TEATR TARİXİNİ DƏYİŞƏN 15 MƏŞHUR TAMAŞA - I hissə

  • 30 Noy - 2019

Teatro.az sənət portalı Rusiyalı teatrşünas Kristina Matvienkonun məqaləsini təqdim edir. 

“2019 Teatr Olimpiadası” Arzamas jurnalı ilə birlikdə gündəlik olaraq “Günün tamaşası” layihəsini keçirir. Tarixçi Kristina Matvienko nəinki teatr tarixini dəyişmiş, həmçinin ümumi mədəniyyət tarixinə təsir göstərmiş 15 məşhur tamaşa haqqında danışır.

“Yuli Sezar” (1874)

https://cdn-s-static.arzamas.academy/uploads/ckeditor/pictures/14233/content_caesar.jpg
“Yuli Sezar” tamaşasından səhnə. II Georqun şəklinə Yohannes Klaynmihelin illüstrasiyası. 1874-cü il

Meyningen teatrı - kütləvi səhnələrə mizan verən və tamaşanın quruluşunda əşyalardan istifadə edən ilk teatrdır. Əvvəllər teatrlarda yəni, “italyan qutu”sunda əsas aktyor ön səhnədə üzü zala oynayırdı, digər aktyorlar isə arxada qalırdılar. Səhnənin arxasına bəzədilmiş pərdə qoyulurdu: Üzərinə qalalar, dağ, meşə və ya ev çəkilirdi. Bu dekorasiyalar isə yastı və kiçik görünürdülər. 

Hersoq  II Georq, onun həyat yoldaşı, aktyorlara mətn öyrədən aktrisa Ellen Franz və Saksen-Meyningen hersoqluğuna dəvət olunan rejissor Lüdvik Kronek 30 il ərzində səhnə islahatları apardılar. Meyningençilər əşyaların dəqiq seçilməsi və avadanlığın həqiqi formada hazırlanmasına önəm verirdilər, məsələn, Şekspirin “Yuli Sezar” əsəri əsasında hazırlanmış tamaşada sütunlar rəsm kimi çəkilməmişdi, əsl sütuna bənzəyirdi. Beləliklə, onlar ilk dəfə rənglənmiş pavilyondan imtina etdilər və gələcək rejissorlara – Andre Antuandan Stanislavskiyə - qədər yol açdılar. 

Kronekin ikinci icadı tamaşaçı zalının istənilən nöqtəsindən baxdıqda rahat görülə bilən kütləvi səhnələr idi. Statistlər səhnədə boylarının hündürlüyü, mizan coğrafiyaları və öz kiçik replikalarına uyğun düzülürdülər. Truppanın hər hansı bir aktyoru statist ola bilərdi - bu əvəzetmə prinsipi bu gün baş rolu, sabah isə, sadəcə, bir replikası olan rolu ifa etməyə hazır olmaq üçün idi, bu üsulu sonralar Stanislavski Moskva Bədaye Teatrında da tətbiq etdi. 

Meyningençilər 1885-1890-cı illərdə “Yuli Sezar” və bir neçə başqa tamaşa ilə Moskvada qastrol səfərində olmuşdular. Səhnə quruluşu və rekvizitlər qatar vasitəsilə gətirilmişdi. Kronek rus əsgərlərindən ibarət 200 statist yığmışdı. 

1891-ci ildə Kronek vəfat edir və teatr bağlanır. 

 

Kral Übü (1896)

34 yaşında vərəmdən ölən fransız yazar Alfred Jarri XX əsrin önəmli teatr fiqurlarından biri idi. Əslində, onu ölümündən sonra fransız sürrealistləri Antonen Arto və Roje Vitrak məşhurlaşdırmışdı. Arto hətta öz teatrına Jarrinin adını vermişdi.

https://cdn-s-static.arzamas.academy/uploads/ckeditor/pictures/14234/content_ubu.jpg
Kral Übü tamaşasının afişası. 1896-cı il

“Kral Übü” – ədəbsiz ifadələr və çirkin zarafatlardan ibarət qrotesk əsərdir.

Baş qəhrəman olan Übü A.Jarrinin oxuduğu məktəbdə nifrət etdiyi kök fizika müəllimi cənab Eberlə, Adolf Hitlerin qarışıq prototipidir. Müəllif bu əsəri ilkin variantda kuklalar üçün kiçik səhnələr kimi qurmuşdu, sonra isə onları trilogiya şəklinə saldı: “Kral Übü, yaxud polyaklar”, “Dəyyus Übü” və “Qandallı Übü”

Tamaşaya Jarrinin pyesi əsasında fransız teatrı “Evr” də rejissor-estet Lünye-Po quruluş vermişdi və tamaşa iki dəfə nümayiş olunmasına baxmayaraq, orada işlədilən ifadəyə görə qalmaqala səbəb olmuşdu.

Jarri XX əsrin inkişaf xəttində insanın zorakılığa və işgəncəyə meylini dəqiq təsvir etmişdi. “Kral Übü”də zorakılıq yolu ilə varlığa, gücə can atmaq absurd formada ifadə olunur. Jarri tərəfindən icad olunmuş patafizika (sənətin mərkəzində çirkinliklərin qabardılması və tamaşaçının ona baxarkən dəhşətə gəlməsi) XX əsrin müjdəçisi olmuş futurizmdən, qəddarlıq teatrından və Brextdən xəbər verirdi.

 

Qağayı (1898)

https://cdn-s-static.arzamas.academy/uploads/ckeditor/pictures/14235/content_chaika.jpg
Anton Çexov “Qağayı”tamaşasının premyerası ərəfəsində Bədaye Teatrının aktyorları arasında. 1898-ci il

Anton Çexovun ilk pyesi “Qağayı” birinci dəfə yenicə açılan Bədaye teatrında qurulmuşdu. Tamaşanın rəssamı isə Viktor Simov idi. Onun tərtibat verdiyi boz-yaşıl pərdədən Kamerqer səhnəsində bu günə qədər istifadə olunur.

Çexovun pyesinin şöhrəti isə heç də yaxşı olmur: 1896-cı ildə Aleksandrinsk teatrında uğursuz hesab olunan birinci quruluşda Nina Zareça rolunu Vera Komissarjevskaya oynayırdı: o novator pyesi sevgi dramı kimi oynamışdı və kütlə onun qəribə eyhamlarını və zəif intriqalarını başa düşmürdü. Bundan təsirlənən Çexov tamaşanın bitməsini gözləməyib teatrı tərk edir və bir daha pyes yazmayacağına söz verir. 

İki ildən sonra isə Moskva Bədaye Teatrı açılanda Konstantin Stanislavski və Nemiroviç Dançenko gənc intellektual tamaşaçılar üçün müasir pyeslər axtarmağa başlayırlar. “Qağayı” Dançenkoya uyğun variant kimi gəlir, Stanislavski və aktyorlar isə əsərin monoton və səhnə üçün yararsız olduğunu hesab edirlər. Amma sonda Dançenko Çexovun razılığını alaraq pyesə quruluş verir.

Moskva Bədae teatrının səhnəsində göstərilən tamaşa tezliklə “əhval və duyğu xətti” kimi tanındı: sakit, çox fiqurlu əsər, rus mülkədarlığının sönük atmosferi. Tamaşada Triqorin (Stanislavski), Arkadina (Olqa Knipper, gələcək Knipper–Çexova) və Treplev – gənc artist Vsevolod Meyerhold çıxış edirdilər.

 

Yay gecəsində yuxu (1905)

https://cdn-s-static.arzamas.academy/uploads/ckeditor/pictures/14236/content_midsummer.jpg
Yay gecəsində yuxu Maks Reynhardtın quruluşunda. 1905-ci il

Peşəsi aktyor olan yəhudi əsilli Maks Reynhardt səhnə dizaynında əsl inqilab etmişdi. 1905-ci il Alman teatrında quruluş verdiyi “Yay gecəsində yuxu” onun ilk işi olmuşdu. Şekspir komediyasını həll etmək, teatral yalanları və çevrilmələrin ardıcıllığı üzərində qurulan xaotik hadisələri təsvir edə bilmək üçün o vaxt Alman Teatrına dəvət olunan Reynhardt rejissor və tənqidçi Otta Bramla birlikdə fırlanan dairəni yaratmışdı. 

Dairədən əvvəllər də istifadə olunurdu, ancaq məhz bu tamaşada o, bədii bütövün mərkəzinə çevrildi. Tərtibat fırlanan dairədən ibarət idi – diametri 20 metr olan bu dairə sehrli meşəni canlandırırdı. Bütün tamaşa – aktyorların plastikasından tutmuş musiqiyəcən, işıq, gül hətta mamırların qoxusu da özündə möcüzəli mənzərə yaratmışdı.

Beləliklə, Reynhardt özünün klassikləri canlandırma proqramına başladı. O, bir neçə ildən sonra müasir və səs-küylü əsər olan Frans Vedekindin “Baharın oyanışı”na müraciət etdi, fırlanan dairə burada “tragik sinematoqraf” (söhbət Vedekindin əsərində qəhrəmanın tez-tez gah parlaq, gah qaranlıq xaotik dəyişimlərindən gedirdi) effektini yaratmaq üçün istifadə olunurdu. Reynhardtın bütün təcrübələrində, ilk növbədə “Yay gecəsində yuxu”da tamaşaçılardan texniki proseslər gizlədilirdi, bu tamaşanın bir hissəsinə çevrilirdi və naturalistcə  yox, romantik və sehrli görünürdü. 

 

Hamlet (1911)

https://cdn-s-static.arzamas.academy/uploads/ckeditor/pictures/14237/content_hamlet.jpg
Hamlet rolunda Vasiliy Kaçalov, Gertruda rolunda isə Olqa Knipper-Çexov . 1911-ci il

Bu tamaşa ingilis rejissoru və səhnə islahatçısı Edvard Qordon Kreqin Rusiyada qurduğu tək işi idi və o inqilabdan əvvəlki Moskva Bədaye Teatrına dəvət olunan yeganə xarici rejissor idi. Tamaşanın məşqləri üç il - 1908-1911-ci illərdə davam etsə də, nəticə uğursuz hesab edildi. Buna baxmayaraq, Q.Kreqin “Hamlet” üzərində iş dünya teatr tarixində əhəmiyyətli hadisə hesab olunur. 

Kreq məşhur aktrisa Ellen Terri və Heri İrvinqin oğlu idi. O gənclik illərində “Liseum” teatrında bir çox rollarda çıxış etsə də, sənətin başqa sahəsinə yönəlmişdi. Kreqin uşaqlığı səhnə arxasında keçmişdi, o yaxşı təhsil görmüşdü və teatr islahatlarına diqqətli yanaşırdı. 

Məqalələrində və çıxışlarında sənətdə naturalizmə qarşı çıxdığına görə bir çoxları ona düşmən kəsilmişdi. Kreqin heç asan xasiyyəti yox idi, hər kəslə dava edirdi, hətta onu Almaniyaya işləməyə çağıran Otta Bram ilə, sevgilisi Aysedora Dunkanın təkidi ilə Moskvaya çağıran Stanislavski ilə də dalaşmışdı. 

Teatrın Şərqin və Qədim Yunanıstanın rəqs və ritual hərəkətlərindən yarandığına əmin olan Kreq “Hamlet”i monodram şəklində, sakit oyun tərzi ilə qurmaq istəyirdi. Stanislavskinin aktyorları insanları oynamağı bacarırdı, Kreq isə aktyorlarından az fikirləşməyi, dəqiq plastik həll, tamaşanın arxitekturasına və  çətin işıq partiturasına uyğunlaşmağı istəyirdi. “Hamlet”in şirmalardan, kublardan və işıq şüalarından ibarət dəqiq memarlıq qanunları üzrə hazırlanmış çox gözəl səhnə tərtibatı var idi. Bu tərtibatın fonunda Moskva Bədaye Teatrının aktyorları, ələlxüsus Vasiliy Kaçalov Şekspirin əsərini psixoloji teatr qanunlarına uyğun - kiçik hissələrə bölüb, çalışırdılar. Kreqin simvolizmi ilə Stansilavskinin oyun tərzi qarşı-qarşıya gəlirdi və prosesdə iştirak edən aktyorlara çətinlik yaradırdı. Kreq özünün aktyor - fövqəl kukla ideyasını həyata keçirirdi, bu isə MBT-nın psixoloji realizminindən çox uzaq idi.

Nəticədə hər iki tərəf həvəsdən düşdü: Stanislavski “aktyor-kukla”dan dəhşətə gəlirdi, Kreq isə yazırdı: “Kaçalov Hamleti öz istədiyi kimi oynayırdı, bədii cəhətdən mənim şirmamı götürüb, tamaşanı gözümdən saldılar”. Buna baxmayaraq “Hamlet” insanla məkan arasındakı əlaqəsinə görə tarixdə maraqlı kəşflərin nümunəsi kimi qaldı, bundan sonralar kinoda Sergey Eyzenşteyn və Qriqori Kozintsev istifadə etdilər. 

 

Tərcümə edən: Razimə İsmayılova

Teatrşünas


Oxunma sayı: 365

Yazar haqqında