TEATRO

TEATRO

sənət portalı

post-title

“Vaqif ÖLDÜ... Vaqif ÖLDÜ...”

Salam, DƏDƏ! Orda nə var... burda nə yox?.. Orda Sən varsan... burda sənin yoxluğun var! Yoxluğun hər şeydən böyükdü, ustad... səndən də, düşüncələrindən də, elmindən də, teatrından da, poetikandan da. Sən demə, bunlar eləcə sənin maskaların imiş... başqa-başqa təzahürlərin imiş... Sən getdin, bunlar da özlərini sənin yoxluğuna atıb intihar elədilər. Yoxluğun güzgü tutdu insanların ruhuna, gerçək simasına... bütün münasibətlərə! 

Vaqif ÖLDÜ.... Vaqif ÖLDÜ...

İndi Vaqif İbrahimoğlu deyəndə hamının xəyalında qərib, soyuq, qaraqabaq bir qəbir canlanır... çoxları üçün indi Sən elə o qəbirdən ibarətsən... sağ olanda uzaq başı yaxşı bir rejissor idin onlar üçün... başqa heç nə... Həqiqi yuğçular üçün isə Sən ədəbsən, Sən ərkansan, Sən əxlaqsan, Sən kitabsan... Sən TEATRsan... Sən “dharma”san! Bu sözləri özümdən yazmıram, yoxluğundan oxuyub zikr edirəm... orda belə yazılıb.

Vaqif ÖLDÜ... Vaqif ÖLDÜ...

Amma qəm yemə... qəhrəmanların əfsanə-həyatı, mif-həyatı ölümdən sonra başlayır. Sən də öz əfsanə-həyatını, mif-həyatını yaşayırsan. Məgər, bir ömür bununçün əlləşib-vuruşmurdunmu... rahatcana yat... yoxluğun mübarək!

Vaqif ÖLDÜ... Vaqif ÖLDÜ...

Yuğdan nigaran qalma, dədə... o sənin yarımçıq əlyazmandı... əlyazmalar yanırlar, amma məhv olmurlar! Sənin tamamlanmamış əlyazman da... fikir dünyasında vurnuxur... Azərbaycan teatrosunu ağır travma kimi daim “narahat edir”... orda bir Vaqif yetişdir, göndər gəlib bunu tamamlasın. Sən Allah, diqqətli ol... o da burdakılara bənzəsə “əlyazma”nın işi FƏNA!

Vaqif ÖLDÜ...Vaqif Öldü...

Bu aşağıdakı məqaləni xatırlamamış olmazsan... 1994-cü ildə sənin ad gününə ithaf etmişdim. Dedim bu il də yubleyinə nə isə yazım... gördüm, heç nə dəyişməyib... nə qədər böyüsəm də, Sən mənimçün elə o böyüklükdə qalmısan... elə isə bu bir ovuc sözü ovuclayıb hüzuruna gəldim... qəbul et, dədə... qəbul et!.. görüşmək ÜMİDiylə!!!

Vaqif ÖLDÜ...Vaqif ÖLDÜ...

                                                       

                                             HAVAM HAQQINDA   

                           “Yuğ” 4 yaşını, Vaqif İbrahimoğlu 44-ü haqladı...

                                                     (təbrikül-əsrar)

Hacı Baba, sənətçi

Qəribədir bu dünya!

Hamı çağa şəklində ağlaya-ağlaya gəlir bu dünyaya və hamı üç metrlik ağla ağlana-ağlana bu qəribə dünyamızdan o GÖZƏGÖRÜNMƏZin hüzuruna göndərilir. Hə... qəribə adamların qəribə dünyamızda bir-birindən fərqi də məhz “hamı kimi yaşamadılar” məsələsidir.

     Bu qəribə adamlardan bir qrupunun bu qəribə dünyada işıq haqqında heç təsəvvürü olmur...

     Digər bir qrup bu qəribə dünyada ya onun-bunun işığından dadmaqla, ya onun-bunun işığını oğurlamaqla, ya da onun-bunun işığını söndürməklə məşğul olur. Başqa bir qrup isə bu qəribə dünyamızda yanır... yanır... özgələri üçün işıq olur. Bu  növ qəribə adamlara aydınlar deyiblər, mürşidlər deyiblər, ustadlar, sənətkarlar, ziyalılar deyiblər tarix boyu. Səd heyif, bu qəbildən qəribələr azdır yaman dünyamızda. Onları da biz bu qəribə dünyamızda ikən qiymətləndirə bilmirik, varıb qeyb aləminə köçəndən sonra haray salırıq... ki, “qoyma, mədəniyyət əldən getdi, incəsənət xərab oldu. Vaveyla! Teatr yoxdu, kino yoxdu, musuqi yoxdu”.

Axı, biz haçan diriykən Səttarımıza, Tofiqimizə, Vaqifimizə “Siz sənətkarsız, Siz dahisiz, Siz aydınsız, zəifsiz, kövrəksiz, özünüzü fəda edənlərsiz” deyib layiqincə qiymətləndirmişik?! Haçan demişik ki, Siz işıqlılarsınız, Siz hamı kimi yaşamayanlarsınız. Qərib-qərib qəribələrdən birinin 

                                                ADI VAQİF!

   Sevdiyim rejissorlardan Bəxtiyar Xanızadəyə sual elədim ki, niyə Tarkovski və aktyorları bir-birilərinə oxşayırlar. İlginc cavab aldım: “Millətindən, cinsindən asılı olmayaraq, bütün alkaqoliklər bir-birinə oxşayırlar. Çünki, onları bir istək, bir yanğı formalaşdırıb. Tarkovski və onun aktyorlarını da sənət yanğısı formalaşdırıb... ona görə oxşardırlar”.

      Cavab məni sakitləşdirdi. Çünki, bu, Vaqifin – Mahatma Qandi və Tarkovski, Səttar və Vaqif oxşarlığına bir cavab idi. Bir anda onların yanğısından, istəyindən agah oldum. Onlardan bəziləri haqda keçmiş zamanda danışsaq da, biri haqda indiki zamanda danışmalıyıq. Özü də indi, məhz onun sağlığında. Onsuz da sonra həmişəki kimi gec olacaq”.

    “Gülüş axşamı”nda , eee... sessiyada deputatlardan biri dedi ki, bu tribunadan yalnız vəzifə üçün istifadə edirlər. Şükür! Mənim heç bir vəzifəyə və ya yeni rola ehtiyacım yoxdur. Sadəcə, çoxdan məni narahat edən bir fikirdən qurtulmaq istəyirəm. 

                                                  Bəli... əzəldən adı VAQİF!

    Yəni, bu qəribə dünyamıza 1949-cu ildə ağlaya-alaya gözünü açdı... xoşbəxt Qeys təkin. Bütün xoşbəxt Sovet körpələri kimi məktəbə qədəm qoyub, oktyabryat,  pioner, komsomolçu olub. Hətta pioner düşərgəsində dincəlib, güc də toplayıb. Fəal Sovet məktəblisi olub... ancaq “milli ruh”da. Məktəbi bitirəndə planı öncə aktyorluq, 3-4 il işləyəndən sonra Moskvada rejissorluq kursunu oxuyub rejissor olmaq idi. İnstituta daxil olub, “yaxşı oxuduğu”, hamı kimi böyüyüb, hamı kimi düşünmədiyi üçün iki dəfə qovulub.  Orduda olub və nəhayət, 4 illik institutu 6 ilə bitirib. Aktyor işləməyə başlayıb. Rejissorluğa 7-ci sinifdən meyl etsə də, professionallar sırasına qoşulmağa 1976-cı ildə cəhd edib. Məhz bu ildə qəti qənaət hasil edib ki, rejissorluq onun varolma və özünü realizə formasıdır. Başqa cür bu qəribə dünyamızda var ola bilməz. İnqilabi teatr düşüncəsindən dolayı həmişə sıxma-boğmaya salınıb. Aktyor işləyə-işləyə rejissorluğa meyl etdiyinə görə işdən qovulub. Gənc Tamaşaçılar Teatrından Aktyor evinə, Aktyor evindən Tədris teatrına, Tədris teatrından Musiqili Komediya Teatrına, oradan Ankara və Bursa dövlət teatrlarına və nəhayət, ADADT-na qədər çətin bir yol keçib. Bu keçidlərdə bərkiyib, kamilləşib, ustadlaşdıqca onun teatr poetikası, özünməxsus aktyor təlimi formalaşıb.

      Axır ki, 1989-cu ildə, 15 illik ağır zəhmətdən sonra başqa bir qəribə adam Həsənağa Turabovun köməyi ilə “Yuğ” teatr studiyasını  açmağa müvəffəq olub və həmən studiya üç illik fəaliyyətdən sonra dövlət statusu alıb. Yəni ki, Vaqif məktəbi toxum-rüşeymdən kökləri dərinə sirayət edən cavan ağaca çevrilib. Məhsul yığımı isə Vaqifin təbirincə desək, o vaxt olacaq ki, öz teatrında sevimli aktyorlarının ifasında və öz quruluşunda A.P.Çexovun “Albalı bağı” tamaşasına baxacaq... inşallah... sağlıq olsun!

      Nədir Vaqif fenomeni?..

Vaqif (fərd) + Vaqif (rejissor) = Vaqif (fenomen)

Vaqif (fərd) dünyası qəribə və maraqlıdır: sadəlik, həssaslıq, kövrəlkik, incə yumor, güclü analiz və sintez bacarığı, kənardan özünüseyr, güclü məntiq, yüksək etika və estetika.  

Vaqif (rejissor) dünyası da ilgincdir: yüksək professionallıq, güclü yaradıcılıq yanğısı, konseptual düşüncə, teatrda novatorluq, yeni teatr poetikası, dövrü qabaqlamaq bacarığı, aşırı tələbkarlıq, peşəkarlığı qanına hopdurmuş aktyor heyəti, dərininə bilgi və bütün bunların praktiki realizəsi.

Vaqif (fenomen): sənətkardır, aydındır, peşəkardır, yəni ustaddır!

Uğur olsun, qəribə adam!

P.S. Çox hörmətli və sevgili Vaqif İbrahimoğluna “Yuğ”un 50 yaşını görməsini alim-sənətçi-müəllim-ustad olmağın, türkün sözü, dadını çıxarmasını diləməkdəyiz. Vur-tut 90 yaşınız olasıdır ol vədə, Vaqif bəy...

Həmişə Ümüdlü-Umaylı-Qutlu olasınız!

Hacıbaba Məmmədov

 

Load Time (S) : 0.003680