Xəyalə Rəis - İçimizdəki qorxu
İl olub 2020. Dünya zərrəciklərdən ibarət olan, çəkisi, qoxusu olmayan yüngül bir virusun əlində çarəsiz qalıb. Digər planetlərə ekskursiyaya çıxan, Yer planetində oturub, Ayda torpaq almaq eşqinə düşən mü...
İl olub 2020. Dünya zərrəciklərdən ibarət olan, çəkisi, qoxusu olmayan yüngül bir virusun əlində çarəsiz qalıb. Digər planetlərə ekskursiyaya çıxan, Yer planetində oturub, Ayda torpaq almaq eşqinə düşən müasir insanın kiçik bir virusun əlində girinc qalması necə də gülməli və bir o qədər də ağlamalı durumdur. Dünya yeni bir canlı yaratdığı, tibbin “möcüzələrinin” planetə meydan oxuduğu bir dövrdə koronavirusun vaksininin tapılmaması real vəziyyətimizin acizliyinin göstəricisidir. Bizim ağ atlı oğlanlarımız qızlarımızın gözünü yollarda qoyduğu üçün ondan daha ümidimizi kəsmişik. İzlədiyimiz Hollivud filmlərindəki qəhrəmanlar da dadımıza çatmır. Gözümüzü yollara dikib, bir qəhrəmanın gələcəyini gözləyirik. Doğmalarımızın, əzizlərimizin göz görə-görə ovuclarımızın arasından çıxıb bu virusun qurbanına çevrilməsinə şahidlik edirik. Dünən yanımızda oturan, birlikdə çörək kəsdiyimiz insanlar bu gün bu balaca virusa görə torpaq olurlar. Mənzərə acınacaqlı, dəhşətlidir. İzlədiyimiz isə nə əcnəbi filmlər, nə də televiziya tamaşalarıdır, həyatın özüdür. Karantin sözünün nə olduğunu bilməyən bizlər üçün də bir tarix yaşanır. Bu tarixdən canlı çıxmaq üçün qorunmaq və mübarizə aparmaq əsas şərtlərdəndir.
Kaş, yaşadıqlarımız bir yuxu olaydı. Kaş, düşdüyümüz bu vəziyyət Hollivud filmi olaydı və sonu xoşbəxtliklə bitəydi. Ancaq reallıq budur ki, dünyadan köçənlər film bitdikdən sonra aramızda olmayacaqlar. Hər axşam gözümüzü günün statistikasına dikmədiyimiz, SMS-li icazələrin ləğv olunduğu karantinsiz bir həyat istəyirəm.
Hərdən “Facebook” da xəbərçi dostlar kimi bizə xatırladır ki, “Ötən il bu vaxtı siz filan yerdə idiniz”. Bağrın çatlamasın, neyləsin? Əslində, xoşbəxtliyimizin fərqində olmamışıq. Bir şeirdə deyildiyi kimi, “bəlkə də xoşbəxtik, xəbərimiz yox”.
“Vaxt var idi, tamaşalara, filmlərimizin qalalarına gedərdik” kimi yarızarafat atmacalarımızdan da qalmırıq. “Gələcək nəsillər bilməz canlı tamaşa izləmək necə hisdir” kimi cavablar da alırıq. Amma zarafatı belə tükürpədicidir. Həmkarlarımızla tədbirlərə getmək, canlı tamaşa izləyə bilmək üçün indi nələrdən keçərdik.
İlk dəfədir yaşadığımız bu karantin günlərində bir çox suallara cavab tapmaqqda acizik. Görəsən karantin bitsə, yenə o kinoteatra, teatra gedə biləcəyikmi? Yenə o əyləncəmiz, şənliyimiz olacaqmı? Yenə o teatr festivalları, səfərlər, premyeralar, tədbirlər olacaqmı? Suallar çox, cavabları yox.
Dünənə qədər virus yoxdur, inandırıcı deyil deyənlərin ətrafındakı insanlar, elə özləri də bu virusdan xəstəxana divarlarında nəfəs almaq üçün min bir əziyyət çəkdikdən sonra həyatdan ikiəlli yapışdıqlarının şahidi oluruq. Virusa yoluxaraq sağalıb cəmiyyətin bir parçası olmağa davam edənlər isə artıq ikinci həyatlarını yaşadıqlarını deyirlər. Yəni, deməyim odur ki, daha həssas və ehtiyatlı davranmağa çalışdığımız zamanda bir aydan sonra teatrlarımız yeni mövsümə başlayacaq. Teatr yazarıyam deyə özümü mövsüm açılışında teatrın qapısından içəri atmaq fikrində də deyiləm. Özümdən əlavə, ailəmi düşünüb, övladlarımı, valideynlərimi təhlükə altına ata bilmərəm.
Mövsüm açılanda hansı ana öz uşağını teatra göndərəcək? Məgər siz göndərəcəksiniz? Evdən çölə çıxarmadığımız, havadan belə virus tutar deyə qorxduğumuz, qohum-əqrəbalarımızın belə evinə aparmadığımız uşaqlarımızı, sizcə, bir neçə dəqiqə əyləncə xətrinə teatrlara aparacağıqmı?
Uzun müddətdir ki, teatrın təbliği ilə məşğul olan, klaviaturası teatr və onun PR-ı naminə çalışan teatr jurnalisti olsam da, şəxsən mən övladlarımı teatra aparmaqdan çəkinəcəyəm. İnsanların kütləvi toplaşdığı məkanlara övladımı göndərməyə qorxacağam. Məgər siz belə düşünmürsünüz?
Sözgəlişi, görəsən, teatr mövsümü başlayacaqmı? - deyə soruşsaq da, hamımızın içində bir əndişə, “görəsən”lər var. Mövsüm başlasın deyirik, amma hamımız ehtiyat edirik. Özümüzü və ailəmizi qorumaq üçün, bəlkə də, çoxumuz 2020-ci ilin sonuna qədər yolumuzu teatrlardan salmayacağıq. Pandemiya hamımızın içində bir qorxu yaratdı. Elə bir qorxu ki, yanımızda əyləşən insanlardan belə şübhələnməyə, bəlkə virus daşıyıcısıdır, deyə düşünməyə başlayırıq. Elə bir qorxu ki, uzun müddət onun təsirindən çıxmaq mümkünsüz görünür. Düzdür, hər nə qədər dünya teatrları müəyyən qaydalar əsasında qapılarını tamaşaçıların üzünə açmağa hazırlaşsa da, biz özümüzü bir cəmiyyət olaraq buna hazır hiss etmirik. Sizin adınızdan danışmaq olmasın, müşahidələrim əsasında bu qənaətə gəlmişəm.
Mədəniyyət ocaqlarına nəzarət edən Mədəniyyət Nazirliyinin də bu istiqamətdə hansı qərarlar verəcəyi bəlli deyil. Amma onlayn tamaşalara ümid bağlamaqdansa, koronovirusa yoluxmağı daha üstün tutardım. Bu müddət ərzində onlayn tamaşaların həll yolu olmadığını hamımız gördük. Yenidən uşaq başı aldatmaq kimi bir üsuldan istifadə edilməsinin insanların səbr kasasını daşdırmaqdan başqa bir effekt verməyəcəyini də hər birimiz bilirik. Sizin kimi də oturub, yeni qərarları gözləyirik. Elə qərarlar ki, pandemiyada gördüklərimizi bir daha görməmək ümidindəyik.
Vallah insanların yenidən o onlayn tamaşaları izləməyə nə taqəti, nə də mənəvi gücü qalmayıb. Onsuz da baxılmır, siz hər nə qədər rəhbərliklə iclaslarınızda 10 min izləyicidən dəm vursanız da, daxilinizdə, vicdanınızla baş-başa qalanda bunun həqiqətdən nə qədər uzaq olduğunu bilirsiniz. Əsas odur ki, plan cədvəliniz dolsun. Yaradıcı sahələrdə plan məsələsi də bir kal üzüm olub keçib boğazımıza, nə uda bilirik, nə tüpürə. Bu tamaşanı da oynayaq, planımız dolsun, bunu da edək, plan yerinə yetirilsin. Hər hektara 40 sentner pambıq. Yaşasın Lenin kolxozu, Ura-ura! Teatrın canlı sənət olduğunu siz unutsanız da, biz unutmuruq. Bugünün tamaşaçısı gözüaçıq, müasir insandır. Nəyi plan üçün, nəyi tamaşaçı üçün etdiyinizi sizdən də, bizdən daha yaxşı bilir.
Onu deyirdim axı, yeni teatr mövsümünün necə başlayacağı da sual altındadır. Vay o günə ki, yenə yeni mövsümdə aktyorlarla ZOOM proqramı ilə məşqlər salınsın. Bu təhsil deyil, bu heç plenar iclas da deyil ki, virtual ünsiyyət proqramları ilə iş aşsın. İnternetlə məşq anlayışını qəbul etməkdə çətinlik çəkirəm. Bunu kim necə ağlınıza salıbsa, ona biri başa salsın ki, atam-qardaşım, elə deyil. Rejissorlar hər nə qədər “evdən işləyirik, onlayn məşqlər edirik” desələr də, bununla məsələ həll olunmur.
Aktyorlara ev tapşırığı ilə yenə şeir söyləmək tapşırılacaqsa, onlar da bir gözü kitabda, bir gözü gözü kamerada sevdiyimiz şairlərin şeirlərini gözümüzdən salacaqlarsa, onlara bəri başdan bir məqbul yazın getsin. Heç olmasa, o şeirləri yazan mərhum şairlərimizi qəbirdə rahat buraxın. Hər nə qədər o aktyorlar, aktrisalar sizin teatrda baş tacınız olsa da, sosial şəbəkə vasitəsi ilə çıxışları, performansları ilə batdıqca batırlar.
4 aydan çoxdur ki, karantin qaydalarına əməl edən aktyorlar yeni mövsüm ab-havasında deyillər. Yaradıcı insanları yenidən bir araya topalamaq, yenidən o coşquyla yaradıcılıq prosesinə qoşulmaq və köhnə tamaşaların bərpa etmək heç də asan məsələ kimi görünmür. ZOOM proqramı ilə rejissorla üz-üzə olan aktyorlar arasında psixoloji gərginliyin yaşanması da mümkündür. Karantin qaydaları daha da sərtləşsə, aktyorlar və teatrların yaradıcı heyəti yenə də evdən işləməyə məcbur olacaqlar. Yoxdurmu bunun başqa bir çarəsi?
Görünən odur ki, bu mövsüm də teatrda çalışan aktyorlar yenə fəhləlik edib, özlərinə alternativ iş yerləri axtaracaqlar. Ya dabir az fərasəti və manevr etmək qabiliyyəti olanlar bir yol tapıb, fürsətdən yararlanıb öz PR-larına xidmət edəcəklər.
Tamaşaçısız qalan teatr ya pandemiyaya qaydalarına boyun əyməli, ya da başqa alternativlər tapmalıdır. Ümidimiz isə yeni təyin olunacaq mədəniyyət nazirinədir. Ümid edirik ki, gələn gedənə rəhmət oxutdurmaz.