TEATRO

TEATRO

sənət portalı

post-title

Vidadi Qafarov - İnqilab Kərimovun sənət baxışları

On il əvvəl, hər il aprel ayının 4-ü İnqilab Kərimovun ad günü olardı... artıq on ildir ki, həmin günü İnqilab müəllimin anım günü kimi qeyd edirik. Bu il isə həm də görkəmli teatrşünasın 90 illik yubileyi ilidir. Yubileyiniz mübarək, ruhunuz şad olsun, İnqilab müəllim!

Rus estetiki M.Baxtin yazırdı ki,  “Sükut ancaq insanlar aləmində (və ancaq insanlar üçün) mümkündür” (1. 357). Çünki bu sükutu yaradanlar da  insanlardır, pozanlar da. Bu günlər 90 illik yubileyini qeyd etdiyimiz Azərbaycan MEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov 60 il öz fədakar əməyi, məhsuldar və dəyərli yaradıcılığı ilə bu sükutu pozub, milli teatrın və teatrşünaslığımızın  inkişafına xidmət edib. 300-ə yaxın məqalənin 30-a yaxın kitabın  müəllifi olan İnqilab Kərimovun yaradıcılğı, elmi irsi o qədər geniş, çoxşaxəli və zəngindir ki, əsərlərinin sadəcə mövzu dairəsini, coğrafiyasını, adlarını sadalamaqla sənətşünas alimin estetik görüşlərindən söhbət açmaq olar. İnqilab Kərimovun elmi fəaliyyətinin öncül istiqamətini sözsüz ki, milli teatr tariximizin tədqiqi təşkil edir. Lakin, bununla yanaşı alimin teatr tənqidinə və nəzəri problemlərinə həsr olunmuş əsərləri də kifayət qədərdir.

Ümumiyyətlə, görkəmli sənətşünasın elmi irsini təsnifatlaşdırsaq, üç istiqaməti qabarıq görərik. Burada 1-ci istiqamət - teatr tarixinə dair araşdırmalardan, 2-ci görkəmli sənət xadimlərinin portretlərindən, 3-cü istiqamət isə müasir teatr prosesinə dair əsərlərdən ibarətdir.

İ.Kərimov yaradıcılığının ana xəttini təşkil edən tarixi araşdırmaları öz müfəssəlliyi, mükəmməlliyi, faktoqrafik materialın zənginliyi və dəqiqliyi ilə seçilir. Alimin tədqiqat predmetinə, mövzuya, xüsusən də teatr tariximizlə bağlı mövzulalara yanaşmasında milli təəssübkeşlik hissi xüsusən diqqəti cəlb edir. İnqilab  müəllim öz əsərlərində Azərbaycan peşəkar teatr tarixinin 1873-cü ildən hesablanmasına qarşı çıxaraq bu rəqəmi Bakıda göstərilən ilk tamaşanın tarixi hesab edir və dəlillərlə sübuta yetirməyə çalışır ki, həmin tarixdən çox əvvəl, hələ 1840-50-ci illərdə Şuşada, Şamaxıda, Lənkəranda teatr tamaşaları göstərilmişdir.

İnqilab Kərimovun yaradıcılığını xarakterizə edən görkəmli ədəbiyyatşünas-tənqidçi Y.Qarayev yazırdi ki, “teatr fədailərinə və klassiklərinə fədakar bir məhəbbət, onların sənət və vətəndaşlıq ənənələrinə ehtiram və sədaqət tərbiyəsi.., səhnə təcəssümü alan nümunələrin təhlili və təbliği - İnqilabın yaradıcılıq düşüncələrinin mərkəzində dayanan məqsəd və motivlərdir” (2). Əbəs yerə deyil ki, teatrşünas alimin yaradıcılığının mühüm bir hissəsini teatr fədailərinin portretləri tutur. İnqilab Kərimov ilk kitabı olan “Abdulla Şaiq və teatr” (3) əsərindən başlamış “Əbdürrəhimbəy Haqverdiyev və teatr” (4), “Nəriman Nərimanov və teatr” monoqrafiyaları (5), “Cəlil Məmmədquluzadə və teatr”, “Süleyman Sani Axundov və teatr”, Əbülfət Vəli Vəliyev, Məhəmməd bəy Əlvəndi, Mehdi bəy Hacınski, Hacı Zeynalabdin Tağıyev, Soltan Məcid Qənizadə, Mirzə Əli Abbasov,  “İnqilabçı aktyorlar” (6) və sair monoqrafik məqalələri ilə Azərbaycan mədəniyyətinin, teatrının beşiyi başında durmuş fədailərə öz ehtiramını ifadə edir, onların elmi-tarixi portretlərini yaradır. Bu sırada, Həzrət Əlinin “Mənə bir hərf öyrədənə qul olaram” kəlamına hər zaman əməl edən İnqilab Kərimovun öz sevimli müəllimi, milli teatrşünaslıq elmimizin banisi Cəfər Cəfərov haqqında yazdığı “Yüksək zövqlü cəfakeş alim” (7. 9-37) monoqrafik məqaləsini xüsusi qeyd etmək lazımdır.

“Müasirlik sənətə böyük təlqin qüvvəsi verir ”. İnqilab müəllimə məxsus olan bu ifadəni yəqin ki, onun yaradıclığının əsas tezisi, başlıca sənət meyarı kimi qəbul etmək olar. O, istər tarixi hadisələri, istərsə də müasir təzahürləri məhz müasirlik, yenilik meyarı ilə qiymətləndirir. Elə bu səbəbdən də alim öz gənc həmkarları qarşısında ciddi tələblər qoyaraq yazır: “Teatrşünasdan geniş dünya görüşü, zəngin mənəvi aləm, obyektivlik və prinsipiallıq tələb olunur. O, yeniliyi, gözəlliyi duymaq qabiliyyəti ilə seçilməli və onda bu yeniliyi və gözəlliyi təbliğ etmək bacarığı olmalıdır” (7. 290). İnqilab müəllimin yüksək elmi, yaradıcı keyfiyyəti həm də ondadır ki, görkəmli alimin bu sözləri yalnız başqaları üçün tövsiyyə xarakteri daşımır, özünün bütün yaradıcılığı boyu əməl etdiyi sənət kredosu kimi səciyyələnir. Məhz buna görə, İnqilab Kərimovun istər tarixi araşdırmaları, istərsə də portretləri və cari prosesə həsr olunmuş məqalələri, ayrı-ayrı tamaşalardan bəhs edən resenziyaları hər zaman öz aktuallığını qoruyub saxlayır. Məsələn, 1961-ci ildə çap olunan “Abdulla Şaiq və teatr” kitabında yazıçının “Xasay” pyesinin tamaşasında baş rolun ifasını təhlil edən teatrşünas yazır: “Obrazın ruhi vəziyyətini açmağa çalışan H.A.Sadıqov Xasayın həyatında baş verən hadisələri sənətkarlıqla nümayiş etdirirdi” (3. 17). Burada “obrazın ruhi vəziyyətini açmağa çalışan” ifadəsinə fikir verin. Həmin dövrdə sovet idiologiyasının, sosializm realizminin hələ tüğyan etdiyi bir zamanda və məkanda “obrazın ruhi vəziyyətinə” diqqət yönəltmək, onu bədii-estetik ifadə vasitəsi kimi dəyərləndirmək özü dərin erudusiya ilə yanaşı böyük cəsarət tələb edirdi. Və ya başqa bir analoji misal: sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə İnqilab müəllimin “Pəri cadu” tamaşası haqqında yazdığı resenziyaya toxunaraq göstərir ki, “ilk dəfə olaraq, İnqilab Kərimov teatrşünaslığımızdan ötrü  bəlkə də küfr sayılan fikir söyləyərək yazır: “...əsərin (“Pəri Cadu”- M.Ə.) yeni quruluşundakı müsbət cəhətlərdən biri də ondan ibarətdir ki, rejissor Tofiq Kazımov, əsasən, müəllif fikrinə sadiq qalaraq hər bir obrazın fərdi faciəsini onun öz daxili çatışmazlığında görür, yəni “nəfsi əmmarəni” insan xislətindəki eybəcər bir hal kimi göstərir”” (8. 175).

Burada “küfr” onda idi ki, “bu vaxta qədər rejissorun müəllif fikrinə mütləq və şəksiz saduq qalması teatrşünaslıqda az qala danılmaz qanun kimi qəbul edilirdi. Bu qanunu pozan rejissor əsəri təhrif etməkdə günahlandırılırdı” (8.175). Həmin resenziyada isə teatrşünaslığımızda ilk dəfə olaraq məhz İnqilab Kərimov rejissorun müəllif fikrinə, “əsasən” sadiq qalmasını normal hal kimi qiymətləndirirdi. Çunki görkəmli alim üçun başlıca meyar müasirlik, həqiqi peşəkarlıq və yüksək sənətkarlıq idi. O, bu mənada, vurğulayırdı ki, “gərək tamaşaçı ilə doğru və açıq danışasan, təbiiliyi, reallığı qeyb etmədən, sənətin ecazkar dili ilə onu özünə ram etməyi bacarasan, ən başlıcası isə hissinə, qəlbinə, şüuruna güclü təsir etməklə, onu inandırasan. Bunun üçün teatrın əlində ən güclü silah həqiqi professionallıq və yüksək sənətkarlıqdır” (6.280).

İ.Kərimovun estetik görüşlərini, sənət baxışlarını öyrənmək baxımından “Azərbaycan dram tamaşalarınin bədii tərtibatı (1873-1920-ci illər)” (6.156-170)  məqaləsi çox səciyyəvidir. Milli teatrşünaslığımızda çox az işlənən bir mövzunu tədqiqata cəlb edən alim, həm də teatr tariximizin mürəkkəb bir dövrünü - 1873-1920-ci illəri araşdırır. İnqilab müəllim bu məqalədə predmeti  dərindən bilməsi və nəzəri fikirləri ilə də diqqəti cəlb edir. Teatrşünas məqalədə E.Zolya, A.Antuan, A.Arria və s. görkəmli teatr nəzəriyyəçiləri ilə polemikaya girərək maraqlı qənaətlər irəli sürür.

İ.Kərimovun estetik görüşləri, ictimai-fəlsəfi baxışları Azərbaycançılıq ideyasına, vətəndaşlıq mövqeyinə əsaslanan baxışlardır. O, xalqını sevən vətəndaş, teatrın vurğunu olan bir təəssübkeş olaraq hər zaman milli mədəniyyətimizin, xalqımızın qazandığı nailiyyətlərin keşiyində durmuş, özünün qeyd etdiyi kimi, mənfur qüvvələrdən, xüsusən də erməni millətçilərindən qorumağa çalışmışdır. Bu baxımdan, İnqilab müəllimin İrəvan Azərbaycan Teatrının 125 illiyinə həsr etdiyi “Taleyinə qaçqınlıq düşmüş teatr” (9), “Xain qonşunun düşmənçilik siyasəti” (6. 254-265) və s. məqalələri böyük önəm daşıyır.

İ.Kərimovun fəaliyyətindən danışarkən onun bədii yaradıcılığından söz açmamaq mümkün deyil. İnqilab müıllimin “Necə qan ağlamasın” (10) adlı hekayələr kitabı, Bakı Bələdiyyə Teatrında tamaşaya qoyulmuş “Xəyanətin müsibəti” faciəsi, tərcümə etdiyi və müxtəlif teatrlatda tamaşaya qoyulan 18 pyes onun yaradıcılıq diapazonunun geniş olduğunu göstərməklə yanaşı, nə qədər duyğulu insan olduğundan, sözə, sənətə qiymət verdiyindən xəbər verir.

Bütün bunlar isə ondan irəli gəlir ki, İnqilab mullımin sənət amalı özünün dediyi - “teatrşünas hər şeydən əvvəl teatrın yaxın dostu omalıdır” fikrinə əsaslanıb... Azərbaycan MEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov 80 illik ömrünün 60 ilini öz dostuna - Azərbaycan teatrına sədaqətlə xidmət edib.  

Ədəbiyyat:
1. Бахтин М.М. Эстетика словесного творчество. Москва: 1986, 392 c.
2. Q.Yaşar. Səhnəyə məhəbbət hissi ilə./ Ədəbiyyat və incəsənət, Bakı: 7 avqust 1981-ci il.
3. Kərimov İnqilab. Abdulla Şaiq və teatr. Bakı: ATC, 1961, 52 s.
4. Kərimov İ.S. Əbdürrəhim bəy Haqverdiyev. Bakı: Elm, 1975, 172 s.
5. Kərimov İ.S. Nəriman Nərimanov və teatr. Bakı: Elm, 1983, 100 s.
6. Kərimov İnqilab. Məqalələr, 1-ci kitab. Bakı: Qapp-Poliqraf, 2003, 298 s.
7. Kərimov İnqilab. Məqalələr, 2-ci kitab. Bakı: Tural-Ə NPM, 2003, 304 s.
8. Əlizadə Məryəm. Dördüncü ölçünün rəngləri. Bakı: E.L.MMS, 2008, 445 s.
9. Kərimov İnqilab. Taleyinə qaçqınlıq düşmüş teatr./ Kredo, Bakı: 21 aprel 2007-ci il, № 20(435); 28 aprel 2007 –ci il № 21(436).
10. Kərimov İ.S. Necə qan ağlamasın. Bakı: Günəş, 1998, 152 s.
 

Load Time (S) : 0.004895