TEATRO

TEATRO

sənət portalı

post-title

Tərlan Rəsulov - Teatr Olimpiadası 2023: təəssüratlar, ümidlər

Tərlan Rəsulov - Teatr Olimpiadası 2023: təəssüratlar, ümidlər

Rejissor və pedaqoq, Azərbaycanda ilk interaktiv  dOM Teatrının yaradıcısı, Teatr Xadimləri İttifaqının “Eksperimental teatr” laboratoriyasının rəhbəri Tərlan Rəsulov Budapeştdə keçirilən Teatr Olimpiadasından (https://szinhaz.org/en/) qayıdıb. Ölkəmizi bu mötəbər beynəlxalq tədbirdə təmsil edən rejissor təəssüratlarını Teatro.az saytının oxucuları ilə bölüşür.

Teatr Olimpiadası – bu nə tədbirdir?

Bu tədbirin ideyası 1995-ci ildə Yunanıstanda, teatrları bir yerə cəmləmək təşəbbüsü ilə, ənənə və müasirliyin qədim olimpiya oyunları ilə sintezi əsasında yaranıb. Teatr Olimpiadasının təsisçiləri Yunanıstan, Yaponiya, ABŞ, İspaniya, Böyük Britaniya, Rusiya, Almaniya və Braziliyadan olan məşhur rejissor və dramaturqlardır. Vaxtaşırı bu nəhəng tədbirə hansısa bir şəhər və ya ölkə ev sahibliyi edir. Bu il Budapeştdə keçirilən  Teatr Olimpiadası sayca 10-cudur.

Teatr Olimpiadasının yaradıcısı, məşhur teatr xadimi Teodor Terzopulos tədbir çərçivəsində keçirilən görüş zamanı söylədi ki: “Yunanıstanın Delfi şəhərində başlamış Teatr Olimpiadası sayəsində çox vacib təcrübə əldə etmişik. Biz həmişə Olimpiada üçün aparıcı mövzu tapmağa çalışmışıq. Sözsüz ki, bunu ev sahibi olan ölkənin mədəniyyətinə məxsus olan xüsusiyyətləri diqqət mərkəzində saxlamaqla bərabər etmişik. Məsələn, çağdaş qloballaşma dövründə kiçik və böyük icma və xalqlarının rolu çox gözəl mövzulardan biri ola bilər. İndiki vaxtda hər kəs özünü irəli çıxarmağa çalışır, bu, müxtəlifliyə qarşıdır. Bizim əsas vəzifəmiz kollektiv dəyərləri qoruyub saxlamaqdır. Mən əminəm ki, Teatr Olimpiadası vasitəsilə bir-birimizi daha yaxşı anlamaq üçün mədəniyyətlərarası körpülərin qurulmasına nail ola bilərik”.

Macarıstanda keçirilən Teatr Olimpiadası xüsusi nə ilə seçilirdi?

Yubileyi qeyd edilən onuncu Teatr Olimpiadası öz miqyası ilə xüsusi seçilirdi. Bu, dünyanın ən böyük teatr fesivalının - 58 ölkədən gəlmiş 400 teatr kollektivi tərəfindən Budapeşt və Macarıstanın digər şəhərlərində nümayiş olunan 750 tamaşada 7500 aktyorun iştirak etdiyi nəhəng tədbirin əsas devizi belə idi: “Ey İnsan! Mübarizə apar, döyüş, inamını itirmə və özünə güvən!”. Bu, görkəmli macar mütəfəkkiri, şairi və dramaturqu İmre Madaçın “İnsan faciəsi” əsərindən götürülmüş bir sətirdir. Maraqlısı odur ki, bu deviz, gördüyüm bütün tamaşalar üçün də epiqraf kimi istifadə edilə bilərdi. Bu beynəlxalq tədbirin xüsusi əhəmiyyəti isə müxtəlif ölkələrdən olan həmkarlarla keçirilən görüşlər və müzakirələrdir. Məhz bu görüşlər zamanı hazırkı teatr prosesinin nəbzini tutmaq istəyənlərin öz axtarışlarının nəticələrini, qarşılarına çıxan problemləri bölüşmək imkanı yaranır. Mən hər bir belə səfərdən maksimal dərəcədə məlumat əldə etmək və gördüyüm iş üçün səmərə qazanmağa çalışıram. Bu festivalda keçirdiyim görüşlər zamanı da bu yaxınlarda dərc edilmiş “Manifest XXL: Teatr. Gələcəyə qayıdış” bəyannaməmi https://teatro.az/az/post/manifest-xxl--teatr-geleceye-qayidis-963 bölüşdüm və orda qeyd edilmiş tezislərin yalnız bizim milli teatr üçün aktual olmadığına əmin oldum.

İki mötəbər teatr xadimi, Tadaşi Suzuki və Teodor Terzopulosun ictimai dialoquna qulaq asmaq xüsusi maraq doğurmuşdu və bu görüşün sonunda T.Terzopulosa Azərbaycan teatrı adından salam çatdırmaq və ondan ölkəmiz haqqında xoş sözlər eşitmək imkanı yarandı. Bakıda keçirilən, milli teatrımızın inkişaf strategiyasına həsr edilmiş Teatr Forumunun sabahı günü Macarıstana yola düşərkən, mən təkcə yeni tendensiyalar və istiqamətlər haqqında deyil, həmçinin, ilk dəfə getdiyim ölkədə teatr sənətinin xüsusiyyətləri ilə də tanış olmaq marağında idim. Əldə etdiyim məlumatı forumun təşkilatçıları və iştirakçıları ilə bölüşmək ümidindəyəm. Forum bitsə də, orada səslənən problemlər hələ də həll edilməmiş qalıb. Həll yolları isə mövcuddur, sadəcə, onları həyata keçirmək üçün şərait və imkanlar yaradılmalıdır.

Baxdığım ən maraqlı tamaşalar hansılardır?

Deyə bilərəm ki, festivalda sıradan tamaşalar qarşıma çıxmadı. Teatr Olimpiadası elə təşkil olunub ki, festival daxilində özündə bir neçə festivalı ehtiva edir. Olimpiadanın əsas hadisəsi Budapeştdəki Milli Teatr binasında keçirilən 9-cu Madaç Beynəlxalq Teatr Görüşü (Madách International Theatre Meeting – MITEM) idi. Olimpiada iyulun 1-nə qədər davam edəcək və bu festival çərçivəsində Teodor Terzopulos, Tadaşi Suzuki, Romeo Kasteluççi, Slava Polunun, Hayner Gebbels, Ejenio Barba, Aleesandro Serra, Liu Liibin, Deklan Donellan və digər məşhur sənətçilərin tamaşasının nümayişi nəzərdə tutulmuşdur. Mənə xüsusi təsir göstərən tamaşalardan T.Terzopulosun “Nora”, Attila Vidnyanskinin “Gənc barbarlar” səhnə əsərlərini misal gətirmək olar. T.Terzopulos dəfələrlə səhnədə qoyulmuş pyesi lakonik və ehtiras dolu antik faciəyə çevirə bilmişdir - https://vimeo.com/user65818814?embedded=true&source=owner_name&owner=65818814

A.Vidnyanski isə tamaşasında macar musiqi sənətinin özünəməxsusluğuna çox dinamik və yumor hissi ilə dolu bir ekskurs təqdim etmişdi -  https://szinhaz.org/en/esemenyek/young-barbarians-4/

Savvas Stroumpos isə “Akademiyaya hesabat“ tamaşası ilə Kafkanın mətnlərinin dahiliyini rəqs vasitəsilə sübut etməyə çalışmışdı -

Tənqid edilməli məqamlar var idimi?

Teatr tənqidi sahəsini teatrşünaslara həvalə etməklə yanaşı bir qeydi etmək istərdim. Bu, mənim üçün ən təəccüblü məqam idi. Belə böyük miqyaslı tədbirin keçirilməsinə baxmayaraq, şəhərdə nə afişa, nə bir plakat, nə də hər hansı bir reklam məhsulu müşahidə olunmurdu. Sanki teatr cameəsinin üzvlərinin öz arasında dünyəvi miqyasda olsa da, xudmani bir yığıncağın təşkil edilməsi kimi paradoksal bir hiss yaranırdı. Bu, ciddi təşkilati səhvdir, çünki Teatr Olimpiadası daha geniş təşviqə layiqdir. Teatrsevərləri belə səhnə əsərlərini seyr etmək şansından məhrum etmək olmaz. Bu, pandemiyadan sonra keçirilən ilk Olimpiadadır və sözsüz ki, onun əsas missiyası teatrdan yadırğamış və ya onu o qədər də əhəmiyyətli saymayan insanları tamaşa salonuna qaytarmaqdır.

Teatr Olimpiadasından əldə etdiyim nəticələr

Yeni əlaqələr, məlumat qazanmaq və Macarıstanda keçirilən teatr festivallarından birində iştirak etmək dəvətindən savayı, bu festivalda iştirakımın nəticəsi mənimlə deyil, daha çox Azərbaycan teatrı ilə  bağlı idi. Festivalın təşkilatçıları ilə ünsiyyətdə olarkən, çox dəqiq anladım ki, bizim ölkə tam haqla növbəti Teatr Olimpiadasına ev sahibliyi edə bilər. Bunun üçün bizdə hər bir resurs mövcuddur və dövlət strukturlarının lazımi diqqəti və dəstəyi sayəsində bu festivalı çox yüksək səviyyədə keçirmək mümkündür. Nəticə olaraq, bütün teatr cameəmizin özünə gəlməsi üçün bir təkan, Macarıstan təcrübəsinə rəğmən, dünya teatrı səviyyəsinə çatmaq stimulu yarada bilərik.

Bizim milli teatr dünya teatr prosesinə kifayət qədər açıqdır, bizim tamaşaçılar dünya səviyyəli tamaşaları seyr etmək, onlara lazımi dəyər vermək iqtidarındadırlar. Ümid edirəm ki, mənim bu istəklərim tezliklə həyata keçəcək. Bunun üçün həm özümün, həm də digər həmkarlarımın zəngin yaradıcı və təşkilati potensiala malik olduğuna tam əminəm. Teatr industriyasını yaxşı bilən yeni idarə komandası bizim mədəniyyətin yaxın gələcəkdə daha da inkişaf etməsini təmin edə bilərlər. Bu inkişafın təməli isə artıq bu gün qoyulmalıdır.

 The Journey of the Mask - trailer:

 

Load Time (S) : 0.004752