TEATRO

TEATRO

sənət portalı

post-title

Vaqif İbrahimoğlu - «Rəşid Şerif» fenomeni

Epiqraf: “Azadlığı və həqiqəti sevməyən şəxs qüdrətli ola bilər, amma o, heç zaman BÖYÜK ola bilməz”

Volter

“Düşünən sənətçi öz dəyərini iki qat artırmaqdadır”

Lessinq

“Yumor – dahiliyin ünsürlərindən biridir, fəqət o, üstünlük təşkil etdiyi halda surroqata dönür…”

  Höte 

 

(məsuliyyətsiz araşdırma)

Qardaşım, bu gözəlim Azərbaycan var ha, doğrudan-doğruya fövqəladə bir məkandır: “Odlar yurdu” olduğu halda, eyni zamanda fenomenlər məskənidir. Amma və lakin görünür ki, burada təzad yoxdur. Necə ki, od da, fenomen də birxassəli nəmənədirlər – hər ikisi qaranlıq və soyuq dönəmlərdə daha çox gərəkli olur. 

Adıbəlli çin filosofu Sun Xoy Çay öz zamanında (3 min il bundan əqdəm!..) sənətçinin borc və vəzifələrini müəyyənləşdirərək, məşhur “Gul-qul-min” (“Ruhun hikmətlərinə etibar”) risaləsində yazmışdır: “… Ulu Göylərin sayeyi-mərhəmətindən istedada sahib olan rəssam, əslində, əmanət sahibidir: onun borcu vaxt yetişəndə istedadını Göy Üzünün Sakinlərinə qaytarmaqdır, vəzifəsi isə onu, yəni istedadını iki qat artırılmış həcmdə qaytarmaqdır. Çünki Ulu Göylərin altında əmanətə xəyanət edənlərin ucbatından yerin ruhsal örtüyü yırtılmaq təhlükəsi ilə üz-üzə durmaqdadır…” 

… Virtual, xəyali məkanların tamhüquqlu sakini Rəşid Şərif bir zamanlar gözəllik və zərifliyin ötürücü olan fırçasını kənara qoyub da aldı əlinə neştər kimi iti qələmi və başladı incədən incə mətləblərin astar üzünü KARİKATURA çəkməyə. Çox tez bir zamanda “Rəşid Şerif” imzası tanındı, az keçmədi ki, qədirbilən həmkarları tərəfindən mükafatlandırıldı (3 il dalbadal karikaturalarına görə “Media açarı” ödülünü aldı…), daha sonra Rəşid Şerifin iti düşüncəsinin qrafik təzahürləri, yəni karikaturaları Azərbaycanımızın sınırlarını aşdı, Avropa və Amerikanın sanballı qalın dərgilərində yer aldı, gen dünyanın ünlü karikaturaçıları onu, yəni Şərid Şerifi tanıdı və öz sıralarına qəbul etdi. Bu gedişlə Rəşid Şerif yaradıcı üslubunu təkmilləşdirərək bənzərsiz, özəl, baxan kimi tanınan, baxdıqca izləyicidən düşünməyi tələb edən azad həqiqət və ya həqiqi azadlıq ideyalarını tərənnüm etməyə yönəlmiş, gülüşün, yumorun şəfaverici potensialına söykənən əl boyda kağız vərəqlərindən ibarət “Azərbaycanın Keçid Dövrünün Salnaməsi”ni yaratdı. Və on il ərzində çəkdiyi karikaturaların sayı üç minə çatanda… neştərini kənara qoydu, yenə fırçasını aldı əlinə və indi ipək parçasının (kətanın yox a!) üzərində adamın huşunu ağlından aparan, birbaşa insanın ruhuna sirayət edən incədən incə dünyaların mənzərələrini yaratmağa başladı… 

Nədən belə etdi Rəşid Şerif?! Neyçün “karikaturanın daşını atdı?” Nə səbəbdən bu gün peyda olan epiqonlarını, təqlidçilərini plagiatda suçlamır, haqqını tələb etmir? Bəlkə ona görə ki, “Keçid dövrü” sona çatdı? Bəlkə Rəşid Şerif Ulu Göylərin buyruğu ilə özü hələ ki, tanımadığımız bir dönəmə keçdi? Bəlkə də səbəb daha sadə müstəvidə – sosial gerçəkliyimizin karikatur xassəsindədir, yəni ki, Rəşid Şerif karikaturaya karikatura çəkməyi özünə rəva bilmir, çünki lotular demiş, “zapadlo”dur?! Bəlkə bu qərar yalnız və yalnız sırf peşəkar psixologiyasının tələbidir, yəni ki, Rəşid Şerif hamımızdan öncə sənətçi həssaslığıyla duydu ki, yumor, gülüş ruhunun sərbəst yaradıcılığı prosesində üstünlük təşkil edərək azadlığını məhdudlaşdırır? Bəlkə bir neçə dəfə böyük həvəslə “Karikatura Laboratoriyası”nı yaratmaq cəhdlərinin dəstəksiz qaldığından həvəsdən düşdü karikatura zirvələrini fəth edən Rəşid Şerif. Bəlkə də “deyirəm düzəl, dünya, düzəlmir gözəl dünya; bir parça çörək üçün uzanır yüz əl, dünya” deyə Dünyanın düzəlməsinə inamını itirdi filosof-rəssam Rəşid Şerif?! Bilmirəm, əslində, mənə elə gəlir ki, bilirəm, amma və lakin bu qısaca araşdırmamı dəqiq və mütləq qənaətlərlə bitirməyin məsuliyyətini öhdəmə götürməkdən çəkinirəm. Allah bilən məsləhətdir?! 

Odur ki, sözümü məsuliyyətsiz bir sonluqla bitirib də deyirəm: qardaşım, atam balası, Rəşid Şerif! Dəqiq qənaətləri bilmək istəyirsənsə, ünlü eston alimi, professor A.Buzgilderin yenicə çıxmış “17 saylı boks” monoqrafiyasını tap, oxu. İştə, bu qədər. 

 

Load Time (S) : 0.005228