Rəcəb Məmmədov - GƏNCLƏRƏ DOST DEYƏN GÖRKƏMLİ ALİM

  • 04 Apr - 2020

Bu gün, aprelin 4-ü görkəmli teatrşünas alim, sənətşünaslıq doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İnqilab Kərimovun doğum günüdür.

İnqilab Saleh oğlu Kərimov (04.04.1931 – 22.07.2011) Azərbaycanın teatr tarixinə, tənqidinə və nəzəri məsələlərinə həsr olunmuş bir çox elmi, eləcə də bədii əsərlərin müəllifidir. Respublikada peşəkar teatrşünaslığın yaradıcılarından olan İnqilab Kərimov, Azərbaycan Teatr İnstitutunda yenicə açılmış teatrşünaslıq fakultəsinin ilk məzunlarından idi. Seçdiyi sənətə bütün varlığı ilə bağlı olan İnqilab müəllim, hələ gənc yaşlarından həmkarları arasında çalışqanlığı, işinə ciddi, vicdanlı, məsuliyyətli münasibəti, fəal vətəndaşlıq mövqeyi, milli təəssübkeşliyi ilə hörmət qazanmışdı. 1957-ci ildən taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsi ilə bağlayan İnqilab Kərimov həmin şöbənin müdiri vəzifəsinədək yüksəlmişdi. O, 1963-cü ildə “Sovet Azərbaycanının gənclər teatrı” adlı namizədlik dissertasiyasını, 1988-ci ildə isə Moskvada “Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi almışdı. 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdi.

İnqilab Kərimovun pedaqoji fəaliyyəti də diqqətə layiqdir. O, 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi fənlərini tədris edirdi. Bu gün respublikamızda incəsənət sahəsində çalışanların böyük əksəriyyəti onun tələbələridir. Onlarla gənc alim, onun rəhbərliyi altında həyata vəsiqə alıb. O, hər şeydən öncə, ünsiyyətdə olduğu gənclərin insani keyfiyyətlərinə qiymət verir, onların savadlı olduqları qədər, mədəni, ləyaqətli, nəcib olmalarını arzulayırdı.

İnqilab Kərimov Azərbaycan teatrının müxtəlif problemlərinə həsr olunmuş 200-ə yaxın elmi əsərin, o cümlədən 30-a yaxın monoqrafiya və kitabın müəllifidir. Elmi əsərlərindən bir neçəsi rus dilində çap olunub. Onun “Abdulla Şaiq və teatr”, “Ağadadaş Qurbanov”, “Azərbaycan Dövlət Dram Teatrı”, “Əbdürrəhim bəy Haqverdiyev və teatr”, “Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı”, “Gənclik və gözəllik teatrı”, “Sənət yolu, dostluq yolu”, “Nəriman Nərimanov və teatr”, “Azərbaycan teatrının təşəkkülü və inkişafı”, “Türkiyə və Azərbaycan teatr əlaqələri”, “Şuşa-Ağdam teatrı”, “Azərbaycan teatrı 125”, “Azərbaycan teatr tarixi” və sair əsərləri bu gün də teatrsevərlərin maraqla oxuduğu  kitablardır. 

İnqilab Kərimov ayrı-ayrı universitet, institut və digər məssisələrdə fəaliyyət göstərən elmi və bədii şuraların, eləcə də Azərbaycan Yazıçılar Birliyinin, Teatr Xadimləri İttifaqının, Respublika Maarifçilik Cəmiyyətinin üzvü olmuşdur.

İnqilab müəllimin vəfatından doqquz ilə yaxın vaxt keçsə də, biz – onun sənət yoldaşları, tələbələri, öz təbirincə desək, gənc dostları bu gün onun təcrübəsinə, müdrik məsləhətlərinə daha böyük ehtiyac duyur, çoxsaylı əsərlərindən bəhrələnirik. 

 

Rəcəb Məmmədov,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru


Oxunma sayı: 63

Yazar haqqında