Vidadi Qafarov - Dördüncü ölçünün rəngləri və ya Tofiq Kazımov teatrına göy qurşağından baxış

  • 13 Apr - 2020

Ağ rəng 
Əslində göy qurşağında ağ rəng yoxdur. Daha doğrusu, biz ona baxanda orada ağ rəngi görmürük. Çünki göy qurşağı cəmi yeddi rəngdən: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi rənglərdən ibarətdir. Tarixi-qədimdən bunu hamı belə görüb. 
Amma ilk dəfə Nyuton kəşf etdi ki, spektrin bütün rəngləri ağ rəngdən yaranır. Lakin bu dahi daha sonra onu da sübuta yetirdi ki, bütün rəngləri düzgün nisbətdə götürdükdə onlar birləşir və ağ rəngi əmələ gətirir. 
Yəni, ağ rəng ana rəngdir, ana variantdır – invariantdır. Lap ana torpaq kimi. Necə ki, bütün canlılar torpaqdan yaranıb torpağa dönür, bütün rənglər də ağ rəngdən yaranıb ağ rəngə dönür. 
Belə «ana»lardan, invariantlardan biri də əlahəzrət Zamandır. Çünki hər şey onda yaranır, onda yaşayır və onda ömrünü başa vurur. O isə digər invariantlar kimi əbədi olduğundan yaşamaqda və yaratmaqda davam edir. 

Qırmızı rəng 
Nə üçün qırmızı? Ona görə ki, çılpaq həqiqətlərin rəngi qırmızı olur. Onu isə bizə yalnız Zaman çatdırır. 
Göz insan bədənində yeganə orqandır ki, insan doğulandan ölənədək öz ölçüsünü dəyişmir. Və insan ölçüsünü dəyişməyən gözləri ilə ömrü boyu dünyanı üçölçülü görür – eni, hündürlüyü və dərinliyi. Çünki insanın gözünün imkanları bu qədərdir. Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə isə növbəti kitabını «Dördüncü ölçünün rəngləri» adlandırır. Yəni, Məryəm xanım Azərbaycan teatrının ünlü rejissoru, xalq artisti Tofiq Kazımova həsr etdiyi bu kitabda həyata, teatra üçölçülü baxmaqla qane olmur, onunla kifayətlənmir. Həmin səbəbdən də görkəmli teatrşünas dördüncü ölçü kimi mövcudluğun invariantlarından birinə – Zamana xitab edir. Və «Varolmanın Zaman kateqoriyasını fəlsəfi, bədii-estetik, virtual aspektdən Tofiq Kazımovun yaradıcılığına ekstrapolyasiya edən tədqiqatçı «Tofiq Kazımov fenomeni»nin maraqlı səciyyələrini aşkarlamağa müyəssər olur». 

Narıncı rəng 
deyəndə, son illər ilk növbədə narıncı inqilablar yada düşür. Elə Tofiq Kazımov da Azərbaycan teatrına inqilab eləmək üçün gəlmişdi və elədi də. M.Əlizadənin qeyd etdiyi kimi, «Tofiq Kazımovun yaradıcı enerjisinin «partlayışı» nəticəsində Azərbaycan milli teatr prosesində yeni mənalar, yeni baxım bucaqları, yeni üslublar yarandı». Və bunun sayəsində «bu vaxta qədər tamaşaçıyla «Siz»lə danışan teatr «Sən»lə danışmağa, məhrəm söhbət etməyə başladı» (Anar). Amma bu kitab təkcə “inqilabçı” Tofiq Kazımov haqqında, zəmanəsinin qəhrəmanı haqqında deyil, həm də qəhrəmanın zəmanəsi haqqında, lap dəqiqi isə Zamanla eyni varlığa çevrilmiş, eyniləşmiş qəhrəman haqqındadır. Bunu müəllif özü də etiraf edərək yazır: «Əhməd Tofiq Səməd Mənsur oğlu Kazımovu sırf tədqiqat obyektinə çevirməyə imkan verməyən bir mətləb var. Bu mətləb Zamanın heyrətamiz rəngləridir ki, «tədqiqat obyekti»ni hər an çeşidli rənglərə boyayır, rənglərin gözün güclə seçdiyi çalarlarını üzə çıxarır və bunun nəticəsində «tədqiqat obyekti»nin özünü Zamanla eyniləşdirir, fərqli bildiyim mənaları sinonimləşdirir». Kitabın, onun fəsillərinin adı da məhz bununla şərtlənir: «Zaman içində zaman»; «Zamandan zamana»; «Zaman spektrinin çalarları»; «Zamanın saniyə əqrəbi»; «Zamanın insan amili»; «Zamanın yol ayrıcı»... Və müəllif eyniləşmiş varlığın – «Tofiq Kazımov – Zaman»ın portretini dördüncü ölçüsünü rəngləri ilə çəkərək bizə təqdim edir. 

Sarı rəng 
«Dolu dənli sünbül dənizi» - Rəsul Rzanın «Rənglər» silsiləsində sarı rəngə həsr etdiyi şeir bu misra ilə başlayır. Sanki Tofiq Kazımovun zəngin yaradıcılığı haqqında deyilib. Bu mənada, M.Əlizadə üzərinə böyük məsuliyyət götürür. Nəzərə alsaq ki, T.Kazımovun yaradıcılığı Cəfər Cəfərovdan başlamış bu yana bir çox tədqiqatçılar (xüsusilə İ.İsrafilov və R.Atakişiyev) tərəfindən araşdırılıb, onda həmin məsuliyyət daha da artır. Bu yükü artıran başqa bir məqam isə Məryəm xanımın öz müəlliminə, ustadına heyranlığını etiraf etməsi, bu səbəbdən subeyktiv olacağından ehtiyatlanmasıdır. Lakin buradaca qeyd edək ki, M.Əlizadə bu məsuliyyətin öhtəsindən uğurla gəlir: 
- seçdiyi metodoloji ilə; 
- tətbiq etdiyi 4-cü ölçü – zamanla; 
- əsərin çox orijinal strukturu ilə. 
Tədqiqatçı mövzuya genezisdən – Tofiq Kazımovu yetişdirən mühitdən, ailədən, atası Səməd  Mənsurdan, onun Zamanından başlayır. M.Əlizadə rejissorun yaradıcılığını, sənət kredosunu atası S.Mənsurun şeirləri, həyata, cəmiyyətə, insana fəlsəfi-estetik baxışları fonunda, mənəvi varislik prinsipi əsasında təhlilə çəkir ki, bu da əsərə özəl rəng qatır. Tofiq Kazımov teatrının, onun novator rejissorluğunun anatomiyasını ortaya qoymağa çalışan teatrşünas, Zaman – T.Kazımov münasibətlərini açmaq üçün Zamanın təsnifatını, rejissor poetikasını çözmək üçün onun yaradıcılıq mərhələlərinin təsnifatını verir. Rejissorrun mənsub olduğu «şərtilik cərəyanından» danışan müəllif eyni zamanda, bu cərəyanın Azərbaycan teatrında təzahürünün mükəmməl elmi mənzərəsini yaradır. 
Teatrşünas-alim «Tofiq Kazımov fenomeni»ni təkcə yaradıcılıq kontekstində deyil, mövcud olan digər kontekstlərdə də araşdırmağa, onun «psixobioqrafiyasını» tərtib etməyə çalışır: dövr, mühit, insanlar, ideologiya, «şair və hökmdar», «müsbət qəhrəman» problemi, aktyor ampluasının təsnifatı, ayrı-ayrı aktyorların yaradıcılıq portreti lakonik, lakin dəqiq qrafik cizgilərlə tədqiqatda öz əksini tapır. 
M.Əlizadə orijinal yol seçərək kitabın beşinci fəslinədək rejissorun tamaşalarını şəxsən təhlil etmir. O, bunu T.Kazımovun quruluş verdiyi əsərlərə həmin dövrdə «isti-isti» yazılmış resenziyalardan, eləcə də T.Kazımovun öz məqalələrindən seçmə sitatlar gətirməklə və onlara öz münasibətini bildirməklə edir. Biz bununla, həm o dövrün teatr tənqidi ilə, həm T.Kazımovun tamaşalarına verilən qiymətlə, həm də Məryəm xanımın analitik şərhləri və nəticədə dövrün teatral mənzərəsi ilə tanış oluruq. 
Müəllif «Zamanın yol ayrıcı» fəslində «T.Kazımovun Zaman içində hərəkətinin istiqamətini» üç mərhələyə bölür və hər üçünü rejissorun yaradıcılığının zirvəsi saydığı «Ölülər» tamaşaçı ilə əlaqələndirir: «Ölülərə aparan yol»; «Ölülər məqamı»; «Ölülər və dirilər». Teatrşünas yalnız bu fəsildə T.Kazımov tamaşalarının təhlilinə keçir, rejissorun yaradıcılıq mərhələlərini şərtləndirən tamaşaları, onların mövzu-janr-üslub xüsusiyyətlərini, aktyor oyununu, musiqisinin, bədii təritbatının estetikasını çözələyir. Və gətirdiyi arqumentlərlə əsaslandırır ki, bu gün «rejissorlar üçün rejissor»a çevrilən Tofiq Kazımov «o dövrün gerçəkliyində Öz Zamanını yarada bilib», «Azərbaycan milli teatr prosesinin mühüm bir tarixi inkişaf mərhələsinin istiqamətini müəyyənləşdirməyə qadir oldu». 

Yaşıl rəng 
Mənim ən çox sevdiyim rəngdir. Həm islamın rəngidir-müsəlman dünyasını birləşdirir, həm həyat rəmzidir. 
Yaşıl rəng müasir insanda həm də «yaşıl işıq» assosiasiyası yaradır. Yaşıl işıq yanırsa deməli, yol açıqdır, proses gedir. Məryəm Əlizadə də həyat və yaradıcılıq yolu heç də həmişə yaşıl işıqdan keçməyən Tofiq Kazımova bir proses kimi baxır, onu həmişə Zamanın içində və hərəkətdə tədqiq və təqdim edir. Bu mənada teatrşünas haqlı olaraq  qeyd edir ki, «onu tədqiq edəndə mədəniyyət prosesini tədqiq etmiş oluruq». Çünki, böyük rejissor yaşadığı zaman kəsiyində təkcə Azərbaycan teatrının deyil, bütövlükdə milli mədəniyyətimizin yaradıcılarından, onun ən parlaq simalarından biri idi. T.Kazımov Akademik Dram Teatrın - ölkəmizin Ana teatrının baş rejissoru olduğundan, onun yaradıcılığının inkişaf istiqaməti, eyni zamanda milli teatrımızın təkamül yolunu, çağdaş teatr prosesinin yönünü müəyyənləşdirirdi ki, bunu da biz Məryəm xanımın qələmindən tutub bir daha xırdalıqlarına qədər izləyirik. 

Mavi rəng 
«Bir tərəfdən baxanda, Tofiqin həyatı başdan ayağa fırtına idi. Amma mən gözümü yumub, Tofiqin tamaşalarını xatırlayanda xəyalımda, nədənsə mavi rəng canlanır. Bəlkə ona görə ki, onun bütün tamaşaları nikbin idi… Bəlkə ona görə ki, fırtınadan, qasırğadan sonra göy üzü təmizlənir, masmavi olur…». Bu sözləri Tofiq Kazımovun həyat yoldaşı, əməkdar memar Rəna Əfəndizadə deyir. Elə bəhs etdiyimiz əsər də bizə onu gostərir ki, «Seviliya ulduzu» (L.Veqa), «Vasşa Yeleznova (M.Qorki) «Mariya Tüdor» (V.Huqo), «Dəlilər» (L.Veqa), «Antoni və Kleopatra» (V.Şekspir), «Sən həmişə mənimləsən» (İ.Əfəndiyev), «Ölülər» (C.Məmmədquluzadə)… az qala bütün tamaşaları Azərbaycan teatr məkanında fırtınaya çevrilən rejjisorun həyatı necə fırtına içində keçməyə bilərdi ?! 
M.Əlizadə bizə o həqiqəti də çatdırır ki, «Ölülər»ə aparan yolun zaman kəsiyi komediyadan başlayır və komediya ilə də tamamlanır». Bu isə artıq Tofiq Kazımov tamaşalarının nikbin başlanğıcından xəbər verir. 
T.Kazımovun yaradıcılığının növbəti mərhələsindən danışan teatrşünas «Sənsiz» (S.Qurbanov), «Unuda bilmirəm» (İ.Əfəndiyev), «Hamlet (V.Şekspir), «Məhv olmuş gündəliklər» (İ.Əfəndiyev), «Pəri Cadu» (Ə.Haqverdiyev), «Aydın» (C.Cabbarlı), «Fırtına» (V.Şekspir) və s. tamaşalar arasında sonuncu əsərin bədii keyfiyyətləri ilə yanaşı özünəməxsus ictimai dəyərini də önə çəkərək yazır: «Azərbaycan tarixinin son dövründə baş vermiş milli azadlıq hərəkatının mənəvi, bədii-estetik simvollarının sırasında Tofiq Kazımovun ötən əsrin 73-cü ilində hazırladığı «Fırtına» əsərinin yeri və əhəmiyyəti danılmazdır». Belə ki, «Bu tamaşada rejissor fikrinin qayəsini təşkil edən mövzu AZADLIQ ideyası idi. Cadugər Prosperonun ram edərək, nökər vəziyyətinə saldığı vəhşi Kaliban da, ruh Ariel də azadlıq arzusu ilə yaşayırdılar. 
Tamaşanın sonunda Arielin «azadam, azadam!» deyə, sevinməsi tamaşaçıların sürəkli alqışları ilə qarşılanır…, o vaxtkı Azərbaycan ictimai şüurunda şəffaf assosiasiyalar yaradırdı. Bu assosiasiyalar milli şüurda yaşayan müstəqillik ideyası ilə birbaşa bağlı idi». 

Göy rəng 
Bu, mənim qeydlərimin rəngidir. Həmin qeydlərə görə isə mən əsərin janrını «elmi-sənədli teatral roman» kimi görürəm. 
Bu kitab elmi təfəkkürlə bədii təfəkkürün, elmi başlanğıcla bədii başlanğıcın sintezidir. Həm də bu, kortəbii deyil, alimin düşünülmüş, məntiqi yanaşmasının, illərlə konseptual şəkildə işlənmiş, yonulmuş və artıq bitkin forma almış poetikasının təzahürüdür. Biz əsəri vərəqlədikcə bir sıra elmi-nəzəri təhlil metodları ilə yanaşı bədii-publisistik təhkiyənin çoxlu növlərindən uğurlu istifadənin də şahidi oluruq. 
T.Kazımovun həm elmi-sənədli, həm də bədii obrazını yaradan «Dördüncü ölçünün rəngləri» özündə müasir sənətşünaslığın demək olar ki, bütün nəzəri-metodoloji nailiyyətlərini ehtiva edir. Müəllif Tofiq Kazımov fenomenini incələmək üçün dünya fəlsəfi-estetik fikrinin xəzinəsindən – kvant nəzəriyyəsindən, qeyri-səlis məntiqdən, Yunq, Baxtin, Freyd, Sart və s. dühalardan çox səriştəli şəkildə bəhrələnir. Məryəm xanım qeyri-səlis məntiqə və kvant nəzəriyyəsinə söykənərək tez-tez müxtəlif proses, hadisə və təzahürlərin mükəmməl təsnifatını verir. Lakin teatrşünas həmin nəzəriyyələrdən çıxış edərək verdiyi təsnifatlarla da kifayətlənmir. O, təsnifatda yer almış bəndlərin, mərhələlərin özlərini də dərin və çoxşaxəli təhlil süzgəcindən keçirir. 
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Məryəm Əlizadə fikirlərini istər elmi, istərsə də bədii-publisistik formada ifadə edərkən öz konsepsiyasından kənara çıxmır. Maraqladır ki, «1956-cı ildən etibarən Tofiq Kazımovun yaradıcılığı ilə canlı təmasda olaraq, onun hazırladığı Nazim Hikmətin «Qəribə adam» tamaşasından başlamış, ta sonuncu Taufiq əl Həkiminin «Karıxmış Sultan» tamaşasına qədər öz gözü ilə görmüş» kitab müəllifi təkcə T.Kazımov yaradıcılığını, T.Kazımov Zamanını, Zamanın T.Kazımovunu izləmir, eyni zamanda özünü izləyir, özünün yazı prosesini izləyir. Teatrşünas rejissora tətbiq etdiyi yanaşmanı eyni ilə özünə tətbiq edir. O, bütün əsər boyu özünə kənardan baxır, özünə nəzarəti itirmir. Və nəticədə, Məryəm xanım özü də əsərin qəhrəmanlarından birinə çevrilir. 
Kitabı oxuyan hər kəs yəqin təsdiqləyər ki, onun demək olar bütün səhifələrində əsərin digər qəhrəmanları (Zaman-Teatr-T.Kazımov) ilə yanaşı Məryəm Əlizadənin obrazı da gözlərimizin qarşısında canlanır. Və bu obraz heç də M.Əlizadənin sadəcə müəllif obrazı deyil. Bu obraz T.Kazımovun zamandaşının, T.Kazımov zamanındakı teatr prosesinin şahidi və iştirakçısının, T.Kazımov teatrının tamaşaçısının, ustadın tələbəsinin, ən nəhayət, insan-alim-teatrşünasın obrazıdır. Kitabı fərqləndirən və yüksək dəyərini şərtiləndirən ən mühüm amillərdən biri də məhz budur. Axı teatr prosesi sonucda teatrşünasla bitir, onun qələmində tarixə dönür, dövrə qapanır. Teatrşünas olmadıqda isə proses natamam qalır. Məryəm Əlizadənin qələmi – obrazı məhz həmin zəruri rolu oynayır. Və Tofiq Kazımov Zamanındakı teatr prosesini tamamlayır, dövrəni qapayır. 

Bənövşəyi rəng 
Məryəm xanım yaxşı bilir ki, 
«Rənglər xatirələr oyadır, duyğular oyadır. 
Gördüyümüzdən artıq görmək istəməsək 
hər rəng adicə boyadır» (R.Rza). 
Bu səbəbdən də görkəmli teatşrşünas kitabın «Zamanın insan amili» fəslində özünün yazdığı kimi, «Tofiq Kazımovun şəxsiyyətinin və yaradıcılığının Zaman içindəki «rəng»lərini imkan daxilində bərpa etmək» üçün rejissoru yaxından tanıyan, onunla yaradıcılıq ünsiyyətində olan görkəmli insanlara bir neç sualla müraciət edir. 
Həmin suallardan birinə – «Sizcə Tofiq Kazımovun bütövlükdə yaradıcılıq zamanı nə rəngdədir?» - sualına rejissorun ən sadiq tələbələrindən biri, «Yuq» Teatrının yaradıcısı, mərhum Vaqif İbrahimoğlu belə cavab verir: «Sevimli müəllimimin yaradıcılıq zamanını bənövşəyi rəngdə görməyimi çəkinmədən söyləyirəm. Bilənlər bilir, bilməyənlər bilsin: ibadət zamanında söylənilən duaların aurası bənövşəyi rəngdədir. Tofiq Kazımovun yaradıcılığının məğzi Sevgi, Gözəllik və Azadlıq tanrılarına ibadətdir…» 
İbadət isə hər zaman insanı saflaşdırır, təmizləyir. Yağış Yeri, Göyü yuyub təmizlədiyi kimi. Yəqin elə ona görə də yağışdan sonra Yerin «başı üzərində» müqəddəslik haləsi – göy qurşuğı yaranır… Ana rəngin - Ağ rəngin yaratdığı yeddi rəngdən - qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi rənglərdən ibarət göy qurşağı… 
 


Oxunma sayı: 659

Yazar haqqında