TEATRO

TEATRO

sənət portalı

post-title

"Vaqif İbrahimoğlu filtirsiz prima çəkirdi" - Niyazi Mehdi yazır

Qıyma, ciddiləşəndə donuq gözləri olan (Anarın filmində Ağayar bəyi bu gözlərlə oynamışdı) sarıbəniz Vaqif İbrahimoğlu bir neçə görüşdən sonra şəxsiyyətinin ovsunu ilə məni tam fəth etdi. İndi bundan danışım. Mən Moskvadan yüksək biliklə gəlməsəm də (hərçənd, Moskva aurası hər yerdə məni izləyirdi) intellektual snobizm canıma yerimişdi. Qardaşım Elçin demir ki, heç kimi ağılca özümdən üstün saymırdı?! Mən də Moskvada elə bir intellektuala rast gəlməmişdim ki, məni heyran etsin. Tutuşdurmaq üçün deyim - qardaşım Elçin məndən sonra Moskvada qalmışdı və tətilə gələndə ağızdolusu Şedravitskidən danışırdı. Bu adam bir çox rus ziyalılarına təsir göstərmişdi, hətta deyilənlərə görə, sabiq baş nazir Kiriyenko da onun məktəbindən çıxmışdı. Ancaq mənim Moskvada belə kumirim olmadı. Əgər Moskvada olmadısa, Bakıda haradan olardı?! Bax, bu düşüncə ilə Bakıda yaşamağa başlamışdım. Bəs nə oldu ki, Vaqif mənim üçün kumirə çevrildi? Bunu araşdırıb tapım.

Moskvada millətçilik etsəm də, yataqxanada yabançı qızların qonağı olub, otağıma gətirsəm də bu "igidliyimə" baxmayaraq orada həmişə DTK qorxusu ilə yaşayırdım. Bu qorxudan başqa o biri qorxum venerik xəstəliyə tutulmaq idi. DTK və venerik xəstəlik, beləcə, Moskvada yeganə fobiyalarım idi. Onu da deyim ki, venerik xəstəliyə tutulmaq qorxusunu bir çox azəri aspirantlar içlərində daşıyırdı. O çağlar əsas qorxu sifilisdən idi, çünki hələ SPİD/QİÇS yox idi. İndi, deyəsən, sifilisin dərmanları tapıldığından onun söhbətini eşitmək olmur.  

Moskvada qorxurdum ki, otağıma da, qonağı olduğum yabançıların otağına da qulaq asırlar. Bununla bağlı bir lətifəmiz vardı, "mıx da məni bağışlasın". Anekdot belə idi. Yataqxanada dostları bir oğlana deyirlər ki, sənin otağına qulaq asırlar, bunu deyəndə divarın başında olan mıxı göstərirlər. Oğlan ürəyi dözməyib nə vaxt dissident söhbəti etməyə ağzını açırsa, mıxı göstərirlər ki, sus! Bir dəfə yenə dözməyib ağzını açan zaman mıxı göstərəndə partlayır ki, "ə, mıx da məni bağışlasın..." və başlayır Sovet hökumətinə qarşı ağzına gələni deməyə.

İndi biz bilirik ki, o boyda universitet yataqxanasını xəlvətcə dinləyici sistemlə əhatə edə bilməzdilər. Görünür, DTK özü maraqlı idi ki, adamlar hər yerdə dinləyici aparatın olması mifinə inansınlar. Bu mifin xofundan biz də danşığımızı öz senzuramıza salırdıq, hərçənd bəzən "mıx da məni bağışlasın" deyirmiş kimi partlayıb ürəyimizi boşaldırdıq.

Bax, anti-sovet ruhum DTK-dan qorxumla birləşib məndən əcaib bir məxluq yaratmışdı. Bir yandan, ürəkli, qorxmaz, senzuranı hərləməyən sözlər demək istəyi (bu istəyi az-maz gerçəkləşdirirdim də), o biri yandan, həmişə səksəkədə olmaq ki, indi çağırıb deyəcəklər, elə danışma. Bax, bu fonda Vaqif söhbətlərində, tamaşalarında sovetizmdən tam azad, DTK səksəkəsini bilməyən adam kimi məni heyran qoydu.

Vaqifin sovetizmdən azadlığı xısın-xısın söhbətlərdə olsaydı, mənə elə təsir etməzdi, çünki bütün Bakı çayxanaları o çağlar xısınlaşan millətçi, türkçü və anti-sovet söhbətlərin ocağı idi. Üçüncü söhbət türü filoloji gəncliyin qəbul imtahanları ilə bağlı alış-verişindən qaynaqlanırdıı. Bu gənclikdən kimlərsə bütün fakültələr (hüquq qarışıq) üzrə qəbul imtahanlarında iştirak edirdilər, çünki hər yerdə Azərbaycan dili üzrə imtahan olurdu. İştirak etməyənlər isə onlara adam gətirib öz paylarını götürürdülər. Beləcə, filoloji gənclik millətçi, anti-sovet olsa da, dolanışığın başqa yolu olmadığından qəbul imtahanlarını özləri üçün "rüşvət" ləkəsindən təmizləyib biznes eyləminə çevirmişdilər. Bəs ləkədən necə təmizləyirdilər? Pul almalarına zarafat, şəbədə qoşmaq istedadları ilə, sinik-ironik ədaları ilə. Nəticə doğrudan da uğurlu olmuşdu. Ən vicdanlı, əxlaqlı millətçi də onlara rüşvətxor kimi baxmırdı. Onlar isə pul qazanıb əliaçıqlıq edirdilər, jiquli alırdılar və hansı kasıb istedada isə kömək edirdilər və bir də tez-tez qumar oynayırdılar. Qumar isə filoloji gəncliyin dünyasına bohem elementlərini, avantürist dramatizmini qatırdı. Ancaq bütün bu özgürlük kutu çayxananın dost-tanışla qapanmış dünyasında olurdu. Vaqif isə millətçiliyi, anti-sovetizmi İncəsənət İnstitutunun Tədris teatrına çıxardı, elə çıxardı ki, sanki elə belə də olmalıdır və burada olağanüstü heç nə yoxdur.

Bir düşünün, rektor Aslan Aslanov idi, həmişə çayı üfürə-üfürə içən adam. Tədrisdən xəbərçilik edənlər onu fitilləyirdilər ki, bu Vaqif, siyasi "əyintilərə" yol verir, teatrda qorxulu hoqqalardan çıxır. Aslan müəllim diksinirdi, tezcə teatra gəlib hamını yığaraq notasiya oxuyurdu, Vaqif isə ona qulaq asıb öz bildiyini edirdi. Hamıda, mən qatışıq, rektorun xofu vardı. Bu xofun üstünə gəlirdi mənə yaxşılıqlarına görə ona borcum. Vaqif isə onunla da istədiyi sərbəstlikdə özünü aparırdı. Aslan müəllim öyüdlə danışanda dodaqları bir az qabağa çıxırdı. Bütünlükdə yaraşıqlı, arıq, ağıllı kişi idi. Çapdan çıxmış kitab və məqalələri az idi. Ancaq partiya xətti üzrə göstərdiyi xidmətlər üzündən Akademiyada akademik katib olmuş, İncəsənət İnstitutuna rektor gətirilmişdi. Ondan qabaq rektor Rahib müəllim olmuşdu, deyirlər, ağır adam idi. Mən gələndə Rahibin adını hər yerdən eşidirdim, hamısında da nəsə bir sayqı vardı.

Aslan müəllim Tədris teatrına gəlib hamını yığaraq aramla öyüd verəndə guya diqqətlə qulaq asan Vaqif onun dodaqlarını yamsılayaraq ona guya ağıllı, əslində isə mənasız cavablar verirdi. Qıraqdan bu səhnəni görəndə məni dəli gülmək tuturdu. Qorxumdan otaqdan çıxırdım ki, Aslan müəllim görməsin. Bu elə gülüş idi ki, adam şalvarına işəyə bilərdi.

Bu, sözsüz, Aslan müəllimə qarşı insafsızlıq idi, çünki hər halda Tədris tamaşalarını bağlamırdı. Ancaq Vaqifin və aktyorların bu davranışları mahiyyətcə Aslan müəllimə qarşı deyildi, ofisioza qarşı idi. Sonralar Vaqifdən soruşdum ki, qorxmurdun, rektor onu dolamağını görüb səni cəzalandırar? Dedi yox. Çünki adamlar var ki, o qədər nərgizlik (narsistlik) onlarda güclüdür ki, danışanda gözləri həmsöhbətə baxsa da, nə onu görür, nə onu eşidir. Bu, Vaqifin dəhşətli müşahidəsi idi və belə tapıntıları ilə məni fəth etmişdi. Söylədiyini bir populyar bəstəçi ilə telefon danışığında göstərdi. Görünür, o bəstəçi çox danışan oduğu üçün Vaqifi yormuşdu. Bir dəfə telefon edib yenə nəyisə uzun-uzadı söyləyəndə Vaqif onu dinləyə-dinləyə "qələtini elə", "pox yemə" və sairə deməyə başladı. Buna qıraqdan baxanda mənim canımı qorxu bürüdü. Telefon danışığı bitəndən sonra Vaqif dedi: gördün, bərkdən deyirdim, yenə eşitmirdi.

Bu söhbətdən sonra mənim özümlə oxşar olay oldu. Bir tələbəm vardı, ağıllı uşaq idi, ancaq görünür, insan kimi bekara imiş. Sonralar onu hansısa partiyada gördüm. Dekanlıqda mənimlə danışanda gördüm ki, hörmətsiz ifadələr işlədir və inanmır ki, eşidə bilərəm. "Nə dedin?!" - üstünə qabardım və pərt etdim. İçimdə məmnun oldum ki, Vaqifin söylədiyi nərgizlərdən deyiləm.

Beləliklə, Vaqifin yaradıcı insan olaraq özgürlüyü o zamanlar çoxlarında vardı, məndə də, Rəhmanda da, Əli Abbasovda da, Gündüz Sariyevdə də. Ancaq biz ictimai meydançaya çıxanda anti-sovet, anti-marksist ibnəmizi içimizdəki senzuraya salırdıq. Sovet ideologiyasının "xoruna" qoşulmamaqla ibnəmizi doyururduq. Vaqifdə güman iç senzurası vardı, ancaq ictimai meydançada o senzura bizdəki qədər işləmirdi. Vaqif indi yada salammadığım detallara görə Sovetizmdən tam özgür görünürdü.

O çağlar onun dilində işlək söz "gik" idi, aktyorlarının da dilinə keçmişdi. İngiliscədə "qik" olan bu sözü Vaqifgil russayağı "gik" kimi deyirdilər, anlamı isə "eksentrik adam", "eksentrik eyləm" idi. Bu söz heç rus dilində də geniş yayılmamışdı, nədən Vaqifin dilində tamaşalarla bağlı hər hansı eksentrik hoqqanı bildirirdi? - bilmirəm. Ancaq o, senzuranı tapdalayıb sovet ortamı üçün pozucu, dağıdıcı görünən eyləmlərini "giklərlə" mümkün edirdi. Televiziyaya çağırılanda qara şüşəli gözlükdə çıxış edirdi - indi bu, elə də əcaib görünmür. O çağlar korlardan başqa heç kim bunu edə bilməzdi, Vaqif isə edirdi, yəqin, jurnalistin, redaktorun bütün "olmazlarına" baxmayraq. Bir TV çıxışında, - o vaxt artıq Musiqili Komediya Teatrının baş rejissoru idi, - Vaqif biz dostları üçün oyun çıxarmışdı. Jurnalist ondan nəyisə soruşanda cavabında hər dəfə "interpretasiya", "motiv" sözlərini deməmişdən qabaq, sanki onların dilimizdə əvəzini tapmaq üçün başını geri atıb gözünü alnına axıdırdı ki, sözün ekvivalentini tapsın, tapmayıb guya məcburən latın terminlərini işlədirdi. Mənası o idi ki, cavab üçün beyninin dərinliklərinə axtarışa çıxır. Bir az keçəndən sonra anlamı qarmaqarışıq olan söz yığınında "cavab" verirdi.

Vaqifin qikləri ilə bağlı bir Moskva olayını da danışım. Orada nəsə seminarda bulunurdu. Müəllimləri ünlü estetik, ancaq yaxşı tərtibli dayaz kitabların müəllifi Yuri Borevin oğlu idi. İlk seminarda o, dartışma üçün sənətlə bağlı bir konu ortaya atır. Vaqif ağır qafqazlı ləhcəsi ilə üzünə kəndçilik, nadanlıq yağan maskanı "taxıb" dartışmalarda iştirak edir. İlk öncə yan-yörəsindəkilərin ürəyində "bu, haradan gəlib, nə danışır?!" nidasını qoparır. Getdikcə nadan mimikasına uyuşmaz semiotik, strukturalist və başqa modern terminlərdə yetərincə ağıllı düşüncələr söyləməyə başlayır və beləcə adamlar çaş qalır: "Bu bizi dolayır, yoxsa rusca pis bilsə də ağıllı adamdır?!". Yalnız sonrakı seminarlarda görürlər ki, Vaqifin əla ruscası var. 

Borevin oğlu birinci dəfə Vaqifi görəndə soruşmuşdu: Necədir sənə Moskva?

Vaqif: Belə də. Məsələn, dükanda sizə də qulluq edirlər, bizə də. Ancaq bizə əlavə olaraq "çernojopıye", "ponayexali" deyirlər.

Doğrudan da, Moskvada növbədə duranların çoxu gəlmələr olardı. Ancaq bu moskvalılar qanmırdı ki, yerdə qalanların boğazından kəsib Moskvaya verməyin sonucu idi ki, oranın dükanlarında tavarlar bol idi.

Sonra Vaqif Borevin oğluna demişdi: "Bax, mən bura gəlmişəm, siz məni bir yerə aparmamısınız ki? Ancaq siz gəlsəniz ürəyiniz nə istəsə, onu tapmaq üçün mən özümü ora-bura vuracam". Borevin oğlu "Siz varlı yaşayırsınız" deyəndə Vaqif qayıtmışdı ki, belə qonaq qarşılamağın çoxu bizim camaatın borca düşməsi ilə qurtarır. Bilirsiniz, Moskvadan (yoxlama və s. üçün) sizinkilər gələndə niyə 3 nəfər gəlir? Ona görə ki, kef üçün bir maşına minəndə qonaq eləyənə də yer qalsın.

İndi isə Vaqifin başqa bir "qiki". Bir dəfə radiodan jurnalist qızın özünü aparması xoşuna gəlmədiyindən kabinədə səsini çıxarmadan ağzını açıb-yumur. Guya cavab verir, ancaq aparat xarab olduğu üçün səsi gəlmir. Əl-ayağa düşüb təmir üçün texniki işçini axtarmalı olurlar.

İndi isə Vaqifin imic hoqqaları üstünə. O, bir, ya iki aydan bir gah saçını dibdən qırxırdı, gah uzadırdı, gah saqqal saxlayırdı, gah üzünü dibdən qırxırdı.

Mən düşünürdüm ki, milli teatrda heç bir rejissora Vaqifin heyranlığı yoxdur, hər halda Elçin Məmmədovla dost olsa da, atasını, - Mehdi Məmmədovu maraqlı rejissor saymırdı. Sonra gördüm ki, onun sevimlisi Tofiq Kazımovdur, özünə müəllim sayır və Azərbaycan teatrında birinci yerə qoyur.

Biz tanış olandan sonra Vaqif  3-4 il eyni axmaq boyası olan pencəyi, deyəsən, tünd palıd şalvarı geyinirdi. Bu dəyişməzlikdə dəyişən onun saçı-üzü olurdu. Heç kimin saçı ilə, üzü ilə belə oynamasını görməmişdim.

Vaqifin anası tatar idi (öz türkümüzdü), atasında isə zaqataladan olduğu üçün, güman, türk qanı ilə ləzgi və ya başqa Qafqaz etnosunun qarışığı vardı. Ancaq özünə gələndə hamımıza örnək olacaq dərəcədə türkçü idi. Anasından bütün balalarına Orta Asiya türklərinin antropoloji cizgiləri keçmişdi. Vaqif millətçi-türkçü idi, ancaq asanca millətçiliklə bağlı hoqqalar, "qiklər" edə bilərdi. Məncə, dindar idi, ancaq asanlıqla Şəriətlə bağlı hoqqalar çıxarardı. Dostumuz Gündüz Sarıyev Sovetlərin axırında qatı İslam düşüncəsinə keçəndən sonra ona "dindarik" deyirdi. Hər dəfə küçədə onunla rastlaşanda kəlmeyi-şəhadət deyib salavat çevirirdi, Gündüz isə mənəviyyatca sağlam adam olduğundan onun bu "qikindən" uğunub gedirdi.

90-cı illərin ortasınacan Vaqifin dilinə spirtli içki dəyməmişdi. Yeyib-içəndə niyə içmədiyini soruşanda deyərdi ki, Rus Dram Teatrında aktyorluq edəndə, elə ondan da qabaq "Ağdam" çaxırı içərmiş. İçib çox vaxtı kefli gəzərmiş. Bu alkoqoliklik çağında içməsi qovğalarla bitərmiş, çünki dəmliyi çox aqressiv olarmış, adamlara sataşar, onları alçaldarmış. İndi içməkdən ona görə çəkinir ki, bizə aqressivlik edəcəyindən qorxur.

İncəsənət İnstitutunu bitirəndən sonra Vaqif Rus Dram Teatrında aktyor kimi çalışırmış. O vaxtkı həmkarları ilə söhbətindən görürdüm ki, onlar Yuli Qusmanın hər situasiyada lətifə deməsini heyranlıqla yox, kinayə ilə yada salırlar. Vaqif, hətta bunu danışanda yüngülcə Qusmanı yamsılayırdı. İndi Yuri Qusman yaşayıb Moskvada anekdotlar danışmağa davam edir, Vaqif isə bu dünyada yoxdur. Şeirə düşəsi misra!

Rus Dram Teatrından sonra, deyəsən, Anarın həyanlığı ilə Vaqif Aktyor Evində eksperimental teatr yaradır. Burada Fəxrəddin Manafov kino operatoru imiş, Vaqif onu tamaşalarda aktyorluğa qoşur.  

İbrahimoğlu bu illər filtirsiz prima çəkirdi. Mən də ondan "Prima" çəkməyi götürmüşdüm (deyirlər, Tofiq Quliyev də bu siqareti çəkirmiş). Vaqif tez-tez armudu stəkanda çay içirdi və bu zaman siqareti bir az çəkib stəkanın yanındakı külqabına qoyurdu ki, öz-özünə tüstülənsin. Beləcə, kəndisini (bəlkə də siqareti) aldadırdı ki, az çəksin. Ancaq buna baxmayaraq axırda ağ ciyərin xərçəngindən rəhmətə getdi. Nə biləsən, siqaret onu xərçəng etdi, yoxsa onsuz da bu zəhrimara tutulacaqdı.

Vaqif haqqında kitab və məqalələr yazılıb, özünün də məqalələri çap olunub. Ancaq yenə də duyuram ki, biz dostları onun xatirəsi önündə borcumuzu yerinə yetirib kimliyinin zənginliyini aça biməmişik. Bu səbəbdən xatirələrimdə ona bu qədər yer ayırıram.

 

Ədəbiyyat Qəzeti

Load Time (S) : 0.000332