Məhəbbət dördbucağının fransız qarniri - Telli Pənahqızı

  • 06 Mar - 2020

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yenidən bərpa edilən və uğurla oynanılan məşhur "Fansızsayağı qarnir" əsəri mövsümün ən anşlaqla keçən tamaşalarından biri oldu.

Əsərin müəllifi - adı "Dünya səhnələrinin gülən üzü" kimi tarixə yazılan, ədəbi uğurları ilə tanınımış fransız komediya ustaları Mişel Feydo, Saşa Qitri, Ejen Labişlə bir sırada çəkilən yazıçı Mark Kamoletti 1923-cü ildə doğulub, qrafikaçı- rəssam sənətinə yiyələnsə də daha çox yazıçı kimi formalaşıb, 18-dən çox komediyası müxtəlif ölkələrinin ən ünlü teatrlarının səhnəsində bu gün də böyük maraqla qarşılanır. Sonralar rəssamlığın daşını atan və rejissorluq sənətinin sirlərini mükəmməl yiyələnən yazıçı həm də öz komediyalarının səhnə taleyi üçün məsuliyyət daşıyıb. 1958-ci ildə yazdığı "Qulluqçu Anna" Parisin "Comedie Wagram" teatrında 1300 dəfədən çox oynanılıb. Ümumiyyətlə, onu xoşbəxt sənətkar adlandırmaq olar. Yaratdığı komediyalar təkcə təmsil etdiyi xalqın deyil, bütün insanların zaman-zaman yaşadıqları həyat hekayətləri, tale yoludur ki, bəziləri onu yazıçının bu əsərində olduğu kimi təbəssüm və komik vəziyyətlərlə yola verir, kimisi də...

Onun komediyaları bəzən 1950, 2200 dəfə oynanılıb. Hətta "Fransa-2" kanalının televiziya versiyasını təqdim etdiyi 10 əsərini 92 milyon tamaşaçı izləyib. "Boinq-boinq", "Şerburq çətiri", "Roşforlu qız" əsərləri onu hələ sağlığında Fransanın canlı simvolu kimi bütün dünyaya tanıtmışdır. 2003-cü ildə vəfat edən müəllifin yaratdığı şedevrlərə maraq bu gün də səngimir.

Mark Kamolettini komik vəziyyətlər ustası adlandıranlar haqlıdır. Adi məişət hadisələrinə milyonların könül rahatlığı, gündəlik qayğılarını unudub məmnuniyyətlə səhnədəkilərin yaşam tərzini təqlid etmək arzusuna şirniklənən tamaşaçılar salonları yüksək əhval-ruhiyyə, könül xoşluğu ilə tərk etdiklərinə sevinirlər. Bu həyatın qarmaşıq, heç vaxt tükənməyən problemlərini qısa zaman kəsiyində unutduqları üçün də müəllifə və onun ideyalarını gerçəkləşdirənlərə təşəkkür edirlər. Dramaturqun hər bir komediyası ilə tanışlıq bir çox tamaşaçılar üçün yeni enerji, yeni arzular, yeni planlar, bir sözlə, yaşamağa ümid verən bir qaynaq, tükənməz nəsnədir! Onun əsərlərindəki sağlam yumor, insanlara mənəvi raharlıq bəxş edən fikir və ideyalar, pislikdən, paxıllıqdan, kindən, kidurətdən xali olan bir aləmlə görüşün sevincidir..

 Azərbaycan teatrsevərlərinə ilk dəfə 2011-ci ilin oktyabrında təqdim olunan "Fransızsayağı qarnir" musiqili komediyası iki illik fasilədən sonra yenidən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rus bölməsində bərpa edildi. Yaradıcı heyət yüksək aktyorluq məharəti, əla musiqi tərtibatı, rəngarəng rəqslərlə süslənmiş gizli sevgi macərası, qadın və kişi duyğularının komik məqamlarla, gözlənilməz gedişlərlə zəngin səhnələri ilə tamaşaçını sonacan həyacanda saxlamağa qadir olan bir oyun nümayiş etdirə bildi. 

Əməkdar artist Svetlana Bulax, aktyorlar Emil Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova illərdən bəri bu səhnədə öz qəhrəmanlarının duyğuları ilə yaşamağa alışsalar da Eleanora Mustafayeva ilə Valeriya İskəndərova gözəllər gözəli Jaklin obrazında ilk dəfə çıxış edirlər.

Ər-arvad, sevgili-məşuq...klassik fransız ədəbiyyatının vazkeçilməz mövzusu sayılan bu sevgi dördbucağının belə böyük tamaşaçı marağına səbəb olması o qədər də təəccüblü görünməzdi, əgər bir gecədə hadisələri tamam başqa bir axara yönəltməyi bacaran aşpaz Süzetta olmasaydı. Süzetta ( Svetlana Bullax) tamaşa boyu gah məşuqə, gah aktrisa, gah rəfiqə, gah da qohum kimi hadisələrin əsas iştirakçısına çevrilir və gözəgörünməz bir təlimçi məharəti ilə səhnədə baş verən hadisələri sonacan nəzarətdə saxlamağı və idarə etməyi bacarır. Hadisələrin inkişaf dinamikası, yaranmış vəziyyətdən cevik və məharətlə çıxmaq qabiliyyəti, kələfi dolaşıq düşmüş bu sevgi macərasının uğurla çözələnməsi- sonda tamaşaçıları belə bir insani dəyərə inandırır ki, ailə ortamının və dostluq münasibətlərinin qorunması əslində daha qiymətlidir, bütün romantik yaşantılar da, nəfəskəsən həyəcanlar da, baş tutmayan məhəbbət oyunları olmadan da gözəl və yaddaqalan bir gecə keçirmək və ailə müqəddəsliyini qoruyub saxlamaq mümkündür.

Tamaşa boyu bu yasaq məhəbbət dördbucağının iştirakçısı olan hər kəs fərdi qaydada bu ehtiraslar burulğanında öz yalanını pərdələmək üçün "dəridən-qabıqdan" çıxır. Arvadının evdə olmayacağını sevgilisi ilə görüşmək üçün bir fürsət hesab edən Bernardın (Rauf Babayev) başı dərddədir. Arvadı Jaklinin (Eleanora Mustafayeva və Valeriya İsgəndərova) onun planlarını başa düşdüyündən səfərini təxirə salması, əslində ərinin kiçik bir ehtiyatsızlığından onun əsl məqsədini anlaması və tez-tələsik dostu Roberti, əslində məşuqu (Emil Heydərov) köməyə çağırması ilə hadisələr daha komik bir axara yönəlir. Əri kimi özü də ailə dəyərlərinə sədaqətil olmayan və Robertin bu qəfil gəlişinə sevinib onunla tək qalmağa bəhanələr uyduran qadın, ərinin qulluqçu kimi təqdim etməyə məcbur olduğu məşuqəsi Syuzanın (Yulya Heydərova) şıltaqlığına, özgüvəninə dözməyə məcbur olsa da bir qadın kimi çılğın həyat yaşantılarının gizli məqamlarını gözlər önünə sərgiləməkdən də çəkinmir. Bu başgicəlləndirən hadisələr burulğanından karlı çıxansa...Syuzettadır (Əməkdar artist Svetlana Bullax), bu aşpaz qadın həm hər iki kişini şantaj eləyib pullarını alan, həm də çağrıldığı evdə göstərdiyi xidmətin müqabilində bişirdiyi təamlara qiymət verilməsi və əməyinin dəyərinin də yüksək qiymətləndirilməsini istəyən xanım digər qəhrəmanların kələklərindən xəbərdar olduğu üçün daha rahat, hadisələrin gedişinə hər kəsdən daha çox hakimdir. Və lap sonda...əri Corc (Firuz Məmmədov və Əliməmməd Novruzov) onun arxasınca gələndə bu "mətbəx şahzadəsi" könül rahatlığı ilə gün ərzində hər bir hərəkətlərinə gizli bir ironiya ilə reaksiya verdiyi "təzə tanışları" ilə vidalaşıb yeni, daha maraqlı ailə dramlarına şahidlik etmək, yeni müştərilərinin məhəbbət sərgüzəştləri ilə tanışlığa tələsir.

Lirik musiqili komediya janrında işlənmiş iki hissəli tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov və rejissoru Əməkdar artist Boris Qrafkin əvvəldən sonadək tamaşaçıları bu məhəbbət intriqasının sonluğunu həyəcanla izləməyə vadar edən çox dinamik, rəngarəng və hərəkətli bir səhnə əsəri yaratmağa nail olublar. Emin Həsənovun seçdiyi şux, oynaq, baş verən hadisələrin təsir gücünü artıran musiqi parçaları, Əməkdar rəssam Nabat Səmədovanın səhnə dizaynı, Əməkdar artistlər Yelena və Zakir Ağayevlərin quruluş verdikəri rəqslər, rəssam Nübar Hüseynovanın hazırladığı geyimlər, rejissor assistenti Tamilla Aslanovanın tamaşanın daha yaddaqalan və qüsursuz keçməsi üçün çəkdiyi zəhmət, bir sözlə, bütün teatrın ümumi səylərinin bəhrəsi olan "Fransızsayağı qarnir" musiqili, lirik ovqatlı məşhur komediya yenidən tamaşaçıların ixtiyarına verildi. Bundan sonra Mark Kamoletti qəhrəmanlarının hiylələri, sevgi çırpıntıları, ailə xəyanətləri elə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsindən bizə gülüş bəxş edəcək, əbədi və əzəli məhəbbət oyunlarının insanları saldığı gülünc vəziyyətlərdən çıxış yolu aramağa kömək edəcək.

 

Telli Pənahqızı

525.az


Oxunma sayı: 273

Yazar haqqında