İsveçdə yaradılmış Azərbaycan teatrı - ZƏFƏR Teatrı

  • 28 Mar - 2020

Gənc və istedadlı rejissor Əlif Cahangir artıq bir ildir ki, İsveçdə yaşayır. O Azərbaycandan uzaqda yaşasa da, yaradıcılığını davam etdirir və ölkəmizdən kənarda Azərbaycan teatr ənənələrini yaşatmağa çalışır. Teatro.az sənət portalı Əliflə hal-əhval tutub, onun işləri, yaradıcılıq planları haqqında soruşub.

 

- Əlif, bir müddətdir ki, İsveçdə yaşayırsan. Hansı işlərlə məşğulsan ?

Bir ildir ki, ailəmlə birlikdə İsveçdə yaşayıram. İsveç dilimi təkmilləşdirib təhsilimi davam etdirmək istəyirəm. Paralel olaraq, İsveçdə yaşayan azərbaycanlı rejissor Rahim Sadiqbəylinin dəstəyi ilə Zəfər Teatrını yaratmışıq. Yeri gəlmişkən, qeyd edim ki, 15 ildir, İsveçdə yaşayan Rahim Sadiqbəyli həm də İsveçin Açıq İctimai Tv kanalında (Öppna kanalen) həftədə iki dəfə Azərbaycan haqqında İsveç və İngilis dillərində proqramlar hazırlayır. Zəfər Teatrına digər həmyerlilərimiz də dəstək olurlar. Məsələn, aktyor heyətinin əksəriyyətini Stokholmda neçə ildir ki, ölkəmizi təmsil edən “Qarabağ” rəqs qrupunun uşaqları təşkil edir. Həmin uşaqları teatra cəlb edən “Qarabağ” qrupunun yaradıcısı Sevda xanım Dadaşovadır. Həftədə iki dəfə “Pinokkio xoşbəxtlər ölkəsində” tamaşasının məşqlərinə gedirəm. Bu layihə may ayının sonuna kimi davam edəcək. Bildiyiniz kimi, Avropada ictimai nəqliyyat hədsiz dərəcədə bahadır. Məşqlərə gedib-gəlməyim üçün bütün nəqliyyat xərclərim AFİ (İsveç-Azərbaycan Federasiyası) tərəfindən qarşılanır. Ümumiyyətlə, qeyd etmək istərdim ki, Rahim Sadiqbəyli, Sevda xanım Dadaşovanın və AFİ-nin İsveçdə Azərbaycan adına gördüyü işlər, çəkdikləri zəhmətləri əvəzsizdir. Məni sevindirən də odur ki, Zəfər Teatrı belə dəstək içində, yəni həmrəylik və birlik ortamında yaradılıb. Arzu edərdim ki, bu birliyimiz davamlı olsun.

- Teatrı yaratmaq üçün başlıca səbəb nə oldu ?

Teatrın yaranması üçün bir neçə zəruri səbəb var idi. Ən başlıca səbəb, daha dəqiq desəm, ali məqsədim Azərbaycan mədəniyyətini, xüsusən də, teatrını dünya miqyasında təmsil etməkdir. Hazırda bu yolda inamla davam edirik. Düşünürəm ki, bu, inşallah, bu və ya başqa formada olacaq. Açığını deyim ki, ilkin prosesdə teatr işin bir az əyləncə tərəfinə çevrilib. Çünki hazırda planlı şəkildə uşaqlara mədəniyyətimizi və öz milli kimliklərini aşılamaqla məşğulam. Bura gələndən apardığım müşahidələrim onu göstərdi ki, uşaqlarımızın ölkəmiz haqqında mariflənmələrinə böyük ehtiyac var. Yoxsa, bu formada davam edərsə, onlar itirilmiş azərbaycanlılara çevriləcəklər.

- Truppa kimlərdən təşkil olunub?

Teatrda uşaqların yaşı 7 yaşdan 13 yaşa qədərdir. Onlar Zəfər Teatrında Üzeyir Hacıbəyli, Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Rəşid Behbudov, Qara Qarayev, Niyazi kimi dahilərlə, onların musiqiləri ilə, əsərləri ilə yaxından tanış olurlar. Bu siyahıya hər həftə yeni adlar və yeni əsərlər əlavə olunur. Ən əsası, uşaqlar bu bilikləri böyük həvəslə əldə edirlər. Mənim də istəyim odur ki, vətəndən uzaqda böyüyən öz azərbaycanlı balalarımız zamanla öz milli kimliklərinə sahib olmadan itirilmiş azərbaycanlılar olmasınlar. Onların içində gələcəyin elm adamları, həkimləri, bəlkə də tanınmış rejissorları, aktyorları var. Mən onların valideynləri ilə görüşdə də “əgər övladları Zəfər Teatrına gələrlərsə, təkcə tamaşa oynamayacaqlar, onlar həm də qazanılmış azərbaycanlılar olacaqlar” deyirəm. Bu gün artıq buna daha çox əminəm. Çünki uşaqlarımız Üzeyir Hacıbəylinin, Qara Qarayevin musiqiləri ilə yoğrulur və bundan zövq alırlar. Zəfər Teatrının İsveçdə var olmasıyla, təkcə milli teatrımız yox, ümumilikdə Azərbaycan qazanmış olacaq. Bu gün bizim buna çox ehtiyacımız var. Ümumiyyətlə, fürsətdən istifadə edib, üzümü xarici ölkələrdə yaşayan yaradıcı insanlara tuturam: getdiyiniz ölkələrdə bir az səs salıb, bundan istifadə edərək, ölkəyə qaçıb pul qopartmaqla məşğul olmaq sənət deyil, yaradıcılıq deyil, getdiyiniz ölkələrdə həmyerlilərimizi başınıza yığıb kiçik məktəblər açın, övladlarımızı ölkəmiz haqqında maarifləndirin ki, onlar, Azərbaycanı sevsinlər. Bu gün təmənnasız və odlu sevgiyə onun, həqiqətən də, ehtiyacı var. Əgər bizim kimi yaradıcı insanlar da gedib Finlandiyada, İsveçdə, Norveçdə yaşayıb giley-güzar etsələr ki, “dilimizi öyrənmirlər, Azərbaycanı tanımırlar” o zaman yazıq olacaq bizə. Məsələn, belə bir şey var: Avropada oturub bir çırtma çalırsan, Azərbaycanda onun əks-sədası bomba səsi verir. Sonra başlayırsan təmənna güdməyə. Oralara səslənirəm: vallah, elə deyil, aşağı-yuxarı eyni prosesdir, çünki işi görən yenə də bizik. Sadəcə, ətraf mühit, əldə olan resurslar və ümumi texniki mənada potensial fərqlidir. Sənin mahiyyətin eynidirsə, vəssalam. Bir fərq də budur ki, burada bir çırtma səsi, orada bomba əks sədası yaradırsa, oradakı bomba, burda çırtma səsi effekti verir. Yəni dediyim odur ki, biz orada necə olmuşuqsa, bura gəlib burada da həminki oluruq. Əgər biz orada da, burada da vicdanlı olarıqsa, bizə zaval yoxdur. “Qoy, mən tox olum”la iş bitmir. Əlqərəz, biz marifləndirməliyik! Əziyyət çəkməliyik. Həm özümüzü, həm də ətrafımızı maarifləndirməliyik. Bizim oturub gileylənməyə nə vaxtımız, nə də ixtiyarımız yoxdur, çünki sənətimizin təməl prinsiplərindən biri də budur. 

- Teatrın adını niyə məhz “ZƏFƏR” düşündün ?

Teatrın adının ZƏFƏR olmasına gəldikdə isə, bu mənim şəxsi təşəbbüsümdür. Düşündüm ki, böyük zəfərlərə ehtiyacı olan bir ölkənin mədəniyyətini təmsil edəcək yeni yaradılmış ZƏFƏR Teatrı, əslində elə özü-özlüyündə Azərbaycan mədəniyyəti üçün kiçik də olsa, mədəni bir hadisədir.

Zəfər, eyni zamanda, Azərbaycan teatrı üçün böyük bir isimdir, böyük bir addır. Ustadım Azər Paşa Nemətovun atası, görkəmli teatr rejissorumuz Zəfər Nemətovun ismidir. Yəni, hər mənada, bu ad mənim üçün vacibdir, əzizdir və doğmadır. Ona görə də teatrın adı Zəfərdir. Zəfərlə böyük zəfərlərə doğru...

 


">

Oxunma sayı: 639

Yazar haqqında