TEATRO

TEATRO

sənət portalı

post-title

Vidadi Qafarov - Sabah Don Kixot bizə gələcək!

Sabaha bir gün qalıb...

Mən Don Kixotu gözləyirəm.

SABAH DON KİXOT BİZƏ GƏLƏCƏK!

SABAH DON KİXOT BURDA OLACAQ!..

Özü söz verib mənə, deyib hökmən gələcəyəm, - sadiq dostu Sanço Pansoyla birgə.

Hamlet də gəlmək istəyirdi, qoymadım. Dedim ki, bizi bu günə salan elə sənsən, sənin “Olum, ya ölüm” sualındı. Həm də səninkimilər bizdə o qədərdi ki, - apar qaytar, - iş-gücləri də ancaq güyafilosoflar kimi başlarını tutub, “ölum, ya ölüm” sualına cavab axtarmaqdı. Daha bilmirlər ki, axtarmağa dəyməz – indi ölüm yox, olum vaxtıdı, - artıq! İndi Hamlet yox, Don Kixot vaxtıdı, - artıq! Don Kixot gəlsə, o saat müharibə elan edib, şığıyar ölkəni bürümüş, malyariyanı yayan ağcaqanadların üstünə, tutar onlardan yekə birisinin bığlarından, vurar toppuzu təpəsindən – öldürər. Və üzünü tutub Sanço Pansoya deyər: Öldürdüm, - Sanço Panso, -

Öldürdüm bir ağcaqanaq, -

çıxdı qanı –

Mənim qanım,

sənin qanın,

onun qanı!

Bəs hanı ağcaqanadın öz qanı?

O necə yaşayır qansız???

Öz qanı olmadığından –

yaşayır mənim qanımla,

sənin qanınla,

onun qanıyla –

qansızın biri qansız!!!

Bu da olar o biri ağcaqanadlara görk – qananı qanar, - tərgidər əməlini, - qanmayanı toppuzlanar! Elə bu vaxt, bilirəm, harda olsa Kefli İsgəndər də özünü yetirər və şərab şüşəsi tutmuş əlini ölçə-ölçə başlayar məşhur monoloqunu deməyə: - “Baxın! Baxın! Yaxşı baxın! Diqqətnən baxın! Sizin tarix kitabınızda bu, qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi yada salıb deyəcəklər: ...”

Sabaha bir gün qalıb...

Mən Don Kixotu gözləyirəm.

SABAH DON KİXOT BİZƏ GƏLƏCƏK!

SABAH DON KİXOT BURDA OLACAQ!

 

P.S. “Ağcaqanadlar... Erkəkləri... çiçək şirəsi ilə qidalanır. Dişiləri... insanların qanını sorur”. ASE, I cild., Bakı, 1976, səh. 114.

P.P.S. Kiçik redaktə ilə təkrar dərc olunan bu yazı ilk dəfə “Press Fakt” qəzetinin 1995-ci il 15-21 sentyabr sayında işıq üzü görüb.  

Load Time (S) : 0.006028