TEATRO

TEATRO

sənət portalı

post-title

Xəyalə Rəis - İki sıfıra qalan ümid

2020... İddialı səsləndiyi qədər də nəhəng görünür. İki rəqəmi və onun sayı qədər də yanında saxlamağa çalışdığı sıfırları ilə göz oxşamağa çalışır. Bu yaşıma qədər öyrəndiyim əsas şeylərdən biri də zahirin aldadıcı olmasıdır. Bəzən görünən heç də həqiqəti əks etdirmir. O qədər zahiri gözəllərin batinində pisliklərin, eybəcərliklərin gizləndiyinin şahidi olmuşuq ki... İndi 2020-yə baxdıqda da eyni düşüncələr məni narahat edir. 2020, kim bilir bizim üçün nələr hazırlamısan? Özünlə bərabər gətirdiyin bu yeni ildə hansı sürprizlərlə təəccübləndirəcəksən? Bəlkə də artıq kimlərinsə evini yıxmaq üçün yeni planların belə hazırdır. Bəlkə də, kimlərinsə üzünə gülümsəmək üçün ona şans kimi gəlirsən. Ancaq nədənsə elə bil ki, bizi unutmusan. Bir neçə ildir şans qapımızı döyən də yoxdur. Birdən uğur gətirərkən yolunu azıb, biz tərəfə keçərsən, fələyin karıxar, yolundan muğayat ol. 

2020, gəlirsən gəl e, biz nə karəyik ki, sənə nəsə deyək?!  Gedənə qardaşıq, gələnə də yoldaş. Yalandan da olsa üzünə gülmək, "xoş gəldin” deyib səninlə birlikdə addımlamaqdan başqa çarəmiz yoxdur. Geridə qoyduğumuz bu ili kiminə görə nəhs il adlandırırıq. 2019-dan o qədər töküntülər qalıb ki, onların əlini-ayağını bir yerə yığmaq 2020-yə bir qədər çətin olacaq. Bəlkə də, elə 2020 də bivecin, əhlikefin biri oldu. Kim bilir?..

Yadımdadır 2019-cu il yeni başlayanda ondan teatrlarımızla bağlı böyük gözləntilərim vardı. Bilmirdim teatrlarımızdan çox şey gözləyirdim, yoxsa 2019-dan. Elə, deyəsən, hər ikisinə aşırı ümid bağlamışdım. Mətbuatda, kitablarda yazıldığı kimi, ötən ildə teatrlarımız güzgü rolunu oynayacaqdı. Teatrlarımızın repertuarında klassik pyeslərlə yanaşı, çağdaş əsərlər əsasında hazırlanan yeni tamaşalar, fərqli simalar, yeni aktyorlar görəcəkdik. Yəni fərqli nələrəsə şahid olacaqdır. Elə tamaşalar ki, içində bugünümüzlə səsləşən problemlər qoyulacaq, o problemlərin həlli yolları göstəriləcəkdi. Daha Sevilin başından yaylığını çıxarması, Kefli İsgəndərin insanlara gülməsi hadisə deyil. Klassikadır, amma bu günün insanları üçün deyəcək bir sözü yoxdur. Biri çıxıb teatrlarımızda repertuar hazırlayanlara xatırlatsın ki, ay bacım, ay qardaşım, XXI əsrdir e.  Müsyö Jordanla indi Paris də partlamır. Sən bu əsərlərlə hansı tamaşaçını teatrda tutub saxlamağa çalışırsan?!. Nə qədər "klassik əsərə müasir baxış” deyib dursanız da, o deyil. Alındıra bilmirsiniz, axı. Elə köhnə hamam, köhnə tasdır. 

2019-dakı əsas gözləntilərimdən biri də bu idi ki, rejissorlar eynilikdən bezib, fərqli aktyorlarla çalışacaqdı, yaradıcılıqlarında yeniliklər edəcəkdilər. Daha öz dostlarına, əzizlərinə hər tamaşada təkrar-təkrar baş rolları həvalə etməyəcəkdilər. Elə tamaşalar hazırlanacaqdı ki, baxdıqca doymayacaqdıq. İzlədikcə düşünəcəkdik, düşündükcə rejissorun səhnə yozumuna, əsərin səhnə həllinə heyran qalacaqdıq. Sənətçilər bir-birilərinin üzlərinə gülüb, arxalarınca danışmayacaqdı. Teatrlarımızda hazırlanan yeni tamaşalara təkcə kollektivin özü və qohum-əqrəbaları baxmayacaqdılar. Teatrın biletləri fərasətli inzibatçıların "yekə” dost-tanışları sayəsində sırınmayacaq, açıq kassadan satılacaqdı. Rejissorlar biri-birilərinin hazırladıqları tamaşalardan xəbərdar olacaqdılar. Yaxşı mənada, bir-birinin bəhsinə gözəl tamaşalar qoyacaqdılar. Daha, məsələn, Xəyalə adlı bir teatrşünas onlara "Mövsüm ərzində hansı həmkarınızın tamaşasına baxmısınız?” sualını verəndə "Mənim adımı qeyd etməyin”, "Öz tamaşamdan başqa heç kimin tamaşasına baxmamışam”, "İstəyirsiniz, dostlarımın hazırladıqları tamaşaların adlarını öyrənim yazım”, "Mən bu mövzuda danışmaq istəmirəm” kimi cavablar almayacaqdı. Verilən suallara açıq olacaqdılar, hər şeyi olduğu kimi danışacaqdılar, hər sözlərinin başına "möhtəşəm” ifadəsini dolayıb gəzdirməyəcəkdilər. Heç bir sualdan yayınmayıb, tənqidə açıq olacaqdılar. Hazırladıqları tamaşanı yüngülvari tənqid etdikdə odlu-alovlu hədələri ilə qarşı tərəfi ittiham etməyəcəkdilər. İfa etdikləri obrazlar alınmayanda "bu yazı sifarişlə yazılıb” deyilməyəcəkdilər.

Hələ sizə eyni kollektivdə çalışıb, həmkarlarının torbasını tikənləri görməyi heç arzulamazdım. Bilirəm, indi deyəcəksiniz, durub-durub söz danışdın də, onsuz da belələri hər sahədə var. Ancaq teatr göz önündə olan sənətdir. Əbəs yerə teatrın yeganə canlı sənət olduğunu demirik. Geridə qoyduğumuz ildə bu gözlər nələr gördü, bu qulaqlar nələr eşitdi, ilahi. Kim kimdən boşandı, kim kimə böhtan atdı, kim kimə kimdən yanlış xəbər çatdırdı, kimin rolu kimə verildi, kim hansı rejissorun sevgilisidir və sair və ilaxır. Əsl tamaşa bax, budur e. Otur seyr elə. Əslində, siz səhnədə baş verənləri gördüyünüz üçün sizə o qədər də klassik əsərlərin "müasir” baxışı cazibəli gəlməyə bilər. Ancaq o tamaşa hazırlanana qədər yaşanan proseslərə baxsanız, əsil tamaşanın məhz orada baş verdiyinin şahidi olarsınız. Şou müxbirlərinin, yaxşı ki, bunlardan xəbəri olmur. Yoxsa gündəmdə olardınız. Bunlardan xəbərləri olsaydı, onlar işi-gücü buraxıb bütün günü teatra gələrdilər. Tamaşa izləmək üçün də yox ha, məşq zamanı aktrisanın ətəyinin neçə qarış yuxarı qalxdığını görüb "Aktrisadan 18+” görüntülər, "Aktrisa sinəsini açdı” kimi xəbərlər hazırlamaq üçün. Teatr dönüb olacaqdı əsil şou.  Hərçənd ki, şou yazarları 2019-cu ildə də teatrda qalmaqal yarananda, aktyor işdən çıxanda, kimsə çıxıb ağzına gələni danışanda teatrın yerini öyrənməyə çalışırdılar. Hətta Akademik Musiqili Teatrın dənizin içində yerləşdiyini zənn edənlər də var idi. Heç olmasa, teatrın yolunu tutduqları üçün şükr etdiyimiz zamanlar da oldu. Bütün bunları gözləməsək də, sən saydığını say, gör fələk nə sayır - deyirlər.  

Doğrudur, geridə qoyduğumuz ildə teatrlarımızda yaradıcı proses dayanmadı. Yeni tamaşalar, festivallar, səfərlər, ölkəmizə gətirilən  mükafatlar da az olmadı. Mənim isə xatirəmdə daha çox Lənkəranda Beynəlxalq Teatr festivalındakı iştirakımız qaldı. Paytaxt və bölgə teatrlarımızı (hətta bir neçə xarici kollektiv də var idi) ətrafına toplayan festivalda isti və maraqlı bir ortam yaranmışdı. Bu mənzərə çox ürəkaçan idi. 

Geridə qoyduğumuz il Cəfər Cabbarlının anadan olmasının 120 illiyi qeyd edildi. Paytaxt, eləcə də rayon mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, seminar, kitab sərgisi, bədii qiraət və rəsm müsabiqələri ilə yanaşı, teatrlarımızda da Cəfər Cabbarlının əsərləri əsasında hazırlanan tamaşalar da oldu. Hətta dramaturqun irsinə maraq o qədər güclü oldu ki, Cəfər Cabbarlının eyni əsərinə üç teatrın eyni vaxtda müraciət etdiyi anlarla da qarşılaşdıq. Cəfər Cabbarlı ilə yanaşı, geridə qoduğumuz il Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edildi. Yubileydən söz düşmüşkən, ədiblərimizin adını çəkib, teatrlarımızı unutsaq, qəbahət olar. Bu mövsüm Akademik Milli Dram Teatrının 100, Akademik Musiqili Teatrın 110, Azərbaycan Dövlət Yuğ Teatrının 30,  Şəki Dövlət Dram Teatrının isə 140 illik yubileyi qeyd olundu.   Hərçənd ki, ölkədə teatr əlavəsi çıxaran yeganə qəzet olaraq dəvət olunmasaq da, bu teatr üçün böyük hadisə idi.  Ən yaddaqalan məqamlardan biri isə Teatrlar Xadimləri İttifaqının növbəti, XIV konfransı oldu. Açıq səsvermə yolu ilə Xalq artisti, professor Azər Paşa Nemətov yekdilliklə növbəti dəfə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri seçildi. Siz də gözləmirdiniz, elə deyilmi?  

2020-dən isə gözləntilərimi deməyə, açığı, çəkinirəm. Çünki bəzən arzularla reallıq üst-üstə düşmür. Belə olduğu halda, ümid məhvə doğru gedir. Ümidin ən sonda öldüyünü deyirlər, ancaq mənim ümidim yaşayaraq ölür. Çox hörmətli 2020, barı, bu il ümidimizi qırma...

Load Time (S) : 0.006590