TEATRO

TEATRO

sənət portalı

post-title

Vidadi Qafarov - GERİYƏ BAXMAYAN KLASSİK

Onun əsərlərindən biri “Geriyə baxma, qoca” adlanır... O adamlar keçmişə boylanır ki, orada nəsə unutmuş olur. O, isə heç vaxt geriyə boylanmadı... 

Çünki, orada heç nə unutmamışdı... çünki, o, bütün keçmişini özü ilə daşıyırdı. Həm də sadəcə daşımırdı, o, bütün keçmişini gələcəyə aparırdı...

Onun yaradıcılığının yüksək dəyəri, əsərlərinin bədii gücü də bunda idi – istər nəsrinin, istər dramaturgiyasının, istərsə də publisistik əsərlərinin...

Bu səbəbdən də o, heç vaxt hakim Kommunist partiyasına üzv olmadı, heç vaxt yüksək vəzifələrdə işləmədi, heç vaxt sovet ideologiyasını tərənnüm etmədi...

Onun tərənnüm etdiyi ideologiyanın adı MƏHƏBBƏT idi – Vətənə məhəbbət, İnsana məhəbbət, xalqa məhəbbət, humanist ideyalara, bəşəri dəyərlərə məhəbbət.

Bu məhəbbəti onun qəlbinə dünyaya göz açdığı doğma Qarabağ saldı – Azərbaycanın bu dilbər guşəsinin bərli-bərəkətli torpaqları, yam-yaşıl meşələri, dumanlı-çiskinli dağları, şırıl-şırıl axan bulaqları, pırıl-pırıl uçan, şirin-şirin oxuyan quşları, laylası mugamla çalınan, muğamla böyüyən insanları saldı...

Sonra bu məhəbbət onunla birgə böyüdü-böyüdü – Azərbaycan boyda oldu, daha sonra böyüdü dünya boyda oldu. Və bu məhəbbət böyüyüb onun ürəyinə sığmadı, daşdı, çağladı.., gənc qəlbinin kövrək qələmindən vərəqlərə axdı...

Yazıçı bu məhəbbəti ilk dəfə oxuculara “Kənddən məktublar” (1939) hekayələr kitabı ilə çatdırdı.

Daha sonra, bu məhəbbətdən ilham alan yazıçı sevdiyi xalqına, insanlara onlarla dəyərli hekayələr, povest və romanlar, dram əsərləri bəxş etdi.

İlk hekayələrini kənd mövzusunda yazan yazıçı heç zaman kökündən uzaqlaşmadı, kəndini unutmadı, nəsr əsərlərinin əksəriyyətini kəndə həsr etdi, orada yaşayan, işləyən insanların həyatını qələmə aldı.

Amma yazıçı yaşadığı şəhər həyatını da yaddan çıxarmadı, dram əsərlərində əsasən şəhər həyatından, şəhərli insanlardan bəhs etdi.

Toxunduğu mövzuların aktuallığı, janr rəngarəngliyi, folklora bağlılığı, bədii təsvir vasitələrinin zənginliyi, qoyulan problemlərin yüksək bədii həlli yazıçının çap olunan, tamaşaya qoyulan, az qala, bütün əsərlərini sənət hadisəsinə çevirdi,ona böyük oxucu məhəbbəti qazandırdı.

Əsərlərində milli koloritlə bəşəri ideyaların harmoniyasını yaradan sənətkar lirik hekayələri, psixoloji povest və romanları ilə Azərbaycan ədəbiyyatına təzə ruh, lirik-psixoloji pyesləri ilə milli dramaturgiyaya yeni üslub gətirdi.

O, bir novator yazıçı-dramaturq kimi Azərbaycan ədəbiyyatını və teatrını fərqli düşüncə və xarakterə malik, milli oxucu və tamaşaçı üçün tamamilə yeni olan neçə-neçə obrazla zənginləşdirdi.

Yazıçı öz əsərlərində gənc və qadın obrazlarına xüsusi önəm verdi. O, Azərbaycan ədəbiyyatında C.Cabbarlıdan sonra qadın emansipasiyası problemini ən ardıcıl və mükəmməl işləyən yazıçı oldu.

Onun mütərəqqi dünyagürüşləri, demokratik baxışları, cəmiyyətdəki mövqeləri və fəallıqları ilə seçilən qadın qəhrəmanları milli ədəbiyyata yenilik gətirməklə yanaşı, ictimai fikirdə də böyük rezonans doğurdu.

XX yüzilin ortalarından başlayaraq bir neçə nəsil Azərbaycan oxucusu və tamaşaçısı onun povest və romanları, pyesləri ilə böyüdü, tərbiyə aldı.

Yaradıcılığının böyük bir mərhələsində müasir, sosial-psixoloji mövzulara üstünlük verən yazıçı cəmiyyət üzvü olan insanın mənəvi dünyasının, daxili yaşantılarının dəqiq cizgilərini yaratdı.

Azərbaycan mədəniyyətinə ən böyük xidmətini dramaturgiyası ilə göstərən sənətkar yazdığı pyeslərlə milli teatrda lirik-psixoloji üslubun əsasını qoydu, onu yeni inkişaf mərhələsinə qaldırdı.

Onun Azərbaycan teatrının inkişafındakı rolunu, pyeslərinə olan tamaşaçı sevgisini  göstərmək üçün bir-iki faktı qeyd etmək kifayətdir:

Dramaturqun milli teatrda lirik-psixoloji üslubun ilk nümunəsi sayılan “Sən həmişə mənimləsən” pyesi təkcə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində 350 dəfə, “Unuda bilmərəm” 470 dəfə, “Büllür sarayda” 500 dəfə oynanıldı.

O, öz yaradıcılığı ilə, eyni zamanda, Azərbaycan tarixinin bədii səlnaməsini yaratdı. Yazıçı altımış illik yaradıcılıq yolunun ilkin mərhələsində əsasən müasirlərinin həyatını qələmə alsa da 1980-ci illərdən başlayaraq həm nəsr, həm də dram əsərlərinin başlıca mövzusu Azərbaycanın yaxın və uzaq tarixi oldu.

Onun yaradıcılığı yalnız lokal xarakter daşımadı, yalnız milli əhəmiyyət kəsb etmədi, əhatə dairəsi Azərbaycanla bitmədi.

Əsərləri rus, ingilis, fransız, ispan, alman, çex, slovak, belarus, qazax, gürcü, litov, latış, tacik və sair dillərə tərcümə olundu, çap edildi, Azərbaycanı dünya səviyyəsində təmsil etdi, tanıtdı. Pyesləri xarici ölkə teatrlarının səhnələrində dəfələrlə tamaşaya qoyuldu və maraqla qarşılandı.

O, hər zaman xalqının şərəfini, insanlığın şərəfini uca tutdu, humanist, bəşəri ideyaların müdafiəsində durdu, onları yüksək ustalıq və ləyaqətlə tərənnüm etdi.

O, dünyaya sadəcə İlyas Əfəndiyev kimi gəlmişdi (26 may 1914), bu dünyadan isə XX əsr Azərbaycan ədəbiyyatının klassiki kimi köçdü. Xalqını sevən və xalqının sevdiyi yazıçı 82 yaşında (3 oktyabr 1996) dünyasını dəyişdi...

...”O vaxtdan bəri “Qarı dağı”nın altında bir çeşmə qaynayır. Uzaq mənzildən gəlib gedən yolçular onun suyundan içib, ürəklərinin yanğısını söndürürlər...” 

İlyas Əfəndiyevin ilk hekayələrindən birinin sonundan götürülmüş bu sətirlər bu gün onun öz bədii irsini də səciyyələndirir.

Load Time (S) : 0.004917