Vidadi Qafarov - Sabah Don Kixot bizə gələcək!
Sabaha bir gün qalıb... Mən Don Kixotu gözləyirəm. SABAH DON KİXOT BİZƏ GƏLƏCƏK! SABAH DON KİXOT BURDA OLACAQ!.. Özü söz verib mənə, deyib hökmən gələcəyəm, - sadiq dostu Sanço Pansoyla birgə. Ha...
“Onun cəmi… 35 yaşı var. Onun artıq… 35 yaşı var. O isə yenə də aktyordu, dünyanın belə vaxtında, tutub səhnənin… pərdələrindən, qoymur bağlana”. Bu sözləri mən 25 il bundan əvvəl yazmışdım. Adil Zeynalova həsr etdiyim məqalə belə başlayırdı. O vaxt bu kiçik məqaləni sürpriz eləmişdim Adilə. Xəbəri yoxdu yazacağımdan, əvvəlcədən deməmişdim ona…
Elə indi də xəbər verməmişəm… onun haqqında yazdığımı, deməmişəm özünə, deyə bilməmişəm… Amma bu dəfə sürpriz olmayacaq… Çünki… artıq xəbəri var… 40 gündən çoxdur ki, ruhu göylərdədi, Haqqın dərgahındadı və oradan məni görür, görür ki, onun haqqında yazıram...
Adil adil insan idi, Adil aqil insan idi... elə lap cavanlığından, Lənkəran teatrında səhnə maşınisti kimi işə başladığı vaxtdan bilirdi ki...
Bu dünya əskidəndir səhneyi-bidad şəklində,
Cahan başdan-başa meydani-matəmzad şəklində...(M.Hadi)
Amma nə bu dünyanın əskidən səhneyi-bidad olması, nə də səhnənin özünün bir amansız dünya olması gənc Adili ruhdan salmadı. Sənət sevgisi onu bu yoldan uzaqlaşmağa qoymadı. Getdi peşəkar aktyor təhsili aldı, sənətin sirlərinə yiyələndi, qayıtdı doğma yurduna və həyatını bağladı sevimli Lənkəran teatrına. Adil əyalət aktyoru taleyini yaşasa da, heç vaxt bu kəlməni qəbul etmədi və bu, onu həvəsdən salmadı. O, 40 ilə yaxın işlədiyi teatrın səhnəsində müxtəlif səpkili onlarla rol ifa etdi, ayrı-ayrı janrlarda onlarla tamaşaya quruluş verdi. Və, istedadının, zəhmətinin, acılı günlərinin şirin bəhrəsini də gördü - Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görüldü, Lənkəran tamaşaçılarının ən sevimli sənətkarlarından biri oldu.
Adil Zeynalov səhnəyə C.Məmmədquluzadənin "Ölülər" əsərində kiçik, sözü olmayan, lakin çox ciddi Lal obrazı ilə gəlsə də tamaşaçılar onu komik rolların mahir ifaçısı kimi daha çox sevirdi. O, sanki yaratdığı hər obrazla sənət müəllimi Yaşar Nurinin layiqli tələbəsi olduğunu sübut etməyə çalışırdı. Musiqili komediya aktyorluğu ixtisasını bitirməsi, gözəl musiqi duyumuna və vokal qabiliyyətinə malik olması onun bu ampluada ifaçılıq imkanlarını daha da genişləndirirdi. Adil səhnədə çevikliyi, eksentrik ifa tərzi, koloritli oyunu, güclü improvizə qabiliyyəti və plastikası ilə canlandırdığı obrazları daha da yaddaqalan edirdi. Onun teatrın səhnəsində yaratdığı Həkim, Müəllim, Şagird (“Olanlardan-keçənlərdən”, Ü.Hacıbəyli), Molla İbrahimxəlil (“Molla İbrahimxəlil kimyagər”, M.F.Axundzadə), Dobçinski (“Müfəttiş”, N.V.Qoqol), Subhunovalı (“Avtobus”, S.Stratiyev), Şirinbala (“Şirinbala bal yığır”, S.Qədirzadə), Hacı Kərim (“Hacı Kərimin aya səyahəti”, Q.Cəmşidi və Ə.Hüseyni), Alfredo (“Ruhlar”, E. de Filippo) və başqa neçə-neçə komik obrazları tamaşaçılar məhz bu keyfiyyətlərinə görə sevir, aktyoru hər dəfə gur alqışlara qərq edirdilər.
Amma Adil Zeynalovun ifaçılıq potensialı yalnız komik aktyor ampluasının sərhədlərinə sığmırdı. Və o, dramatik səciyyəli rollarını heç də komik rollarından az sevmir, az həvəslə oynamırdı. Onun yaratdığı rəngarəng obrazlar qalareyası da bunu təsdiqləyirdi. Adilin müxtəlif janrlı tamaşalarda canlandırdığı Hacı Səməd ağa (Ə.Haqverdiyevin “Bəxtsiz cavan”ında), Cəfərqulu xan (“Ağa Məhəmməd şah Qacar” faciəsində), Emin Əfəndi (Ə.Nesinin “İntihar”ında), Aparıcı, Starşina (V.Vişnevskinin “Nikbin faciə”sində), Spartak (Anarın “Təhminə və Zaur” əsərində), Mahmud (M.Kərimin “Piyada Mahmud” dramında), Nadir şah (H.Mirələmovun “Pənah xan Cavanşir” dramında), Korifey (Sofoklun “Şah Edip” faciəsində) kimi fərqli xarakterə, dünyagörüşünə malik onlarla obraz onun ifaçılıq palitrasının nə qədər zəngin olduğunu əyani göstərirdi.
Adil Zeynalov kinoda və televiziya seriallarında 10-dan çox rol ifa edib ki, onların da əksəriyyəti dramatik rollardı. Onun “Qətl günü” filmində oynadığı Qulam, “Durnalar qayıtdı” filmində Lal Bağır, “40-cı qapı”da Surxay rolları isə personajın daxili dünyasını əks etdirən portret cizgilərinin yaradılması baxımından xüsusilə yaddaqalandı.
Lənkəran teatrının səhnəsində rejissor kimi quruluş verdiyi tamaşaların adları da Adilin yalnız komediya aktyoru və rejissoru olmadığını sübut edir. Onun səhnəyə qoyduğu “Ana” (H.Cavid), “Qoç Polad” A.Şaiq), “Kərgədan buynuzu” (M.İbrahimbəyov), “Nazirin xanımı” (V.Nuşiç), “Mamay kişinin yuxuları” (V.Səmədoğlu), “Qəribə oğlan” (İ.Əfəndiyev), “Dəmir qadın” (Ş.Başbəyov), “Dəlixanadan dəli qaçıb” (Elçin), “Köhnə ev” (Ə.Əmirli), “Moskvalı gəlin” (H.Mirzə) və sair, mövzu, janr və üslub baxımından fərqli əsərlərin bir neçəsi bu gün də Lənkəran teatrının repertuarında yaşamaqdadır.
Yaşamaq sözünün kökündə isə yaş sözü dayanır, yəni hərfi mənada, yaşamaq - yaş üstünə yaş gəlmək deməkdir. Amma xalqın sevgisini qazanmış elə insanlar var ki, onların yaşının üstünə yaş gəlməsə də onlar yaşayırlar…
…Elə, bizim Adil Zeynalov kimi…
Onun artıq 60 yaşı var… Onun cəmi 60 yaşı var…
Və o, həmişə bu yaşda qalacaq… Və o, həmişə bizimlə olacaq!
Allah sənə rəhmət eləsin, Adil!