Xəyalə Rəis - İçimizdəki qorxu
İl olub 2020. Dünya zərrəciklərdən ibarət olan, çəkisi, qoxusu olmayan yüngül bir virusun əlində çarəsiz qalıb. Digər planetlərə ekskursiyaya çıxan, Yer planetində oturub, Ayda torpaq almaq eşqinə düşən mü...
Sevginin, sadəcə bir yaşam gücü olduğunu deyirlər. İnsana güc, cəsarət, yaşamaq və yaratmaq istəyi qazandırır. İstəklər isə insana görə fərqlidir: ailəyə, dosta, övlada, gördüyün işə və sənətə olan sevgi kimi. Təbii ki, hər biri ayrı-ayrılıqda çox ülvi və bir o qədər də gözəl hisslərdir. Peşəyə sevgi anlamı da onların içərisində önəmli yer tutur. Sevərək görülən iş özünü anında hiss etdirir. Belə ki, göz önündəki məhsulun arxasında böyük sevgi, zəhmət olduğu dərhal sezilir.
Xalq artisti Bəxtiyar Xanızadə bir dəfə mənimlə söhbətində demişdi ki, "hər gün evdən çıxanda, həyat yoldaşıma "mən işə gedirəm” demirəm, "kefə gedirəm” deyirəm”. Bəlkə də, zamanında Bəxtiyar Xanızadə kefə deyil, işə getsəydi, bu gün Azərbaycanda Pantomima Teatrı olmazdı. Mərhum sənətkar Vaqif İbrahimoğlu teatrla məşğul olmağı iş kimi görmədiyi üçün spesifik xüsusiyyətə malik olan Yuğ Teatrını yarada bilməzdi. Demək ki, gördüyün işə hər nə qədər sevgi verirsənsə, bir o qədər də bəhrəsini görürsən.
Ötən gün Türkiyə mətbuatında aktyor Turgay Tanülkünün həyat hekayəsini oxudum. "Qurdlar vadisi”, "Eşkiya dünyaya hökmdar olmaz”, "Behzat Ç.”, "Arka sokaklar” kimi serialların köməkçi qəhrəmanı kimi tanıdığımız aktyor 17 yaşında həbsxanaya düşüb. 7 il həbsxanada qaldıqdan sonra, 25 yaşında günahsız olduğu aşkarlanır və siyasi düşüncələr səbəbi ilə salındığı həbsxananı "bir gün bura təkrar yenə gələcəyəm” deyərək tərk edib. Dediyi kimi də olur. Bir il tamam olmamış aktyor yenidən cəza evinə qayıdır. Bu dəfə məhkum kimi deyil, könüllü teatr ustası olaraq geri dönür. Cəza evində aldığı işgəncələr nəticəsində heç bir zaman övlad sahibi olmur. O da məhkumların azadlıqda olan anasız, atasız uşaqlarına sahiblənməyə başlayır. Çünki bu uşaqların valideynlərin yükünü, cəzasını çəkməli olmadığını düşünür. Teatrdan qazandığı 3-5 qəpiyi də əvvəlcə o uşaqları oxutmağa xərcləyir. Daha sonra serial və filmlərə çəkilərək 26 kimsəsiz uşağı himayə etməyə başlayır. Hazırda o uşaqların 21-i ali təhsil alaraq Türkiyədə fərqli vəzifələrdə çalışırlar. Aktyor onların hər birini evləndirərək, ev-eşik qurmasına kömək edib. Türkiyənin 8 bölgəsində məhkumlardan ibarət teatr qrupları yaradıb. Belə ki, məhkumlar tamaşalar hazırlayır və aktyor həmin tamaşalar arasında yarışlar keçirir. Bu yarışları özündən icad edən aktyor fikirlərini belə izah edir: "Biz həmin tamaşaların qala gecələrini keçiririk. Bilirsiniz, nə üçün tamaşaların qala gecələrini keçirirəm? Çünki qala gecələrinə məhkumların ailələri də gəlir. Onlar iki saat ərzində bol-bol bir-birilərini görürlər. Sonra tamaşa bitir və valideynlər zalı tərk edir. Hətta nəzarətçiləri də oradan çıxarıram. Zalda uşaqlarla məhkum valideynlər doya-doya bir-birlərinə sarılırlar. Mən valideynin səhnədə oturduğu stolu qoxulayan uşaqlar görmüşəm. Ona görə teatr mənə görə, bir insan qoxusudur. Yəni şou və komediya deyil”.
Turgay Tanülkü deyir ki, əgər teatr olmasaydı, o bütün bu yükün öhdəsindən gəlməyi bacarmazdı. Çünki bu qədər cəza evinə rahat gedə, məhkumları ailələri ilə görüşdürə bilməzdi.Bəli, aktyorun sənətinə olan sevgisi tam bir örnək hekayəsidir. O, məşhurlaşmaq üçün hansısa rejissorun, direktorun onu seçməsini gözləmir. Ya da "mən aktyoram” deyib teatrlardan heç nə tələb etməyib. Öz teatrını özü yaradıb, özü də peşəkar aktyorlardan deyil, məhkumlardan ibarət bir komanda ilə çalışır. İnsan öldürən, ölkənin ən qatı cinayətkarları ilə birlikdə tamaşalar hazırlayıb. Qarşılığında isə heç nə gözləməyib. Əksinə, çalışdığı məhkumların övladlarına sözün əsl mənasında atalıq edib.
O, Türkiyədə teatr aktyorundan çox, "Kimsəsizlərin atası” kimi daha məşhurdur. Onu bütün bunları etməyə isə yalnız bir şey vadar edib: insanlığı və sənətinə olan sevgisi. Aktyorluq sənətini müqəddəs sənət hesab edərək, özü nələrsə etməyə çalışıb. Gördüyü yaxşılıqları aktyor reklama çevirməyib, bunu sosial mediada işıqlandıraraq özünə xal toplamağa çalışmayıb. Deyir ki, mən nə uşaqlığımı, nə də gəncliyimi yaşamışam, həyatın bütün çətin tərəflərini gördüyüm üçün bu gün daha çox mübarizəm.
Belə örnək olunası hekayələr yüzlərlə, minlərlədir. Ancaq bu gün hər şeyin hazır şəkildə bizə təqdim edilməsini gözləyirik. Nələrisə dəyişmək üçün, bəlkə də dəyişməyə özümüzdən başlamalıyıq. Nədənsə hər şeyi kiminsə etməyini gözləyirik. Gözləyirik ki, bir gün biri çıxıb gələcək və bizim problemlərimizi həll edəcək. Bəlkə də, biz buna alışmışıq. Misal gətirdiyim aktyorun həyat hekayəsi diqqətimi çəkdiyi üçün onun bütün müsahibələrini oxudum. Müsahibələrinin birində bildirir ki, həbsxanalarda məhkumların kitablara böyük ehtiyacı vardı. Sosial şəbəkə vasitəsi ilə bir dəfə elan verdikdən sonra insanlar içi kitabla dolu maşınlarla qapıma gəldilər. Yaşlı adam olduğunu və fiziki cəhətdən hər işin dalınca qaçmağa gücü olmadığını deyən aktyor, insanların özlərinin belə bir həvəslərinin olmadığını qeyd edir. "O insanların özləri rahat şəkildə həbsxanalarla əlaqə saxlayıb, bu kitabları özləri təhvil verə bilərdilər”, – deyir. Fikirlərində haqlı deyilmi? Ancaq və lakin heç kim özünü əziyyətə vermək istəmir. İşin rahatına qaçmaq bizim şakərimiz və problemimizdir.
Bir zamanlar müstəqil teatrlarımızı yaradanlar da bizim üçün əsl örnək hekayələri qoyub gediblər. Di gəl, indi sənət cameəsində həyatına baxıb örnək götürəcəyimiz insanlar qalıbmı?..