TEATRO

TEATRO

sənət portalı

post-title

Teodoros Terzopulos: Konflikt ona görə yaranır ki, insan allah olmaq istəyir

Teatro.az sənət portalı Beynəlxalq Teatr Olimpiadasının sədri, “Attis” teatrının yaradıcısı və rəhbəri, məşhur yunan rejissoru Teodoros Terzopulosun Rusiyanın “Vedomosti” qəzetinə verdiyi müsahibəni təqdim edir:

 

Teodoros Terzopulos bu gün yunan faciələri üzrə əsas mütəxəssisdir. Adama elə gəlir ki, o yunan teatrı haqqında hər şeyi bilir. Beynəlxalq Teatr Olimpiadasının yaranmasında yaxından iştirak edən, həmin komitənin prezidenti olan Terzopulos tez-tez Rusiyaya gəlir. Onun tamaşaları Moskva və Peterburqda göstərilir. Amma 2019 Teatr Olimpiadası sayəsində yunan teatrı Vladivastoka qədər gedib çıxır.

30 il ərzində Terzopulos və “Attis” teatrının truppası bütün dünyada 1900-dən çox tamaşa nümayiş edib. Terzopulosun qədim yunan faciələrinin təfsiri metodikası isə teatr məktəblərində və dünyanın 30 universitetində antik teatr kafedralarda tədris olunur. Yunan, ingilis, alman, türk, rus və çin dillərində onun iş metodu və teatr təlimi barəsində kitablar dərc olunur. 

 

- Siz yayda Vladivastoka səfər etdiniz, Marinski teatrının Primorski səhnəsində ustad dərsi keçdiniz. Dünyanın sonuna, Rusiya əhalisinin əksəriyyətinin belə gedib çıxa bilmədiyi bir yerə səfər etmək sizin üçün nə məna kəsb edir? 

- Bu səfər mənim üçün bir təcrübə idi. Afina, Sankt-Peterburq, Tokio və ya Moskva kimi teatr müzakirələrinin və teatral həyatın mərkəzi olan yerlərdən yarımmərkəzə köçmək və onu yeni mərkəz kimi təqdim etməyi düşünmək. Həmin əraziləri yeniləşdirmək üçün oraya yeni layihələrin, trendlərin fürsəti kimi baxmalıyıq. Suzuki dağında böyük ənənələri olan bir kənd var. Və bu kənd olimpiadanın təşkilatçılardan biridir. Rusiya tərəfdən təşkilatçı böyük şəhərdir (Olimpiadanın əsas tədbirləri Peterburqda keçirilir), digər tərəfdən isə balaca bir kənd. Və bu təcrübə göstərir ki, hər hansı bir balaca kənd cazibə mərkəzinə çevrilə bilər.  

- Rusiyada teatr, bir çox mənalarda, dövlət işidir. Yunanıstanda dövlət və teatr münasibətləri necədir? Sizcə, dövlət teatra dotasiya verməlidirmi?  

 - Yunanıstanda bizim iki milli teatrımız var. Biri Afinada, digəri Cənubi Yunanıstanda - Salonikdədir. Bundan başqa iki opera və bir konsert zalı var. Hər halda, bu 5 böyük müəssisə dövlət tərəfindən maliyyələşir. Ancaq çox şey Afina Fondu kimi fərdi sponsorlardan asılıdır. Onlar incəsənəti dəstəkləyirlər.                

Ümumiyyətlə, bu normaldır: mən xatırlayıram, Stanislavski varlı ailədən idi və ailəsi ona dəstək olurdu. Digər tərəfdən bizim çox sayda özəl teatrlarımız var, onların sayı təxminən 200-dür. Məsələn, bizim "Attis" teatrımız. Attis teatrının əsası dövlətin heç bir dəstəyi olmadan öz əməyimiz hesabına qoyulub.  Bu o deməkdir ki, biz yaşamaq üçün çox çalışmalıyıq. Bu, bizim üçün çox yaxşıdır: 35000 nəfərlik böyük auditoriyamız var. 160 nəfərlik zalı olan teatr üçün bu çox böyük rəqəmdir. Bu o deməkdir ki, biz əsas və yeni səhnədə həftədə beş gün tamaşa göstəririk. Tamaşaçılarımızın sayəsində qastrol səfərlərinə çıxa bilirik və mən rejissor kimi öz tamaşalarımı göstərə bilirəm. Əgər dövlətdən pul alsaydıq, onda özümüzü zəif hiss edib, yavaş hərəkət edərdik. Amma belə biz işləyirik, işləyirik, işləyirik - və bu çox yaxşıdır. Belə ki, teatrlar arasında rəqabətin artması səmərəli işə maneə yaratmır, əksinə, ona stimul verir.

- Siz Rusiyada çox işləmisiniz. Ölkəmiz sizi nə ilə cəlb edir?  

- Rusiya gözəl, dərin teatr ənənəsinə malikdir. Stanislavski XX əsr dünya teatrının əsasını qoyanlardandır. Təkcə Rusiyada deyil, həmçinin Avropa və Amerikada da. Bütün dünya onunla hesablaşır. Bir də Vaxtanqov, Lyubimov... da vardı. Mənim üçün Rusiya zəngin ənənəsi olan teatral ölkədir və klassik əsası unutmadan  akademik və klassik teatrın modernlə, müasir incəsənətlə necə birləşdiyini göstərən vacib nümunədir. Sizdə Stanislavski məktəbi tərzində oyun göstərən çoxlu modern və postmodern aktyor görmək olar. Bu, keyfiyyətli məktəb əlamətidir. Və mənə maraqlıdır, siz bunu birləşdirməyi necə bacarmısınız.

Teodoros Terzopulos

 

- Rusiyada ikinci dəfə teatr olimpiadası keçirilir və indi yeni rejissorlar var ki, onlar 2001-ci ildə ilk olimpiadadan təsirlənib yaradıcılığa başlamışdılar. Olimpiadada insanların ruhlanması üçün əsas olan nədir?

- Birinci olimpiada təcrübəsi yalnız onun ruhlandırmaq potensialını göstərmədi. Təkcə xarici rejissorların gəlməsi yox, yeni infrastrukturların qurulması olduqca əhəmiyyətli idi. Ümumilikdə ünsiyyət imkanı yarandı. Rusiya teatrları, teatr xadimləri və xarici teatr xadimləri arasında əməkdaşlıq zamanı vəziyyətin imitasiyası deyil, real ünsiyyət var idi. Hesab edirəm ki, birinci olimpiada yenidənqurma dövründən etibarən bir çox şeydə Rusiya tamaşaçısı və teatr xadimləri üçün dünya teatr aləminə pəncərə açdı. Üstəgəl o da vacibdir ki, Rusiya məktəbi dünya teatrına çox şey qazandırdı, ona görə ki, bir də təkrar edirəm, Rusiyanın güclü ənənəsi var.

- Teatr festivalı ilə teatr olimpiadasının fərqi nədir? 

- Teatr festivalları bu və ya digər dərəcədə meynstrimi təmsil edir. Onlar bu gün səhnədə çıxış edən məşhur adlardır. Festivallar unutqanlığı kultlaşdırır. Olimpiadanın əsəs vəzifəsi isə yaddaşdır. O xatırlamağı təklif edir. Ənənəsi var, təhsili var. Ustad dərsləri, müzakirələr, görüşlər, publika ilə, eləcə də müxtəlif teatr konsepsiyalarının nümayəndələri olan Suzuki, Lyubimov, Uilson kimi rejissorlara müzakirələr müxtəlif konsepsiyalar arasında mövcud olan fərqləri görmək, dialoq yaratmaq imkanı verdi. Bu teatr olimpiadasının əsas üstünlüyüdür. Festivallar, əsasən, postmodern estetikası ruhunda homogen proqram hazırlayırlar: bir-neçə quruluşa baxırsan, hər yerdə eyni şeyi görürsən. Oxşar estetika nəsr əsərlərinin müəllifləri arasındakı fərqi silir, amma onların hər birinin öz səsi var, axı. Bununla belə, festivalların iştirakçıları olan rejissorların quruluşunda bu əsərlər bir-birinə bənzəyir. Çexov – Sofokl kimidir, Sofokl Çexov kimidir və s. Bu homogen estetikada müxtəliflik olmadığından, yeni dialoq qurmaq mümkün deyil. Fərqli yanaşmaları göstərmək vacibdir. Məsələn, Şekspiri yapon teatrı Kabuki və Noh teatrı ənənələri əsasında qurmaq olar. Və bu cür çərçivələrdən çıxma halları mühitin homogenliyini üstələməyə imkan verir. Bu o demək deyil ki, bütün festivallar estetik baxımdan standart proqram təqdim edir. Ancaq onların əksəriyyəti eyni cür məhsul istehsal edir. 

- Bu gün Rusiya teatrında tamaşanı təşkil edən səs, video, musiqi və digər elementlərin, funksiyalarla aktyorun eyniləşdiyi konseptual teatrla aktyor teatrı arasında qarşıdurma mövcuddur. Sizcə, aktyorun funksiyaya çevrilməsi dünya teatrının tendensiyasıdır? Bu hadisənin səbəbi nədir? 

- Mən aktyor deyiləm və bu sualı klassika, ənənə və modern arasındakı mübarizəyə gətiməzdim. Müasirlik və müasir incəsənət, mənə görə, klassikanın nüvəsidir. Postmodernizmin isə belə mərkəzi yoxdur və o, diqqəti mahiyyətdən daha çox xarici formaya aksentləşdirir. Lyubimov, Fokin ənənənin nüvəsini qavrayan və   proyeksiya, musiqi və s. kimi yalnız zahiri şeylərin önəmli olduğu postmodernizmə uymamağı bacaran insanlardır. 

- Bəs, bu nüvədə nə var?

- Hər bir ənənənin nüvəsi ehtirasdır. Faciə ehtirassız keçinə bilməz. Faciəni postmodern estetikasında və ehtirassız qurmaq, faciənin mühiyyətindən uzaq düşmək deməkdir. Ehtirassız faciə qoymaq mümkün deyil. Əgər rejissor əsərini tamaşaya qoyduğu müəllifin əsərinin məğzini, nüvəsini anlayarsa, bu məğzi tamaşaçıya ötürmək üçün aktyorlarla necə işləmək lazım olduğunu bilər. Ehtirasın, ənənənin və başqa nələrinsə köməyi ilə... Sofokl bir yanaşmadırsa, Çexov başqa yanaşmadır. Daha doğrusu nüvəni təkcə ənənə deyil, həm də yazıçının yaradıcılığı, onun əsas fikri təşkil edir.

- Üç il əvvəl deyirdiniz ki, müasir insan konfliktsizdir və müasir dünyada faciə mümkün deyil. Üç il ərzində sizin bu məsələyə münasibətinizdə nəsə dəyişib? 

- Niyə antik faciədə konflikt bu qədər vacibdir? Ona görə ki, o daha çox arxetipikdir. Bu konflikt allahla insan arasındadır. Konflikt ona görə yaranır ki, insan allah olmaq istəyir. Sonra bu konflikt böyüyür, onun ardınca cəzalandırma gəlir, sonda isə hər kəs öz yerini tutur. Məsələn, buna görə Dostoyevski antik faciəyə daha yaxındır. Bu konflikt ona görə böyüyür ki, onun tərkibində həmişə cinayət və onun cəzası var. Müasir teatrda bu cür enerji yoxdur. Hər şey məlumatların əldə olunması, telefonlardan vizual kontentin mənimsənilməsi ilə əvəz olunur. Ancaq teatrın teatr kimi qalması üçün bu konflikt vacibdir. Və aktyor özü-özülüyündə həmişə bu konfliktin içində olmalıdır. Rusiyalı aktyorlar bunu çox yaxşı bacarırlar. Rus aktyorlarının daxilində həmişə fikir mübarizəsi gedir: niyə mənim obrazım belədir? nəyə görə o səhnəyə çıxmalıdır? Alla Demidova, Nikolay Marton, Elena Morozova öz yaradıcılıqlarında ənənə və müasirliyi ustalıqla birləşdirən fantastik aktyorlardır.

- Siz Alla Demidovayla işiniz haqqında danışarkən demisiz ki, rus teatrının enerjisi başdan gəlir, sizinki isə aşağıdan. Və bu enerjilər, hardasa, mədə nahiyəsində birləşər. 

- Bəli (gülür)

"Dionisin qayıdışı" tamaşası. Rejissor: Teodoros Terzopulos

- Bəs, müasir gənc aktyorlar da başdan gəlir ya onlar da "aşağı"nın enerjisindən istifadə edir?

 - Bu gün demək olar ki, insanın aşağı hissəsi bütünlüklə unudulub. İnsanlar texnologiya ilə əhatə olunub və yuxarı hissəsi ilə daim əlaqədə olurlar. Eyni şeyi aktyorlara da şamil edə bilərəm: onlar “aşağı” hissə ilə işləmək üçün yetərli psixoloji hazırlığa və təhsilə malik deyillər. Mənim metodumda və ustad dərsimdə biz əvvəlcə bədənlə, aşağı hissəylə, yalnız bundan sonra yuxarı, psixoloji hissəyə qalxacağıq.

- Müasir insan bu gün öz instiktlərinə, ehtirasına görə hərəkət edir ya bütünlüklə ağıl enerjisinə tabedir? 

- Bu gün insan, intellekt və ya enerjiyə müraciət etməkdən çox, ilk növbədə, öz bədəni ilə işləməyə başlamalıdır. Bu, fiziki və ya vizual inkişaf baxımından yox,  insanın öz bədəni ilə əlaqə qurması, onu başa düşməsi baxımından əhəmiyyətlidir. 

- Siyasəti izləyirsinizmi? Rusiyada nə baş verdiyini bilirsinizmi?

- Əlbəttə ki, bir fəal insan kimi mən dünya siyasətini izləyirəm. Aşkar məsələdir ki, dünya total antaqonizm dövründədir. Müasir şərtlər altında bu antaqonizm təkcə Rusiya və Amerika arasında deyil, bunu hamı görür. Bu siyasi və sosial sistemin bütün elementlərinin antaqonizmidir. Bununla belə, hər ölkədə cəmiyyətə təsir edən fərqli şərtlər var. Doğurdan da, dünyada hər şey daimi hərəkətdədir və biz həmişə bu dəyişimin şahidi oluruq. Bu təkcə siyasətə aid deyil, ətraf mühitin də problemidir. Təəssüf ki, biz, hər şeyin getdikcə daha da pisləşdiyini, sadəcə, müşahidə edə bilirik. 

- Belə bir fikir var ki, Rusiyada teatr, mediadan daha azaddır. Sizin fikrinizcə, bizim ölkədə niyə məhz teatr azad fikir səsləndirmə meydanına çevrilə bildi?

- Azadlıq – teatrın əsas prinsiplərindən biridir. Mediadan fərqli olaraq, teatrın poetik ölçüsü var. Mediada isə hər şey faktlara söykənir, orada poetikliyə yer yoxdur. Bütün dünyada teatr mediadan daha azaddır. Mediaya həmişə nəzarət edən nəsə var. Hətta biz sosial mediada bir-birimizin nəzarəti altındayıq. Sadəcə olaraq, nəzarət forması dəyişib. Teatr mahiyyət etibarilə texnologiya ilə bağlı olmadığına görə, bu şəkildə idarə edilə bilməz.

 

 

Tərcümə edən: Razimə İsmayılova 

Load Time (S) : 0.005770