Vüsalə İbrahimli, Nərminə Kamalova - Katalizatorun səsi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 12,16, 23 fevral tarixlərində “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsi həyata keçirilib. “KATALİZATOR ArtHub” ...
May ayında TÜRKSOY-un təşkilatçılığı, Özbəkistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Daşkənddə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnistutunda I “Türk dövlətləri tələbə tamaşaları teatr festivalı” keçirilib. Sözügedən festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru ixtisası üzrə III kurs tələbələri Tuncər Cücənoğlunun “Uçqun” əsəri əsasında hazırlanan tamaşa ilə iştrak ediblər. Tələbələr arasından Ləman Səlimova səhnə əsərindəki gənc qadın roluna görə “Ən yaxşı qadın rolu” mükafatına layiq görülüb.
Həmin kursun rəhbəri, Əməkdar artist Yaqut Paşazadə və tələblərdən festivalla bağlı təəssüratlarını bizimlə bölüşməklərini xahiş etdik. Amma söhbətimiz təkcə festival haqqında olmadı...
Vüsalə İbrahimli: Əvvəlcə Yaqut xanım başda olmaqla uğurunuza görə hər birinizi təbrik edirik! Bu sizin ilk qastrol səfəriniz idi?
Tələbələr: Ölkə daxilində bir neçə səfərimiz olub. Lakin xarici ölkəyə ilk səfərimiz idi.
V.İ.: Xarici ölkəyə ilk qastrol səfəri, I “Türk dövlətləri tələbə tamaşaları teatr festivalı”nda iştrak sizin həyatınıza nə qatdı? Hər birinizin təəssüratı maraqlıdır.
Nərminə Kamalova: Bəlkə elə mükafata layiq görülmüş Ləman Səlimova ilə başlayaq?
Ləman Səlimova: Öncəliklə, çox sağ olun ki, bizimlə bu müsahibəni edirsiz. Bu festival mənə əlbəttə ki, çox xoş və unudulmaz hisslər yaşatdı və mənim üçün böyük təcrübə oldu. Əslində xüsusi mükafat almağı gözləmirdim. Təbii, belə hallarda hamı gözləyə bilir, amma bizim festivala gediş məqsədimiz bundan ibarət olmadığı üçün bu barədə düşünmürdüm.
İlk olaraq deyim ki, festival məndə gözəl hisslər yaratdı. Çünki, biz orada yeni insanlarla və onların mədəniyyətləri ilə tanış olduq. Türk xalqları olduqları üçün nə qədər bizə yaxın olsalar da, özlərinə məxsus adət-ənənələri mənim üçün çox maraqlı idi. İlk gündən festivalda bizi gözəl qarşıladılar. Çox istiqanlı, mehriban idilər. Oradakı tələbələrin, müəllimlərin bizə qarşı olan marağı, diqqəti bizə xoş oldu. Deyə bilərəm ki, Azərbaycan qrupu olaraq bizə xüsusi diqqət göstərirdilər. Dillərimiz yaxın olsa da bəzən başa düşmədiyimiz sözlər olurdu, buna baxmayaraq biz yaxşı anlaşa bilirdik. Festival çox gözəl təşkil olunmuşdu. Festival çərçivəsində biz maraqlı tamaşalar izlədik, onalrın Sənət İnstitutunun müxtəlif kafedralarında olduq, ustad dərslərində iştirak etdik. Yaqut xanımın da ustad dərsi oldu və böyük maraqla qarşılandı. Mənim üçün ən maraqlı olan kukla kafedrası idi. Çünki, tələbələr 4 ilin sonunda yekun tamaşa olaraq öz düzəltdikləri kuklalar ilə tamaşa göstərirdilər. Məxsusi bizim üçün də bir neçə parça oynanıldı və həqiqətən zövq aldıq.
Festival boyu hörmətli rektorumuz Ceyran xanım Mahmudova, İsrafil müəllim (professor İsrafil İsrafilov-red.) və əlbəttə ki, Yaqut xanım bizimlə birlikdə idi və bizə çox dəstək oldular. Bizim üçün bu gözəl şəraiti yaratdıqları üçün onlara çox təşəkkür edirəm. Belə bir festivalda mükafat almağım mənim üçün qürurverici idi. Bu həm də düşünürəm, tək mənim mükafatım deyil, bütün qrupumuzun mükafatı idi. Çünki biz orada bir qrup işi göstərirdik və mən bu mükafatı işimizin ümumi nəticəsi olaraq görürəm. Mükafatı mən alsam da, bu, bütün qrupumuzun əziyyətinin bəhrəsidir və eləcə də Yaqut xanımın. Mən ona xüsusilə təşəkkür edirəm. Çünki Yaqut xanımın mənim həyatımda rolu çox böyük və danılmazdır. Həm universitetə qəbul olunmağımda, həm də kurs rəhbərim kimi. Mən bu gün əldə etdiyim bütün uğurlarıma görə Yaqut xanıma borcluyam.
Eləcə də qrupumuz adından üç ildir üzərimizdə böyük əməyi olan səhnə danışığı müəlliməmiz Kəmalə xanım Mehdiyevaya da çox təşəkkür edirəm. Bu işin ərsəyə gəlməsində onun da əziyyəti böyükdür.
V.İ.: Çox gözəl. Ümumiyyətlə mükafat qazanmasydınız belə, başqa ölkədə universitetimizi təmsil etməyiniz özü-özlüyündə bir uğurdur. Mükafatla geri dönməyiniz isə ikiqat.
L.S.: Təbii ki, elədir. Biz onsuz da mükafat eşqi ilə getməmişdik. Ölkəmizi, universitetimizi layiqincə təmsil etmək əsas idi bizim üçün. Mükafatı almaq isə daha da xoş oldu.
Brilliant Zeynalova: Festivalda əsas, biz kim olduğumuzu göstərdik. Həm bayrağımız çiyinimizdə gəzməklə, həm də mahnımızla. Aktivliyimiz bizi digər ölkələrdən fərqləndirirdi.
Fidan Ağazadə: Mənim üçün ən yaddaqalan məqamlardan biri o oldu ki, onlar çox qonaqpərvər və istiqanlı idilər. Yəni üzlərindən heç vaxt hiss etmədim ki, mən nəsə deyəndə, nəsə xahiş edəndə mənfi reaksiya versinlər. Adi fotoqraf tələbədən belə nəsə xahiş edirdim, canla-başla edirdi. Bir dəfə görmədim ki, üzünü turşutsun. Hər istədiyimi yerinə yetirirdilər, çox sağ olsunlar. Maraqlı tarixləri ilə tanış etdilər bizi. Elə bil özəl olaraq azərbaycanlılar üçün hazırlaşmışdılar. Hər şeyi ilə yaddaqalan bir festival oldu.
Abbas Qənbərov: Məndə də ancaq xoş təəssüratlar yarandı. Açığı, getməmişdən öncə onlardan elə də qonaqpərvərlik gözləmirdim. Deyirdim ki, bizi nə dərəcədə xoş qarşılaya bilərlər? Festivalda iştirak edənlər, universitet hə. Qəbul etməlidirlər, xoş qarşılamalıdırlar. Amma həqiqətən də festivaldan kənarda insanlar bizim qonaq olduğumuzu eşidiəndə hər şey etməyə hazır idilər və edirdilər də. Məsəlçün, bir dostumuz var idi hamımızı evinə qonaq etdi. Taksi sürücüsü belə biləndə ki, biz azərbaycanlıyıq, nə edə bilərdi? Pul almamaq əlindən gəlirdi. “Yox e, siz qonaqsınız”, bunu deyirdilər. Festivalda yeni dostlar qazandıq, onların adət-ənənələrini öyrəndik, böyüyə-kiçiyə hörmətlərini gördük. Teatrda hansı dərsləri keçirlər, necədir onların dərs prosesi, bunları gördük. Universitetlə tanış olduq, etüdlərini gördük, operatorların otaqları ilə tanış olduq, bu ali məktəbdə kukla sənəti ayrıca tədris olunur. Bizi xüsusi olaraq dəvət etdilər. Kukla teatrının kafedrasına getdik, orada bizə kuklalarla konsert-proqram göstərdilər. Bizimlə məxsusi özəl bir əlaqə qurmağa çalışırdılar. Hər dəfə dəvət üçün yanımıza gəlirdilər. Bu bizim fərqliliyimiz idi. Hər biri türk milləti idi, amma biz seçilirdik. Bütün digər iştirakçı millətlərin mahnısı, rəqsi gələndə hamı oturur, baxır. Azərbaycanın rəqsi gələndə adamın tükü biz-biz olur axı, istər-istəməz coşurduq. Hamı baxırdı ki, bunlar kimdirlər? Səhnəni qoyub, bizə baxırdılar.
Nicat İsgəndərov : Özbəkistan bizə çox şey qatdı, təcrübələr qazandırdı, festivalın gedişatını sevdik. Açığı fikirləşmirdim ki, bizi belə xoş qarşılayarlar, ancaq fikirləşdiyimdən daha çoxu oldu. Festival barədə deyə bilərəm ki, biz qrup olaraq əziyyət çəkdik və layiq olanı aldıq. Aktivliyimizlə ordakıların hamısından seçilirdik, festival da bunu sevir. Ümumi türk xalqları olduğuna görə, bir-birimizə qanımız qaynayırdı. Ora mənə indi yuxu kimi gəlir. Heç bilmədim ki, 6 gün necə keçdi, amma əla keçdi. Çox təcrübə qazandırdı, öyrətdi, əyləndirdi, zamanın tez keçməyi isə üzdü.
Elşad Şirinov: Mənim ümumiyyətlə məqsədim başqa yönədir, xaricə getmək istəyirəm. Heç vaxt xarici ölkədə olmamışdım. Yaxşı ki, getdim. Mənə həmişə maraqlı gəlirdi ki, xaricdəki uşaqlar necə düşünürlər, necə fikirləşirlər, bizdən fərqli olaraq onlarda sənət anlayışı necədir? Gördüyümüz qədərilə, əslində böyük üstünlükləri yoxdur, bərabərik. Amma biz onlardan aktivik. Məsələn, biz rəqs edəndə bütün vücudumuz, sümüklərimiz oynayır. Onların rəqslərində isə əsas elementlərin nümayişini görürdük və fərqimiz aydın hiss olunurdu, diqqəti özümüzə çəkmişdik.
Avropa və Asiyanın ortasında yaşayırıq və burda birinci növbədə yaşam şərtləri gəlir. Etiraf edim ki, seçim qarşısında qalmışdım. Gəzib, görmək üçün ikisindən birini seçməliyəm. Düzdür, yenə də Avropanı üstün görürəm. Özbəkistanda olanda Azərbaycanda nələr edə biləcəyimi anladım, öyrəndim. Nə yaxşı ki, 3-cü kursda getdim, 4-cü kursa qədər nələr edə biləcəyimi gördüm. İsrafil müəllim sağ olsun, bizimlə saatlarla söhbət etdi. Mənə aydınlaşdı ki, ölkəmdə nə edə bilərəm. Ölkəmin qədrini bildim və bu mənada, festival düşünməyə vadar etdi. Xarici ölkədəki uşaqların düsüncə tərzlərini öyrəndim, yaşam tərzindəki fərqi gördüm.
Əli Əsədov: Belə bir deyim var: Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı. Özbəkistan bu zamana qədər gəzdiyim 5-ci xarici ölkə idi. Mən deyərdim ki, elə gəzməyə də, ölməyə də bizim ölkə. Əvvəla, bütün universitetə başda da kurs rəhbərimiz Yaqut xanım, İsrafil müəllim, hamısına təşəkkür etmək istəyirəm. Onların qonaqpərvərliylərindən, insani baxımlarından, mədəniyyətlərindən uşaqlar az-çox danışdı. Fərqli bir ab-havaları var idi. Festivalda iştirak etdiyimiz tamaşa (“Uçqun”) ilə uğur qazandıq. Bizim seçdiyimiz pyes kifayət qədər ağır idi. Tamaşada 9-10 nəfər iştirak edirdisə, bütün obrazlar işlək vəziyyətdə idi. Pyesin ağırlığına görə düşünürdüm ki, bunu ərsəyə gətirmək bizdə alınmayacaq. Amma yanıldım və bu bizdə alındı, Yaqut xanımla alındırdıq. Bu baxımdan düşünürəm ki, uğurlu bir tamaşa oldu. Çünki festivalda olan istər teatrşünaslar, kafedra müdirləri, universitetin əməkdaşları hamısı tamaşanı bəyəndi.
Könül Nəzərova: Universiteti başqa ölkədə təmsil etmək çox qürurverici idi. Şəxsi adıma deyim ki, ilk dəfə xarici ölkədə oldum. Hamımız zövq aldıq, fərqli dildə tamaşalara baxmaq, fərqli insanlar tanımaq bizim üçün özü böyük təcrübə idi. Mükafat almasaydıq belə, ora gedib universitetimizi təmsil etmək bizim üçün şərəf idi. Mükafat da aldıq, bu isə ayrıca xoş oldu. İnsanların sevgisini, hörmətini qazandıq. Əziyyətimiz yerdə qalmadı. İnşaallah uğurlarımız daim bol olsun.
V.İ.: Yaqut xanım, Azərbaycan teatrı ilə Özbəkistan teatrını müqayisə etməyinizi istəsəm? Sizcə, nə kimi oxşar, fərqli cəhətləri var?
Yaqut Paşazadə: Əvvəlcə festivala getməyimizlə bağlı bir giriş verim. Bu uşaqlar qələbə ilinin qəbullarıdır. O il ki, Azərbaycan müharibədə Zəfər çaldı. Mənim onlara birinci verdiyim kod bu oldu ki, siz qələbə ilinin tələbələrisiz. Nə edirsizə uğura doğru yönəlməlidir, bu sizin karmanızdır. İlk kursda imtahanları uğurla başa vurudular. 2-ci kursda isə 2 tamaşa hazırladıq. Hər iki tamaşamız uğurlu oldu. Birinci tamaşamız Bakının regionlarında, Maştağa Mədəniyyət Mərkəzində oynanıldı. Həmin tamaşa Mədəniyyət Nazirliyinin “Hər yerdə teatr” layihəsi çərçivəsində İçərişəhər metrosunda oynanıldı, eyni zamanda televizyialardan dəvət aldılar. 2-ci kurs aktyorları üçün bu böyük uğurdur. Ardınca “Mənim sevimli dəlim” tamaşasını hazırladıq. Bu tamaşanı Universitetdə “Pillə tələbə tamaşalar festivalı” çərçivəsində oynamaq şansı qazandıq, Lənkərana qastrol səfərimiz oldu. Uğur ardınca uğur gəlirdi. Birinci kursdan uşaqlar, əsas da Abbas (tələbə) deyirdi ki, biz xarici ölkəyə qastrola gedəciyik. Rayon qastroluna getdik-gəldik qane olmadı. Mən isə deyirdim ki, hər şey qarşıdadır, əziyyət çəksək istədiyimizə çatacağıq. 3-cü kursun 1-ci semestrində biz “Uçqun” tamaşasını hazırladıq. Kafedra tərəfindən rəğbətlə qarşılandı, daha sonra teatrşünas müəllimlərimiz tərəfindən izlənildi, rektorumuz tərəfindən çox bəyənildi. İsrafil İsrafilov tamaşanı görən kimi dedi ki, Özbəkistanda bir festival olacaq bu tamaşa ora gedə bilər. Üstündən 2 həftə keçdi, artıq universitetimizə təqdimat gəldi ki, bu tamaşa Özbəkistandakı TÜRKSOY-un təşkil etdiyi türkdilli xalqların festivalına dəvət alıb. Bir şeyi çox istəmək və həmin istək uğurunda mübarizə aparmaq sonda ona nail olmağa gətirib çıxardır. Növbəti şans yolu açıldı. Buradan çox məsuliyyətli hazırlaşıb getdik. Ceyran xanımın yanımızda olmağı da bizim üçün həm məsuliyyət idi, həm də arxayınlıq. Güvəndəydik ki, böyüyümüz yanımızdadır, amma biz böyüyümüzün başını aşağı etməməliyik. Dünya teatr aləmində tanınan biri, böyük teatr bilicisi İsrafil İsrafilov bizim yanımızda idi. Onun başını aşağı etməməli idik. Çünki o, TÜRKSOY-un təmsilçilərindən biri idi və bizi də festivala o yönəltmişdi. Uşaqların ilk təcrübəsdir, amma mənim festival təcrübəm çoxdur. Festival başlananda mən uşaqları festivalın fovariti olamağa köklədim. Tamaşanı sonda oynaya bilərsən, amma bütün festival səni öncədən görməlidir, tanımalıdır və sevməlidir. İlk gündən çiynimizdə böyük Azərbaycan bayrağı ilə orda olmağımız bizim birinci kodumuz idi. Festivala gələn bütün qonaqlar keçib zalda əyləşib açılışı gözləyirdilər. Mən uşağları içəri keçməyə qoymadım. Teatrın həyətində böyük sərgi qurulmuşdu, həmin sərgidə musiqiçilər, ornamental işlər, əl işləri və s. var idi. Həmin sərginin mərkəzində, bayraq çiyinlərində rəqs etməklərini istədim. Festivala gələnlər sizi ilk burada görəcək. Uşaqlar da həmən başlanğıcı orada verdilər. Digər iştrakçılar gördü ki, Azərbaycan gəldi! Biz buradayıq! Onları bizi sevməyə təhrik etdik. Bizdən öncəkilər içəri səssiz, sakit keçdikləri üçün hətta onlara gülləri belə təqdim etməmişdilər. Bizim qrup isə artıq gül-çiçəklərini alıb keçdilər içəriyə. Bunlar hamısı xırda nüanslardır. Onlar artıq festivalın sevimlisi oldular. Açılışda popuri musiqilər içərisində Azərbaycan musiqisi də var idi. Elə ki, bizim musiqi səsləndi, uşaqlar həmən ayaga qalxıb həmin musiqiləri oxuyurdular. Bu addım bütün iştrakçıları hətta öz müəllimlərimizi – Ceyran xanımı, İsrafil müəllimi təəccübləndirdi. Onlar bütün zalı ələ ala bilirdilər. Mənim 1-ci kursdan tələbələrimə tövsiyyəm budur ki, insanları sevməyə çalışın, sizi sevməyənləri belə sevməyi bacarın. Çünki, nifrət etmək çox asandır, sevgini qazanmaq çətindir. Tələbələrim festival iştirakçılarının sevgisini qazanmağı bacardılar. İlk gün bütün saytlarda bizim uşaqların çıxışı yayımlandı. Beləliklə, artıq uğurun ilk addımları atılırdı.
Sizin suala gələdikdə isə deyə bilərəm ki, türk dövlətləri arasında ümumiyyətlə teatr sənəti iki məktəbdə daha güclüdür: Azərbaycan və Qazaxıstan. Digərləri bir qdər zəifdir. Təbii, bu da müəyyən siyasi və iqtisadi şərtlərin təsiri ilə baş verib. Festivalda tamaşaları izləyəndə də biz gördük ki, onlar bu sənətin “acıdır”lar. İsətyirlər, həvəslidirlər, şəraitləri çox yaxşıdır. Lakin istədiklərini ala biləcək baza azdır. Amma nə yaxşı ki, istək var. İstək olan yerdə, qazanc hər zaman olacaq. Onların çatışmayan tərəfləri həmin “aclıq”dan irəli gəlirdi. Yenə deyirəm bu siyası və iqtisadi durumdan asılı bir vəziyyətdir.
Maraqlıdır ki, Festival iştrakçılarının hamısı 3-cu kurs tələbələri idi. Həm də bu, bilərəkdən deyil, təsadüfən belə alınmışdı. Onlar bizim uşaqlardan xoş rəqabəti, nələri daha çox etmək lazım olduğunu gördülər. Sənət və məktəb baxımından onlar bizdən geri qalırlar. İstək baxımından isə onlar bizim uşaqlardan öndədirlər.
N.K.: Bəs, tamaşaçı auditoriyasını müqayisə etsək? Bizim seyrçilər ilə Özbəkistan tamaşaçıları arasında olan fərq? Yerli-yersiz alqışlamaq onlara da xasdır?
Elşad Şirinov: Yerli-yersiz alqışlamaq elə oxşar cəhət ola bilər (Gülürük).
Y.P.: Bəli, bəli. Biz tamaşalara baxdıq, hətta mən tamaşaların birində öz uşaqlarıma da bir az irad tutdum. Bəyənmədikləri yerdə tamaşaçılara uyğunlaşaraq alqışlayırdılar. Biz sonra bunu müzakirə etdik. Dedim ki, bu alqış, aktyoru səhnədə çox səhv tərəfə yönəldir. Özləri də səhnədə olurlar, bilirlər. Aktyor səhv elədiyi işi doğru saya bilər. Əslində peşəkar olsa səhv yola yönəlməz, amma onlar tələbədirlər. Siz vurğuladığınız kimi yersiz alqış və yersiz münasibət bildirmək tamaşanın ziyanınadır. Əslində çox intizamlı tamaşaçıları var. Orada Sənət və Mədəniyyət İnstitutu bir şəhərcikdir, bütün fakültələr həmin şəhərcikdə, ayrı-ayrı binalarda yerləşir.
Əksəriyyəti universitetin tələbələri idi, amma kənardan qonaqlar da var idi. Tamaşaçı nizam-intizamı çox yaxşıdır. Təbii xoşuna gəlmirsə, ən pis halda yatır. Yəni səs salmır, mane olmur. Amma yaxşı tamaşaya daha çox aktivlik göstərirdilər. Qazaxların tamaşasında dil bilməyən çox az adam neytral qaldı, qalanı aktiv və xoş qarşıladılar. Elə bizim tamaşada da, baxmayaraq ki, əyləncəli komediya janrında deyil, psixoloji-dram idi. Necə çox canlı, aktiv, həvəslə izləmə mədəniyyətini gördük. Hətta bizdən buna görə öndədirlər, nizam-intizamlıdırlar. Həqiqətən sənət nümunəsi, bir iş, tamaşa görürlürsə diqqətlə baxırlar. Dil bariyeri olsa belə.
V.İ.: Niyə məhz Tüncər Cücənoğlunun “Uçqun” pisxoloji dramına müraciət etdiniz?
Y.P.: Uşaqları müəyyən janrlarda yoxlamaq həm tədris prosesində var, həm də mənim kökləndiyim məqamlardan biridir. Biz 1-ci kursda həm pisxoloji, həm komik, həm də tragik etüdlərlə işləmişdik. 2-ci kursda yarı komik, yarı dramatik parçalar üzərində işlədik, 2-ci semestr isə Elçinin “Mənim sevimli dəlim” – məhz komediya üzərində işlədik. Bu dəfə uşaqları növbəti janrda yoxlamaq üçün Tüncər Cücənoğlunun “Uçqun” əsərinə müraciət etdim. İstədim görüm ki, uşaqlar pisxoloji dramda özlərini necə göstərəcəklər, işləyə biləcəklərmi?! Hətta başlayandan demişdim ki, 3-cü kurs üçün bir az ağır əsərdir. Bacardığımızdan daha asan işlə məşğul olmaq səmərəli deyil, daha ağır yüklü işlə məşğul olduqda əksinə böyüyürük, artırıq. Eybi yoxdur, qoy səhvlər çox olsun, amma bilək ki, daha ağır çəkili işin altında büdrədik. Elə məhz bu səbəbdən Tüncər Cücənoğlunu seçdik, çünki əsər həm hadislər, həm də münasibətlər baxımından çox mürəkkəb əsərdir. Müzakirələr zamanı uşaqlarda da bəzi suallar yarandı və mən onlara anlatmağa çalışdım ki, müəyyən zaman, dövr, məkanlar var ki, adət-ənənələrdən çıxa bilmirlər. Çünki normal mətiqlə baxdıqda gəlinin övladını dünyaya gətirməsi üçün qapalı məkan düzəldə bilərdilər. Amma onlar adət-ənənələrinə qarşı çıxmırlar. Yaşam şərti deyilən məsələ var. Düzdü, indiki gənclərə bunu anlatmaq biraz çətindir, amma bacardıqca aşılamağa çalışdım və onlar da anladılar, yaxşı tamaşa alındı.
V.İ.: Festival çərçivəsində izlədiyiniz tamaşalardan hansını bəyəndiz?
Y.P.: Qazaxıstanın tamaşasını bəyəndik. Onlar 3-cü kurs materialı olaraq, 35 dəqiqəlik “Psixoz” adlı tamaşa hazırlamışdılar. Səhnə həlli, pedeqoji iş çox yaxşı idi. Tələbələr bacardıqlarını və 3-cu kursa kimi qazandıqlarını 100%-i ortaya qoya bildilər. Digərləri isə tarixi əsərlərə müraciət etmişdilər, komik əsərlər müxtəlif yozumlarda səhnələşdirilmişdi. Fərqli temperamentdə tamaşalar var idi. Amma ən çox komanda olaraq da bəyənidiyimiz tamaşa Qazaxıstanın “Pisxoz” əsəri oldu.
N.K: Tələbələriniz daha çox icraçıdırlar, ya yaradıcı? Sizcə, icraçı aktyoru yaxşı aktyor hesab etmək olar?
Y.P.: Ondan başlayım ki, icraçı aktyoru yaxşı aktyor hesab etmək olmaz. Mənə müəllimimdən bu ötürülüb. Aktyor yaradıcı olmalıdır, icraçı yox. Nə edirsə, mütləq özündən nəsə qatmalıdır. Öz xarakterindən, temperamentindən keçirib onu həll etməlidir. Mənim tələbələrim icraçı deyillər. Çünki mən müəllimimdən elə tərbiyə almamışam ki, öz tələbələrimi də icraçı edim. İcraçı aktyor XXI əsrdə heç kimə lazım deyil.
V.İ.: Tələbələrinizdən elə tələbiniz varmı ki, hələ onlardan ala bilməmisiniz?
Y.P.: Çox oxusunlar, mütaliə etsinlər. Hələ ki, istədiyim kimi yerinə yetirmədikləri tələbim budur. Hamısına şamil etməzdim, çünki içərilərində oxuyanlar da var. Ümumiyyətlə, bizim universitetin zəif tərəfidir bu, tələbələrimizin mütaliəsi azdır. Məni ən qane etmiyən tərəfləri budur.
N.K.: Müasir aktyor portretini necə görürsünüz? Ümumiyyətlə, sizə görə müasir aktyor kimdir, ya da necə olmalıdır?
Y.P.: Müasir aktyor portreti deyəndə, əgər konkret bir şey nəzərdə tutursunuzsa, mənim üçün elə bir portret yoxdur. Mən özüm müasir aktyor portretiyəm. Mənəm. "Mən" faktoru artıq həmin aktyorun portretini təyin, təmin edir. Bunun içində artıq onun şəxsiyyəti, dünyagörüşü, savadı, bacarığı var. Kamil insan faktorunu əlavə edərdim ki, bu da müasir aktyordur.
Aktyor intellektual, aristokrat, ziyalı, çox savadlı olmalıdır. Aktyor ən əsası şəxsiyyət olmalıdır! Hamını sevə biləcək və özünü sevdirə biləcək şəxsiyyət olmalıdır. Şəxsiyyəti cılız olan dahi aktyorları çətin qəbul edirəm. Mənim üçün şəxsiyyət sənətdən öndə gəlir və o zaman aktyor daha böyük olur.
N.K: Azərbaycan teatrında sadaladığınız xüsusiyyətləri özündə daşıyan, adını çəkə biləcəyiniz aktyor var?
Y.P.: Əlbəttə, var və elə aktyorlar çoxdur. Amma ad çəkməyi düzgün hesab etmirəm. Mən bu sırada öz müəllimimin adını birinci çəkirəm. Çünki həm aktyor idi, həm rejissor. Vaqif İbrahimoğlu demək, artıq Azərbaycan mədəniyyətində, teatrında, Azərbaycan incəsənətində simalar deməkdir. Ən yüksək yaş kateqoriyasından ən aşağı yaş kateqoriyasına qədər, özündən sonra görün nə qədər aktyor, nə qədər rejissor yetişdirib. Düzdür, onların hamısı sadaladıqlarımı özündə tam ehtiva etmir. Amma mənim üçün Vaqif İbrahimoğlu demək, onun nəfəsi, əli dəyən aktyorların 99%-i deməkdir. Artıq adlar məlumdur...
N.K.: Söz Vaqif İbrahimoğludan düşmüşkən, 21 il müəlliminizlə birgə çalışmısınız, YUĞ ailəsinin üzvü olmusuz və üslubuna bələd idiniz. Fikrinizcə, YUĞ indi psixosof poetikanı nə dərəcədə qoruyur?
Y.P.: Müəllimimin bir sözü var idi. Hər bir poetika, konsepsiya 20 il inkişaf edir və 20 ildən sonra tənəzzülə uğrayır. Bunu müəllimimin vəfatından sonra anladım. V.İbrahimoğlu özü konsepsiyasının inkişaf və təsdiq mərhələsini yaşadı. Ancaq tənəzzül mərhələsini yaşamadı... Ondan sonra artıq YUĞ-un konsepsiyası təbii ki, fərqli qollara getdi. Mənə görə YUĞ hazırda Vaqif İbrahimoğlunun yaratdığı konsepsiya ilə getmir. Çünki artıq digər rejissorlar, fərqli fikirlər, münasibətlər yaranır. Hər rejissor öz konsepsiyasını, iş metodunu gətirir. Ona görə artıq V.İbrahimoğlu tələbələrinin konsepsiyaları yaranmalı, yeni konsepsiyalar gəlməlidir. Çünki yetərincə rejissor, aktyor tələbələri var. Hal-hazırda Vaqif İbrahimoğlunun yaratdığı YUĞ konsepsiyası işləmir. O özü də deyirdi ki, tələbələrim məndən sonra yeni bir şey gətirməlidir ki, mən yaşayım. Necə Tofiq Kazımovdan sonra Vaqif İbrahimoğlu onu yaşatdı. Təkrarlamadı. Vaqif müəllim də istəmirdi ki, tələbələri onu təkrarlasınlar. Bu mənada kiməsə kədərli gələr ki, YUĞ poetikası yaşamır, amma o özü istəyərdi ki, yeni bir poetika yaransın! Bu mənada poetika yaşamasa da bu, tənəzzül demək deyil, yeni inkişaf mərhələsidir.
Yəqin, belə ağıllı cavab gözləmirdiniz. Nə sizi pis vəziyyətdə qoydum, nə özümü. Amma həqiqət belədir. Başqa məqamlar da, var amma deməyəcəm (Gülürük). Bəlkə sual verəcəksiz.
V.İ.: Yuğ teatrındakı fəaliyyətiniz hansı səbəbdən sonlanıb?
Y.P.: Ay sağ ol, gəldin mərəndə (gülür). Vaqif İbrahimoğludan sonra Yuğda fəaliyyətim 7 il davam etdi. Mən insan olaraq, - mən-mən deyirəm, amma əslində yaradıcı insan “biz” deyil, elə “mən”dir, - heç vaxt mənə xoş olmayan, yaradıcı insan kimi tam təzahür edə bilməyəcəyim məkanda özümü rahat hiss etmirəm. Çünki, Vaqif İbrahimoğludan sonra böyük sterss yaşadım, onun yoxluğunu qəbul edə bilmədim. Amma bir müddət sonra anladım ki, insan özü sanki bilərəkdən kənara çəkilib, digər insanların böyüməsi üçün, sanki “nə vaxta qədər mənə arxalanacaqsız?!” “böyümək zamanınızdır” dedi. Bir neçə il qərarsızlıq içində olandan sonra bizim üçün növbəti mərhlə başladı. Tərlan Rəsulov Azərbaycan teatrı üçün tamamilə yeni konsepsiya və poetikada DOM teatrını yaratdı. Artıq orada fəaliyyət göstərməyə başaldıq. 2 yol ayrıcında qalamaq istəmədim. Bayaq qeyd etdiyim kimi, müəllimim deyirdi ki, yeni konsepsiya yaranmalıdı və bu addım atıldı, biz bu yolda irəliləməyə başladıq. Universitetdə pedoqoji, DOM-da isə yeni spontan teatr poetikası ilə fəaliyyət başladım. Müəllimimizin bizə tövsiyyəsinə əməl etdik, yerimizdə saymadıq. Vaqif İbrahimoğlunun yoxluğunda mənim üçün çətin idi. Qısqanc adamam bu barədə, bölüşə bilmirdim, başqalarının işini qəbul edə bilmirdim və hər şeyi onunla eyni tərəziyə qoyurdum. Mən tərəfdən düzgün olmadığını bilirdim. Allahdan hər dəfə şans yaranır və bizim üçün yeni qapı açıldı. Yeni teatr, yeni poetika. Hal-hazırda orada fəaliyyət göstərirəm. Səbəb budur.
V.İ.: Yaqut Paşazadənin həyatının sitatı hansı cümlə olardı?
Y.P.: “Yolla gedən olmasa, bilinmir gedir bu yol, ya gəlir”, Kamal Abdulla.
Yoldur, dayanmısız ortasında və heçnə yoxdur, boşluqdur. O yolun getdiyini, ya gəldiyini kim təyin edir?! Səmtini kim təyin edir?! Həmin yolda gedəcək insan. O yolun əsas faktorunu, keyfiyyətini, mahiyyətini həmin yolda gedən kəs təyin edəcək. Kamal Abdulla bunu hansı mənada yazıb, bilmirəm, amma mən belə qəbul etmişəm. Həmin yolla gedirsənsə gedir, gəlirsənsə gəlir.
N.K.: 2016-cı ildə "Məqsədim bu həyatda olmaqdır. Məqsəddən məqsəd doğur" Facebook paylaşımını etmişdiniz. Bəs indiki Yaqut Paşazadənin ali məqsədi nədir?
Y.P: Çox yaxşı sualdır. Cavabı da mənə həmən, spontan gəldi. Mən həmişə müəllimimlə qürur duymuşam, zaman olub hiss etmişəm ki, o da mənimlə qürur duyur. Onunla şəkillər bölüşürdük hətta, birlikdə tamaşa oynamışıq. Sonra yavaş-yavaş tələbələrimlə səhnəni bölüşməyə başladım. Onda hiss etdim ki, çox qəribə və fərqli hissdir. Müəllimim yadıma düşdü. Həmişə deyirdim ki, mükafatlandırılma anlarında emosional olmuram. Bir az bəlkə qürurdan irəli gəlir, bir az özünü çox istəməkdən, yəni həmişə dolğun dayanmağa çalışıram. Belə də olmalı idi kimi. Özbəkistan festivalında da ilk Ceyran xanıma, sonra İsrafil müəllimə, ardınca mənə universitetin xüsusi mükafatı verildi. Ləmanın adı ən yaxşı qadın rolunun qalibi kimi çəkiləndə isə hiss etdim ki, elə bil arxada qanadlarım var və mən uçmaq istəyirəm. Emosionallığı onda yaşadım, orda anladım müəllimimi. Vaqif müəllimin dediyi tələbə-şəyird məsələsini biz onun ölümündən sonra anladıq. Tələbənin uğurunu görəndə öz uğurundan daha çox sevinirsən. Bax orda hiss etdim ki, insanın yaşam şərtləri necə dəyişir. Belə bir misal çəkim. Valideyn övladını nə qədər çox istəyir, onu bir Allah bilir. Amma övladın övladı gələndə ailədə qəribə bir aura yaranır. Səndən yaranandan yaranmış... Baxın, bu da yaradıcılıqdır. Mənim tələbəmin qələbəsi mənim üçün artıq 3 qat uğur kimi idi. Bax onda həmin yaşam şərti məsələsini anladım və mənim üçün yaşam amalı yeni bir müstəviyə çıxdı.
V.İ.: Bu sənətdə olmaq sizə nə verdi? Nə öyrətdi?
Y.P.: Müəllimim olmasaydı bəlkə də mən bu sənətdə olmayacaqdım. Çünki, əvvəllər çox sərt və çılğın xarakterli biri olmuşam. Amma insan getdikcə öz-özünü tərbiyyə edir, formalaşdırır, böyüyür. Bu sənətdə olmaq mənə özümü tanımağı, böyütməyi və kim olduğumu öyrətdi. Həmişə tələbələrimə də deyirəm,bizim sənət insanı öyrənən sənətdir. Bütün tamaşalarda çək-çevir edərək, müzakirələr apararaq insan təbiətlərini öyrənirik və onun içində özümüzü, kim olduğumuzu tapırıq. Bir də onu oyrəndim ki, bizim sənəti seçməyimiz hələ hər şey demək deyil, gərək sənət də bizi seçsin. Uğur yalnız o zaman olur.
N.K.: Yaxın 10 ildə Azərbaycan teatrından hansı gözləntiləriniz var?
Y.P.: Birinci biz fikirləşək ki, 10 il ərzində Azərbaycan teatrına nə verəcəyik? Azərbaycan teatrında necə, harda var olacağıq ki, o yazıq teatr da bizə nəsə versin. Teatr məfhumu fenomenal bir şeydir. Onun içində insanlar var. O insanlar bu teatr fenomeninə, teatr düşüncəsinə düzgün qulluq etməlidirlər. Həmişə demişəm ki, teatr sənətini öncəliklə sevmək lazımdır. Pisini də, yaxşısını da. Sevgidən başladıqda görülən işlər mükəmməl olur. Teatrı necə deyərlər tozu ilə, asılqanı ilə, hər şeyi ilə sevmək lazımdır ki, orda görülən iş də sevilən olsun. Sevimli olsun ki, inkişaf etsin. Bax, teatr sənətindən 10 il ərzində nə gözləyirəm? Sevgi gözləyirəm. Özümüzdən bu peşəni sevməyi gözləyirəm. Teatrı sevməyimizi. Mən teatr sənətçisiyəm, ona qulluq edirəm, eləcə siz, teatrşünaslar da. Biz teatra qulluq edirik. Biz bu torpağa toxum atmalıyıq ki, o da bizə bar versin. Yoxsa torpağın üstündə bardaş qurub oturmuşam, ağlayıram ki, bu torpaq mənə nə verəcək? Sən o torpağa nə verdin ki, o torpaq sənə nə versin?! Mən Allahdan bütün sənət işçilərinin ürəyinə, daxilinə işıq və sevgi arzulayıram.
Söhbət etdilər:
Vüsalə İbrahimli, Nərminə Kamalova