TEATRO

TEATRO

sənət portalı

post-title

Xəyalə Rəis - Axır ki, o əjdahadan bizdə də oldu

Uzun müddət idi ki, teatrlarımızda yeni avadanlıqlar, işıq effektləri və tamaşaların olmamasından şikayət edirdik. Bu günün uşaqları ağır səhnə dekorlarına, bər-bəzəkli geyimlərlə hazırlanan o allı-güllü tamaşalara aldanmır. Onlar internetdə izlədiyi effektli animasiya filmlərini səhnədə görmək istəyirlər. 

Abdulla Şaiq adına Kukla Teatrı 2020-ci ilə premyera ilə başladı. Müasir uşaqların zövqünü nəzərə alan teatrın yaradıcı heyəti hər kəsin əzbər bildiyi, “Yeddi Nar çubuğu” nağılına müraciət etdi. Repertuarda “Yeddi Nar çubuğu” nağılının adına rast gəldikdə hər zamankı  kimi folklor nümunəsinin ənənəvi səhnə həllini görəcəyimizi güman edirdik. Ancaq rejissor bu dəfə tamaşaçıları təəccübləndirməyi bacardı. İzlədiyimiz “Yeddi nar çubuğu” tamaşasında müasir elementlər özünü göstərdi. Yaradıcı heyət maraqlı rejissor tapıntıları, qeyri-adi səhnə tərtibatı, işıq effektləri, əlavə konstruksiyaların tətbiqi ilə səhnə içində səhnə  yaradaraq uşaqları nağıl dünyasına səyahətə apardı. 

Azərbaycan Dövlət Kukla Teatrı, “ITALDIZAIN” şirkəti və “Cartier” zinət evinin dəstəyi ilə ərsəyə gələn tamaşa kiçikhəcmli ibrətamiz məişət nağıllarımızdan olan “Yeddi nar çubuğu”nun motivləri əsasında hazırlanıb. Səhnələşdirmə və mahnı mətnləri publisist Zülfüqar Rüfətoğluya məxsus idi. Teatrın baş rejissoru Əməkdar artist Qurban Məsimovun quruluş verdiyi tamaşada klassik nağıl üslubuna müasir effektlər əlavə edilib. Rejissor fərqli kukla texnikalarının köməyi ilə tamaşaçılara ibrətamiz hadisələrdən bəhs edən bitkin səhnə əsəri təqdim etməyə çalışıb.

Quruluşçu rəssamı Rəvanə Yaqubova olan bu tamaşada bütün zamanlarda öz füsunkarlığını qoruyan, sehrli nağıl ovqatını hakim saxlamaqla  çağdaş dövrün texnoloji vasitələri də uğurla tətbiq edilib.

Tamaşanın mahnı və rəqslərində Əməkdar artist Vüqar Camalzadənin dəsti-xətti seçilirdi.  Bəstəkar çoxçalarlı musiqi həlli ilə tamaşanın ideyasının daha güclü səslənməsinə nail olmuşdu. “Yeddi nar çubuğu” tamaşasının film-tamaşa effekti, ümumiyyətlə, işıqdan ustalıqla istifadə olunması və xüsusən, qardaşların bir-birindən ayrı düşən, yadlaşan mərhələsini, təklənmələrini təsvir edən sözsüz səhnə güclü təsir qüvvəsinə malik idi. 

Klassik kukla tamaşası üslubunda hazırlanan “Yeddi nar çubuğu”nda kölgə teatrı elementlərindən də istifadə edilmişdi. 

Tamaşaçıların maraqla izlədikləri tamaşada obrazları teatrın aparıcı aktyorları Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırırdılar. 

Tamaşa yeddi nar çubuğu metaforasından istifadə edərək, gücün birlikdə olduğunu, hər zaman bir birimizə arxa dayaq olmağın, “məndən ötdü qardaşıma dəydi” prinsipinə söykənməkl deyil, istənilən çətin məqamda birlikdə olmağı təbliğ edir. Hadisələr uşaqların gözü ilə, onların anlayacağı bir dillə təqdim olunur. Belə ki, Padşah yeddi oğlunu çağırıb tapşırıq verir ki, buğanı tutub gətirsinlər və beləliklə, xalq içməli su mənbəyindən yenidən rahat istifadə edə bilsin. Qardaşlar çox asanlıqla bu işin öhdəsindən gəlirlər. Lakin onlar işin nəticəsindən zövq almaq, qardaşlıq birliyindən qürrələnmək əvəzinə hər biri ayrı-ayrılıqda özünü tərifləməyə, öyməyə başlayırlar. Bu isə onunla nəticələnir ki, qardaşlar arasındakı mehribanlıq, bir-birinə dayaq olmaq kimi gözəl keyfiyyətlər tamam əks yaramaz cəhətlərlə əvəz olunur. Onlar atalarının sarayından aralanıb hər biri özü üçün ayrı bir saray inşa etdirirlər. Təbii ki, belə situasiya düşmənlərə sərf edir və onlar hücuma keçirlər. Qardaşlar özlərini itirmiş halda ata sarayına üz tutub kömək istəyirlər. Ataları onlara bir-birinə bağlanmış yeddi nar çubuğunu sındırmağı tapşırır. Bunu etməyin mümkünsüzlüyünü gördükdə isə onlara çubuqları ayrı-ayrılıqda sındırmağı təklif edir. Qardaşlar asanlıqla çubuqları bir-bir sındırırlar. Hətta ən kiçik qardaş da bu işdə çətinlik çəkmir. Amma yenə də atalarının bu sınağının anlamını dərk etmirlər. Məmləkətin padşahı, yeddi qardaşın atası izah edir ki, bu yeddi nar çubuğu onlardır – nə qədər ki, qardaşlar mehriban idilər, güclü, qüdrətli idilər, elə ki, bir-birindən ayrı düşdülər, düşmənlər onlara güc gəldi. Qardaşlar səhvlərini anlayıb yenidən əsl qardaş olurlar.

Tamaşadan sonra rejissor Qurban Məsimovla söhbət etdik. O  deyir ki, tamaşanın ərsəyə gəlməsində texniki hazırlıq prosesi uzun çəksə də, istənilən nəticə əldə olunub: “İlk dəfə olaraq bu tamaşada  hazırladığımız tamaşanın səhnəqrafiya texnikasını dəyişdik. Yüngül dəmir karkaslardan istifadə etdik. Bilirsiniz ki, teatrda qara otaq anlayışı var. Biz qara otağın yeni bir modelini nümayiş etdirməyə çalışdıq. Yeni işıq effektlərindən istifadə etdik. Səhnədəki ağır dekorları video proyeksiyalar əvəz etdi.  İndi teatrlarda, şou layihələrində LED ekranlardan istifadə etmək dəbdədir. Mən teatr üçün onun daha sadə, bacardıqca keyfiyyətli variantını tapdım. Bunun üçün şifon parça effektindən istifadə etdim. Arxada fonda işıq effektlərini fərqli şəkildə hazırladıq. Növbəti tamaşalarda bu ifadə vasitəsindən yaralanacağıq. Tamaşanın maraqlı məşq prosesi oldu. Belə ki, teatrın aktyorları işinin peşəkarı olduğu üçün onlarla çalışmaq o qədər də uzun çəkmədi. Əsas vaxt isə effektləri axtarıb tapmağa getdi”.

Rejissor qeyd etdi ki, premyera hələ tamaşanın hazır variantı demək deyil: “Premyeralarda tamaşa yeni olduğu üçün tam hazır olmur. Tamaşa oynanıldıqca bişməlidir. Bunun üçün də xeyli vaxt  lazımdır. Premyeranı bitkin tamaşa hesab edə bilmirəm. O tamaşa 6-7 dəfə oynanılandan sonra artıq bitir və formasını alır, qəlibə düşür. Kino sənətindən fərqli olaraq, bizim imkanımız var ki, növbəti tamaşada  nəyisə dəyişək. Hətta tamaşaçıya görə tamaşanı başqa cür oynamaq imkanlarına da sahibik”.

Rejissor bu tamaşa vasitəsi ilə uşaqlara gücümüzün birliyimizdə olduğu mesajının ötürüldüyünü vurğuladı: “Padşah övladlarına  deyir ki, biz torpaqlarımızı yağı düşməndən xilas etməliyik. Bunun üçün bizə birlik lazımdır. 7 qardaşın 7-si də bir olmalıdır. Nə  qədər gücümüzü bir yerə qoyuruqsa, bir hərəkət ediriksə, o qədər güclüyük. Təbii ki, bu nağıl müasir günümüzlə də səsləşir. Həmrəyliyin zamanı olmur. Birlik hər zaman aktualdır. Tamaşanı izlədikdə nağılın olduğu kimi səhnələşdirilmədiyinin şahidi oldunuz.  Orojinalda hadislər xətti bir qədər başqa cür idi. Biz tamaşada qardaşların evləndiyini göstərmədik. Səhnə əsərinin uşaqlar üçün maraqlı modelini tapdıq. Bizə lazım olan nəticəni ədə etmək üçün yüzlərlə effektlərə baxmaq lazım gəldi. Televiziya bilgilərim olduğuma görə hazırladığım tamaşada həmin təcrübədən istifadə etdim”.  

Gəlin qəbul edək ki, bu gün uşaq tamaşalarını izləyən uşaqlarımızı o tamaşanın reallığına inandırmaq bir qədər çətindir. Belə olduğu halda, uşaqlarımız da teatrlardan uzaq düşürlər. Onlarda teatra qarşı bir ikrah hissi baş qaldırır. Kukla Teatrında yeni hazırlanan bu  tamaşa isə, sözün əsil mənasında, uşaqları nağıl dünyasına səyahətə aparır. Bu gün nağıllarda daha çox Spider man, Betman, Maskeliler kimi qəhrəmanlara inanan uşaqlar üçün yerli nağıllarımızın müasir texnologiyalarla təqdimatına böyük ehtiyac var. Belə nağıllar tarixi, qəhrəmanlığı özündə əks etdirir, uşaqları birliyə səsləyir. Bunun üçün də mən öz övladlarımızı bu nağıla inandırmaq istəyindəyəm. Nəinki balacalar, elə nağıllara inanan “saqqalı uşaqlar” da belə nağıl -tamaşaları izləsələr, bir neçə dəqiqə real həyatdan uzaqlaşmaq imkanı əldə edərlər. 

Load Time (S) : 0.006180