Həyatda zahiri və batini gözəlliyin vəhdətinə rast gələndə qarşımızda mükəmməl obrazın canlandığını görürük. Məntiqə görə, belə nöqsansız varlığın üzünə bütün qapılar açıq olmalıdır! Xüsusilə də, söhbət incəsənətdən gedirsə... O zaman niyə biz, tale və qismət qarşısında aciz qalırıq?.. Nə üçün çoxlarının rəğbətini, sevgisini qazanan sənətkarın özünün daxilində çox vaxt məmnunluq hissi yarana bilmir?.. Nədən axı, ən uğurlu sənət adamına belə sözünü demək üçün bir ömür bəs etmir?..
Bəzən sənətkara verilən ən yüksək adlar, mükafatlar belə onun peşəsiylə bağlı möhkəm istəklərini ödəmək, sənətə verdiyi sevginin qarşılığını qaytarmaq iqtidarında olmur.
Elə bu dəfəki qəhrəmanımız - ömrünün əlli ildən çoxunu sevdiyi kino sənətinə həsr edən, Azərbaycanın Əməkdar artisti Zemfira Sadıxova kimi...
Zemfira Sadıxova:
-...1950-ci illər idi... Hər həftənin bazar ertəsi və cumə axşamı səhər, axşam şəhərin kinoteatrlarında yeni filmlər nümayiş etdirilirdi. Hər dəfə ekrandakı qəhramanları görəndə özümü onların yerində təsəvvür edirdim... Xəyallarımda müxtəlif obrazları yaşayırdım. Hərdən mənə elə gəlirdi ki, ekrandakı elə özüməm...
Onu da deyim ki, o zamanlar elə də çox film istehsal olunmurdu. Təkcə“Azərbaycanfilm” yox, eləcə “Mosfilm” və xarici kinostudiyalar da az film çəkirdi... Dünya müharibədən təzə çıxmışdı, ağır illər idi. Lakin trafey filmləri ötürmürdüm.“Vaterloo körpüsü” filmi məni heyran etmişdi. Xüsusilə də Vivyen Li... O vaxt on dörd – on beş yaşlarında olardım...
1940-cı ildə amerikalı rejissor Mervin LeRoyun çəkdiyi “Vaterloo körpüsü” bədii filmi neçə-neçə tamaşaçı nəsli arasında pərəstişkarlar qazandı. Füsunkar Vivyen Li yeniyetmə qızların, cəzbedici Robert Teylor isə oğlanların kumirinə çevrildi.
İllər sonra, yalnız böyük ekranlarda nümayiş etdirilən ən məşhur filmlər artıq televiziyada göstərilirdi. Hər şənbə günü “Retro” kinozalında...
Zemfira Sadıxova:
-...Anam da kinonu çox sevirdi. Əksər vaxtlar birgə gedərdik... Müxtəlif ölkələrin ekran əsərləriylə tanış olurduq. O cümlədən hind, türk, ərəb filmlərinə də baxırdıq. Müasir türk kinosu çox inkişaf edib. Bu günlə müqayisədə əllinci illərdə baxdığımız filmlər bir qədər bayağı görünür. Lakin türk filmlərinə axın var idi, zalda ikinci doğma dil səslənirdi. Lap arxada tərcüməçi əyləşərdi. Film boyu rus dilində mətni oxuyurdu. Tamaşaçılar onu dayandırırdılar: “...ehtiyac yoxdur ...hər şeyi başa düşürük!”.
Maraqlı idi...
Vətən”, “Azərbaycan”, “Nizami”, “Araz” kinoteatrları mənim ən çox sevib getdiyim məkanlar idi.
Səkkizinci sinifdə oxuyurdum... AzNeft-də “Tibb işçiləri” klubunun nəzdindəki dram dərnəyinə gedirdim. Müxtəlif tamaşalarda iştirak edirdim. Çox gənc idik. O zaman gələcəyin istedadlı aktyorları Həsən Turabov, Rauf Qəniyev və başqaları da ora gəlirdilər.
1957-ci ildə “Səməd Vurğunun şerini ən yaxşı oxuyan” adlı müsabiqə keçirildi. Gənc Tamaşaçılar Teatrının aktyorunu birinci, məni isə ikinci yerə layiq gördülər. İslam Səfərli də münsiflər heyətində idi. Mükafat olaraq mənə Səməd Vurğunun kitablarını bağışladılar.
Daha sonra dərnəkdə İslam Səfərlinin “Göz həkimi” əsəri səhnələşdirildi. Mən də İvanovun həyat yoldaşını oynayırdım. Ona “...Aç gözlərini,aç!..” deyərkən necə həyəcan keçirdiyim heç yadımdan çıxmır.
Bir gün atamla yol gedərkən müəlliflə rastlaşdıq. Yazarlar atamı yaxşı tanıyırdılar. O, Mərkəzi Komitədə jurnalist, publisist və tərcüməçi kimi fəaliyyət göstərirdi. İslam müəllim atama dedi ki, qızın çox istedadlıdır, gələcəyin əsl aktrisasıdır. Atam isə bununla bağlı narazı olduğunu bildirdi...
Biz millətimizin təbiətinə xas olan mənəvi dəyərlərlə bağlı məqamları heç vaxt nəzərimizdən qaçırmamalı, daima onlara diqqət və hörmətlə yanaşmalıyıq. Çünki, həmin təbiətin əsasında əsrlərlə inkişaf yolu keçən ənənələrdən qaynaqlanan bilgilər yaşayır.
Nə qədər düşüncə tərzi dəyişsə də, nə dərəcədə müasirləşsək də, məhz incəsənətin müəyən tərəflərinə münasibət həmişə müxtəlif olub. Nədənsə, qadın həyası, utancaqlığı, isməti dedikdə daha çox Şərq xanımları yada düşür... Lakin Qərb ədəbiyyatına, incəsənətinə nəzər yetirsək (xüsusilə də, orta əsirlər tarixinə), aydın olur ki, bütün dünya mədəniyyətində qadın hisslərinin, emosiyalarının, intim fikirlərinin aşkaranə nümayişi, böyük mənda, təqdir edilməib. Bu da bir daha, qadına tanrı tərəfindən verilən zərifliyə, incə ruha xələl gətirməmək, onu qorumaq və ucaltmaq naminə baş verib. Odur ki, fərdi şəkildə olsa da, belə münasibət daima mövcuddur.
Zemfira Sadıxova:
-...Mən isə uşaqlıqdan bu sənəti sevirdim. Məktəb illərində qılıncoynatma dərslərinə, idman gimnastikasına və at sürməyə gedirdim. Bədənin plastik inkişafına imkan yaradan bütün vasitələrdən bəhrələnirdim. Belə həvəsi məndə filmlər yaratmışdı.
Balaca idim... həyətimizdə qonşular bir yerə yığılardılar, mən də onlar üçün şeir deyərdim, mahnı oxuyardım, rəqs edərdim. Musiqini çox sevirdim. O vaxtlar çoxunun evində radio yox idi. Sevdiyim melodiyaları dinləmək üçün qaçardım xalamgilə. Üç yaşımda artıq qərarımı vermişdim ki, mən aktrisa olacağam!
Məktəbi bitirdikdən sonra arzum Moskva Kinematoqrafiya İnstitutuna daxil olmaq idi. Valideynlərim məni buraxmadı. Dedilər ki, ora uzaqdır, sən orada tək yaşaya bilməzsən... baxmayaraq ki, bacım Lomonosov adına universiteti artıq bitirirdi...
Bir halda ki, istədiyim sənətə məni buraxmadılar, onlara dedim ki, artıq fərq etmir, peşə ilə bağlı seçimi özləri etsinlər... sənədlərimi verdim ADU-nun İqtisad fakültəsinə. Bu fakültənin Azərbaycan dilində bölməsi olmadığından, rus dilində imtahan verdim və daxil oldum. Azərbaycan bölməsini bitirməyimə baxmayaraq, rus dilində səlis danışırdım.
Lakin o zaman Torqovayada yerləşən Teatr İnstitutunun yanından hər dəfə keçəndə göz yaşlarımı saxlaya bilmirdim... Arzum ürəyimdə qalmışdı.
İqtisad fakültəsində yarım semestr oxuduqdan sonra nəhayət ki, özümdə cəsarət tapıb sənədlərimi geri götürdüm və Teatr institutuna getdim. Adil İskəndərov, Məlik Dadaşov, Müxlis Cənizadə, Rza Təhmasib və Rahib Hüseynov kimi tanınmış pedaqoqların qarşısında imtahan verib Teatr İnstitutuna qəbul olundum. Bir səslə dedilər ki, sənin əsl yerin buradır, gəl!
Ələmdar Quluzadə ilə Rza Sarabski kurs müəllimlərimiz idilər. Dördüncü kursda onlar bizimlə Cəfər Cabbarlının “Almaz” pyesini qurdular. Mən Fatmanisəni oynayırdım. Olduqca xarakterik rol idi. Deyilənə görə, iyirmi dörd yaşıma baxmayaraq, yetmiş doqquz yaşlı ara qatan qarını səhnədə göstərə bildim. Çox bəyənmişdilər.
Həyatımda elə bir gün oldu ki, onu heç zaman unutmadım. Bacım Elmira Zamanova həmin ərəfədə fəlsəfə elmləri üzrə namizədlik disertasiyasını müdafiə edirdi. Bu hadisə ilə bağlı məclisdə dövrün tanınmış alimləri və bacımın opponenti Mehdi Məmmədovun yadda qalan çıxışları oldu.
Mərhum sənətkarın ünvanıma dediyi dəyərli fikirlər bu sənətə gəlməyimdə səhv etmədiyimi mənə bir daha xatırladır.
Mehdi Məmmədov:
...Mən tələbələrin işinə baxanda Fatmanisə obrazı diqqətimi cəlb etdi. Kimin oynadığını soruşanda, dedilər ki, adı Zemfiradır... lakin tanıya bilmədim. Sonradan həyatda onu görəndə heyrətə gəldim. Belə gənc, ziyalı, gözəl bir qız çox yaşlı olan Fatmanisənin rolunu necə də məharətlə ifa etdi... O, bütünlüklə obrazın özünə çevrilmişdi!..
...Sonuncu cümlə Zemfira xanımın ömürlük talismanına çevrildi... Ustad sənətkarın, tanınmış aktyorun gənc aktrisanı dəyərləndirməyi, onun haqqında söylədiyi müsbət fikirlər peşəkar həyata atılmaq üçün yaşıl işıq demək idi... Mehdi Məmmədovdan fikir eşitmək hər kəsə qismət olmazdı... Sevimli aktrisamızın öz sözlərinə görə o, hər dəfə yeni rola hazırlaşarkən tərəddüd, həyəcan hissi keçirəndə, estetikadan ona dərs deyən müəllimi Mehdi Məmmədovun sözlərini yada salıb dərhal özünü toparlayar, daxilində bir inam yaradardı.
Zemfira Sadıxova:
...İnstitutu bitirdikdən sonra məni təyinatla Gənc Tamaşaçılar Teatrına göndərdilər. Yusif Vəliyevlə ilk tanışlığım orada oldu. İşlədiyim iki il ərzində heç bir rol almadım, ancaq kütləvi səhnələrə çıxırdım... Yalnız “Son məktub” tamaşasında sonradan başqa ifaçının yerinə təyin olundum. Yusif Vəliyev mənim atamı oynayırdı.
Həmin illərdə İrəvanda Azərbaycan Dram Teatrı açıldı və Azərbaycandan bir çox aktyorlar ora dəvət aldılar, o cümlədən mən. Eyni zamanda, oradakı Azərbaycan radiosunda da işlədim. 1967-ci ildə “Əliqulu evlənir” komediyasında oynadım. O vaxt ermənilər məni səhnədə görüb özlərinə xas olan tərzdə fikirlərini bildirmişdilər: “...Çox gözəldir, heyif ki, türkdür...”.
Üç ay İrəvan teatrında işlədikdən sonra rejissor Şamil Mahmudbəyov zəng edib məni “Torpaq, dəniz, od, səma” filmində çəkilməyə dəvət etdi və mən Bakıya qayıtdım. O, məni Cəfər Cabbarlı adına kinostudiyasının dublyaj şöbəsindən tanıyırdı. Filmdən sonra isə Gənc Tamaşaçılar Teatrına qayıda bilmədim... Götürmədilər.
Üç ay işsiz qaldıqdan sonra radioda işə düzəldim və orada yetmiş dördüncü ilə qədər çalışdım. Eyni zamanda, filmlərə də çəkilirdim.
“Torpaq, dəniz, od, səma” filmində məni Hüseyn Seyidzadə gördü. Bir gün trolleybusda kinostudiyaya gedərkən hiss etdim ki, kimsə diqqətlə mənə baxır... Hüseyn Seyidzadə idi. Yaxınlaşıb məni “Dəli Kür” filminin fotosınaq çəkilişlərinə dəvət etdi. Mən də ondan xahiş etdim ki, mümkünsə birbaşa kinosınağı keçirsinlər. Rejissor razılaşdı.
Bir çox aktyorlar, o cümlədən kinostudiyanın direktoru Adil İskəndərovun özü də Cahandar ağanın roluna sınaq çəkilişlərinə dəvət almışdılar. Sonda Bədii şura yekdilliklə məni Mələk, Ələddin Abbasovu da Cahandar roluna təsdiq etdi.
İsmayıl Şıxlının 1967-ci ildə işıq üzü görən “Dəli Kür” romanı dövrünün ən çox oxunan əsərlərindən biri idi. Müəllifin öz əsərinə yazdığı senari əsasında çəkilən “Dəli Kür” bədii filmini izləyən tamaşaçıların sayı isə bu gün də kifayət qədərdir...
Sovet dönəmində çəkilən digər filmlər kimi bu filmin də tale yolu hamar keçmədi... İsmayıl Şıxlı senaridə bir neçə dəfə dəyişikliklər etməyə məcbur oldu. Sonradan filmin final səhnəsinə də müdaxilə edildi və epizodlar yenidən çəkildi. O səbəbdən müəllif, səhhəti ilə bağlı problemlər də yaşadı... Sovet ideologiyasına zidd ola biləcək, şübhə doğuran hər hansı bir cizgi dərhal itirilməliydi.
Sərt senzuranın diqtə etdiyi qaydalara, bəlkə də, bütün sahələrdən çox məhz kinoda riayət edilməliydi, ona görə ki, böyük ekranın cazibəsi və möhtəşəmliyi kütlə düşüncəsinə təsir göstərib onu idarə etməyə qadirdir.
Məhz elə bu zəmində söhbətimizin qəhramanı Zemfira Sadıxovanın “Dəli Kür” bədii filmində ifa etdiyi Mələk obrazının əlli ildən artıqdır ki tamaşaçı sevgisini qoruyub saxladığının şahidiyik. Və bu, bir daha təsdiqləyir ki, gözəllik zatən heç bir çərçivəyə sığa bilməz. O, istənilən kontekstdən kənardır və azaddır!
“Ekranımızın mələyi” adını qazanan aktrisanın filmoqrafiyasında “Dəli Kür”, bu günə qədər onu digər filmlərindən daha çox məşhur edən ekran əsəri olaraq qalır.
Zemfira Sadıxova:
...“Nizami” kinoteatrında keçirilən filmin premyerasında Mələk rolunun ifaçısı elan ediləndə zalda gurultulu alqışlar eşidildi (tamaşaçılar filmi hələ görməmişdilər...). Mən təəccüb etdim...Gözlənilməz oldu...
...Həqiqətən də, maraqlıdır... Axı, Zemfira xanım ilk dəfə idi ki, premyera səhnəsində görünürdü. Film nümayiş olunmadan bu qədər ardı-arası kəsilməyən alqışları necə qazanmaq olardı?..
Sadəcə olaraq, biz, elə bir ənənəni unutmuşuq ki, onu yenidən bərpa etmək, yəqin ki, bundan sonra çox müşkül olacaq...
O vaxtlar hər hansı bir bədii əsərin ekran versiyasını görməzdən əvvəl, insanlar (xüsusilə də ziyalılar), mütləq onun kitabını oxuyardılar. Kitabda və ekranda baş verənləri müqayisə etməyin özü də ayrıca bir müzakirə və təhlil prosesi olmaqla yanaşı, həm də bir əyləncə xarakteri daşıyırdı. Demək olar ki, hamı bədii əsərləri əzbər bilirdi, hər kəsin öz sevdiyi qəhramanı var idi. Odur ki, filmə hazırlıqlı gəlirdilər...
Düşünürəm ki, Zemfira xanımı Mələk obrazının ifaçısı kimi elan edəndə zalda əyləşənlər artıq İsmayıl Şıxlının əsərindən, yəni kitabdan tanıdıqları gözəlin sorağındaydılar... Ona əzəldən vurğun idilər... Eyni zamanda, bu rolun ifaçısının həyatda nə dərəcədə cazibədar olduğunu görəndə, tamaşaçı, təbii ki, emosiyalarını cilovlaya bilməzdi.
Təravətli, füsünkar, sevgi dolu Mələk! Daha doğrusu, Zemfira xanım!
Zemfira Sadıxova:
- ...1978 ildə Anarın öz senarisi əsasında çəkdiyi “Dantenin yubileyi” bədii filminə dəvət aldım. Baş rollarda çox istedadlı sənətkarlarımız Həsən Turabov və Zərnigar Ağakişiyeva çəkilirdilər. Mən bir qədər ədalı qonşu qadın rolunu oynayırdım. Rol xarakterik olduğundan mənə çox maraqlı göründü.
Epizodik olsa da, incə yanaşma tələb edən dolğun prosesdən zövq aldım.
Böyük tamaşaçı kütləsinin daima ekranda diqqəti bütünlüklə özünə cəlb edən möhtəşəm qəhraman obraza ehtiyacı olub. Bununla yanaşı, fərdi tamaşaçı zövqü də mövcuddur. Onun nəzəri daha çox xırdalıqlardan ibarət fərqli oyun tərzinə yönəlir. Mütləq deyil ki, bu, baş rol olsun... Burada rolun həcmi də əsas deyil, ən vacib olan – ifaçının dəqiq öz yerində olmasıdır.
Zemfira Sadıxovanın adı assosiativ olaraq Mələk obrazı ilə bağlıdır. Bu təbiidir. Aktrisanın istedadından əlavə zahiri gözəlliyi də filmdə öz yerini tutub. Belə də demək olar ki, bu rol, təbiətin ona bəxş etdiyi keyfiyyətlərin olduqca zövqlü bir şəkildə uğurlu təqdimatı idi.
“Dantenin yubileyi” bədii filmində biz artıq tamamilə fərqli, buna qədər tanımadığımız fərqli xislətli qadınla qarşılaşırıq. Ədalı və qısqanc qonşu qadın... Əslində, belə rolların yükü daha ağır olur... Film boyu çəmi bir neçə dəfə ekranda görünməklə paralel xətti düzgün hiss edərək, lazımı nöqtəyə qədər apara bilən və öz həqiqətinə qarşı tamaşaçıda maraq yaratmağı bacaran ifaçı mütləq yadda qalır. Bəzən, kəlmələriylə də: “...Teatrda həm sən baxırsan, həm də sənə baxırlar...”
Zemfira Sadıxovanın naz-qəmzə ilə səsləndirdiyi fikir, müəyyən bir dövrdə teatra tamaşaçın münasibətinin klassik formasını ifadə edirdi.
Zemfira Sadıxova:
Mən o zaman rejissor Oqtay Mirqasımovun və operator Rafiq Qəmbərovun birgə çəkdikləri “Gecə söhbəti” adlı qısametrajlı diplom işində də çəkildim. Sonradan Oqtay Mirqasımov məni “Anlamaq istəyirəm” bədii filmində ana roluna dəvət etdi. Yadımdadır ki, Cəmil Əlibəyov (kinostudiyanın o vaxtkı direktoru) mənim çəkilməyimi istəmirdi... Deyirdi ki, Zemfira Sadıxovanın potensialı yoxdur (Mən onun işlədiyi dövrdə bir çox filmlərdən məhrum oldum...). Oktay müəllim isə təkid etdi və ona bildirdi ki, mənim Zemfira xanımla işbirliyim olub, mən onun bacarığına, istedadına bələdəm, rolu da məhz onu nəzərdə tutub yazmışam. Nəticədə, çəkildim.
O filmdə mənim uzun müddətdən sonra oğlumla görüş səhnəm var, harda ki kövrəlib ağlaya-ağlaya ona qayğılı ürək sözlərimi deyirəm... Çəkiliş zamanı cümlələrin bəziləri yadımdan çıxdı və mən ifanı kəsmədən, vəziyyəti, ovqatımı saxlayaraq ağlaya-ağlaya rejissora müraciətlə davam etdim: “ ...Axı, mən sözləri unutmuşam...”
Oqtay müəllim kadr arxasından dedi ki, dayanma, nə deyirsənsə de, amma davam et... Beləcə o epizod bir dəfəyə çəkildi.
Sonradan bir neçə filmə çəkildim və kinomuzun böhran illəri başladı... Nisgilli ağır illər...
Həmin ərəfədə kommersiya teatrları açılırdı. Mən də onların birində müəyyən müddət işlədim. Bilmirdim ki, içimdə yaranan boşluğu nəylə doldurum. Kino meydançası üçün çox darıxırdım...
...90-cı illər... Matəm içində keçən dövr... İqtisadi böhran, elan olunmamış müharibə və depressiya... Belə şəraitdə, təbii ki, incəsənət sahəsi də çətinliklərə məruz qaldı. Kinostudiyanın qapılarını, demək olar ki, açan yox, teatrlar da uzun müddət tamaşaçısız ...
Yəqin ki, əzəli və sonu bilinməyən böyük dünya tarixinin zaman axarında illərin itkisi qısa qapanmaları xatırlada bilər. Lakin insan üçün hər ötən dəqiqənin hökmü, ağırlığı var.
Uzun müddət işsiz qalmaq, sevdiyin sənətdən uzaqlaşmaq insanda ruh düşkünlüyü yaradır və sonradan özünü bərpa prosesi böyük səbrlə möhkəm iradə tələb edir. İncəsənət sahəsində isə, xüsusilə də kino və teatrda baş verən fasilələr zamanı yaradıcı insan yadırğayır, kökdən düşür və özünə inamı azalır. Yalnız mənəvi gücə malik olan kəs özünü qoruyub saxlaya bilir və əzilməyinə imkan vermir. Bunun üçün sənətinə təmənnasız sevgi ilə yaşamalısan.
Söhbətimizin qəhramanını bu günə qədər sənətdə yaşadan məhz elə onun öz peşəsinə hədsiz sevgisi olub. Zaman onu sındırmayıb. Aktrisa dəfələrlə dəstək olmaq məqsədiylə tələbələrin, gənc rejissorların işlərində çəkilib. Hamı Zemfira xanımın ruh yüksəkliyinə, şuxluğuna, enerjiötürücü təbii gözəlliyinə həmişə heyranlıqla baxıb. Gənclər daim qocaman sənətkarı çəkiliş meydançasında fərəh hissiylə müşahidə ediblər. İş prosesi zamanı aktrisanın təmkinlə rejissoru dinləyib onun dediklərini dəqiqliklə yerinə yetirmək xüsusiyyəti Zemfira xanımın ən çox üstünlük verdiyi peşəkar keyfiyyətlərdəndir.
Zemfira Sadıxova:
- ... Mən rejissoru dinləməyi və eşitməyi əsas tuturam. Çəkiliş meydançasında o müəllimdir, mən isə tələbə... Hesab edirəm ki, belə işləmək daha rahatdır və düzgündür. Rejissorla mübahisəni sevmirəm. Düzdür, bu o demək deyil ki, mən müstəqil düşünməkdə acizəm. Sadəcə, heç kəsə mane olmaq istəmirəm. Eyni zamanda, onu da qeyd edim ki, çəkildiyim filmlərdə rejissorlar elədiklərimə heç vaxt etiraz bildirməyiblər. Bu da ondan irəli gəlir ki, mən onları diqqətlə dinləyib, dediklərini dəqiqliklə yerinə yetirmişəm və çox vaxt bir dubla çəkilmişəm. Yalnız bir film haqqında bunu deyə bilmərəm... Cəfər Axundzadənin “Dmitrov küçəsi 86” bədii filmi... Bu film məni uzun illərin yuxusundan ayıltdı. Peşəkar atmosfer üçün çox darıxmışdım. Bu filmdə rejissor mənimlə xırdalıqlardan ibarət incə aktyor işi apardı.
Fəaliyyətsiz illərdən sonra mən, yenidən özümü peşəkar meydanda arzuladığım ən maraqlı prosesdə hiss etdim. O mənimlə cümlələri belə nöqtə-vergülünə qədər işlədi. Hər kəlmənin intonasiyasına quruluş verdi. Yeddi gecə yuxusuz qalmağıma baxmayaraq, çəkilişlərdən olduqca böyük zövq aldım və yorğunluq hiss etmədim.
Bütün hallarda filmin sahibi rejissordur. Onun işinə müdaxilə etmək düzgün deyil. Lakin ağıllı ifaçı mütləq öz düşüncələrini rejissor təxəyyülünə əlavə edib gözlədiyindən daha maraqlı nəticə əldə edə bilər.
Rejissor nə istədiyini dəqiq biləndə, onu əlavə fikirlərə inandırmaq çox çətindir. Cəfər Axundzadə məhz belə rejissorlardandır. Onun “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmi buna nümunədir.
Film, böyük mənada, Bakı haqqındadır, daha dəqiq desək – Vətən haqqında, bir qədər də dərin düşünsək – yaddaş haqqında. Yaddaş insanı həm qoruya, həm də məhv edə biləcək gücə malikdir!
Filmin iki baş qəhramanı müxtəlif nəslin nümayəndələridir: Ağbirçək qadın (Şəfiqə xanım) və Gənc oğlan (Cəmil). Oğlan gecə evinə qayıdarkən həyətdə yaşadığı küçəni axtaran yaddaşı itmiş qadınla rastlaşır. Gəncin ona rəhmi gəlir. Beləcə, gecəni səhərə qədər Cəmil (Əlibəy Məmmədli) Şəfiqə (Zemfira Sadıxova) xanımla birgə onun yaşadığı yeri tapmağa çalışırlar.
Qarabağ müharibəsində övladını itirmiş ana obrazı Zemfira xanımın ifasında tam fərqli şəkildə öz təzahürünü tapır. Eyni zamanda, yaddaşının itməyinə baxmayaraq qadının daxilindəki kökdən gələn şəhər mədəniyyəti, xanımlıq və zahiri səliqə-səhmanı onun miskin görünməyinə imkan vermir. Sanki doğma şəhərinin yaşadıqları onun halında və görkəmində də ifadə olunur...
Düşünürəm ki, bu, Cəfər Axundzadənin Bakı, Vətən mövzularına çox dərin həssaslıqla özünəməxsus yanaşmasıdır. Filmdə hadisənin, əsasən, gecə cərəyan etməsi təsadüfi deyil. Gecədə bir hikmət var... Bakı gecələri üçün də, bu mənada, əzəldən sirli və ecazkar deyiblər... Məhz dünənlə bu gün arasında itən Bakının küçələriylə gəzən kameranın gözü, şəhərə çaşqın-çaşqın baxan Şəfiqə xanımın ovqatını tamaşaçıya incəliklə ötürə bilir. İsti və soyuq çalarların qarışıq təsirini yaradan gecə görüntüləri, kinooperator Əlişir Həmidhocayevin filmə zövqlə gətirdiyi bir özəllikdir. Zemfira xanım hər dəfə çəkiliş haqqında danışanda rejissorun və operatorun ona qayğıyla yanaşdığını qeyd edir. İllərlə peşəkar meydançadan ayrı düşən yaşlı aktrisanın səbrlə gecə çəkilişlərinə dözməyi bütün yaradıcı qrupu heyrətə gətirmişdi! Bu film, Zemfira Sadıxovanın kino yaradıcılığında ən səmərəli və yadda qalan işlərindən biridir. Qəribə də səslənsə, ilk baş roludur...
Zemfira Sadıxova :
– Cəfər Axundzadə mənə inandı. Təhlil zamanı qəhrəmanın psixoloji vəziyyətini, şüuraltı düşüncələrini mümkün qədər rahat dildə və tərzdə düzgün anlada bildi. Şəfiqə mənə doğma oldu...
Kinonun amansız tərəflərindən biri də odur ki, ən istedadlı aktyor da mənasız, zəif filmdə itə bilər. Lakin yaradıcı heyət peşəkar olub işə zövqlə yanaşdığı halda, ən təcrübəsiz aktyorun da işi uğurlu alına bilər, çünki hərə öz yerində öz işi ilə məşğuldur.
Hamıya bəllidir ki, aktyor sənəti asılı sənətdir. Aktyoru görməli, tanımalı və bəyənməlidirlər. Bu daha çox kinoda özünü sınamayanlara addir və yaxud yalnız teatrda işləyənlərə.
Tale elə gətirdi ki, Zemfira xanım teatr fəaliyyətindən uzaqlaşdı...
Əlliyə yaxın filmə çəkilsə də, aktrisanın potensial gücünü, onun yaradıcı imkanlarını aça biləcək rola rast gəlmək çətindir. Bu, təkcə qəhrəmanımızla bağlı problem deyil. Adətən, rejissorlar ifaçının üzdə görünən keyfiyyətlərindən çıxış edərək onu müəyyən bir obrazda axtarırlar və başqa cür təsəvvür edə bilmirlər, daha doğrusu, görmədiklərini ondan gözləmirlər. Aktyorla daha dərindən maraqlanmağa, onunla söhbət etməyə, onu tanımağa vaxtları olmur... Yəqin buna görə də aktyorların bir çox tərəfləri sona qədər qapalı olaraq qalır.
Təbii ki, kino, böyük maliyyə tələb edən sahədir. Filmlər çox çəkilməlidir və hər bir yaradıcı insan üçün, bu mənada, öz sözünü deməyə imkan yaranmalıdır. İlk növbədə isə, aktyoru təqdim edə biləcək, onun gizli bacarıqlarını aşkara çıxaran tutarlı və bütün zamanlarda aktuallığını itirməyən senarilər yazılmalıdır.
Elə yaşlı aktyorlarımız var ki, onlar üçün məxsusi senarilər işlənməlidir. Bu gün dünya kinosuna nəzər salsaq, yaşlı aktyorların baş rolda çəkildiyi filmlərin sayının artdığını müşahidə edərik. Bu o deməkdir ki, peşəkar və istedadlı insanın yaşı olmur, o, daima maraqlı qala bilir. Sadəcə, bunun üçün imkan yaranmalıdır, yəni bu haqda başqaları düşünməlidir, aktyorun özü yox.
Çox sevilən və oxunan yazıçı-dramaturq İlqar Fəhminin və rejissor Fikrət Əliyevin senarisi əsasında 2014-cü ildə çəkilən “Axırıncı dayanacaq” tammetrajlı bədii filmində bizim yaşlı sənətkarlarımız üçün özlərini bir daha sınamaq və tanıtmaq fürsəti yarandı... Təəssüflər olsun ki, hər dəfə filmə baxarkən rejissor və operator işində həllini tapmayan məqamları müşahidə edirik. Əslində, bu mövzu Zemfira xanıma bir aktrisa kimi yeni ampluada özünü təqdim etməyə imkan yarada bilərdi... Lakin bu dəfə də məlum səbəblərdən aktrisanın təqdimatı alınmadı.
Zemfira Sadıxova :
... Həsən Seyidbəyli bir gün mənə yaxınlaşıb dedi ki, Zemfira, mən bir gözəl senari üzərində işləyirəm, Xurşudbanu Natəvan haqqındadır, mütləq səni çəkəcəyəm...
Qismət olmadı... Rejissor dünyasını dəyişdi.
Bax beləcə, ömür ağacından yarpaqlar tökülür... Deyilməyən sözlər, açılmayan qapılar qalır...
Məgər Zemfira xanımın həyat yoldaşı, fitri istedad fenomeni, cəsarətlə deyə bilərik ki, bundan sonra da kino aləminə tək-tək gələ biləcək aktyorlardan xarizmasına görə bəlkə də yeganə olan nəhəng sənətkar Yusif Vəliyev sənətdə hansı ömrü yaşadı?.. Onun filmləri filmoqrafiyanın böyük hissəsini təşkil etməliydi və hər biri dərsliyə çevrilməliydi... Özü ayrılıqda bir məktəb idi. O, böyük rollar üçün yaranmışdı... Qeyri-adi cazibə qüvvəsinə və qeyri-adi bir səsə malik insan idi. Necə oldu ki, sənət ondan doymadı?..
Taleyin öz hökmü varmış...
Təəssüf... Təəssüf... Yenə də təəssüf...
Yusif Vəliyevlə Zemfira Sadıxova tandemindən yaranan ən gözəl sənət əsəri onların övladı Bahar Yusif qızıdır. Tanrı ona valideynlərinin hər ikisinin təbiətinin vəhdətindən gələn istedad verib. O, bu gün insanların ruhuna rahatlıq bəxş edən rəssamlıq sənətiylə məşquldur.
Aktrisanın həyatında xoşbəxt günlər, uğurlu hadisələr və hər kəsin daddığı acı itkilər də olub... Hamı onu ailəcanlı, xalqını, millətini sevən, iradəli və əqidəsindən dönməyən bir xanım kimi tanıyır.
Amma sənətdən danışanda həmişə təbəssümlə deyir:
-... Mən hələ sənətdə sözümü deməmişəm...
Mahmənzər
Fotoqraf: Hadi
Müəllifin digər yazıları
Milli teatr düşüncəsindən Avropa teatr düşüncəsinə körpü salan, bununla da onların sintezinə nail olan çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə ...
Tanınmış teatrşünas, yazıçı-jurnalist Yaqub Əlioğlu uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə M.Əliyev adı...
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...
2020-ci illər nəinki Azərbaycan, ümumilikdə dünya dramaturgiyasında dəyişikliklərlə yadda qaldı. İstər postpandemiya dövrü, istərsə də son texnoloji yeniliklər dramın mahiyyətində və dram növünə tələbatda köklü...
REJİSSOR, PROFESSOR FİKRƏT SULTANOVUN AD GÜNÜNƏ GECİKMİŞ TƏBRİK
Onu tələbəlik illərindən tanıyıram və həmişə sadəliyinə, səmimiyyətinə heyran qalmışam. Həm də hələ tanış olsam da, onunla ünsiyyət yaxınlığım yox idi. O, gənc müə...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Folklor teatrının müasir etnomədəni məkanda mövcudluq parametrləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirməyi planlaşdırır.
Folklor ...
Salam, İsrafil müəllim!
Əvvəlcə bu məktubu yazma səbəbimin tarixçəsindən başlayım. Ötən ilin dekabrında bir əlyazmanızı kompüterdə yığmaq üçün mənə verdiniz. Məktub idi. Müəlliminizə - Tofiq Kazımova yaz...
Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikanın Əməkdar artisti Zemfira Nəcəfova avqustun 1-də 74 yaşında vəfat edib.
Zemfira Musabala qızı Nəcəfova 1 aprel 1950-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 17...
Ritual Teatr və Yaradıcılıq Laboratoriyası sizi Kür çayının hekayəsini Virtual Reallıq Eynəklərində izləmək üçün sərgiyə dəvət edir.
Bu sərgi “Kür çayı xronikaları” adlı layihə çərç...
Avrasiya teatrlar birliyinin, Portuqaliya Mədəniyyət nazirliyinin, CTB- Comphania de Teatro de Braga və Braga şəhər bələdiyyəsinin birgə keçirdiyi "MİT III" Beynəlxalq Teatr Festivalı başa çatıb. 19-27 iyul 2024-cü il tar...