TEATRO

TEATRO

sənət portalı

post-title

Vidadi Qafarov - Gözləməkliyin fenomenologiyası

 “Salam...

...Bu gün ayın üçüdür, dünən ikisi idi, sabah ayın dördü olacaq...

...Günəşin bundan xəbəri yoxdu – çünki onunçün nə il var, nə ay var, nə də həftənin günləri. O “dayanıb” yerində, özüyçün fırlanır və bizi də fırladır başına -  həm bizə həyat verir, həm də azadlığımızı alır əlimizdən – buraxmır kənara özündən...

         Amma biz hər gün onun yolunu gözləyirik. Güya o harasa gedib. Gözləyirik ki, ...Günəş yenə də çıxacaq, yenə də dan yeri söküləcək, O yenə də yavaş-yavaş qalxacaq zirvəsinə və yenə də yavaş-yavaş başlayacaq enməyə... Günəş batacaq – gecə olacaq. Ay gələcək bizi yatırmağa, Günəş gedəcək yatanları oyatmağa...”.

          Bu sitat mənim 1998-ci ildə yazdığım bir məqalədəndi. Bəli, bizə həm həyat verən, həm azadlığımızı əlimizdən alan, amma yenə də yolunu gözlədiyimiz Günəş, həm də saatın atasıdı. Saatın anası isə misirlilərdi. Məhz misirlilər yerə bir çubuq basdırmaqla günəşin işığını kölgəyə çevirib və saat əqrəbini yaradıblar. Bununla da Günəşin özünü, onun işığını ram edə bilməyən insan, onun kölgəsini əsir götürərək, saatı yaradıb, Əlahəzrət Zamanı çevrəyə salaraq, onu saniyələrə, dəqiqələrə, saatlara, sonra da günlərə, aylara, illərə bölüb, zamanın sonsuzluğunu hissələrə ayırıb. Niyə? Çünki, insan gözləyə-gözləyə yaşayır, və gözlənilən Zaman sonsuz olanda bitmir. Sən nəyi nə qədər gözləyəcəyini bilmirsən. Nəyin nə vaxt başlayacağını bilmirsən.

          Lev Qumilyov yazırdı ki, “Biosferin bütün prosesləri fasiləlidir (diskretdir); fasiləsiz inkişafda nə ölümə, nə də doğuma yer yoxdur”. Saat isə həm də qapanmış dairə deməkdir. Saatın əqrəbi fırlana-fırlana bir dairə cızır. O başlayır və bitir. Bu mənada, Sizifi mifoloji düşüncədə saatın, daha doğrusu saat əqrəbinin ekvivalenti, onun bədii obrazı adlandıra bilərik. Sizif də saat əqrəbi kimi, və ya əksinə, saat əqrəbi də Sizif kimi eyni işi görür - daim qalxır və enir, enir və qalxır. Sizif dəyirmi qaya parçasını diyirlədə-diyirlədə dağa qaldırır və o dəyirmi qaya parçası diyirlənə-diyirlənə yenidən öz başlanğıc nöqtəsinə qayıdır. Saat əqrəbi də öz oxu ətrafına fırlanır və başlanğıc nöqtəsinə qayıdır.

          Həyat isə davam edir, çünki biz gözləyirik. Kimi isə gözləyirik, nəyi isə gözləyirik.  Doqquz ay ana bətnində bu dünyaya gəlişimizi gözləyirik, daha sonra “o dünyaya” gedişimizi gözləyirik. Gündüzü gözləyirik, gecəni gözləyirik, qışı gözləyirik, yayı gözləyirik. Hətta Qurani-Kərimin əsas kəlamlarından olan Səbr sözü də bizə gözləmək işarəsini verir və biz səbr edirik, gözləyirik.

          Fespiddən başlayaraq xordan aralanıb ilk aktyora çevrilən və dünyəvi teatrın binasını qoyan şəxsə yunanlar “hipokrit”, bizim dildə “cavabçı” deyirdilər. Cavabçının varlığı isə sual verənin mövcudluğunu şərtləndirir. Burada həmin sualçı bizik, çünki cavabçının – Xızır peyğəmbərin, hansısa ağ atlı oğlanın, Simurq quşunun, Qodonun varlığına inanırıq və suallarımıza cavab almaq üçün onları gözləyirik.

          Samuel Bekketin “Qodonu gözlərkən” əsəri də elə bundan danışır. Amma Bekket Qodonu tənhalığın antonimi, daha doğrusu, antitezisi kimi təqdim edir. Bekketin qəhrəmanlarını birləşdirən onların tənhalıqdan qurtulmaq istəyidir. Əbəs deyil ki, “Estraqon:  - Sən nə üçün heç zaman mənə yatmağa imkan vermirsən?, - soruşanda, Vladimir: - Mən onda özümü elə tənha hiss edirəm ki...”, - deyir. Lakin onlar da insanlar həyatdan nə istədiklərini bilmədikləri kimi, Qodonu nə üçün gözlədiklərini, ondan nə istəyəcəklərini bilmirlər. “Vladimir: - Maraqlıdır, görəsən o (Qodo-V.Q.) bizə nə təklif edəcək?” soruşursa, Estraqon: - “Ümumiyyətlə, biz ondan nə istəyəcəyik?”, - sualını verir. Onlar sadəcə olaraq, Qodonu gözləmək üçün yaranıblar. Qodonu gözləmək onların həyat tərzidir. Bunu “Göndərilən adam”ın gəlişi səhnəsi də təstiqləyir. Həmin səhnədə “Göndərilən adam”ın: - “Mən müsyö Qodoya sizdən nə çatdırım?” – sualına Vladimir hər dəfə yalnız: “Müsyö Qodoya çatdır ki, sən bizi gördün”, - (yəni, biz onu gözləyirik) deməsi də bu səbəbdəndi. Vladimirlə Estraqon bir neçə dəfə özlərini asmaq istəsələr belə bunu etmirlər: “Qodonu gözləmək lazımdır” axı...

          Finala doğru əsərdə obrazlar mahiyyətcə bir-birlərinə yaxınlaşırlar. Vaxtı ilə görmək qabiliyyəti olan Potsso və yaxşı düşünmək qabiliyyətinə malik Lakki sonda bu keyfiyyətlərini itirirlər. Səhnəyə ilk gəlişində Potsso boynuna kəndir bağladığı nökəri Lakkini istədiyi yerə dartır. Sonuncu gəlişində isə əksinədir – kəndir Lakkinin əlindədir. Çünki Potssonun gözləri tutulub – o, daha görmür, yəni artıq həqiqəti yalandan ayıra bilmir. Onun yaddaşı da pozulub – heç nəyi xatırlamır, yəni kökündən, keçmişindən qırılıb. Bu azmış kimi, saatını da itirib. Deməli, artıq Potsso üçün də zaman və məkan anlayışı yoxdu, o da mücərrəd dünyanın sakinidi, onun da yeri gec-tez o qurumuş ağacın, Qodonu gözləyənlərin yanıdı. Axı “bu dərdi çəkmək bir adamın işi deyil”. Bunu əsərdə Vladimir deyir. Elə mən də belə fikirləşirəm.

         Bu gün ayın 22-dir, dünən 21-i idi, sabah ayın 23-ü olacaq...

Günəşin bundan xəbəri yoxdu...

Və mən Günəşin kölgəsində Qodonu gözləyirəm...

 

 

Load Time (S) : 0.004308