“Bermud üçbucağı”nda – Qurban İsmayılov

  • 07 İyl - 2018

TeatrO.az sənət portalının layihəsi: Könül Əliyeva-Cəfərova və Dağlar Yusifin təqdimatında “Bermud üçbucağı”nın qonağı Əməkdar artist Qurban İsmayılovdur. 

Könül Əliyeva-Cəfərova: İbrahim peyğəmbər əhd eləyir, oğlu olur, adını İsmayıl qoyub qurban deyir tanrıya. Bəs, İbrahim kişi oğluna İsmayılov Qurban adını verəndə nə deyib?

Qurban İsmayılov: (Gülür) Vallah heç nə deməyib. Bilmirəm, bu fikir hardan gəldi ağlınıza. Deməli, Ramiz Rövşənin ssenarisi əsasında Ramiz Əzizbəyli bir filmə başlamışdı, “Ölü kimdir, diri kim”. Nizami kinoteatrı tərəfdə R.Əzizbəyli, filmin redaktoru və bir neçə nəfər oturub çay içirdilər. Mən də təsadüfən oradan keçirdim. Çağırdılar məni, filmin redaktoru qayıtdı ki, bilirsən, İsmayılov Qurban İbrahim oğlusan? Dedim, hə, bilirəm, onsuz da qurbanlıq gəlmişəm dünyaya, zarafata salıb gülüşdük. Qurban mənim babamın qardaşı olub, o nənəmə göbəkkəsdi imiş. Babam da Bakıda işləyirmiş, kəndə qayıdanda nənəmi görüb, seviblər bir-birilərini. Babam götürüb qaçırıb nənəmi, Qurban da acıq eləyib, çıxıb gedib. Ölənə qədər də küsülü qalıblar. Mənim adımı da o Qurbana görə qoyublar.

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-10-1024x683.jpg

Dağlar Yusif: Belə bir inanc var ki, ad insanın taleyini təyin edir. Qurban İsmayılov seçdiyi sənət uğrunda nələri qurban verib?

Q.İ.: Hərdən düşünürəm bu barədə. Əgər başqa sənət seçsəydim, ən azı, özümə yox, övladlarıma əziyyət verməzdim. Onlara maddi baxımdan etibarlı gələcək qurardım və dünyadan da könül rahatlığı ilə köçərdim. Ancaq bilmək olmaz, bəlkə də hardasa korrupsiyayla, filan məşğul olardım, tutub türməyə basardılar. Amma alın yazısına inanıram, mənə elə gəlir ki, böyük qurbanlar verməmişəm, əksinə, sevdiyim işlə məşğulam, ömrümü buna həsr eləmişəm. Çalışmışam işimi vicdanla görüm, xəyanət eləməyim, səmimi olum. Buna nə qədər nail olmuşam, deyə bilmərəm. Bunu tamaşaçı deyə bilər, siz teatrşünaslar deyə bilərsiniz. Hansısa qurbanlar vermişəmsə də, buna zərrə qədər peşman deyiləm.

K.Ə-C.: Tarixdə Artemida məbədini inşa edən yox, onu yandıran Herostrat qaldı. Herostratı oynamısınız. Necə düşünürsünüz, 100 ildən sonra Gənclər teatrının yaradıcısı Hüseynağa Atakişiyevin adı qalacaq tarixdə, yoxsa onun yaratdığını dağıdanların?

Q.İ.: Əlbəttə, Hüseynağa Atakişiyevin! Amma H.Atakişiyevi bir fiqur kimi görməzdən gələnlər də, çox təəssüf ki, tarixdə qalacaq insanlardır. Herostrat açıq şəkildə yandırdı Artemidanı, H.Atakişiyevi isə gizlin yandırdılar. Onu çox az adam bilir, Hüseynağanı kim necə yandırıb. Əslində, H.Atakişiyev daha çox biganələyin, laqeydliyin əzabını çəkirdi.

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-11-1024x683.jpg

K.Ə-C.: Siz də o az adamlardansınız…
Q.İ.: Bəli…

K.Ə-C.: Niyə “o”, hamı üçün sirri-xuda olaraq qalsın? Bəlkə, açıqlayasınız…

Q.İ.: Yox, mən istəməzdim. Bilirsiz, o adam nə edirdisə, heç bir reaksiya verilmirdi. Elə davranırdılar ki, sanki o adam, onun teatrı həm var idi, həm yox. İldə 10-11 tamaşa hazırlayırdı, deyirdilər ki, fabrikdir. İlin 3-4 ayını işləyirdik Aktyor evində, qalan aylar soyuq olurdu, işləmək mümkün deyildi. Bəs, bu adam aktyorlarını necə formada saxlamalı idi?! Əlbəttə ki, məşq! Bu, məsələnin bir tərəfi. Digər tərəf isə tamaşaçı ilə bağlıydı. Bizim administrativ qrupun işlədiyi konkret təşkilatlar vardı ki, hər tamaşaya onlara bilet satılırdı. Eyni təşkilatlar bir tamaşaya neçə dəfə bilet alacaqdılar ki?! Yeni tamaşa vermək lazım idi ki, bilet satılsın.

D.Y.: Dövrün iki böyük rejissoru: Vaqif İbrahimoğlu və Hüseynağa Atakişiyev. A.Talıbzadə deyir ki, teatr tənqidi miflər yaradır, V.İbrahimoğlu mifə çevrildi, amma H.Atakişiyev necə talesiz gəlmişdisə, elə də talesiz getdi, mifə çevrilmədi.

Q.İ.: Razı deyiləm, H.Atakişiyevin yaradıcılıq yolunu talesiz adlandırmaq düzgün olmazdı.

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-9-1024x683.jpg

D.Y.: Yaradıcılıq baxımından demirəm, qiymətləndirmə baxımından.

Q.İ.: Qiymətləndirmə baxımından hə. Amma qiymətləndirmə deyəndə ki, o istəmirdi də ona orden, medal verilsin, xəstəsi deyildi.

D.Y.: H.Atakişiyevə olan laqeyd münasibət nədən qaynaqlanırdı? Siz onun həm həmkarı, həm də dostu kimi, deyə bilərsinizmi, o nəyə çatmaq istəyirdi, nə etmək istəyirdi ki, ona mane oldular, qoymadılar?

Q.İ.: Yox, qoymadılar demək olmaz. H.Atakişiyev kifayət qədər tanınırdı, tamaşaları var idi ki, yaradıcılığının bariz nümunəsi idi. Məsələn, “Arturo Uinin karyerası” Berlinə gedib çıxmışdı. Onun dövründə Şəki teatrı Azərbaycanda SSRİ Mədəniyyət Nazirliyinin ən sevimli teatrlarından biri idi. Bunu nəyə görə eləyirdilər? Qara qaşına, qara gözünə vurulmamışdılar ki. Tamaşalarına görə edirdilər.

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-7-1024x683.jpg

K.Ə-C.: Deyirsiz, o heç orden, medal, ad həvəsində də deyildi. Bəs, nə istəyirdi, nə idi onu sındıran, incidən?

Q.İ.: H.Atakişiyevi incidən bilirsiz nə idi? Elə bilin ki, siz yaxşı tənqidçisiniz, sənətinizi də qiymətləndirən var. Amma mən bunu görməzdən gəlirəm. Adamı sındırmaq üçün biganəlikdən dəhşətli şey ola bilməz. H.Atakişiyevə ad da verildi, mükafat da alırdı. Amma o, dövlətdən yox, teatr cameəsindən diqqət gözləyirdi, tam olaraq gözləyirdi, onun tamaşalarını qiymətləndirsinlər, qəbul eləsinlər. Çünki biz özümüzdə yaxşı şeyi görmürük, gürcü gəlir, görür, heyran olur, biz görmürük.

K.Ə-C.: Tam razıyam, bizim cəmiyyətdə istedadlı adamlara nifrət edirlər. H.Atakişiyev də “nifrət olunan istedadlı”lardan idi.

Q.İ.: Qətiyyən, düşünmürəm ki, nifrət var idi, çünki üzünə də gülürdülər, çay da içirdilər, dostluq da edirdilər. H.Atakişiyevin xarakteri də var idi axı, əyilməz adam idi. Əyilməz adamı da sevmirlər.

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-ismayilov-24-1024x683.jpg

K.Ə-C.: Bəs, mənim dediyim də odur. Özünə olan bu münasibəti, təbii ki, duyurdu və ona görə sınmışdı. Maraqlıdır, buna qarşı heç bir mübarizə aparmırdı? Yoxsa elə, kənardan göründüyü kimi, hər şeyə cavab olaraq içməklə susurdu?

Q.İ.: O, bizə görə də sınırdı. Ona biganəlik göstərənlər bizə də biganə idilər, bütün kollektivə biganə idilər. Hüseynağa da bizim gözlərimizdən görürdü, duyurdu. Bəzən biz bunu sözə də çevirirdik. Ki, müəllim, niyə belə olur?

K.Ə-C.: O da susurdu…

Q.İ.: Nə desin?! Bir dəfə yadımdadır, Gürcüstandan “Hamlet”i gətirmişdilər. Başqa teatrdan bir rejissor qayıtdı ki, Qurban müəllim, elə sizin oynadığınız kimi oynayır. Dedim, bəs, mən oynayanda bəyənmirdiz?! Söz tapmadı deməyə. Mən özümü qırağa çıxmıram a, mən özüm də bəyənmirəm. Məsələn, siz teatrşünas kimi nəsə yazırsınız, mən deyirəm, əşi, yazırlar da… Hər yerdə belədir, məsələn, Smoktunovskinin Hamleti dünya üzrə Hamletlər içərisində ilk yerləri tutur, amma Rusiyada bir çox böyük aktyorlar onu bəyənmirdi. Amma gürcülərdən soruşsan, bir-biri haqqında “velikiy” deyirlər. H.Atakişiyevin yükü təkcə teatr deyildi, burda demək istəməzdim, amma o, başqa yüklər də götürmüşdü üstünə. Bizə həmişə bir sözü deyərdi – kim nə deyir, desin, siz başınızı salın aşağı, işinizi görün.

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-27-1024x683.jpg


K.Ə-C.: Bax, mən bunu öyrənmək istəyirdim.

Q.İ.: Sonuncu bütöv tamaşası “Herostratı unudun” oldu. “Qara qutu”nu bitirə bilmədi. “Herostratı unudun” tamaşasının premyerasından sonra mənə dedi ki, hə, sizin bəzilərinizi artıq relsə qoymuşam, hara getsəniz, işləyəcəksiniz, çətinliyiniz olmayacaq. Niyə dedi? Nə düşünürdü? Bilmirəm.

D.Y.: Gənclər Teatrında yalnız H.Atakişiyevlə işləyirdiniz. Sonra 3 fərqli estetikaya malik teatrları birləşdirdilər. Fərqli rejissorlarla işləmək sizə çətin olmadı ki və yaradıcılığınızın hansı mərhələsini uğurlu hesab edirsiniz?

Q.İ.: Şəxsən mənə çətin olmadı. Niyə? Zamanında orada fəhlə işləmişdim, hamını tanıyırdım. Bir yerdə ki səmimiyyət, ünsiyyət yoxdur, mən orda işləyə bilmərəm. Bu mənada, Gənc Tamaşaçılar Teatrı mənə yad deyildi. Bir şeyi də deyim, mən hiss eləyəndə ki, rejissor mənə inanır, onda işləmək asan olur mənimçün. Gənc Tamaşaçılar Teatrında da işlədiyim rejissorlarda özümə qarşı inam görmüşəm hər zaman. O ki qaldı mənim bir aktyor kimi yetişməyimdə və tanınmağımda, təbii ki, H.Atakişiyevin rolu danılmazdır və birincidir. Belə deyək də, uğurlarımın səbəbkarı H.Atakişiyevdir.

http://teatro.az/wp-content/uploads/2018/07/eblehlerin-toyu-683x1024.jpg


K.Ə-C.: Gənclər Teatrında sizinlə çiyin-çiyinə çalışan S.İsgəndərli, A.Qəhrəmanov, S.Əliyeva, A.Məmmədov sonradan Azdramada fəaliyyətlərini davam etdirdilər. Siz niyə ana teatrı seçmədiniz, dəvət eləmədilər, yoxsa istəmədiniz?

Q.İ.: Məni dəvət eləyiblər ora. Rəhmətlik Həsənağa müəllimin də (Turabov – red.), Əlabbas müəllimin də (Qədirov – red.), Maqbet müəllimin də (Bünyadov – red.), İsrafil müəllimin də (İsrafilov – red.) vaxtında məni dəvət eləyiblər o teatra. Bilmirəm, niyə qəbul eləmədim. Ümumiyyətlə, ordan qorxuram.

K.Ə-C.: Nədən qorxursunuz?

Q.İ.: Yəqin ki, oranı məbəd kimi görürəm. Bir dəfə Yaşar Nuri mənə dedi ki, səndən xoşum gəlir. Soruşdum niyə? Dedi, sədaqətli adamsan, ona görə.

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-20-1024x683.jpg

K.Ə-C.: H.Atakişiyevi qoyub getmədiniz… Bəs, İsrafil müəllimin vaxtında artıq Gənclər teatrı yox idi, axı.

Q.İ.: Deyim sizə. Mənə zəng gəldi ki, sabah gəl Həsənağa müəllimin yanına, səninlə işi var. Beynimə virus düşdü, fikirləşə-fikirləşə gedirəm…

K.Ə-C.: Hüseynağa müəllimin xəbəri var idi?

Q.İ.: Yox. Həmişə keçdiyim yerdə birdən ağacın budağı düz gözümə girdi. Öz-özümə dedim, yox, getməyəcəyəm. Səhər zəng elədim ki, məni bağışlayın, gələ bilməyəcəyəm. O vaxtdan da getmirəm.

D.Y.: Bəlkə elə içinizdəki etirazın səsi kimi dillənib o hadisə, sizin də ürəyinizdən olub, getməmisiniz.

Q.İ.: Bilirsiz necədir, məndə belə bir xasiyyət var, yox deməyə utanıram. Baxın, mənim müsahibə verməkdən zəhləm gedir, amma çağırdınız, yox deməyə üzüm gəlmədi. Mən dəqiq bilirəm ki, əgər o gün Həsənağa müəllimin yanına gedib çıxsaydım, ona yox deyə bilməyəcəkdim və sonra gəlib Hüseynağa müəllimə utana-utana vəziyyəti izah edəcəkdim. Belə bir hadisə İsrafil müəllimlə də baş verdi, çağırdı məni, yox deyə bilmədim, hə yaxşı dedim, çıxdım, sonra gəlmədim (gülür).

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-14jpg-1024x683.jpg

D.Y.: Əməkdar artistsiniz…

Q.İ.: Bəli, 52 yaşımdan.                                        

D.Y.:Bax, bu qədər “başını aşağı salıb, işi ilə məşğul olan adam”, niyə bu qədər gec alıb bu adı?

Q.İ.: Mənə elə gəlir, mənə xoş idi ki, görənlər heyrətlə soruşurdular, sən hələ Əməkdar artist deyilsən? Ləzzətlə “yox” deyirdim.

D.Y.: Siz hələ Xalq artisti deyilsiniz?

Q.İ.: Yox (gülür).

K.Ə-C.: İndi də bunun ləzzətini yaşayırsınız…

Q.İ.: Hə (gülürük). Sizə deyim, adama qarşı pis hərəkət eləyəndə, adam onun cavabını verir, düzdür? Yaxşı hərəkət edəndə də gərək bir sağ ol deyəsən də. Məsələn, o qədər adam var idi ki, çoxdan o adları almalı idilər, amma almırdılar. Əbülfəs Qarayev nazir gələndən sonra aldılar, mən də onlardan biri…

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-6-1024x683.jpg


D.Y.: Hamleti oynamısınız. Çoxmu olub həyatınızda Horatsiolar?

Q.İ.: Horatsio mənim həyatımda həmişə olub.

D.Y.:Ümumiyyətlə, sənətçilərin dostluğuna inanırsınız?

Q.İ.: Niyə inanmayım ki?! Mən hər şeyə normal baxıram. Məsələn, bir aktyor yoldaşım yaxşı bir rol oynayıbsa, yaxşı mənada, ona paxıllıq edirəm, bu o demək deyil ki, paxıllıq edib onu Salyeri kimi zəhərləyirəm, yaxud ona güllə atıram. Yəni mən də istəyirəm onun elədiyini eləyim, əslində, bu heç paxıllıq da deyil.

K.Ə-C.: Hamleti neçə yaşınızda oynamısınız?

Q.İ.: 38

K.Ə-C.: Hamletin saysız-hesabsız yozumları olub teatr tarixində. Bu gün 58 yaşlı Qurban İsmayılov burdan baxanda 38 yaşlı Hamletini hansı yozumun sırasında görür?

Q.İ.: Birinci ondan başlayım ki, Hamleti bu yaşda da oynaya bilərəm.

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-5jpg-1024x683.jpg

K.Ə-C.:O Hamleti yox, yəqin ki…

Q.İ.: Təbii ki! Hamlet elə bir obrazdır ki, onu hər yaşda oynamaq olar, çünki Hamletin yaşı bilinmir. Hamlet elə bir obraz deyil ki, ona qapıdan çıxanda rast gələsən. Dostoyevskinin, Çexovun personajları deyil ki, küçədə onunla rastlaşasan. Hamlet fəlsəfi konsepsiyadır. Ona görə də, konkret yaş həddi yoxdur, hər yaşda oynamaq olar.

K.Ə-C.: Sualımı yenə təkrarlamaq zorundayam – Hamletinizi hansı konseptə aid edirsiniz – filosof, mütəfəkkir, yaxud…

Q.İ.: Anlamaq istəyən. Mel Gibson deyir ki, Hamletdən zəhləm gedir, çünki axıracan sual verir. Axırda da Horatsionu çağırır ki, sən deyərsən onlara. Orda da sual yaranır: nəyi? (gülürük). Bu suallar onun anlamaq istəyindən doğur. Buna görə, mənə elə gəlir, o, gəncdir. O, bilir ki, Klavdinin anasıyla münasibətləri, atasının ölümü və s. hakimiyyət uğrundadır. 58 yaşlı bir adam buna belə çılğın reaksiya göstərə bilməz.

D.Y.: Qurban İsmayılov Hamlet situasiyasına düşübmü nə zamansa, iki yol ayrıcında, dilemma qarşısında qalıbmı?

Q.İ.: Olub, həyati məsələlərlə bağlı olub.

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-1-1024x683.jpg

K.Ə.C:. Qurban müəllim, Hekubanın bizə dəxli var? Necə düşünürsünüz, bu gün Azərbaycan teatrı Hekubanın dərdinə ağlayır, yoxsa özünün?..

Q.İ.: Bu dəqiqə hərə öz dərdinə ağlayır, amma daha yaxşı olardı hamımız birgə teatrın dərdinə ağlasaydıq. Ancaq mən düşünmürəm ki, biz bu gün oturub ağlamalıyıq. Əslində, vəziyyətimiz bir o qədər də pis deyil. Sadəcə özümüzdən aşırı dərəcədə bədgümanıq. Yadımdadır, biz monotamaşa ilə Fəcr festivalına gedəndə düşünürdüm ki, bütün dünyadan teatr tamaşaları gələcək, biz necə edəcəyik, biabır olacağıq, filan. Həmişə belə məqamlarda öz-özümə deyirəm, bu sənət mənə lazım idi?.. Nə isə… biz orda çıxış elədik və mən gördüm ki, heç də başqalarından zəif deyilik. Sadəcə, komplekslərimiz həddindən çoxdur. Teatr üçün edə biləcəyimiz çox şeyləri də bu komplekslər ucbatından edə bilmirik, sığışdırmırıq özümüzə. Məsələn, mən facebookdakı dostlarımı istənilən tamaşanın afişasına “tag” eləsəm hardasa 100 tamaşaçı qazana bilərəm. Biz lazım olsa, əlimizə bilet alıb küçə-küçə gəzməliyik, teatrı təbliğ etməliyik. Bundan əvvəl açıb-ağartmalıyıq ki, nəyə və niyə lazımdır bu teatr, əhəmiyyəti, faydası nədir. Camaat niyə gedir yüngül komediya filmlərinə baxmağa? Çünki hələ Sovet dövründən belə bir şüar var idi: “Gülmək cana faydadır!”. Bir də ki, əvvəllər bölgə teatrlarının bir-birinə güclü inteqrasiyası var idi. Yadımdadır, uşaq idik, Naxçıvan teatrı qastrola gəlmişdi, Ağdam teatrı bir ay gəlib qalmışdı Ağcabədidə. Camaat teatr, tamaşa kimi anlayışlardan xəbərdar olurdu, indi hərə öz qınına çəkilib. Düzdür, bunu icra başçıları etməlidir, amma bundan qabaq həmən o başçılar teatrın “cana fayda”sından vaqif olmalıdırlar ki, məncə, bu işdə ən böyük yük siz teatrşünasların payına düşür. Baxın, teatra bu prizmadan yanaşsaq, məncə ağlamağa bir o qədər ehtiyac qalmayacaq.

http://teatro.az/wp-content/uploads/2018/07/Konul-jpg-1024x652.jpg

K.Ə-C.: Ağlamaq sözündən xoşunuz gəlmirsə, sualı belə qoyum: bu gün Azərbaycan teatrı Hekubanın dərdini oynayır, yoxsa özünün?

Q.İ.: Düşünürəm ki, bu gün hərə öz dərdinə ağlayır, öz dərdini oynayır. Əgər hamı “teatrın dərdi”ni oynasa, problemlərin çoxu aradan qalxar.

D.Y.: İndoneziyalılar deyir ki, pul ritualı, gerçək sənəti öldürür. Bu gün Azərbaycan teatrında pul yoxdu, sənət də ki… Nə saxlayır Qurban İsmayılovu teatrda?

Q.İ.: Deyəsən, məni provakasiyaya çəkmək istəyirsiz. Bu gün mənim düşüncəmdə nə pul var, nə də sənət… pul yoxdur, heç olmasa, sənət olsun da (gülüşürük).

D.Y.: Mən teatrımızın bugünkü mənzərəsindən danışıram.

Q.İ.: Həmişə bizdən əvvəlki nəslin nümayəndələrinə deyirəm ki, siz zalı dolu aldız, amma bizə boş verdiz. Deyirlər, niyə? Deyirəm, ona görə ki, “xəkəndaz truppaları” düzəltdiz, bir stol, iki stul qoyub bölgələrdə tamaşalar oynadız, uşaq da böyüdü, gəldi, elə bildi ki, teatr budur. Ona görə, bu gün estrada tamaşalarının, yüngül komediyaların bu qədər tamaşaçısı var. Amma, söhbət ümumi mənzərədən gedirsə, sənət, əlbəttə, var. Bizim teatrda da, başqa teatrlarda da sənət nümunələrinə rast gəlmək mümkündür. Lakin bu məsələyə birtərəfli yanaşmaq olmaz, çox mürəkkəb məsələdir.

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-8-1024x683.jpg

K.Ə.C.: Sizcə, teatrlarda maaşı 2000 manat eləsələr hər şey düzələcək?!

Q.İ.: Lap elə götürək sabah mənə dedilər ki, çıx serialdan, gəl, sənə 2000 manat maaş veririk. Teatrda 90 aktyor var və mən ildə bir yeni tamaşada oynaya bilərəm. Hər bir sənətkar bir qədər də biznesmen olmalıdır. Bu gün Azərbaycanda özəl teatrların yaranmağına çox böyük ehtiyac var. Moskvada bir metro açılan kimi yanında beş teatr açırlar. Hər şeyi də nazirlikdən, dövlətdən gözləmək düzgün deyil. Artıq sənətçilərimiz, necə deyərlər, öz ayaqları üstə dayanmağı bacarmalıdırlar. Bununçün də bayaq dediyim kimi, teatr ideyasını ictimaiyyətə yedirtmək lazımdır. Bunu siz teatrşünaslar etməlisiz. Yeri gəlsə, Təhsil Nazirliyinin qarşısında təkliflə çıxış etməlisiz ki, orta məktəbdə “Teatr” fənni tədris edilsin, necə ki, Moskvada edilir. Bu gün Azərbaycan xalqının XX əsrin əvvəllərindəki kimi maariflənməyə ehtiyacı var.

D.Y.: Məncə də maarifləndirməyə ehtiyac var, amma daha XX əsrin ifadə vasitələriylə yox…

Q.İ.: Əlbəttə, bu günün tələblərinə uyğun və bu günün ifadə vasitələrini mənimsəyərək.

K.Ə.C.: Ən reytinqli seriallardan birinə çəkilirsiz, filmlərdə çəkilirsiz və teatrda oynayırsız. Necə düşünürsünüz aktyor teatrda, kinoda, yoxsa seriallarda formalaşır?..

Q.İ.: Akyor teatrda yetişir və formada qalır, qazanır. Kinoda, serialda isə teatrda qazandıqlarını xərcləyir. Kinoda heç kim sənin nazınla oynamayacaq, teatrda isə daim prosesin içindəsən – bu, əsl yaradıcılıqdır.

http://teatro.az/wp-content/uploads/2018/07/ata-ocagi.jpg

K.Ə.C.: Bəs serialda necə qurursunuz işinizi? Bununçun hər hansı prinsip, konsepsiya varmı? Axı, qəhrəmanınızın gələcəyi və sonu sizə məlum deyil…

Q.İ.: Mənə əsasən xarakter lazımdır, xarakteri özüm üçün aydınlaşdırandan sonra ssenarinin gedişatında, hadisələr zəncirində nəyi necə edəcəyimi təxmin edirəm. Bir də ki, yaxşı ssenarist ssenari boyunca xarakteri dəyişmir, sadəcə hadisələri yazır və xarakterin bu hadisələr içində necə davranacağını müəyyənləşdirmək bir aktyor kimi mənim işimdir. Yəni, ola bilər ki, bu hadisənin içində xarakter bərk danışmaz, bir az qorxa-qorxa danışar. Serialda hadisələr xarakteri idarə edir, xarakter hadisələri yox. Amma əlbəttə, biz çalışırıq ki, əvvəldəki o toxum, nüvə itməsin.

D.Y.: Teatr sənətçiləri həmişə sənəti sənət üçün bilib, yüksək ideallarla yaşayıblar. Çətin olmadı ki, o ideallardan qopub serialın dayazlığında üzmək?

Q.İ.: Açığı deyim, mən heç vaxt “yüksək sənət” ideyasının pafosunu yaşamamışam. Əgər məni ildə iki dənə sizin dediyniz o sənət idealına uyğun filmə çağırsalar, mən ora-bura getmərəm. Türklərin bir aktyoru var, Xalid Ərgənç, onun 10 illik planı artıq yazılıb. Mənim seçimim yoxdur, başa düşürsüz? İstəyirəm ki, qazancım bu sahədən çıxsın. Mən bir dəfə getmişəm bu sənətdən, bazarda kartof satmışam, “sxoy zakon” vaxtı Ukraynaya konyak aparmışam, ordan da uşaq kalqotkası alıb gətirmişəm, pulum batıb. Sonra anlamışam ki, mən aktyoram və bundan başqa heç nə bacarmıram. İndi əgər mənə sənətimlə bağlı iş müqabilində pul təklif edirlərsə, bunun nəyi pisdir?!

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban19-1024x683.jpg

K.Ə.C.: Nəyə görə seriallara bu cür mənfi münasibət var? Seriallar aktyorun peşəkarlığına xələl gətirirmi, ştamplaşdırırmı?

Q.İ.: Yaxşı aktyoru nə ştamplaşdıra bilər ki?! Aktyor hər bir işi özünün eksperiment modelinə çevirməyi bacarmalıdır. Əksinə, seriallar mənim kamera vərdişlərimi əməlli başlı möhkəmləndirib.

D.Y.: Yaradıcılığınızın son mərhələsindən ata obrazı, atalar və övladlar məsələsi qırmızı xətt kimi keçir. Bunun həyatınızla bir əlaqəsi varmı?

Q.İ.: Rol mənə tapşırılandan sonra, düşünmürəm ki, bu atadır, ya babadır, əmidir. Mənə maraqlı olan odur ki, bu rolla nəyi və necə çatdıracağam tamaşaçıya. Məsələn, “Nar bağı”nda belə bir məsələ var ki, insan öz kökündən qopdusa, ondan hər şey gözləmək olar. İndi bu dəqiqə havada qloballaşma, multikultralizm və s. kimi ideyalar uçuşur. Mən də tərəfdarıyam dini, milli birgəliyin. Amma digər tərəfdən, insanın öz kökünə bağlılığı məsələsi də var. Kökündən qopmuş insan üçün müqəddəs heç nə yoxdur. Yəni o fikir ki, filmdə çatdırılır, mənə o maraqlıdır. Eləcə də “Müharibə”də… Lars Nuren özü yazır ki, biz o qədər murdarlanmalıyıq ki, özümüzdən iyrənək və bəlkə, onda təmizə çıxaq. Mənə çox vaxt deyirlər, hansı rolu oynamaq istəyirsən, cavab verirəm ki, yaxşı əsərdə oynamaq istəyirəm, hər hansı rolu oynamaq yox.

http://teatro.az/wp-content/uploads/2018/07/muharibe4.jpg

D.Y.: “Müharibə” tamaşasında çox güclü xəyanət motivi var. Maraqlıdır, həyatda belə xəyanətlərlə qarşılaşmısınızmı?

Q.İ.: Yox, elə bir sarsıdıcı xəyanətlə qarşılaşmamışam. Olub da yüngül-yaraq… Məsələn, mən əvvəllər bərk içən olmuşam. Oturub bir nəfərlə içmişik, sonra mənə deyiblər ki, filan rejissor sənə rol vermək istəyirdi, o “bir nəfər” qoymadı, dedi ki, bəs, o möhkəm içir, özü də dostum olub o bir nəfər. Çox olub belə şeylər, amma bəlkə də həyatın mənası elə bunlardadır.

K.Ə-C.: Stanislavski Koklen haqda deyirdi ki, o tamaşaçını təəccübləndirir, amma təsirləndirə bilmir. Yəni düşüncəsinə təsir etsə də ürəyinə, hisslərinə toxuna bilmir. Siz necə düşünürsünüz, aktyor tamaşaçının düşüncəsinə toxunmalıdır, yoxsa hisslərinə?

Q.İ.: Açığı, biz o məktəbdə yetişmişik ki (Stanislavskinin “sistem”ini nəzərdə tutur – red.), daha çox təsirləndirməyə, hisslərə toxunmağa üstünlük verilib. Bizə bunu öyrədiblər və biz də icra etməyə çalışmışıq.

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-28-1024x715.jpg

D.Y.: Amma digər tərəfdə Brext də var…

Q.İ.: Mənlik deyil…(Brextin divarda asılmış portretini görür və…) İlahi, bu necə Vaqif müəllimə (İbrahimoğlu – red.) oxşayır. Bayaqdan baxıram, elə bilirəm ki, Vaqif müəllimin cavanlıq şəklidir.

K.Ə.C.: Onda Vaqif İbrahimoğlu da sizlik deyil.

Q.İ.: Mənlik deyil deyəndə ki, Yuğun başlanğıcında mən də var idim. İnstitutu təzə bitirmişdim, Bəhram Osmanov Tədris Teatrında “Herostratı unudun” tamaşasını qoymuşdu, mən də oynayırdım orda. Tamaşasından sonra Aslan Aslanov dedi ki, bunu saxlayırsız Bakıda. Ailəli olduğumdan mənə azad təyinat verdi. Nə isə, uzun sözün qısası, Vaqif Ağayev (Əliağa Ağayevin oğlu) bizə – Vidadi Həsənova, mənə, Məmməd Səfaya və Vaqif Cabbarova dedi ki, gedin Yuğa. Getdik, açıq deyim, iki-üç məşq “Sa-lam” deyəndə məni gülmək tuturdu (gülürük). Bir təhər yola verdim. İkinci mərhələ, üçüncü mərhələ… Vaqif müəllim dedi ki, transa gedirik, transa… Məmməd Səfanın sifətini gördüm, özümü saxlaya bilmədim, gülməkdən yıxıldım. Vaqif müəllim məni qovdu (gülürük). Amma sonra gəldim, barışdıq. Koroğludan tamaşa hazırlayırdı, dedim, Vaqif müəllim, mən ailəliyəm, icazə verin, gedim, başqa teatrdan təklif almışam. O da, mən də başa düşdük ki, bura mənlik deyil. Dedi get, yolun açıq olsun.

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-17-1024x683.jpg

K.C-Ə.: Brext mənlik deyil deyirsiniz. Axı, Hüseynağa müəllimin yaradıcılığında Brext məktəbinin təsiri duyulurdu, siz də onun aparıcı aktyorlarından biri…

Q.İ.: Brext mənlik deyil deyəndə, yəni mən onun məktəbində deyiləm, onun məktəbi mənimçün əsas deyil. Amma mənim oynadığım Qurbanəli bəyi Brext görsəydi, qəbul edərdi. Yəni mən onu da oynayıram. H.Atakişiyevdə tək Brext də deyildi axı. Bir dəfə Rəhman Əlizadəyə pyes sifarişləri verilib, üç pyesdən ibarət “Əbləhlərin toyu”. Mən də teatrşünası oynayıram, mənə dama-dama şalvar- kostyum tikiblər. Getdim özümə qarın qoydum, parik qoydum, əlimi də arxamda çarpazladım, eynən H.Atakişiyev (gülürük). Hüseynağa da baxdı, baxdı, baxdı. Məşq qurtardı, gəldi ki, sən neynirsən? Dedim, neynirəm ki? Bu nədi, qarın qoymusan, qrotesk eləyirsən?! Dedim, başa düşmədim, nə təhər olmalıdır ki? Dedi, yox e, sən nəyə görə belə eləyirsən? Dedim, bu paltar var ha, get bir teatrşünası gətir, görüm, bunu geyinər? Klounadadır bu. Heç nə demədi. Səhər gəldim, məşqə başladıq. Dedi, hamı qrotesk eləsin (gülürük). Belə baxanda, elə Brext də bizimkidir (gülürük).

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-18-1024x683.jpg

D.Y.: Bayaq dediniz ki, Azərbaycana maarifçilik lazımdır, amma müasir dövrün ifadə vasitələri ilə. Sizcə, bu gün Azərbaycan ictimai düşüncəsində hansı qəhrəmanlara ehtiyac var?

Q.İ.: Bir az çətin məsələdir. İndi deyəcəyəm. Azərbaycan teatrından tamaşaçı niyə qaçdı? Yalançı sosializm realizminin əvəzinə gəldi yalançı patriotizm. Dramaturgiyadakı boşluqdan istifadə elədi şairlər, yazıçılar patriotik dramlar yazdılar. Artıq başqa yalançı patriotik obrazlar yarandı və tamaşaçı teatrda “yalan görüb” yavaş-yavaş teatrdan uzaqlaşdı. Bu gün də dramaturgiyada o problem davam edir. Gəlirəm sualınızın cavabına, bizə elə bir qəhrəman lazımdır ki, tamaşaçı ona inansın, qəhrəmanların dilindən yalançı şüarlar eşitməsin, aktyor obrazın, tamaşaçı da aktyorun səmimiliyinə güvənsin, inansın. Bilirsiniz, dramaturgiyamızda boşluq nə zaman yaranmağa başladı? Dramaturgiya əyyaşın nəyə görə əyyaş olduğunu, əxlaqsızın nəyə görə əxlaqsız olduğunu araşdırmırdı o vaxta qədər. Dünya dramaturgiyası bu problemi araşdırmağa başlayanda anti-qəhrəmanlar yarandı. Bizdə isə bu mərhələ yaşanmadı. Yalançı sosializm realizmindən birbaşa yalançı patriotizmə keçid baş verdi bizim dramaturgiyada. Bu gün də bizim teatrın ən böyük problemi dramaturgiyanın yoxluğudur. Kim var – Əli Əmirli və Elçin. Cavanlar yoxdur. Biz də məcburuq dünya dramaturgiyasına müraciət edək. Aktyou da qınamaq olmaz, hər aktyor elə danışa bilmir axı, tamaşaçı da gəlir, görür sünidir, qaçır. Məsələn, əgər Don Kixotu oynayıramsa, onun əslini, kimliyini, peşəsini nəzərə almalıyam, danışıqda da, davranışda da. Don Kixot zadəgandır, axı, o, bazar adamı kimi danışa bilməz. Bizim tamaşaçı da kitab oxumadığından Don Kixotun danışığı ona süni təsir bağışlayacaq. Ki, əslində, süni heç nə yoxdur, zadəgan belə danışır. Bir balaca ədəbi dildə danışan kimi tamaşaçı deyir sünidir, çünki kitab oxuyan xalq deyilik.

http://teatro.az/wp-content/uploads/2018/07/Qurban-Ismayilov-25-1024x683.jpg

K.Ə-C.: Dünya bir pəncərədir, hər gələn baxar keçər deyirlər. Qurban İsmayılov baxdığı o pəncərədən nələri görür?

Q.İ.: Nələri görmür?! Hər şeyi görürəm. Hər halda, düşünürəm ki, gördüyüm şeylər reallıqdır, həyatdır. Və mən bununla razılaşmışam, pisi odur. Amma razılaşmağımın da səbəbləri var. Təbii ki, istəyərdim pəncərədən gördüyüm şeylərə görə özümü o pəncərədən atım. Amma səbəblər var ki, qoymur…

 


Oxunma sayı: 88

Yazar haqqında