TEATRO

TEATRO

sənət portalı

post-title

Vidadi Qafarovun 60 illik yubileyi qeyd olunub

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində teatrşünas, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vidadi Qafarovun 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbir yubilyarın müəllimləri, sənət yoldaşları, ailə üzvləri və tələbələrinin iştirakı ilə baş tutub.

Yubiley tədbirini Teatr muzeyinin direktoru Sevinc Mikayılova açaraq, Vidadi Qafarova sənət yolunda nailiyyət, möhkəm cansağlığı arzu edib və yubiley münasibəti ilə hazırlanmış videoçarxı tədbir iştirakçılarına təqdim edib.  

Sevinc Mikayılova sonra sözü yubilyarın kurs rəhbəri olmuş professor Məryəm Əlizadəyə verib. Məryəm xanım çıxışında onu “iddiasız adam” adlandıraraq, gördüyü işlər qarşısında qoruyub saxladığı təvazökarlığını vurğulayıb. Onun necə tələbə, teatrşünas, sənət adamı olması haqqında danışıb.

Daha sonra söz Mədəniyyət nazirliyinin Teatr sektorunun əməkdaşı Emin Əliyevə verilib. Emin Əliyev Mədəniyyət Nazirliyinin rəhbərliyi və öz adından Vidadi Qafarovu təbrik edib. AMEA-nın əməkdaşları Tehran Əlişanoğlu, Rəcəb Məmmədov, Nərminə Ağayeva və Məlahət Ağayeva Vidadi Qafarovun gözəl keyfiyyətləri vurğulayaraq, onun zəhmətkeşliyindən, əzmkarlığından bəhs ediblər.

Sonra səhnəyə çıxan ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi Elçin Cəfərov Vidadi Qafarovu “işıqlı” insan adlandıraraq onun xeyirxahlığından danışıb. Vidadi Qafarovu təbrik üçün səhnəyə çıxan iş yoldaşları və tələbələri də ona ürəkdən təbriklərini çatdırıb. Sonda isə Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə çıxış edərək, Vidadi Qafarovla yanaşı onun həyat yoldaşı Könül xanıma da təbriklərini çatdırıb.

Tədbir boyu C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin əməkdaşı Suğra Ələkbərlinin pianoda ifa etdiyi klassik musiqilər yubiley iştirakçılarının zövqünü oxşayıb.

Tədbirin sonunda Vidadi Qafarov səhnəyə çıxaraq tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz təşəkkürünü bildirib. Teatrşünası 60 illik yubileyinə həsr olunmuş tədbir qonaqların xatirə şəkli çəkdirməsi ilə başa çatıb.

Load Time (S) : 0.004406