TEATRO

TEATRO

sənət portalı

post-title

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında daha bir Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,2 milyon manat, o cümlədən Azərbaycan Dövlət “Yuğ” Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Qax rayonu Gürcü Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Salyan Dövlət Kukla Teatrının hər birinə 100 min manat ayrılsın.

Dövlət başçısının bu Sərəncamı teatr xadimlərinin sevincinə səbəb olub. Azərbaycan Dövlət “Yuğ” Teatrının kollektivi də Prezindetin Sərəncamını böyük sevinc və minnətdarlıq hissi ilə qarşılayıb. Prezidentin Sərəncamı ilə bağlı teatrda toplantı keçirilib. Toplantıda çıxış edən teatrın direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov və baş rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ölkədə teatr sənətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, bu sahədə həyata keçirilən böyük islahatlardan danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət işçilərinin bir qrupu ilə görüşü və bu görüşdə dövlət başçısının mədəniyyət xadimlərinin təkliflərini, arzularını, problemlərini dinlədikdən sonra teatr, kino və musiqi sahəsində həyata keçirilən islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Görüşdən bir neçə gün sonra Rus Dram Teatrına və Musiqili Teatra akademik statusu verilib. Teatr işçilərinin əməkhaqları əhəmiyyətli dərəcədə artırılıb. Bir sıra teatrlarımıza maliyyə vəsaiti ayrılıb. Çox şadıq ki, Azərbaycan Dövlət “Yuğ” Teatrı da dövlət başçımızın diqqətindən kənarda qalmayıb. 18 oktyabr 1989-cu ildə Akademik Milli Dram Teatrının nəzdində qüdrətli sənətkarlar Vaqif İbrahimoğlu və Həsənağa Turabov tərəfindən studiya kimi yaradılan, sonralar dövlət statusu alan “Yuğ” Teatrı milli teatr mədəniyyətində özəl çəkiyə malikdir. Bu il 30 yaşını qeyd edən teatr fərdi estetikası, özünəməxsus dəsti-xətti, poetikası olan teatrlardandır. Yarandığı gündən milli teatr ənənələrindən bəhrələnən, xalq oyun-tamaşa mədəniyyətini Avropanın qabaqcıl teatr tendensiyaları ilə üzvi şəkildə birləşdirən “Yuğ” Teatrı bir çox xarici festivallarda ölkəmizi uğurla təmsil edib və bu gün də etməkdədir. Teatrda milli və xarici klassiklərin, eləcə də müasir müəlliflərin əsərləri əsasında 150-yə yaxın tamaşa hazırlanıb. “Yuğ” teatrı və onun yaradıcısı Vaqif İbrahimoğlu Azərbaycan teatrı üçün böyük rejissor və aktyor nəsli yetişdirib. 2016-cı ildən etibarən Dövlət Kukla Teatrının binasında fəaliyyətini davam etdirən “Yuğ” Teatrı həmişə milli məfkurəyə, azərbaycançılıq ideyasına sadiq qalıb və bu gün də Azərbaycan teatrının milli ənənələr üzərində inkişafı, dünya miqyasında tanınması üçün əlindən gələni əsirgəmir. 

Son günlər ərzində dövlət miqyasında teatr sənətinə göstərilən xüsusi diqqət və qayğı, teatr xadimlərinin bir sıra problemlərinin həllinə, maddi rifah halının yüksəldilməsinə yönəlmiş addımlar, o cümlədən cənab Prezidentin müvafiq Sərəncamı kollektivimizin gələcəyə daha nikbin baxmasına zəmin yaradır. İnanırıq ki, hər zaman sənətin və sənətçinin yanında olan dövlətimiz bundan sonra da, bütün teatrlar kimi, Azərbaycan teatr şəbəkəsində özünəməxsus yerə malik olan, heç bir teatra bənzəməyən 30 yaşlı YUĞ Dövlət Teatrının da qorunub-saxlanılması və yaradıcı inkişafı baxımından zəruri olan hər bir addımı atacaq. Bu Sərəncam teatrın bir çox problemlərinin həllinə yardımçı olacaq və kollektivimiz maddi problemlərdən qurtularaq öz yaradıcı faəliyyətini daha böyük əzmlə davam etdirəcək.   

Load Time (S) : 0.005233