TEATRO

TEATRO

sənət portalı

post-title

Xəyalə Rəis - Şuşa Teatrının dəlisi “Dəli Domrul”

Sentyabrın 17-də Şuşa Dövlət Musiqili Dram Teatrında 147-ci teatr mövsümünün açılışı baş tutdu. Açığı, repertuara baxdıqda ədəbi əsasının Altay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanı əsasında qələmə aldığı “Dəli Domrul” adını gördükdə bir qədər tərəddüd etdim. Düşündüm ki, yenə o pafos, Dədə Qorqud əlində qopuz səhnəyə çıxacaq? Yenə də Dəli Domrulun qəhrəmanlıqlarından bəhs olunacaq, uşaqlıqdan bəri əzbərə bildiyimiz eyni səhnələrə şahidlik edəcəyik. Ancaq biz saydığımızı sayaq, görək tamaşanın rejissoru, Əməkdar artist Loğman Kərimov nə sayır. Dədə Qorqud əlində qopuzu səhnəyə də çıxdı, tamaşada Dəli Domrulun qəhrəmanlıqlarından da bəhs olundu, ancaq bizim gözlədiyimiz o pafosda, görməyə alışdığımız eyni üslubda yox. Teatrın baş rejissoru əsərə tamam başqa bir don geyindirmişdi. Zalda əyləşən tamaşaçılar yuxulamırdılar. Tamaşada bol gülüş və dinamiklik vardı.

Onu da qeyd edək ki, səhnə əsərinin rejissor assistenti Zəhra Salayeva, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. 

Körpü salan Dəli Domrul

Belə ki, Dəli Domrul bir körpü salır, yolu çayın üstündən keçən hər kəsə bu körpüdən keçməyi məsləhət görür. Döyüşə getməkdən imtina edir, deyir ki, düşmən mənim torpaqlarıma göz dikərsə, ona qan udduraram, amma döyüş başqa torpaqlarda gedərsə, mən qan tökülməsinin əleyhinəyəm. Çünki döyüş bədbəxtlik gətirir,  anların oğulları, gəlinlərin ərlərini itirir. Dəli Domrul hər kəsə, hətta Əzrayıla belə meydan oxuyur. Əzrayıl müxtəlif cildlərə girərək Dəli Domrulun canını almağa çalışsa da, səyləri boşa çıxır. Sonda isə Dəli Domrulu şərabla yuxuya verir və ona canını alacağını söyləyir və qarşısına belə bir şərt qoyur: Dəli Domrulu yalnız o təqdirdə azad edə bilər ki, ailə üzvlərindən, qanı qanından, canı canından olan bir ailə üzvü onun əvəzinə canından keçməlidir. Ancaq Dəli Domrulun nə anası, nə atası övladı üçün canından keçmək istəmir. Dəli Domrul məyus olur və yoldaşı Banunun yanına gələrək onunla vidalaşmaq istədikdə Banu öz canını ona qurban verməyə hazır olduğunu deyir. Əzrayıl bu sədaqəti görüb Dədə Qorqud libasında geri dönür və Dəli Domrulun canını bağışlayır. 

Axır ki, Şuşa Teatrının da təmirli binası oldu

Tamaşa sonrası aktyorlar səhnədə alqışlanır və foyedə tamaşa haqqında fikirlər səslənməyə başlayır. Tamaşa bitdikdən sonra zalda və foyedə yaşanan hadisələr mənə tamaşadan sonra tamaşa kimi görünür. Çünki səhnədə gördüyümüz əsas tamaşadan sonra əsas tamaşa kulisdə, zalda və foyedə başlayır. Tamaşa bitdiksən sonra bir az seyr edib, az öncə səhnədə gördüyüm aktyorları axtarmağa başladım. Tamaşanın rejissoru Loğman Kərimovla əlaqə saxlayıb, aktyorların yerini öyrənməyə çalışdım. Loğman Kərimov aktyorların onun otağında olduğunu, tamaşa haqqında ümumi yekun iclasın keçirildiyini deyərək, məni yanlarına dəvət etdi. Bu da otağı tapmaq bəhanəsi ilə həm yeni təmirdən çıxan binanı gəzmək üçün mənə bir imkan oldu. Bəli, ilk olaraq teatrın birinci mərtəbəsini gəzməyə başladıq. Deməli, yeni  binasının mövcud hissəsi 2 mərtəbəli, yeni inşa edilmiş hissəsi isə 4 mərtəbəlidir. Teatr binası zal, vestebül, inzibati otaqlar, qrim otaqları, mətbəx, sanitar qovşaqları və digər texniki xidmətlərdən, həmçinin 110 nəfərlik tamaşaçı zalından ibarətdir. 2-ci mərtəbədə professional səs, işıq apparaturaları və kinoproyeksiya otaqları yerləşir. Səhnə yenidən qurulub və yeni mexaniki avadanlıqlar quraşdırılıb. Teatrın fəaliyyətini təmin edən mebel, avadanlıq və inventarlar alınıb, mərkəzləşdirilmiş istilik xətti çəkilib, havalandırma sistemləri qurulub və soyutma avadanlığı ilə təchiz edilib. Videomüşahidə, yanğından xəbərvermə, yanğınsöndürmə sistemləri quraşdırılıb və ərazidə 200 m3 tutumlu olan yanğın və içməli su anbarı tikilib.

Aktyorların təəssüratları

Və budur, üzüyuxarı çıxdığım pilləkənlərdən aktyor Məmməd Məmmədov üzü mənə tərəf gəlir “Loğman müəllim məni sizin arxanızca göndərib” – deyərək, yolu göstərir. Və geniş, işıqlı, yeni mebellə təmin olunmuş bir otağa tərəf gedirik. Bir az əvvəl səhnədə gördüyüm bütün aktyorlar burda idi. Tamaşa haqqında yaradıcı heyətin təəssüratlarını öyrənmək üçün burada mənə lazım olan bütün müsahiblər vardı. Söhbətə ilk olaraq tamaşanın rejissoru Loğman Kərimovdan başlamaq istəsəm də xatırladım ki, o mətbuata açıqlama verməkdən hər zaman imtina edib. Bu dəfə də Loğman Kərimov öz ənənəsinə sadiq qaldı. Biz də tamaşada Dəli Domrul rolunu canlandıran Məmməd Məmmədovdan başladıq. 

Aktyor deyir ki, Şuşa Teatrının yeni binasına köçməmişdən əvvəl məşqlərə başlayıblar və bu günü uzun müddətdir ki, gözləyiblər: “Biz bu tamaşada “Dəli Domrul” boyu ilə müasirliyin sintezini yaratmağa çalışdıq. Bu yeni üslub tamaşaçılar tərəfindən gözəl qarşılandı, müsbət reasiyalar aldıq. Dəli Domrul körpü tikir, insanları sülhə, barışa səsləyir. Deyir ki, öz elimə kimsə hücum etsə, gedərəm, leşi-leşə söykəyərəm, ancaq başqa elə savaşa getmərəm”.

Aktyor qeyd edir ki, tamaşada müasir nüanslar öz əksini tapıb. Belə ki, Dəli Domrul yeri gələndə ingilis dilində danışır, zamanın nəbzini tutmağa çalışır: “Xaricilərlə ingilis dilində danışan Dəli Domrul müasir biridir. Tamaşaçı bu gün səhnədə müasir insan görmək istəyir. Dəli Domrulu olduğu kimi göstərsəydik, bugünkü tamaşaçaların o qədər də diqqətini çəkməzdi. Bu Loğman Kərimovun iş prinsipidir. Biz də bir qədər aktyor tapıntıları, improvizələr edərək obrazlarımızı tamaşaçılara modern şəkildə təqdim etməyə çalışdıq”. 

Məmməd Məmmədov qeyd edir ki, mövsümün açılışını məhz Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutması həm məsuliyyətli, həm də şərəfli bir missiya olub: “Neçə vaxtdır bu gün üçün həyəcan keçirirəm. Tamaşanın baş rol ifaçısı olaraq, üzərimdə böyük məsuliyyət hiss edirdim. Mədəniyyət nazirimiz Əbülfəs Qarayev, teatr cameəsinin tanınmış nümayəndələri qarşısında yeni teatr mövsümünün açılışının məhz Şuşa teatrında olması bizim üçün məsuliyyətli və şərəfli idi. Sağ olsun cənab nazirimiz ki, teatrımıza belə diqqət göstərdi”. 

Banu obrazının ifaçısı Zəhra Salayeva tamaşada yaşlı qadın, Əzrail və Dəli Domrulun yoldaşı obrazını canlandırıb. O qeyd edir ki,  bir tamaşada başqa-başqa obrazları oynamaq aktrisa üçün çox çətindir: “Məşqlərdə düşünürdüm ki, 3 dəyişmə mənim üçün bir qədər çətin olacaq. Ancaq heç də elə olmadı. “Dəli Domrul” tamaşası həyatımda  müstəsna rol oynadı. Əslində, bütün obrazlarım mənim üçün əzizdir. Heç bir roluma dırnaqarası baxmıram. Epizodik rollarım belə mənim üçün doğmadır”. 

Zəhra deyir ki, real həyatda  Banu obrazı kimi böyük fədakarlıq etməyə hazırdır: “Əslində, hər kəs bilir ki, bu real hadisə deyil. Əgər mən  belə bir hadisə ilə üz-üzə qalsaydım, yəqin ki, Banu kimi canımdan keçərdim”. 

Həyəcan, məsuliyyət və şərəf...

Ana obrazının müəllifi Püstəxanım Zeynalova sevinir ki, nəhayət ki, neçə illərdən sonra yeni binalarında mövsümün açılışını edə bildilər: “Bu vaxta qədər müxtəlif teatrlarda tamaşalar oynamışıq. Çünki  öz teatrımızın binamızda tamaşa oynamaq üçün uyğun şərait yox idi. Binamızda belə bir mövsüm açılışının keçirilməsi bizim üçün sevindirici haldır. Nəhayət ki, biz də öz binamızda yeni mövsümü açdıq və tamaşa oynadıq. Bunun sevinci bizə yetər. Düzdür, səhnələrində çıxış etdiyimiz teatrlarda, mədəniyyət evlərində bizi çox yaxşı qarşılayırdılar. Ancaq insanın öz səhnəsindəki çıxışının yerini heç nə verə bilməz. Biz tamaşalarımızın məşqlərini hər zaman bu binada etmişik. Buranın soyuğunu, qışını, şəraitsizliyini görmüşük. Ancaq indi bizə yaradılan şərait bizi daha da ruhlandırır ki, yeni-yeni tamaşalar, yeni-yeni obrazlar yaradaq. Mənə hər hansı bir obraz həvalə olunanda onu canla-başla ifa edirəm. Çünki bu mənim borcumdur və mən aktrisayam. Mənim bundan başqa bir vəzifəm yoxdur. Mənə həvalə olan obrazı mənimsəyirəm. Bu tamaşada üç obrazı canlandırdım. Nə yaxşı ki, bu rol mənə həvalə olundu. Bunun üçün Loğman Kərimova minnətdarlığımı bildirirəm. Çünki o hər zaman mənə maraqlı obrazlar həvalə edib”. 

Əzrayıl rolunun ifaçısı Emin Sevdiməliyev mənfi obrazların vurğunu olduğunu gizlətmir: “Biz bu teatrda hər çətinliyi görmüşük. Əvvəllər soyuq şəraitdə işləyirdik. İndi isə bizə öz səhnəmizdə tamaşa göstərmək böyük zövq verir”.

 Aktyor qeyd edir ki, bu tamaşada 5 obraz canlandırıb: “3 Əzrail, Dəli, Turist, İgid, Dədə Qorqud obrazlarını canlandırdım. Aktyorda mənfi, müsbət kimi amplua olmamalıdır. Mənim üçün obrazın fərqi yoxdur. Ancaq çox istərdim ki, mənfi obrazlar yaradım. Çünki mənfi obrazları oynamaq çətindir. Mən isə bu çətinliyi dəf etmək istəyirəm. Rejissorun uğuru onda olur ki, o, müasir tamaşaçının nə istədiyini bilir. Bu günün tamaşaçısı dinamik, canlı, adrenalin dolu dəqiqə istəyir. Bu tamaşada tamaşaçılar onu hiss etdi. Dəli Domrul dövrün tamaşalarının pafosundan çıxaraq, müasir dövrün tələblərinə uyğun tamaşa qurdu. Biz də tamaşaçınan istəyi ilə ayaqlaşmalıyıq”.

Emin  Sevdiməliyevlə söhbətdə kənardan Loğman Kərimovun da fikirlərini eşidirik: “Bu günün tamaşaçısı temp və ritm istəyir. Onun üçün Dəli Domrula müasirlik və fərqlilik qatdım. Standartları sevmirəm. Bu günün tamaşaçısının görmək istədiyi şəkildə tamaşa hazırlamağa üstünlük verirəm”. 

Ata obrazının ifaçısı Mobil Qurbanov bildirir ki, rejissor hər aktyora ampluasına görə obraz həvalə edib: “Mən də hər zaman  tamaşalarda xırda obrazlar canlandırmışam. Mənə həvalə olan tapşırığın öhdəsindən layiqincə gəlməyə çalışmışam. Loğman Kərimovun tamaşaları hər zaman uğurlu alınıb. Mən də bu tamaşada bir neçə dəfə səhnəyə gəldim. Əsas obrazım Atadır. Bir dəfə Ruh, daha sonra Əzizağa, ondan sonra Ata kimi səhnəyə çıxdım. Çalışdım ki, tamaşa templi və aktiv olsun, tamaşaçılar darıxmasın”. 

Sorğum bitdikdən sonra xatırladım ki, tamaşada Dondar rolunun ifaçısı Hamlet Qəndərov və qadın rolunun ifaçısı Əməkdar artist Azad Məmmədovun fikirlərini öyrənməyi unutmuşam. Neylək, o da qalsın başqa səfərə. 

Load Time (S) : 0.000300