TEATRO

TEATRO

sənət portalı

post-title

Üzündən təbəssüm əskik olmayan Çingiz Ələsgərli

Üzündən təbəssüm əskik olmayan, optimist təbiətli, nikbin insan Çingiz Ələsgərlini mən həmişə belə görmüşəm. İllər boyunca heç onun qəmli vaxtını görməmişəm. O, gülərüz və müsbət enerjili şəxsdir. Gülərüz, müsbət auralı insan kimi o, daim ətrafındakılara da müsbət enerji ötürür. Problemsiz insan olmaz, deyirlər. Bəzən elə insanlarla rastlaşırıq ki, onlar öz problemlərini  açıqlamaqla çoxlarını narahat etdiklərinin fərqində olmurlar. Çingiz isə, problemi  olanda belə, bunu ətrafdakılara hiss etdirmir.

2022-ci il noyabr ayının 19-u yazıçılıq qabiliyyətinə, istedad və bacarığına  hörmətlə yanaşdığım teatrşünas və dramaturq Çingiz Ələsgərlinin doğum  günüdür. O, mənim yaradıcılığım haqqında xeyli sayda məqalə yazsa da, mən onun nə teatrşünaslığı, nə də dramaturgiyası haqqında heç vaxt, heç nə yazmamışam. Buna heç ehtiyac da olmayıb. Çünki yazıçılıq onun, aktyorluq və rejissorluq isə, mənim peşəmdir. O, daim mənim yaradıcılığımı izləyib, uğurlarıma  sevindiyi kimi, mən də onun yaradıcılığını maraqla izləyib, uğurlarına sevinirəm. Mən onun doğum gününə sürpriz olaraq, portret məqalə yazmağı düşünmüşdüm. Amma sonra fikrimdən daşındım və bu haqda ona dedim. Əvvəl tərəddüd etsə də, sonra razılaşdı. 

Oxuculara bir sirr açım. Mən bəzən yazmağa ehtiyac duyub, ürəyim istəyən  mövzulara müraciət edirəm. Deyilənə görə, pis də alınmır. Bu dəfə də belə oldu.  Düşündüm ki, 40 ilə yaxın bir müddətdə mədəniyyət sahəsində yorulmadan  çalışan, külüng çalan, qələmini bu günə qədər yerə qoymayan, zəhmətkeş və

işgüzar, ən əsası isə, gülərüz bir insan haqqında yazmasam, düz olmaz. Mən  Çingizi, yalan olmasın, hardasa dörd onilliyə yaxın bir müddətdir ki tanıyıram. Adətən, illər istər istəməz insanları dəyişir, hətta bəzən tanınmaz edir. Amma bu  dəyişmələr bizim yubilyara aid deyil. Çingiz 40 il bundan əvvəl necə idisə, bu gün  də elədir. Zaman dəyişsə də o, dəyişmir. 

Teatrşünas və dramaturq dostum bu günə qədər müxtəlif idarə və təşkilatlarda  müxtəlif vəzifələrdə çalışıb. Hazırda Akademik Milli Dram Teatrının ədəbi dram  hissəsinin rəhbəridir. Bildiyimiz kimi, bu vəzifədə vaxtı ilə Cəfər Cabbarlı və daha  neçə-neçə yazıçılar çalışıb. Mən bu insanda harda və hansı vəzifədə işləməsindən

asılı olmayaraq heç vaxt təkəbbür, özündən razılıq, özünü dartmaq, kiməsə yuxarıdan baxmaq və sair keyfiyyətləri görməmişəm. O, həmişə pozitiv, səmimi,  təvazökar, zəhmətkeş, sadə, işinə məsuliyyətlə yanaşan, hər kəsə təmənnasız  kömək əlini uzatmağa hazır olan, qeyd etdiyim kimi, üzündən heç vaxt təbəssüm  əskik olmayan və ən əsası isə, qələminə heç vaxt xəyanət etməyən şəxsdir. Hamı  onu belə tanıyır və məhz bu keyfiyyətlərinə görə ona dəyər verir.

Mənə qalınca, deməliyəm ki, bizim uşaqlığımız iki və ya üç küçə ilə bir-birindən  ayrılan məhəllələrdə keçib. O, Təzə Pir məscidinin yuxarı hissəsində, keçmiş Şors,  indiki Bəşir Səfəroğlu küçəsindəki 46№ li ata-baba mülkündə, mən isə, məscidin  aşağı hissəsində Poluxin, indiki Murtuza Muxtarov küçəsindəki 121№li ata-baba  mülkündə yaşamışıq. Evlərimiz yaxın olsa da biz, çox-çox sonralar, təsadüfən  hansısa tədbir və ya tamaşada rastlaşıb, teatr sənəti haqqında söhbətləşmişdik.  Həmin söhbət maraqlı olduğu üçün uzandıqca uzanmışdı. Mən bu söhbət  əsnasında teatrşünas olaraq Çingizin teatr haqqında dərin bilik və savadını  bəyənmişdim. Elə həmin vaxtdan, daha dəqiq desək, keçən əsrin 80-ci illərindən  bu günə qədər dostluğumuz davam edir. 

Mübaliğəsiz deməliyəm ki, bu gün “Çingiz Ələsgərli” imzası teatr və jurnalistika aləmində tanınan imzadır. Bu imza ilə yazan dostum məqalələrində hər zaman  dürüst olub, “düzü düz, əyrini əyri ” yazıb və yazır. Məhz bu səbəbdən, həm mən, həm qardaşım Cəfər yubileyimizlə bağlı yazılacaq kitablarımızın yazılışını ona həvalə etdik və peşman da olmadıq. Çingiz Ələsgərli mənim 65 illik yubileyimə “ Sənətkar ömrü ”, qardaşım, Xalq artisti Cəfər Namiq Kamalın 70 illiyinə isə, “Tale yazısı ” kitablarını yazdı. Hər iki kitabda o,  bizim yaradıcılığımızın oxşar və fərqli cəhətlərinin elmi-nəzəri araşdırmasını  apararaq, maraqlı və oxunaqlı əsərlər ortaya qoydu. Elə buna görə də hər iki kitab çox qısa bir müddətdə geniş yayılaraq, oxucuların rəğbətini qazandı. 

O, neçə-neçə aktyor və rejissor yaradıcılığına həsr olunmuş kitabların redaktoru və müəllifidir. Bunlardan; “Məhərrəm Haşımov-100”, “Hökümə Qurbanova-100”, kuklaçı aktyor Ruslan Həsənovun yaradıcılığına həsr etdiyi  “Xəzana dönmüş ömür və ya Kuklaçının nağılı”, Mükafat Abbasovun “Sevənləri  aldatmayın”, Mehdi Məmmədov və Zəfər Nemətovun “Rejissor işi haqqında”(yeni  redaktədə), Azərbaycan televiziyasının veteran diktoru Natavan Hacıyevanın  “ Televiziya mənim dünənim, bu günüm və sabahımdır ”, Xalq artisti Mərahim Fərzəlibəyovun 70 illiyinə “ Səhnəyə sığmayan arzular ” və daha neçə-neçə maraqlı əsərləri nümunə göstərmək olar.

Çingiz Ələsgərli teatrşünaslıqla yanaşı, dramaturgiya sahəsinə də uğurlar əldə edib. O,  məqalə və kitablarında olduğu kimi dram əsərlərində də maraqlı olmağa çalışıb.  Onun dram əsərlərinin hər biri qeyri-adi və maraqlı süjet xətti, obrazların  bütövlüyü, dramatik vəziyyətin gərginliyi, konfliktin kəskinliyi, hadisələrin  gözlənilməz düzüm xətti ilə rejissorların diqqətini cəlb edə bilib. Səhv etmirəmsə, onun yazdığı dram əsərləri və səhnələşdirmələrin sayı artıq 40-ı keçib və bu əsərlərin 35-i müxtəlif dövlət dram teatrlarında tamaşaya qoyulub.

Pozitiv, gülərüz insan olan teatrşünas və dramaturq dostumuz Çingiz Ələsgərli yorulmaq bilmədən daim yazır, daim yaradır. Hər dəfə onunla görüşəndə və ya  zəngləşəndə o, mütləq yeni bir məqaləsi, ya kitabı və ya dram əsəri haqqında danışaraq, məni həm heyrətləndirir, həm də sevindirir. O, daim onu  maraqlandıran mövzulara müraciət edərək, bir qayda olaraq, maraqlı sənət  nümunələri ortaya qoyur. Çingiz daim yazır, çünki yazmaq artıq onun yaşam tərzinə çevrilib.

Mən də ona vaxtı ilə yaratdığım “İlham” miniatür teatrı və Şamaxıda yaratmaq  istədiyim teatr üçün günümüzlə səsləşən, insanları düşündürən dramatik əsər və səhnəciklər sifariş etmişdim. O, çox qısa vaxtda mənim istədiyim mövzuları yazdı və çox da xoşuma gəldi. Hayıflar olsun ki, birinci teatr binasızlığın, ikinci isə, laqeyd münasibətin qurbanı oldu. Amma mən, hələ də ümidimi üzməmişəm. İnanıram ki, yaxın gələcəkdə ya “İlham” miniatür teatrında, ya da Şamaxıda yaranacaq teatrda Çingiz Ələsgərli ilə müştərək yaradıcılıq işimizi nümayiş etdirə biləcəyik. Saglıq  olsun. 

Hazırda isə, ölkəmizin bir çox teatrlarında Çingiz Ələsgərlinin dram əsərləri uğurla nümayiş olunur. Akademik Milli Dram Teatrında “Qətibə İnanc” (M.S.Ordubadinin ”Qılınc və qələm” romanı əsasında), Bakı Bələdiyyə Teatrında “Şanlı Vətən” və “İmadəddin Nəsimi ” (İ.Muğannanın “Nəsimi” romanı əsasında),  İrəvan Dövlət Azərbaycan Dram Teatrında ”Nağıl” və sair. Bildiyimə görə, daha iki və ya üç teatrda da onun əsərləri tamaşaya hazırlanır. 

Bu yaxınlarda dramaturqun “Şahidə çevrilən şəhid” əsəri  Xaçmaz Xalq teatrında tamaşaya qoyulub (Haşıyə çıxıb qeyd edim ki, Xaçmaz Xalq teatrının  yaradılmasında mənim də müəyyən əməyim olub). Çingizin dediyinə görə, 1993-cü ildə yazdığı və 2006-cı ildə çapdan çıxmış “Pyeslər” toplusuna daxil edilmiş dramatik  novellaya Xacmaz Xalq teatrının rejissoru İlham Tağızadə yozum verib və maraqlı bir tamaşa yaranıb. Tamaşanın İlk  baxışına Çingiz məni də dəvət etmişdi, təəssüf ki, o vaxt çəkilişlərimlə bağlı iştirak  edə bilmədim. Amma, eşitdiyinə görə, tamaşa yüksək səviyyədə, anşlaqla keçib.  Bölgənin Mədəniyyət sarayında nümayiş etdirilən tamaşada Xaçmaz rayon İcra  Hakimiyyətinin Başçısı Elnur Rzayev başda olmaqla bölgənin digər vəzifə sahibləri, şəhid ailələri və qazilər iştirak ediblər. Rayon İcra başçısının Xalq  teatrına göstərdiyi diqqət və qayğı təqdirə layiqdir. Tamaşadan sonra Elnur  müəllim çıxış edərək, tamaşa və Xalq teatrı haqqında müsbət fikirlərini bildirirək, kollektivə uğurlar arzulayıb. Maraqlananlar YouTub-da “Şahidə çevrilən şəhid”  tamaşasını izləyə bilərlər. 

Çingiz Ələsgərli, qeyd etdiyim kimi, neçə-neçə maraqlı dram əsərlərinin  müəllifidir. Yaxşı yadımdadır, “İxtira” adlı ilk pyesi, 1986-cı ildə M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrında tamaşaya qoyulmuş və maraqla qarşılanmışdı. İlk qələm təcrübəsindən sonra o, “Milyon ilin sevgisi”, “Şahidə çevrilən şəhid”,  “Düzlük”, “Yabançı dostlar”, “İnsan ömrünün nağılı”, “Həyat oyun olanda”,  “Tənbəl Əhməd”, “İbrət dərsi”, “Ana intiqamı”, “Qaçaq Kərəm”, “Nəsrullah fenomeni”, “Xacə şah”, “Yeni ilə az qalanda”, “İnam olanda”, “Rüşvət”, “Mənim  müasirlərim”, “Çipollinonun sərgüzəştləri”, “Pinokkionun sərgüzəştləri”, “Qətibə İnanc”, ”Şanlı Vətən”, ”Dörd payız yarpağı”, “Nəsimi”, “Tahir və Zöhrə”, “Adəm və Həvva”, M.İbrahimbəyovun eyniadlı əsəri əsasında “Bütün yaxşılıqların əvəzinə ölüm”, “Sürpriz ”, “Rəssamın əbədi sevgisi” və digər pyeslərini yazıb. Adları çəkilən  əsərlərin əksəri, qeyd etdiyim kimi, müxtəlif dövlət teatrlarının səhnəsində uğurla nümayiş olunub və olunur. 

Üzündən təbəssüm əskik olmayan dostum teatrşünas və dramaturq kimi yaxşı  tanıınsa da, son dövrlərdə ssenari sahəsində də qələmini sınayaraq, maraqlı kino  əsərlər yaradıb. Onun Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına həsr etdiyi  “Aləmdə səsim var” (Ə.Cəfərzadənin eyniadlı əsəri əsasında) ssenarisi üzrə çəkilən film Azərbaycan televiziyasında uğurla nümayiş olunub. İlk kino işindən  sonra Çingiz Ələsgərli Nurəngiz Günün”Tanrı bəşər övladıdır” povesti əsasında “Qırmızı kərpicli evin Tanrısı” ssenarisini yazıb. Bu ssenari əsasında çəkilmiş film də Azərbaycan televiziyasında nümayiş olunur. Daha sonra dramaturq dostumuz H.Mirələmovun “Cəza” povesti əsasında eyniadlı ssenarini də bitirib. Adı çəkilən ssenari  əsasında çəkiləcək filmin də yaxın gələcəkdə tamaşaçıları sevindirəcəyinə əminəm. 

Mən istedadlı insana, peşəkar teatrşünasa və dramaturqa, bu yaşına qədər hələ də layiq olduğu fəxri adının almamasına narahatlığımı bildirəndə, Çingiz bu  narahatlığımı özünə məxsus sakitlik və təbəssümlə qarşıladı. Gülümsəyərək dedi  ki, gec və ya tez haqq yerini tutar və problem həllini tapar. Mənim isə, bu arada  Qabilin məşhur şeiri yadıma düşür. “Sağlığında qiymət verək insanlara...”  Əlaqədar təşkilatların, gec də olsa, 300-ə yaxın məqalə, 20 kitab, 40 dram əsəri

və 5 ssenari müəllifinə layiq olduğu fəxri adın verilməsində yardımçı olacaqlarına  isə, qəti əminən.

Mənə elə gəlir ki, geniş teatr cameəsində çoxları mənim bu arzuma qoşular. Mən yaxşı bilirəm ki, teatrşünas və dramaturq  dostumuz bəziləri kimi fəxri ad üçün hansısa qapıları döyən, kimlərəsə müraciət və şikayət edən deyil. Çingiz Ələsgərliyə layiq olduğu fəxri ad bu gün, 70 illik yubileyində də verilməsə,  görəsən, nə zaman veriləcək?

Bu gün dostum Çingiz Ələsgərlinin 70 illik yubileyində ona daha möhkəm can  sağlığı, daha uzun ömür arzu edirəm. Dostumuza olduğundan daha artıq pozitivlik, daha artıq təbəssüm və daha bol-bol gülüş arzu edirəm. Qoy gülüş və təbəssüm heç vaxt onu tərk etməsin. Qoy hələ neçə-neçə illər teatrşünas və dramaturq dostumuz Çingiz Ələsgərli mükəmməl əsərləri ilə milli teatr prosesinin inkişafında  öz sözünü desin.

İlham Namiq Kamal 

Xalq artisti, Professor, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü  

 

Load Time (S) : 0.005038