TEATRO

TEATRO

sənət portalı

post-title

Vüsalə İbrahimli:  “Gözəl şəhzadə”nin gənclik maskası...

İrlandiyalı filosof, dramaturq, yazıçı, şair və tənqidçi Oskar Uayld Avropa modernizminin əsas nümayəndələrindəndir. Çoxları onu nağılların müəllifi kimi tanıyır. Ancaq O.Uayld həm də çox sayda pyeslərin, povest və hekayələrin, poemaların, esselərin müəllifidir. Bu məqalədə müəllifin yeganə irihəcmli nəsr əsəri olan “Dorian Qreyin portreti” romanından danışmaq istəyirəm. Bu roman Oskar Uayldın ən uğurlu və eyni zamanda ən qalmaqallı əsəri hesab olunur. Yazıçı öz əsərini “bir ruhun hekayəsi” adlandırır. Roman daim gözəl qalmaq üçün qəlbini şeytana satan bir gəncin taleyindən bəhs edir.

Əsər emalatxanada, rəssam Bazil Holvard və dostu lord Henri Vottonun dialoqu ilə başlayır. Lord Henri Bazilin hərəkətini axmaq hərəkət adlandırır. O, başa düşmürdü ki, Bazil niyə görə belə edir. Əslində, mən də əsəri yeni oxumağa başlayanda bunu anlamağa çalışırdım. Bizim – lord Henrinin və mənim anlamaq istədiyimiz nə idi? Niyə Bazil yaratdığı bu füsunkar portreti  sərgiyə göndərmək istəmirdi? Portretdəki gənc kimdir? Lord Henrinin israrlarından sonra, nəhayət ki, Bazil başa düşməyəcəyini bilsə də, sirrini dostuna açır.

Rəssam bildirir ki, portretdəki gənc onun üçün çox dəyərlidir. Bu gözəl gənc Dorian Qreydir. Bazil onunla iki ay öncə ledi Brandongildə ziyafətdə olarkən tanış olub. O gündən rəssam ona heyrandır. Bazil Dorian Qreyə vurğunluğunu hətta belə ifadə edir: “Henri, bilirsən, bəzən düşünürəm ki, bəşər tarixində iki ən vacib məqam var: birincisi, sənətdə yeni ifadə vasitələrinin peyda olmasıdır, ikincisi  isə sənət üçün yeni obrazların yaranmasıdır. Venesiyalılar üçün yağlı boya ilə çəkilən əsərlər necə qiymətli olubsa, yaxud antik yunan heykəltəraşlığında Antiniosun üzü necə əbədiyyətə dönübsə, nə vaxtsa mənim üçün də Dorian Qreyin siması elə olacaq”.

Lord Henri Bazilin bu fikirlərindən sonra da onu anlamadı. Mən əsərin bu hissəsinə çatanda artıq inandım. Nəyə və niyə inandım? İndi bunu açıqlayım. Əsərin əvvəlində düşünürdüm ki, bu portret digərlərindən nə qədər dəyərli ola bilər? Lakin məhz bu hissədə Bazilin müqayisələrindən sonra inandım ki, portretdəki şəxsin özü rəssam üçün dəyərlidir. Sənətkar gənc oğlana olan əlçatmaz məhəbbətini hər cür yolla izhar etməyə çalışırdı. Mən Bazili anlasam da, Henri anlamaq istəmədi. Hətta o, Bazilin fikirlərini “xalis roman” adlandırdı. Henri düşünürdü ki, nə vaxtsa bu dostluq bitəcək və həm də onların bir-birini məzəmmət etməsi ilə bitəcək. Mən yenə Henri ilə razılaşmadım. Çünki Bazil Doriana bu qədər dəyər verərkən niyə bu dostluq bitsin?! Lakin mən yanıldım... Bu dostluq faciəvi şəkildə sonlandı. Bunun səbəbkarlarından biri də lord Harri Vatton və onun fəlsəfi fikirləri idi.

Əsərin əvvəlində Bazil Doriandan, onun zahiri və daxili gözəlliyindən lord Henriyə ağızdolusu danışırdı, amma onların qarşılaşmasını və tanış olmasını istəmirdi. Çünki o, bilirdi ki, lord Henri ona mənfi təsir göstərəcək. Lakin rəssam bu görüşə mane ola bilmədi. Əsas hadisələr də elə bundan sonra başladı...

Lord Henrinin ilk dialoqundan sonra Qreyin qəlbində təlatümlər oyanır. Henrinin, əslində, elə-belə, qarasına atdığı ox hədəfə dəyir. Lord Henri və Dorianın yaxınlaşmasına qısqanclıq hissi duyan rəssam isə buna mane ola bilmir. Henri hətta Bazildən Dorianın portretini ona verməsini istəyir. Lakin Bazil Henrinin istəyini yerinə yetirməkdən imtina edir. Bu söhbət baş tutduğu vaxt Dorian gözlərini portretdən çəkə bilmir və portret haqqında işlətdiyi fikirləri ilə birlikdə ilk səhv addımını atır: “Necə böyük bir kədərdir, aman Allah! Mən qocalacaq, qorxunc bir məxluq olacağam, amma mənim portretim əbədi cavan qalacaq! Bu portret hətta bu yay günündən də cavan qalacaq, həmişəlik cavan olacaq! Ah, necə böyük bir dərddir! Kaş bu portret qocalaydı, mənsə əbədi cavan qalaydım! Bundan ötrü mən hər şeyimi verərdim, hər şeyimi! Heç nəyimi əsirgəməzdim! Qəlbimi də verərdim bundan ötrü!”

Lord Henri və Dorian birlikdə teatra gedir, daha sonra lord Henrinin xalasıgildə bir masa ətrafına toplaşırlar. Lord Henri artıq Dorianı özünə bağlamağı bacarıb. Masa ətrafında baş tutan söhbətdə lord Henri söyləyir: – “Gəncliyi qaytarmaq üçün onun şıltaqlıqlarını təkrar etmək kifayətdir. Bu həyatın ən böyük sirlərindən biridir. Bizim günlərdə adamların əksəriyyəti qul düşüncəsinin sürüşkən formasından ölür; və çox gec anlayırlar ki, həyatda bizim təəssüf etmədiyimiz yeganə şey bizim səhvlərimizdir”.

Lord Henri özünəməxsus şəkildə belə fikirlərin ətrafında oynamağı sevirdi; gah fantaziyasına güc verir, gah ortaya atdığı ideyanı istədiyi istiqamətə yönləndirir, gah da ona min cür don geyindirib əvvəlki tək parlaqlıq qatırdı. O, öz təxəyyülünü paradokslarla qanadlandırıb onu daha cazibəli etməyə çalışırdı. Henrinin söylədiyi fikirlər cəzbedici, fantastik və bir o qədər də məsuliyyətsiz idi. Bir sözlə, Henri dinləyicilərini, əsas da, Dorianı ovsunlamağı və dediklərinin arxasınca uçmağa vadar etməyi bacarırdı.

Henri yenə Doriana təsir etməyə çalışırdı. O, deyirdi ki, “heç vaxt saçı saman rəngli olan qadınlarla evlənməyin, çünki onlar sentimental olurlar. Mümkündürsə, hətta heç vaxt evlənməsəz yaxşıdır”. Henrinin bu cür mühakimələri Dorianı dəhşətə gətirirdi. Lakin Henri biraz gecikmişdi, çünki artıq Dorian bir aktrisaya vurulmuşdu. Əsərin əvvəlində Bazil Henriyə Qreyə qarşı hisslərini necə danışırdısa, Qrey də aşiq olduğu qız – Sibil Veyn haqqında Henriyə o cür ağız dolusu danışırdı. Hər iki halda dinləyən Henri idi.

Dorian Sibillə evlənmək qərarına gəlir. Lakin Dorianın səhv addımı – rolunu pis canlandırdığına görə sevgilisini tərk etməsi Sibil Veynin intiharına səbəb olur. Bu xəbəri eşidən Dorian özünü günahlandırır. Lord Henri isə onun belə düşünməməsi üçün əlindən gələni edir. O, Dorianın sevgilisinin dəfn mərasiminə getməsinə də imkan vermir. Bazil isə onun dəfnə və Sibilin anasına başsağlığı verməyə getmədiyini eşidəndə dəhşətə gəlir. Onun necə bu qədər dəyişdiyini, daş ürəkli olduğunu anlaya bilmir.

Dorian portretdəki dəyişikliklərin fərqinə varanda bununla bağlı heç kəsə söz açmır. Portreti gizlədir. Lakin bir müddətdən sonra o, bu sirri Bazilə açır. Bazil hər şeyi öyrənəndə dəhşətə gəlir. Amma, yenə də Doriana dəstək olmağa çalışır: - “Dorian, heç vaxt gec deyil! Gəlin, diz üstə çökək və yalvaraq, duaları yadımıza salaq! Məncə, Bibliyada hardasa belə bir ayə var: “Sizin günahlarınız qan kimi qırmızı olsa da, mən onları qar kimi ağappaq edəcəyəm...”

Birdən Dorianın içində Bazil Holvarda qarşı azğın nifrət oyanır. Bu hiss onu dostunun qatilinə çevirir. Dorian bir tanışı – Alan Kembell sayəsində cəsəddən canını qurtarır. Lakin qəlbini şeytana satmış zavallı Dorian səhv addımlar atmaqdan usanmır...

Dorian növbəti dəfə Sibil Veynin qardaşının qəzəbinə tuş gəlir. Ceyms bacısının ölümündən sonra Dorianı çox axtarmış, lakin onun adını belə bilmədiyi üçün tapa bilməmişdi. Sibil Dorianı ailəsinə “Gözəl şəhzadə” ləqəbi ilə tanıtmışdır. Elə illər sonra Ceyms də Dorianı ona bu adla müraciət olunduğunu eşitdiyinə görə tanıyır. Ancaq Ceyms Dorianın canını almağa macal tapmamış, özü təsadüfən bir ovçunun tüfənginə tuş gəlir. Dorian Ceymsin öldüyünü öyrənəndə sevinir.

Dorian qərara gəlmişdi ki, günahlarından arınsın, bəlkə, bu yolla portret əvvəlki halına geri dönər. O, atdığı ilk doğru addımdan sonra portretdəki dəyişikliyi böyük həvəslə izləmək istədi. Bəli, o elə düşünürdü ki, əməlisaleh adam olacaq və mənfur portret bir daha onu qorxutmayacaq. Belə düşündükcə Dorian hiss edirdi ki, sanki qəlbindən ağır yük götürülür. Lakin gözlədiyi kimi olmadı, portretdəki adam əvvəlkindən də eybəcər hala düşmüşdü. Bu görüntü ilə qarşılaşdıqdan sonra Dorian çox dərin düşüncəyə daldı. Etdiyi səhvlərdən tutmuş törətdiyi cinayəti etiraf etmək fikrinə qədər hər şeyi düşündü. Amma o, etiraf etməyəcəyinə qəti qərar vermişdi. Həm də ortada heç bir dəlil yoxdu. Onun əleyhinə işləyəcək yeganə dəlil portret idi! O düşündü  ki, əgər portreti yaradanı öldürübsə, onun yaratdığı portreti niyə bu qədər uzun müddətdə saxlayıb?! Əvvəllər bu portretə baxanda xoşhallanan Dorian indi ona baxdıqca işgəncə çəkirdi. Elə buna görə də o, portreti məhv etmək qərarına gəldi və bununla da bütün ağır yüklərdən qurtulacağını və dinc həyata qayıdacağını düşündü. O, bıçağı portretə sancdı və özünü məhv etdi. Çünki portret elə onun öz qəlbi idi. Dorian öz mənəviyyatını gözəlliyinə qurban vermiş, qəlbini şeytana satmışdı...

 

Vüsalə İbrahimli

Tələbə-teatrşünas

Load Time (S) : 0.004545