TEATRO

TEATRO

sənət portalı

post-title

Vidadi Qafarov - Ah, bu uzun korona yolu...

 

Bu gün fevralın 19-dur, 2021-ci ilin. Fevralın 27-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaradılmasının, 28-də ölkəmizdə ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının bir ili tamam olacaq. Martın 14-də isə bir  il olacaq ki, biz “mübarək korona” münasibəti ilə (həm də) teatrlarımızın qapısını bağlamışıq. Biz deyəndə ki, bizim nə günahımız... ya Operativ Qərargahın nə günahı..!

Amma hərdən oturub (bəzən də ayaq üstə) fikirləşirəm ki, yəqin bizim Operativ Qərargah bizi, məsəl üçün, Rusiyanın Operativ Qərargahı öz xalqını sevdiyindən çox sevir. Niyə? Çünki Rusiya hökuməti teatrların işləməsinə, tamaşaçı salonlarına əlli faiz tamaşaçı buraxılmasına icazə verməklə öz xalqının sağlamlığını riskə atır. Ancaq bizim Operativ Qərargah, əksinə, insanların sağlamlığını hər şeydən uca tutaraq, nəinki teatrların tamaşaçıların üzünə açılmasına, truppaların heç kiçik heyətlə məşq etməsinə belə icazə vermir. Bu, sevgidən irəli gəlmir, bəs, nədən irəli gəlir?!

Həm də bü gün teatr nəyə lazımdı ki, onsuz da hamımız MASKAradın içində yaşayırıq. Artıq maskalı insanlara deyil, maska-insanlara çevrilmişik. Biz artıq maska-ludenslərik. Bir gün anadan maskalı uşaq doğulsa belə, təəccüblənməyəcəyik.

Amma zarafat bir yana, əzizlərim, axı, sağlamlıq yalnız fiziki-cismani amillərlə ölçülmür, İNSAN təkcə skeletin üzərində dayanmış bir tikə ət parçası demək deyil, hətta fiziki sağlam olsa belə! Bəs, bizim mənəvi-ruhani qidamız, immunitetimiz, sağlamlığımız necə olsun? Bunu canlı sənət növü olan teatrsız etmək nə dərəcədə mümkündür? Bir azdan nəinki tamaşaçılar, hətta teatr sənətçiləri də teatrın yolunu yadırğayacaqlar. Tanısalar belə, nə vaxt səhnəyə adaptasiya olacaqlar, formaya düşəcəklər, axı, onlar yaradıcı insanlardır, robot deyillər ki, pultla işə salasan.

Mən bir məntiqi başa düşmürəm ki, nəyə görə televiziya kanallarında qapalı şəraitdə onlarla insanın iştirakı ilə serial çəkmək olar, amma teatrda 5-6 aktyora, adicə, məşq etmək olmaz?! Mən hələ eyni vaxtda eyni qapalı məkanda onlarla insanın toplaşdığı ictimai nəqliyyatı, restoranları, marketləri və s. demirəm...

Mən hələ onu demirəm ki, yaradıcı problemlərlə yanaşı, Azərbaycan teatrı neçə illərdir tamaşaçı qıtlığı problemini də aradan qaldıra bilmir. Təsəvvür edin, 30 illik yubileyini bayram edəcəyimiz müstəqilliyimizin ilk ilində - 1991-ci ildə Azərbaycanda teatr tamaşalarına 1 milyon 584 min tamaşaçı baxdığı halda, koronavirus pandemiyasından əvvəl, 2019-cu ildə teatr tamaşalarını cəmisi 645 min seyrçi izləyib. Baxmayaraq ki, 1991-ci ildə ölkəmizdə teatrların sayı 20, əhalinin sayı 7 milyon 218 min, 2019-cu ildə isə peşəkar teatrların sayı 29, əhalinin sayı isə 10 milyona yaxın olub. Və nəticədə, 1991-ci ildə hər min nəfərdən 218-i tamaşaçı olduğu halda, 2019-cu ildə hər min nəfərdən cəmi 65 nəfər teatra gedib.

Və düşünməyin, əlaqəsi yoxdur, onu da əlavə edim ki, həmin 1991-ci ildə Azərbaycanda 74 min 378 nikah, 10 min 679 boşanma baş veribsə, 2019-cu ildə  63 min 869 nikah, 17 min 148 boşanma faktı qeydə alınıb. Yəqin ki, nikahda azalmanı, boşanmada artım dinamikasını gördünüz.

Belə “müsbət” dinamika cinayətkarlıq hallarının baş verməsində də özünü göstərir.  1993-cü ildə ölkəmizdə 18 min 145 cinayətkarlıq törədildiyi halda, 2019-cu ildə bu rəqəm 26 min 672 olub. 1993-cü ildə 14 min 968 nəfər cinayət törədibsə, 2019-cu ildə cinayətkarların sayı 17 min 823 nəfərə yüksəlib. Əhalinin hər min nəfərinə düşən cinayətlərin sayı 246-dan (1993-cü ildə), 266-a qalxıb. Bu “göz ox(l)(ş)ayan” statistikanı (hamısı https://www.stat.gov.az/-dan götürülüb) təəssüf ki, davam etmək də olar. Amma görünən dağa (söhbət ürəyimizdəki dağdan gedir) nə bələdçi... Ritorik səslənsə də, fakt odur ki: tamaşaçı zallarımız boşaldıqca (boş olduqca) məhkəmə zallarımız dolur, teatrlarımız tamaşaçı nəfəsinə həsrət qaldıqca, həbsxanalarımız anşlaq  yaşayır!

P.S. Deyirəm, Operativ Qərargah martın 14-də, teatrların bağlanmasının ildönümü münasibəti ilə, heç olmasa, bircə günlük teatrların qapı-pəncərəsinin açılmasına icazə versəydi, teatr zəhmətkeşləri də gəlib teatrın iyini-tozunu alıb, onu canlandırsaydı, Qərargah üzvləri böyük savab qazanardı. Yoxsa dünyanın işini bilmək olmaz, açmasan, qapısı-pəncərəsi bağlı yerdir, teatrı deyirəm e, o da canlı orqanizmdir də, birdən zəifləyər, immunitetdən düşər, tutular koronavirusa, deyərlər ki, günahkar Operativ Qərargahdı, sonra gəl çıx altından....

P.P.S. Ya da fevralın 27-si yaranışının ildönümündə Operativ Qərargah çıxaydı növbəti brifinqinə, deyəydi ki, mən işimi bitirdim! Yəni, koronaya son, yaşamağa davam!

P.P.P.S.  Bu yerdə saat zəng çalır və mən yuxudan oyanıram...

Load Time (S) : 0.000314