TEATRO

TEATRO

sənət portalı

post-title

Vüsalə İbrahimli, Nərminə Kamalova - Katalizatorun səsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 12,16, 23 fevral tarixlərində “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsi həyata keçirilib.  

“KATALİZATOR ArtHub” tərəfindən təşkil edilən “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” ilk müstəqil tədbirin həyata keçirilməsindən bəhs etmədən öncə, layihənin yaranma tarixçəsi və əsas məqsədi ilə tanış olaq: “KATALİZATOR ArtHub” ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov tərəfindən Britaniya Şurasının Kreativ Prodüserlər Proqramı-2023 layihəsi çərçivəsində yaradılıb.

KATALİZATOR yaradıcı sənayedə məhsuldar mühitin formalaşmasına təkan vermək üçün bütün yaradıcı ideyalara açıq olan incəsənət platformasıdır.

İncəsənət sahəsində yeni layihələri, komandaları və kreativ sənayeni beynəlxalq səviyyədə dəstəkləmək, birgə layihələrin həyata keçirilməsini stimullaşdırmaq məqsədi ilə həyata keçirilən beynəlxalq proqramda Azərbaycanla yanaşı, Türkiyə, Kosovo, Serbiya, Bosniya və Hersoqovina, Ukrayna, Makedoniya, Qazaxıstan, Albaniya, Monteneqro, Gürcüstan və Özbəkistandan da nümayəndələr iştirak edib. E.Cəfərovun müsabiqəyə təqdim etdiyi “KATALİZATOR ArtHub” layihəsi növbəti mərhələdə iştirak üçün seçilib.

Birinci mərhələdə təqdim olunan layihələr arasından proqramın mahiyyətinə uyğun perspektivli layihələr seçilib və iştirakçılar üçün 5 günlük onlayn təlim proqramı təşkil edilib. 5-10 mart 2023-cü il tarixlərində baş tutan növbəti mərhələdə layihə iştirakçıları Serbiyanın paytaxtı Belqrad şəhərində təlimlərə qatılıblar.

Proqramda Azərbaycandan yeganə təmsilçi olan E.Cəfərovun layihəsi növbəti mərhələdə də qalib gələrək Böyük Britaniyada iştirak şansı qazanan 13 layihə arasında olub. Proqramın final mərhələsinin qalibi kimi, o, 11-17 iyul 2023-cü il tarixlərində Böyük Britaniyanın Mançester və Liverpul şəhərlərinə səfər edib. Səfər çərçivəsində lokal, milli və beynəlxalq səviyyədə incəsənət layihələrinin təşkili ilə məşğul olan müəssisələr ilə tanışlıq baş tutub. Proqramın nəticəsi olaraq, layihə iştirakçıları arasında kiçik qrant müsabiqəsi elan edilib. Dünyanın müxtəlif ölkələrindən olan 7 prodüserin Kreativ Prodüserlər proqramı çərçivəsində təqdim etdiyi layihələrə Britaniya Şurası tərəfindən dəstək verilib. Nəticələrə əsasən, E.Cəfərovun “KATALİZATOR ArtHub” platformasının “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsi Britaniya Şurasının dəstəyi ilə həyata keçirilib.

“Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsi çərçivəsində Tom Stoppard, Harold Pinter, Saymon Stefens, Qreqori Börk, Sara Keyn, Mark Revnhill, Martin MakDonax, Piter Şeffer, Kerl Çörçill, Nik Peyn, Fibi Uoller-Bric, Nina Reyn kimi müasir Britaniya dramaturqlarının yaradıcılığına həsr olunmuş 3 seminar təşkil edilib.

ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, Britaniya Şurasının əməkdaşları, teatr xadimləri və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir boyu bir-birindən maraqlı seminarlarda iştrak etdik. Sözügedən məruzələr Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi şura otağında, Teatrşünaslıq kafedrasının müəllimi Emin Əliyevin medoratorluğu ilə həyata keçirilən müzakirələr və Əməkdar artist, dOM müstəqil teatrının aktrisası, ADMİU-nun Dram teatrı və kino aktyoru kafedrasının dosenti Yaqut Paşazadənin rəhbəri olduğu  IV kurs tələbələri ilə hazırladığı pyes oxunuşları isə universitetin kiçik səhnəsində baş tutub.

Layihənin ilk günü tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova hər kəsi salamlayaraq, layihənin əhəmiyyətindən bəhs edib. Bildirib ki, universitet hər zaman tələbənin maariflənməsi, daha geniş səpkili və dolğun biliklər əldə etməsi üçün çalışır, bu istiqamətdə dünyanın qabaqcıl universitetlərinin təcrübələrini örnək alaraq yeni layihələr hazırlayır. Bu gün ilk tədbiri keçirilən “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsi də bu qəbildəndir. Rektor layihənin təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərova və layihənin təşkilat komandasına təşəkkürünü bildirib. Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva layihənin yaranma tarixçəsindən danışıb. Natiq qeyd edib ki, Kreativ Prodüserlər proqramı çərçiəsində yaradılmış KATALİZATOR ArtHub bütün mərhələləri uğurla keçərək Britaniya Şurasının dəstəklədiyi 7 layihədən biri olub. N.Hacıyeva gələcəkdə də bu qəbildən olan incəsənət yönümlü layihələrin və birgə təşəbbüslərin davam etdiriləcəyinə inamını ifadə edib.

Sonra Elçin Cəfərov çıxış edərək qonaqları layihənin məqsədi, məzmunu, görüşlərin proqramı, beynəlxalq və yerli mütəxəssislər, layihə komandası haqqında məlumatlandırıb. Başda Britaniya Şurası və ADMİU olmaqla bütün tərəfdaşlara təşəkkürünü bildirən E.Cəfərov qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan tamaşaçısında müasir Böyük Britaniya dramaturgiyası haqqında təsəvvür yaratmaqdan ibarətdir.

Açılış mərasimindən dərhal sonra tədbirin ilk hissəsində “Böyük Britaniyada çağdaş teatr / dramaturgiya” mövzusunda seminar baş tutub. Seminarın spikeri dramaturq, London Nitq və Dram Sənəti Kral Məktəbinin Dramaturgiya kafedrasının müəllimi Sara Qroçala (Sarah Grochala) olub.

Seminardan sonra universitetin kiçik səhnəsində “Böyük Britaniya dramaturgiyasında sosial mövzu dominant konsept kimi” adlı müzakirə baş tutub. Sonra isə Nik Peynin “Bürclər” pyesinin qısa fraqmentinin oxunuşu baş tutub.

Layihənin ikinci günü tədbirin ilk hissəsinə keçməzdən öncə layihənin koordinatoru Əli Hacılı çıxış edərək qonaqlara görüşlərin proqramı və layihə komandası barədə məlumat verib, ardınca isə “1990-cı illər Böyük Britaniyada dramaturgiya, teatr sənəti, pyes yaradıcılığı” mövzusunda məruzə başlayıb. Seminarın spikeri Böyük Britaniya Kral İncəsənət Cəmiyyətinin üzvü, jurnalist, teleaparıcı, pedaqoq və teatr tənqidçisi  Aleks Syerts (Aleks Sierz) olub. Universitetin kiçik səhnəsində isə “Postmüharibə dövrü Britaniya  dramaturgiyasında müharibə mövzusu” adlı müzakirə keçirilib. Teatrşünaslıq kafedrasının müəllimi Emin Əliyevin moderatorluğu ilə keçirən bu hissədə XX əsrin ortalarında İkinci Dünya müharibəsinin bitməsi, “soyuq müharibə” dövrünün başlaması, bütün bu hadisələr fonunda müasir Britaniyalı dramaturqların hadisələrə refleksiyası və onların yaradıcılığında müharibə mövzusunun yerindən danışıb. E.Əliyevin çıxışından sonra Kəril Çörçillin “Uzağa” pyesinin qısa fraqmentinin teatrallaşdırılmış oxunuşu baş tutub. Kerl Çörçillin distopik dram kimi yazılmış pyesi həm də eksperimental əsər  kimi səciyyələndirilir. Pyes Harper, Coan və Toddun başına gələn, 3 müstəqil hissədən ibarətdir. Çörçillin bu pyesinin əsas mövzusu qorxu və ictimai xaosdur.

Layihənin sonuncu günü də Elmi Şura otağında başlayıb. Tədbirin ilk hissəsinə keçməzdən öncə layihə rəhbəri Elçin Cəfərov gələn qonaqları salamlayaraq, bu tədbirin son olmayacağını, buna bənzər layihələrin davam edəcəyini bildirib. E.Cəfərov layihənin gerçəkləşməsinə dəstək olan Britaniya Şurasına, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə və tələbələrə, o cümlədən layihənin tərəfdaşları olan Teatro.az sənət portalına, YUĞ Dövlət Teatrına, Ritual Mobil Teatr laboratoriyasına və CHARACTERS Dramaturgiya Festivalına təşəkkürünü çatdırıb. Sonra Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva tribunaya dəvət edilib. “Biz Britaniya və Azərbaycan arasında mədəniyyət və incəsənət sahəsində yaranan təşəbbüsləri həmişə dəstəkləməyə hazırıq”- deyə çıxışına başlayan natiq bu üç tədbirin teatrın inkişafı baxımından olduqca faydalı olduğunu vurğulayıb. Tədbirin birinci hissəsində London Metropolitan Universitetinin müəllimi, prodüser və mentor Manik Qovindanın spikerliyi ilə "Böyük Britaniyada hüdudsuz teatr / eksperimental performans" mövzusunda seminar baş tutub. Spiker Böyük Britaniyanın çağdaş teatr prosesinə ekskurs edib, öz şəxsi təcrübəsinə söykənərək, Britaniya teatrında müşahidə olunan yeni tendensiyalar, eksperimental teatr formaları və eksperimental tamaşalar haqqında danışıb. Seminardan sonra Universitetin kiçik səhnəsində “Britaniya dramaturgiyasında mənəvi konsept” adlı müzakirə keçirilib. Gedişatda Fibi Uoller-Bricin “Flibəq” pyesinin qısa fraqmentinin oxunuşu baş tutub. Maraqlı fikir mübadilələrindən sonra Elçin Cəfərov Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyevanı  tədbirin yekun çıxışı və pyeslərin oxunuşunda aktiv iştrak edən IV kurs aktyor-tələbələri  (Fidan Ağazadə, Könül Nəzərova, Zeynəb Əliyeva, Abbas Qənbərov, Ləman Səlimova, Elşad Şirinov, Nərmin Quliyeva, Aydan Məhərrəmova, Nicat İskəndərov) sertifikatlarla təltif etmək  üçün  səhnəyə  dəvət edib. Ardınca Elçin Cəfərov layihə iştirakçılarına (Emin Əliyev, Əli Hacılı, Minaxanım Qurbanova, Azər Həsənov, İsa Məmmədzadə, Elçin Məmmədov) və tələbə-teatrşünslara (Vüsalə İbrahimli, Nərminə Kamalova, Aynur Əsgərli, Nailə Qasımova, Fatimə Qurbanzadə, Tağilə Mehdiyeva, Nurlan İsmayılov, Asiman Şükürova, Nəzrin Babayeva, Əhməd Mehtiyev, Amin Əhmədzadə) sertifkatlar təqdim edib. Tədbirin davamında pyes oxunuşunun müzakirəsi keçirilib. Sonda Elçin Cəfərov layihənin nəticələri haqqında danışaraq bu cür layihələrin hər kəsi teatr barəsində düşünməyə çağırıdığını bildirib və tədbirlərə qatılan bütün iştrakçılara təşəkkürünü çatdıraraq üçüncü günün proqramını və bağlanış mərasimini yekunlaşdırıb.

Tədbir üç gündən ibarət olmağına baxmayaraq, qısa zaman kəsiyində Elçin Cəfərov və komandası  böyük iş ərsəyə gətirdi. “KATALİZATOR ArtHub” teatr cameəsində səs salmağı bacardı. Bu tipli layihələrin davamlı olması diləyi ilə!

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov:

Çağdaş dövrdə biz Avropa mədəni məkanına daxil oluruq. Yəni heç bir teatr və mədəniyyət təcrid olunmuş sferada yaşaya bilməz. Onun inteqrasiya proseslərinə qoşulması qaçılmazdır. Bu baxımdan, bizim də dünya mədəniyyəti ilə bağlılığımız labüdləşib. Konkret olaraq teatr sənətinə gəlincə, bilirsiniz ki, canlı yaradıcılıq orqanizmi olaraq  onun qan dövranı dramaturgiya ilə bağlıdır. Yəni teatrın bədii, yaradıcılıq dili dramaturgiyanın zənginliyi ilə birbaşa bağlıdır. Odur ki, tanıtım missiyaları olduqca vacibdir. Təəssüf edirəm ki, biz başqa sahələrdə olduğu kimi, bu sahədə də ciddi  işlər görmək üçün bir az gecikmişik. Vaxtında olsaydı, əlbəttə, daha effektiv olardı, amma indi də gec deyil. Bu baxımdan, Elçin Cəfərovun bu işə qoşulmağını və bu məsələdə belə fəal şəkildə tədbirlər keçirilməsini mən çox yüksək qiymətləndirirəm. Ümumiyyətlə, düşünürəm ki, müasir Böyük Britaniya dramaturgiyası bizim üçün yaxşı tanıdığımız, yeri gələndə istifadə etdiyimiz səhnə ədəbiyyatı deyil. Çox təəssüf ki, bu belədir. Dost söhbətlərində də Böyük Britaniyadan, ingilis dramaturgiyasından danışanda  Şekspir öz nəhəngliyi ilə hamısının üstünə kölgə salır, biz elə oturub-durub Şekspirdən danışırıq. Halbuki, Şekspir də konkret bir dövrün, epoxanın görkəmli şəxsiyyətidir. Yəni müasir ingilis dramaturgiyasına ara-sıra internet səhifələrində rast gəlirik. Bir  zamanlar SSRİ tərkibində olan ölkələrin  bir qismi MDB daxilindədir, həmin ölkələrin səhnə sənətində Böyük Britaniyanın yeni dramaturgiya nümunələrinə vaxtaşırı müraciət edildiyini  müşahidə edirik. Ötən il Daşkənddə tələbə tamaşaları festivalında iştirak edirdim. Həmin festivalda Sara Keynin “Psixoz” əsərini tamaşaya qoymuşdular. Mən orda bizim tələbələrdən Sara Keyni tanıyıb-tanımadıqlarını soruşdum, yox, tanımırıq dedilər. Amma bu onların suçu deyil, tanıdılmaması ilə bağlıdır. Təəssüf edirəm.

Mən Elçin müəllimə bir tövsiyə etdim, fikir mübadiləsi apardıq. Biz də Azərbaycan dramaturgiyasının bəzi nümunələrini başqa ölkələrə, xalqlara tanıtmalıyıq. Bununla bağlı mən bəzi epizodik işlər görürəm, MDB tərkibində olan türkdilli ölkələrə bizim dramaturgiyadan bəzi əsərləri göndərirəm, tərcümələr etdirirəm. Amma Elçin müəllimin etdiyi bu şəkildə və formatda təqdimatı daha gərəkli və effektiv hesab edirəm. Əlbəttə ki, bu sayaq qarşılıqlı mədəni bəhrələnmələrin uğurlu nəticələrini əldə edə bilərik. Düşünürəm ki, 3 mərhələdə olan bu tanıtım tədbirinin hər biri özlüyündə maraqlı idi. Konkret coğrafiyası    olan dramaturgiyanın özünün ayrı-ayrı illərdə, ötən əsrdən bu yana gələn mərhələləri əhatə olunmuşdu. Biz ara-sıra sıra o dramaturqları görmüş, əsərləri əsasında qoyulan tamaşaları izləmişdik. Amma 2000-ci ildən hazırkı günümüzə qədər bizim burada axsaq işlərimiz, nöqsanlı yanaşmalarımız göz qabağındadır və bu boşluğu aradan qaldırmaq üçün müəyyən işlər görülməlidir. Bu baxımdan Elçin Cəfərovun rəhbərlik etdiyi və Britaniya Şurasının dəstəyi ilə keçirilən bu tədbirin böyük nəticələrə aparacağına inanıram və hər cür dəstək verməyə hazıram.

 

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov:

Belə layihələrin həyata keçirilməsi Azərbaycan teatr məkanı üçün çox əhəmiyyətlidir. Bu tədbirlərin ADMİU-da keçirilməsi isə onun əhəmiyyətini ikiqat artırır. Bu gün milli mədəniyyətlərin, o cümlədən teatrın inkişaf yolu inteqrasiyadan keçir. İnteqrasiya isə yalnız qarşılıqlı tanışlıq vasitəsi ilə baş tuta bilər.  "Böyük Britaniya dramaturgiyası: TANIMA" layihəsi bu mənada bir ilk olaraq, çox gözəl örnəkdir. Və bu örnəyi mütləq dəstəkləmək və davam etdirmək lazımdır. Mən layihənin müəllifi Elçin Cəfərova və bu layihənin baş tutmasında əməyi olan hər kəsə təşəkkürümü bildirir və uğurlar arzulayıram. İnanaram ki, KATAİZATOR ArtHub gələcəkdə öz sərhədlərini və auditoriyasını daha da genişləndirəcək! Azərbaycan teatrının buna ehtiyacı var...

 

Azərbaycan Respublikasının Əməkdar artisti , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Yaqut Paşazadə:

Elçin Cəfərovun Britaniya Şurasının dəstəyi ilə keçirdiyi TANIMA layihəsi ADMİU tələbələri üçün çox  uğurlu və perespektivli  layihələrdən biri oldu. Kurs rəhbəri olduğum IV kurs aktyor tələbələrimin də iştirakı, əslində, müasir ingilis dramaturgiyasından olan nümunələri TANITMAQDAN ibarət idi:

12 fevral Nik Peyn “Bürclər”, 16 fevral Kəril Çörçill “Uzağa”,  23 fevral Fibi Uoller-Bric “Flibəq” əsərlərindən qısa hissələrin bədii oxunuşu.

Azərbaycanda və dünyada oxunuş (çitka) teatr forması artıq uzun müddətdir ki, fəaliyyətdədir. Bunu ADMİU tələbələri üçün də reallaşdırdığına görə bir daha Elçin müəllimə və bütün zəhməti keçən hər kəsə təşəkkür edir və uğurlar arzulayıram!

Azərbaycanda ilk interaktiv teatr olan “dOM” Müstəqil Teatrının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, teatr rejissoru Tərlan Rəsulov:

“Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsi ilə bağlı onu deyə bilərəm ki, indiki dövrdə, yəni informasiyanın həddən artıq bol olduğu zamanda sanki əlavə bir məlumata ehtiyac olmadığı bir hissi yaranır və bunun nəticəsi olaraq, "hər şeydən xəbərimiz var" kompleksi formalaşır. Sözsüz ki, bu kompleks heç bir sahədə, ələlxüsus incəsənətdə inkişafa kömək eləmir. Ona görə də mütəmadi surətdə, hətta "dəqiq bilirik" olan məlumatları və biliyi bir daha yoxlamaq, onun dəqiqliyini təftiş etmək gərəkdir.

Belə layihələrin keçirilməsi yalnız tələbələr deyil, həmçinin, müəllim heyətinin, o cümlədən, bütün tədris prosesinin də inkişafına öz güclü təsirini göstərmək qabiliyyətindədir.

Ritual Mobil Teatr Labaratoriyasının təsisçisi, teatr rejissoru Aynur Zərrintac:

Bir cəmiyyətdə ki, sənətçi baş verən proseslərə biganə qalmır, bu təbii ki, onun sənətinə də yansıyır. Biz Müasir Britaniya dramaturgiyasının” TANIMA” layihəsindəki natiqlərin çıxışında və təqdim olunan pyeslərdə də bunu görə bildik. Məsələn, mən İngiltərədə teatr rejissorluğu üzrə təhsil aldığım müddətdə bir çox teatrı gəzib, heyəti ilə tanış olmaq fürsətim yarandı. Miqrasiya prosesi, Britaniyaya gələn qaçqınlar, siyasi-ictimai proseslər dramaturgiyanın dəsti-xəttinə hopurdu. Mənim üçün rejissor kimi post-müharibə dövründə formalaşan Britaniya dramaturgiyasının yaranış prosesini dinləmək, eləcə də sənədli teatrda müsahibələrin xoreoqrafiya ilə teatral tərcüməsinin nümunəsini görmək iş istiqamətində ruhlandırıcı oldu. Həmçinin, “KATALİZATOR ArtHub” məncə bu cür müzakirələrlə ADMİU heyəti, teatrda artıq bir-birini tanıyan icma ilə, bu sahədə müstəqil çalışanlar arasında bir tanışlıq bağı yaratdı. Onu da qeyd edim ki,  tədbirin birinci hissəsindəki seminarlarla, ikinci hissədəki ADMİU tələbələrinin hazırladığı pyes oxunuşları sanki nəzəriyyə ilə praktikanın vəhdətinin nümunəsi idi.

Dramaturq və teatr kuratoru İsmayıl İman :

Bu cür tədbirlər, xüsusən də Britaniya dramaturgiyasının görkəmli nümunələri ilə tanış olmaq imkanı Azərbaycanda dramaturgiyanın inkişafına və yeni aktual pyeslərin yaranmasına təkan ola bilər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, teatrşünas Könül Cəfərova:

"Böyük Britaniya dramaturgiyası: TANIMA" layihəsi və bu qəbildən olan istənilən layihə Azərbaycan teatrına, teatr prosesinə hava-su kimi lazımdır. Belə layihələr prosesin nəbzini tutmaq, prosesə yeni nəfəs qatmaq üçün əvəzsizdir. Həm də belə layihələr fraqmental deyil, mütləq davamlı xarakter daşımalıdır. Bir güllə bahar olmur. KATALİZATOR ArtHub bunə rəvac verdi, ardı gəlməlidir, inanıram ki, gələcək də. Teatr prosesi elə qəddar prosesdir ki, durmadan, daim yenilik, yenilənmək istəyir. Nəfəs dərmək üçün durdunsa, autsayder olmağa məhkumsan. Bu baxımdan prosesimizə mütləq bir katalizator lazım idi, bu öhdəliyi də Elçin Cəfərov öz üzərinə götürdü.

YUĞ Dövlət Teatrının rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Tural Mustafayev:

Öncəliklə başda Elçin Cəfərov olmaqla layihədə iştirak edən hər kəsi təbrik edirəm! Bu layihəni  bizim teatr cəmiyyəti və ADMİU üçün çox əhəmiyyətli və faydalı hesab edirəm. Çünki Britaniyanın müasir dramaturgiyası ilə  tanış olmaq, maraqlı lektorlara qulaq asmaq və fikir mübadiləsi aparmaq imkanı yarandı. Bu birinci və çox önəmli addımdır. Belə layihələrin daha çox olmasını arzu edirəm.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Emin Əliyev:

Böyük Britaniyanın özünəxas teatr mədəniyyəti, məktəbi var. Bu məktəbi xüsusi edən isə öncəliklə onun dramaturgiyasıdır. Biz də 3 günlük layihə çərçivəsində bu məktəblə Azərbaycan tamaşaçısını, teatr və incəsənət ictimaiyyətini tanış etməyə çalışdıq. Oxunuş pyeslərdən parçalardan ibarət olsa da, çox maraqlı müzakirə, fikir mübadiləsi aparıldı. İzləyicilər tərəfindən də rəyin müsbət olduğunu gördüm. Məncə, layihə ilkin məqsədinə çatdı. Bu səbəbdən layihənin həyata keçməsinə vəsilə olan hər kəsə təşəkkür edirəm!

ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin mütəxəssisi Əli Hacılı:

Hər kəsi öyrəndiklərindən dolayı təbrik edirəm. Layihə düşündüyümüzdən də maraqlı alındı. Layihənin məhz ADMİU-da keçirilməsi tələbələr üçün çox yaxşı fürsət oldu. Tələbələr auditoriyalarda hər zaman adları çəkilən, amma hələ də teatrlarımıza yol tapmayan çağdaş Britaniya dramaturgiyasını tanıdılar, izlədilər, müzakirə etdilər. Tanıdıq ki, Britaniya dramaturgiyası Şekspirdən, Bekketdən ibarət deyil. Tanıdıq ki, müasir dramaturgiyada mövzular necə qoyulur. Bildik ki, dramaturgiya ilə maraqlanan kifayət qədər insan var. Təşəkkür edirik ki, tərəfdaşlarımız da layihəyə bizim qədər məsuliyyətlə yanaşdılar. Gözləyirik və əminik ki, KATAİZATOR ArtHub-ın digər layihələri də, ən az, bu qədər maraqla qarşılanacaq.

Load Time (S) : 0.005238