YUĞ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

  • 28 Noy - 2019

Bu il milli teatr mədəniyyətində özəl çəkiyə malik YUĞ Dövlət Teatrının yaranmasının 30, teatrın banisi görkəmli rejissor Vaqif İbrahimoğlunun 70 illik yubileyidir. 

Həm YUĞ Teatrı, həm də rejissor Vaqif İbrahimoğlu Azərbaycan teatr tarixinin müstəqillik dövrünün ən parlaq təzahürlərindəndir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmrinə əsasən, teatrın və onun yaradıcısı V.İbrahimoğlunun yubileyi yüksək səviyyədə qeyd olunur. 

Teatrın bütün yaradıcı heyətinin iştirakı ilə hazırlanan yubiley tədbiri dekabr ayının 3-də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq. 

Teatrın ədəbi hissə müdiri Elçin Cəfərovun sözlərinə görə, tədbirdə əvvəlcə qonaqlar teatrın foyesində sənət ocağının 30 illik fəaliyyəti əks etdirən fotolardan ibarət sərgiyə baxacaqlar. Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı fotosərgidə teatrın yaranma və inkişaf tarixinin müxtəlif mərhələlərini ehtiva edən fotoşəkillər nümayiş olunacaq. 

Yubiley tədbirində teatrın müxtəlif tamaşalarından parçalar nümayiş olunacaq, Vaqif İbrahimoğlunun Azərbaycan mədəniyyətinə bəxş etdiyi teatrın YUĞ Dövlət Teatrının tarixinə və inkişaf yoluna nəzər salınacaq. 


Oxunma sayı: 189

Yazar haqqında