TEATRO

TEATRO

sənət portalı

post-title

Yelena Aldaşeva - Çexov Festivalında “dəlilik” mövzusu

Moskvada Çexov Festivalı çərçivəsində Fransız şirkəti “Paul en Seine” və baletmeyster Murad Merzukinin “Folia” tamaşası nümayiş olunub. “Folia” portuqal dilindən tərcümədə “dəlilik” deməkdir.

Bu gün Çexov Festivalı bəzən tamamilə avanqard, bəzənsə snobların narazılıqla çiyinlərini çəkib, haqqında “bu teatr deyil, sadəcə, şoudur!” dedikləri teatr dünyasının əsas bələdçisidir. 

Əslində isə, Çexov festivalı teatrın nə olduğu haqqında təsəvvürləri genişləndirir. Amma bütün konvensiyaları sındıran radikal jestlər mənasında yox, özündə ən gözlənilməz olanı, o cümlədən, mədəniyyət marginallığını, kütləvi mədəniyyəti, hətta “aşağı janrları” da  birləşdirən hərtərəflilik mənasında. 

Ümumiyyətlə, çağdaş sənət anlayışı uzun zamandır ki, özündəki bu “sabit” bölgüdən imtina edib, lakin tamaşaçı qavrayışı və tənqidi təfəkkür hələ də “Zoluşka” inadkarlığı ilə noxudu mərcidən ayırmağa çalışır...

Musiqili teatr sahəsində mütəxəssis olmadığım üçün Murad Merzukinin ərsəyə gətirdiyi “Folia”nın xoreoqrafik məzmunu haqqında, ümumiyyətlə, danışa bilməyəcəm. Lakin tamaşanın bu gün daha aktiv şəkildə dramatik teatra nüfuz edən komponenti də musiqi təqnidçisinin diqqətindən kənarda qalacaq. 

Baxın, məsələn, siz Kirill Serebrennikovun tamaşalarındakı barokko motivlərini mənim qədər sevirsinizmi? Ancaq “Barokko” tamaşasında yox, bir çox işlərində. Deyək ki, “Yay gecəsində yuxu”dan tutmuş “Nureyev”ə qədər.

Tez-tez meydana çıxan barokkoyaoxşar musiqi təzahürlərini nəzərə almasaq, Barokko dünyanı qavramanın və onu bədii ifadə etmənin vasitəsi, “mədəni layihə” kimi bu gün aktuallaşmaqdadır. Həm də həm teatrda, həm də ondan kənarda, məsələn, Vladislav Deqtyaryovun barokko və XX-XXI əsrlərin arasındakı paralellər və güzgüvari münasibətlər haqqında kitabı çıxıb. “Folio” da məhz bu paralelləri araşdırır.  

Axı, Barokko həm də müxtəlif qütblər, bir-birinə zidd təzahürlər arasında elektrik sahəsidir. “Teatr hip-hopunun atası” və lideri Murad Merzuki barokko musiqisinin mütəxəssisi olan Frank-Emmanuel Kontla birlikdə bu iki (sanki) əks qütbü birləşdirir. “Folia”dakı rəqslər həm müxtəlif üslublu çağdaş rəqsdir (contemporary dance), həm breyk dans, hətta pointe rəqsidir.  

Musiqi Kontun yaratdığı Barokko musiqi ansamblının ifasında canlı səslənən kompozisiyalardan ibarətdir. Bütün bunlar bu və ya digər şəkildə borokko epoxasında fövqəladə dərəcədə məşhur olan, portuqal xalq rəqsi kimi meydana gələn, sonrkaı variasiyalar üçün model olan foliodan ruhlanıb. Buna misal kimi Vivaldini və Maykl Naymanı göstmək olar.  

Soprano Hiter Nyuhaus yalnız oxumur, həm də hadisələrdə iştirak edir. Musiqiçilər kimi o da səhnəyə epoxanın stilizə olunmuş ispansayağı qırmızı geyimində çıxır, ancaq hər halda, ətək-şleyfin altından müasir şalvar görünür. Rəqqaslar hadisələrin böyük qismində heç bir dövrlə birbaşa əlaqəsi olmayan və XX əsrin ortaları ilə müasir dövr arasındakı geyim tərzlərini eyhamlaşdıran  parlaq kostyumlarda çıxış edirlər. 

Əvvəlcə onlar səhnənin qara planşeti üzərində kürəşəkilli “kabinə” istiqamətində yuvarlanaraq səhnəyə çıxırlar. Onun içində - sakitcə yanan lampalar var. Kabinənin içində Hamletin qəlibindəki kimi dünyanın hakimi olursan. Orada “mədəniyyət” – qədim musiqi var (birinci səhnədə gitaraçı). 

Rəqqaslar digər boz rezin kürələrin üzərinə tullanana qədər hərfi mənada ikinci plan ortaya çıxır – yenə də mədəniyyət. Dumanlı – üzərində rəsmlər çəkilmiş şəffaf pərdənin arxasında  - kulisdə musiqiçilər yerləşir. Onların başları üzərində sanki şamı xatırladan müxtəlif formalı çilçıraqlar yanır. 

Həmin yerə girmək olmaz, amma oradakı insanlar hər dəfə daha böyük inadkarlıqla oradan çıxaraq bu tərəfə müdaxilə etməyə çalışacaqlar. Buna hələ çox var, indi isə işıq şüasının altında qalmış yeganə “top” heç də boz deyil – bu rəngli, parlaq qlobusu ifaçılar sanki oynayaraq, əlləri, kürəkləri, başları ilə aktobatik və artistik şəkildə döşəmənin üstündə saxlayacaqlar. O məqama kimi ki, onlar kürəni deşəcəklər – və o, sözün əsl mənasında, toza çevriəcək. Yerin içindən nə qədər toz, kül töküləcək. 

Özlərini itirmiş halda başları üzərində partlamış şarın altında dayanan “müasir insanlar” oyuna davam edirlər və qırmızı geyimli qəhrəmanın arxasınca gedirlər. Daha doğrusu, burada kim olmasından asıı olmayaraq, Nyuhaus sanki keçmişi, mədəniyyəti və sənin özünə də məlum olmayan bəkqraundu  eyhamlaşdıran şərti “barokko”dur.  

Nəhəng Dünya Teatrı kimi cəlbedici və öldürücü “barokko” solistləri tək-tək və duet şəklində özünə cəlb edir, onların hər biri üçün bu müstəqil nömrədir. Bu nömrələrdən sonra solistlər qeyb olur, sanki zaman onları “yeyir”.  

Yəqin ki, ən təsirli epizod batutla olan səhnədir. Batut sanki özü səhnəyə nüfuz edir, şəffaf pərdənin altından sürüşüb çıxır, sərt dairəvi səthə malik olana qədər, yer kürəsinin səthinin formasını alana qədər şişir, böyüyür.  

Bütün bu müddət ərzində ifaçılar onunla qarşılıqlı münasibətdə olurlar, üstündə rəqs edirlər, sonra ecazkar (barokko) akrobatik-rəqs nömrələri yerinə yetirirlər, daha sonra isə ansambl batutu çiyninə qaldırır və yerin əyilmiş səthi kimi üzünü tamaşaçıya çevirir. 

Albalı rəngli don geyinmiş rəqqasə ayağa qalxır, sonra sürüşüb yıxılır, aşağı küncə - zala doğru hərəkət edir. Əks tərəfə - geriyə yıxılana qədər irəlidəki ənginliyə baxır. Barokko - uçuruma yuvarlanmaq deyil, ən yüksək zirvədən qopmaqdır.

Burda çoxlu gözəlliklər var. Zahiri atributlar o qədər də orijinal deyil, amma dəqiqdir, səhnə tərtibatı təfərrüatlardan məhrumdur. Ancaq bəlkə də, hər şeydən gözəl yarımşəffaf pərdədir, “ismarıcdır”. Finala yaxın qırmızı geyimli qəhrəmana mane olmağa çalışırlar  – o, mürəkkəb plastik rəqsdə iştirak edənə qədər onun yolunu kəsirlər. 

Sonra isə səhnəyə dərviş libasında  - dövrə vuran zaman gül ləçəkləri kimi burulan ağ köynəkli, uzun ağ ətəkli qaradərili rəqqas çıxır. O, elə qar yağanda da fırlanacaq. O, təxminən 5 dəqiqəlik böyük nömrədə finalda heç nəyə baxmayaraq, rəqqaslar ansamblı nikbin və həyat dolu “gözəlliyin harmoniyası ilə” qovuşana qədər qar yağmuru altında fasiləsiz fırlanır. 

Kürələrin musiqisi: Nə qədər ki, yer kürəsi fırlanır, nə qədər ki, kimsə oxuyur və rəqs edir, deməli, dünya yaşayır. Və nə qədər ki, ilk səhnələrdə olduğu kimi, yanaşı olanlar foliya-dəlilik zamanı bir-birini qucaqlamağa macal tapacaq, deməli, dünya var olacaq. Hətta ümidsiz bədbinliklə dolu barokkonun ləzzətli harmonik disharmoniyasında və hip-hopda belə! 

Tərcümə edən: Cavanşir Qasımov
 

Load Time (S) : 0.004727