TEATRO

TEATRO

sənət portalı

post-title

“Xalq şairi olmayan xalqın şairi”

Teatrşünas Anar Burcəliyevin “Xalq şairi olmayan xalqın şairi” kitabı unudulmaz şair, dramaturq, tərcüməçi və ən əsası isə Böyük İnsan Novruz Gəncəlinin 100 illik yubileyinə həsr olunub. Bu yaxınlarda Gəncədə kitabın təqdimat mərasimi keçirildi. Tədbirə dəvətli olsam da, təəssüf ki, iştirak edə bilmədim.

Amma kitabın ərsəyə gəlməsində böyük zəhməti olan teatrşünas Anar Burcəliyevə, elmi redaktor İmran Axundova, kitaba ön söz yazmış, şairə-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül xanıma və sənətkar haqqında xatirələrini bölüşmüş hər kəsə öz minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olsunlar, böyük və xeyirxah iş görüblər.

Mənə elə gəlir ki, dünyasını dəyişmiş görkəmli şəxsiyyətlər unudulmamalı, onlar haqqında xatirələr yazılmalı, əsərləri təkrar nəşr olunmalıdır ki, gələcək nəsillər keşmişi unutmasın. Axı unutsaq, unudularıq!

Vaxtında bu kitabın hazırlandığı haqqında xəbərim olsaydı, rəhmətlik Nov-ruz Gəncəli barəsində mən də xatirələrimi yazardım. Çünki, bu xeyirxah insan, coşqun təbiətli şair, yüksək peşəkar səviyyəli dramaturq, mahir tərcüməçi və publisistlə görüşmək səadəti mənə də qismət olub.

1990-cı illərin əvvəllərində mən cəmi bircə dəfə də olsa Novruz Gəncəli ilə görüşmüş, ünsiyyətdə olmuş, dramaturgiya və teatr haqqında maraqlı söhbətlərini dinləmişəm. Üstündən illər keçsə də mən həmin iki-üç saatlıq görüşü heç unutmadım. Əhvalat isə, belə olmuşdu.

 Mən həmin dövrdə Mədəniyyət nazirliyində işləyirdim. Bir dəfə əyləş-diyim otağın qapısı döyüldü. Mən otaqda tək idim. İçəri ağsaçlı, nurani görkəmli bir şəxs daxil oldu. Mənimlə köhnə tanışlar kimi görüşüb, hal-əhval tutaraq,  özünü təddim etdi: -Novruz Gəncəli. Mən ona əyləşməyə yer göstərib, adımı dedim. O, dedi bilirəm: - Ələsgərli. Mən soyadımı bilən insana təəcüblə baxırdım. O, təəccüblə baxdığımı görüb, gülümsədi. Mən işlərimi bir tərəfə qoyub, bu maraqlı insana baxırdım. O,  əyləşdi və qoltuğundakı kitabı göstərib, dedi ki, mənim yeni pyesimdir. Kitabın  adını oxudum: “Zərdüşt”. Kitabı avtoqrafla mənə bağışladı. Xeyli söhbət etdik. Danışığından bakılıya oxşatsam da, bu barədə ona heç nə demədim. Mən işimi tamamilə unudub, onunla mehribancasına söhbət edirdim. Onun maraqlı söhbətlərindən doymaq olmurdu. Novruz müəllim çox maraqlı həmsöhbət idi. Söz-sözü, mövzu-mövzunu çəkirdi. Mənim dramaturgiya ilə məşğul olduğumu və hətta bir neçə pyesimin nazirlik tərəfindən alındığını biləndə, doğma bir insan kimi çox sevindi. O, söhbət əsnasında dramaturgiya haqqında zəngin təcrübəsindən danışır, çox böyük ustalıqla bu çətin sahə haqqında düşündüklərini mənə çatdırırdı. Ədəbiyyat, incəsənət, mədəniyyət və xüsusən teatr haqqında xeyli söhbət etdik. Mən bu insanın ensiklopedik biliyinə heyran qalmışdum. Vaxtın necə keçdiyindən xəbərim olmadı. O, mənim əslən bakılı olduğumu biləndə, dedi ki, mən də Bakının Maştağa kəndindənəm. Mənim təəccüblə ona baxdığımı görüb, gülümsədi,  “Gəncəli” təxəllüsünün uzun söhbət olduğunu dedi və növbəti dəfə bu barədə ətraflı danışacağına söz verdi. Birdən Novruz müəllim söhbəti kəsib, məni işimdən ayırdığı üçün üzrxahlıq etdi.  Çıxa-çıxda dedi ki, Bakı da, Gəncə də ona doğma və əzizdir. Biz min ilin tanışları kimi mehribanlıqla sağollaşıb, ayrıldıq. Novruz Gəncəlini, bu mehriban insanı, ədəbiyyat və sənət bilicisini bir daha görmədim. Amma mənə bağışladığı “Zərdüşt” kitabı və yeganə görüşümüzün xatirəsi yadigar olaraq qaldı.

Həyat qəribəliklərlə doludur, deyirlər. Bir dəfə məni bir rejissorla tanış etdilər. Onu kiməsə oxşadırdım. Amma kimə?...Adını, soyadını deyəndə, çox təəccübləndim. “Xəzər Gəncəli”... Novruz Gəncəli yadıma düşdü. Təzə tanışımdan bu barədə soruşanda, dedi ki, atamdır. Onun rəhmətə getdiyini eşidib, çox bikef oldum. Allah Novruz müəllimə rəhmət eləsin. Onun oğlu Xəzər Gəncəli rejissordur. Bir müddət Bakıda, sonra Türki-yədə, daha sonra Mingəçevir Dram Teatrında baş rejissor işləyib. Bakıda bir neçə teatrda müxtəlif dram əsərlərinə quruluş verib. Xəzərlə ara-sıra görüşür, söhbətləşirik. Mənim pyeslərimlə də tanışdır. Hətta bir, ya iki pyesimə quruluş vermək istədiyini bildirib. Sağlıq olsun.

Bir dəfə söhbət əsnasında Xəzər mənə dedi ki, teatrşünas dostumuz Anar Burcəliyevin atam, Novruz Gəncəli haqqında yazdığı kitabı artıq çapa hazırdır. Mən buna çox sevindim. Nəhayət, kitab işıq üzü gördü. Xəzər Novruz Gəncəlinin oğlu olaraq, kitabı avtoqrafla mənə hədiyyə etdi. Çox sağ olsun.

Anar kitaba çox maraqlı ad seçib: “Xalq şairi olmayan xalqın şairi”.   Çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həyatı boyu müntəzəm surətdə poeziya, dramaturğiya, ssenari yaradıcılığı, tərcümə və publipustika ilə məşğul olan Novruz Gəncəli sağlığında, nədənsə layiq olduğu dəyəri almayıb. Keçmişlərdə də haqsızlıq olub. Böyük sənətkara sağlığında heç bir fəxri ad verilməyib, o, buna layiq olsa da.

Kitabda şairin müxtəlif illərdə yazdığı şeirlərdən nümunələr, mətbuatda çap olunmuş məqalələr, onun haqqında deyilmiş fikirlər və sair maraqla oxunur.   

Kitab “Xəmsə bulağı”əsərindən bir parça ilə başlayır. Bunun ardınca şairin dramaturji nümunələri verilir, dövrü mətbuat məqalələri və sənətkar haqqında yazılan nümunələrlə davam etdirilir. Kitab sanki mərhələlərlə hər bir məqalə, hər bir xatirə və hər bir şeir nümunəsi ilə unudulmaz sənətkarın obrazını gözlərimiz qarşısında canlandırır.  

Eşitdiyimə görə, Novruz Gəncəli həyatda xeyirxah, yaradıcılığında isə, prinsipial insan olub. Mənə elə gəlir ki, məhz prinsipiallığı ona həyatda çətinliklər törədib, uğurlarına və hətta fəxri ad almasına belə maneçilik törədib.

Novruz Gəncəli yaradıcılıq məsələlərində güzəştə getməyi bacarsaydı, qalmaqallı filmin ssenarisi ilə bağlı problemlər ortaya çıxmazdı. Kitabda bu bölmə “Məşhur Azərbaycan filmi ilə bağlı qalmaqal-Oğurluq iddiası və ya “Bizim sahildə” adlı əsərinin müəmmalı taleyi” adlanır. Bu ssenariyə görə Novruz Gəncəli xeyli instansiyalara müraciət etsə də, faktlarla ssenarinin ona məxsus olduğunu sübut etməyə çalışsa da, heç nəyə nail ola bilməyib. Nə etməli, həyatda belə hallar da olur. Həyatda heç də həmişə həqiqəti sübut etmək olmur.

Novruz Gəncəlinin yazdığı dram əsərləri fəlsəfi tutumu və ideya bütövlüyü ilə maraq doğurur. Kitabda toplanmış məqalələr bu barədə oxucuya ətraflı məlumat verir. Novruz Gəncəlinin şeir kitabları, dram və tərcümə əsərləri, komediyaları və uşaq ədəbiyyatı haqqında topluda geniş məlumat alırıq. Kitabda həmçinin, böyük sənətkarın həyati və sənət dostları ilə çəkilmiş fotoları verilib.

Elə bilirəm ki, Novruz Gəncəlinin dram və tərcümə əsərləri, poeziysı və publisistikası bu gün də aktual və oxunaqlıdır. Vətənə məhəbbət onun bütün yaradıcılığından ana xətt kimi keçir.

Şair şeirlərində vətəni sevə-sevə tərənnüm edərək, yazırdı:

 

Bir cüt hörüyündür Araz ilə Kür,

Gözlərin Göy göldür, hər zaman gülür,

Bu hüsnü görməyə dünyalar gəlir,

Dəyməsin hüsnünə göz, Azərbaycan,

Vəsvinə tapmıram söz,  Azərbaycan!

 

Şair şeirlərində Azərbaycanın hər bölgəsini, hər qarışını, hər bir dağını, gölünü, çəmənini, çiçəyini  vəsf etməkdən nə yorulur, nə də usanırdı. Onun insanın amalına həsr etdiyi şeir isə, sanki sənətkar qəlbinin harayıdır. Bu kiçik şeir “Bayraq”adlanır. Şair bu dörd misralıq şeirlə sanki gələcək nəsillərə vəsiyyətini edir:

 

Budaqdan ayrılıb düşdü bir yarpaq.

Nə ağac hiss etdi, nə də ki torpaq.

Dostum, yaratmasaq, köçüb gedəndə

Bizimlə yarpaqda nə fərq olacaq?

 

Söz yox ki, dəyərini almayan ölməz sənətkarımız yaratdıqları ilə həyatda qalmağa layiq bir Şəxsiyyətdir. 

 

Çingiz Ələsgərli

teatrşünas, dramaturq

 

 

 

 

     

 

 

 

 

 

 

 

 

Load Time (S) : 0.006208