Xəyalə Rəis - İçimizdəki qorxu
İl olub 2020. Dünya zərrəciklərdən ibarət olan, çəkisi, qoxusu olmayan yüngül bir virusun əlində çarəsiz qalıb. Digər planetlərə ekskursiyaya çıxan, Yer planetində oturub, Ayda torpaq almaq eşqinə düşən mü...
Daha bir festival, daha bir teatr bayramı. Əslində, festivalı bir çoxlarımız bayram hesab etsək də, bunu tamaşa yığını hesab edənlər də az deyil. Bəzən onlara haqq verirəm, bəzən isə özüm də bunun əksini düşünürəm. Ancaq bu dəfə xoş bir səbəbimiz vardı – Vaqif İbrahimoğlu. Bəli bu dəfə bayramlar ayı olan mart ayını elə Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı ilə salamladıq. Festival Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmişdi.
Martın 1-dən 9-na qədər festival tamaşalarını izlədik. İzləməklə də kifayətlənmədik, müzakirələr, mövqelər, çıxışlar, yazılar və daha nələr, nələr... Bu 9 gün ərzində ölkəmizin 7 müxtəlif dövlət, bələdiyyə, müstəqil teatrı, həmçinin ADMİU-nun müəllim-tələbə heyəti və bir Gürcüstan teatrı olmaqla ümumilikdə 18 tamaşa təqdim olundu.
Festivalın afişası ilə tanış olduqdan sonra artıq qaliblərin və iştirakçıların adlarının bəlli olduğunu düşündük. Ancaq biz saydığımızı sayaq, görək tamaşaların rejissorları, yaradıcı heyətləri və münsiflər nə sayır. Festival başlayanda düşdüyümüz ab-hava bir qədər fərqli idi. Gözləntilərimi Xalq artisti Ağakişi Kazımovun “İstədiyim kimi yaşayıram” tamaşası üzərində qurmuşdum. Nə yalan deyim, ondan gözlədiklərim daha çox idi. Axı, Gənc Tamaşaçılar Teatrının da özünə görə çəkisi, nüfuzu da onun içində idi. Afişaya baxanda festivalda iştirak edən tələbə tamaşalarına və gənc rejissorlara haqsızlıq olacağını da düşünmüşdüm. Amma və lakin....
Gördüyüm tamaşalara festival çərçivəsində təkrar baxdım. Ancaq premyeralarda nümayiş olunan tamaşalardan fərqli bir oyun tərzi, fərqli yozumlarla da qarşılaşdım. Bəzi tələbə tamaşaları Şuşa Dövlət Teatrının tamaşasından daha rəngarəng, daha maraqlı idi.
Akademik Milli Dram Teatrı festivalda Abbas Mirzə Şərifzadə səhnəsində hazırlanan və orada nümayiş olunan tamaşaları ilə iştirak edirdi. Bu tamaşaları, əlbəttə ki, premyera zamanı izləmişdim. “Manqurt” tamaşasında Mehriban Xanlarova və Elşən Rüstəmovun oyunları, həqiqətən, peşəkar, mükəmməl ifa idi. Festivalın təşkilatçılarının tamaşaları siyahıya alarkən haqsızlığa yol verdiklərini də düşünürəm. Mehriban xanım kimi sənətçi ilə tələbə tamaşalarını necə bir festivala daxil eləmək olar? Olmaz ki, hərə öz səviyyəsində, öz ampluasında olan bir tamaşa ilə rəqabətə girərdi? Mümkün deyildimi?
Festivalda ADMİU-nun beş, YUĞ Teatrının dörd, Akademik Milli Dram Teatrının iki, Human, Şuşa, Gənc Tamaşaçılar, Kutaisi, Bakı Uşaq və “Safat” Teatrlarının hərəyə bir tamaşası iştirak edirdi. Görünür, teatrlarımızda eksperimental tamaşaların sayı az idi. Hesab edirəm ki, festival Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunduğu üçün repertuarda YUĞ Teatrının tamaşalarına daha çox yer verilib. Bəlkə də AZTXİ tamaşa seçərkən “dostbazlıq” edib, bəlkə də bunun başqa səbəbləri var, nənəm demiş, babalı öz boyunlarına, nə borcuma qalıb. Bu festivaldır, afişada olanlar da tamaşalar, otur bax da...
Rejissor Əlif Cahangirlinin quruluşunda hazırlanan “Bir...iki...bizimki” tamaşası festivalın qalibi oldu. Bu, festivalın son tamaşası idi. Yəqin ki, festival təşkilatçılarının bu tamaşanı son günə salmasında da bir kəramət varmış. Tamaşaları ümumi izləyib, siyahıya alanda deyiblər ki, uzun məşəqqətdən sonra onlara bir sürpriz edək, heç olmasa, müasir bir tamaşa izləsinlər. Yazıqdılar, neçə gündür festivala gəlib-gedirlər.
Hər bir layihədən sonra qaliblər haqqında şaiyələr, söz söhbətlər, dedi-qodular dolaşır. Bizim qaliblər haqqında da gəzən söz-söhbətləri eşitdim. Demisiniz ki, “Bir...iki.. bizimki” tamaşasının əvvəldən qalib olacağını bilirlərmiş deyə festivalın sonuna salıblar. Sonra onu da demisiniz ki, Əlif Cahangirlini Azər Paşa Nemətova görə qalib seçiblər. Sonra onu da demisiniz ki, “Əşşi, Azdramaya da verməyib, kimə verəcəkdilər e”.... İnsafınız olsun, məgər o pis tamaşa idi.
Adamın üstündə allahı var, “Bir...iki... bizimki” tamaşasının, sözün həqiqi mənasında, qalib olmağa haqqı vardı. Əsil final tamaşası idi. Açığı, bu tamaşanın dadı hələ də damağımdadır.
Hə, bir də sözüm ondadır ki, festivalın qalibi ən gənc rejissorların birinin tamaşası oldu. Sözüm ondadır ki, artıq bu gənclərə meydan açmağın zamanıdır. Siz onlara meydan açın, bir dəfə alınmasa, inanın ki, ikinci dəfə mütləq alınacaq. Heç alınmasa da, canı sağ olsun.
Bəli, final gecəsində Vaqif İbrahimoğlunun adı belə yada düşməyən daha bir festival başa çatdı. Vaqif İbrahimoğluna həsr olunan daha bir festivalda görüşənədək.