaşma ərazisidir, üstündə gəzib-dolandığın torpaqdır; insanın yaşayışını tənzimlər. 

Vətən mədfəndir (A.Səhhət),  yəni altında uzandığın torpaqdır, əcdadların dəfn olunduğu məkandır; genetik yaddaşı kodlaşdırar, vətəni müqəddəsləşdirər, mərasimə, ayinə qapı açar. 

İnsan öləndə doğma vətən torpağı onu tanıyır, özünkü bilir: bilir ki, balasıdır, qucaqlayıb bağrına basır.   

Heç əbəsdən azərbaycanlılar demirlər ki, “torpaq adamı çəkir”.

Heç əbəsdən həkimlər də demirlər ki, hər kəs öz vətən torpağının yetişdirdiyi meyvələri yeməlidir; əks təqdirdə, zərər görər.

O zaman danılmaz bir həqiqətdir ki, vətən torpaq və insan vəhdətidir, torpaq və qan vəhdətidir.

İstərdim bu xüsusda bir qəribəliyin mənasını açım, məntiqini, düsturunu müəyyənləşdirim: dünyanın elə bir bölgəsi, elə bir dəlmə-deşiyi yoxdur ki, oradan tumluq bir erməni tapılmasın. 

Amma paradoksal bir şeydir ki, onlar heç bir məmləkəti, hətta Ermənistanı belə özlərinə vətən sayıb rahatlana bilmirlər. Buna rəğmən harada olurlar olsunlar, orada permanent torpaq davası eləyirlər, hayqırıb bağırırlar, vətən qovğası çıxarırlar. 

Ancaq heç vədə o torpaqlardan ermənilərə vətən olmur!

Soruşulur, niyə? 

Çünki torpaq onları heç yerdə tanımır, özünkü hesab eləmir.

Odur ki, haylar dünyanın dörd bir küncünə yayılsalar da, özlərinə vətən qura bilmirlər. Hətta İrəvan torpağının özü də tanımır hayları.

Ermənilərin, həm mənəvi, həm geneoloji aspektdə, qaraçı olduqları bu sadə məntiqi düşüncədən bəllidir. Hərçənd qaraçılar ermənilərdən onunla fərqlənirlər, onunla üstündürlər ki, yaşadıqları dövlətlərdə aborigen xalqlarla torpağa sahiblənmək, yalançı bir vətən mifi yaratmaq uğrunda savaşmırlar.

Ona görə də Qarabağ haylara vətən ola bilməz: nə qədər çalışsalar da, torpaq onları xar eləyir, rəzil eləyir, özündən uzaq eləyir, adları dəyişməklə deyil ki... Onsuz da Qarabağ da, Arsax da bizimkidir: hər iki sözün etimologiyası onların türk mənşəli olduğunu isbatlayır.

Azərbaycanlıların torpaq sevgisi, vətən sevgisi elə bir miqyasda, elə bir miqdardadır ki, torpağın özü onları maqnit kimi çəkib aparır Qarabağa.

Torpaq bizi çağırır: ən əsası, fundamental olanı budur; çünki torpaq öz övladlarını tanıyır, azərbaycanlıları tanıyır.

Biz gəlirik, üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandıra-dalğalandıra, torpaqlara paklıq gətirə-gətirə gəlirik, bir yumruğa dönüb gəlirik, sözümüzü tutub gəlirik, region üçün qurtuluş toxumları səpə-səpə gəlirik, torpaqları su aydınlığına çıxarıb gəlirik. Gəlirik, mininci, milyonuncu dəfə deyək ki, “Qarabağ Azərbaycandır, nöqtə, vəssalam”.


Oxunma sayı: 109

Yazar haqqında