TEATRO

TEATRO

sənət portalı

post-title

Tehran Əlişanoğlu - Cəfakeş teatr adamı

 Teatrşünas Vidadi Qafarlının 60 yaşına


Teatrşünas, teatr tənqidçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vidadi Qafarlını 60 yaşın tamamında qutlayır, alqışlayıram.

Vidadi Qafarlı ilə otuz beş ilin dostuyuq. Bir az o yan, bir az bu yana. Bu uzun məsafədə nə zaman, nə cəmiyyət, nə də həyat aramıza girə bilibdir. 1980-ci illər gəncliyimizi bölüşmüşük. Hər insanın həyatında özünü passionari hiss etdiyi dövrlər olur. Bu dövrümüz bir yerdə keçibdir. Mən ədəbiyyat sahəsində boynuma düşəsi nələrinsə olduğu, Vidadi teatr sahəsində məhz onun eləyə biləcəyi, etməli olduğu işlərin sevdası ilə alışıb-yanıbdır. Bir az optimist yanaşsaq, boynumuzda olanı etmişik də; bacardığımız qədər, nə bir addım irəli, nə mümkündən çox.

Vidadi xalası oğlu şair Ağamir Cavadın tövsiyəsi ilə gəlib məni tapmışdı. Sovet ölkəsinin dağıldığı, yeni ideyaların doğulduğu illər idi. Hamımız cavan idik, cavan da düşünürdük. Vidadi ilə bütün məsələlərdə az qala həmfikir olmuşuq; xüsusən həyata baxışımızda, halal, demokratik, proqressiv. Ədəbiyyat mübahisələrində üstünlüyü həmişə mənə verərdi; demə, şairliyi də varmış, bunu çox sonralar bildim və çox yox, sənət adamının duyğusal sinkretizminə yozdum. O zamanlar üçün özümü çoxdanın teatralı sayırdım, Vidadi isə Mirzağa Əliyev adına İncəsənət İnstitutunun (hazırkı ADMİU) teatrşünaslığının axşamında oxuyurdu. Yəni daha professional idi; amma teatr söhbətlərində də mənə güzəşt edirdi, nəyisə özündə saxlayaraq, ümumsənət maraqlarımız müstəvisində. Vidadi Qafarlı həmişə güzəştə getməyi bacarıb, qəti mövqeyindən çəkilmədən. Duruxub-duruxub, müzakirə-mübahisə gedişində lazımi nöqtəni qoyur; amma elə ki, söhbət yenidən, yeni istiqamətdə başlanıb-gedir...

Xatirədən ona görə başladım ki, bugün Vidadi Qafarlının teatr aləmində aydın görünən "teatr adamı" obrazı ilə kimisə təəccübləndirə, heyrətləndirə bilməzsən. Teatr tənqidçisi, teatrşünas, teatr mütəxəssisi kimi də; AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri kimi də, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti kimi də; habelə bugünün teatrı, teatr prosesinin inkişafına yönəlik çoxsaylı layihələri və gördüyü işlərlə də. Amma mən lap əvvəldən dostumun böyük teatr sevgisinin, teatr ehtiraslarının, bugünkü məqama gətirib-çıxaran fəaliyyətinin, necə deyərlər, kluarlarının şahidi olmuşam. Sakit, dinməz-söyləməz, bir teatr adamı kimi, teatrşünas kimi, lap olsun sadə teatral-vətəndaş kimi canından bildiyi teatr prosesinin qayğıları ilə necə kösövləndiyini görmüşəm.  Tamaşa zallarının tədricən boşaldığı, boş qaldığı sürələrdə də, köhnə Sovet dönəmi teatr mühitinin dünəndə qalıb bugünə əli çatmadığı zamanlarda da, müstəqillik illəri teatrının uzun illər araya-ərsəyə gələ bilmədiyi vaxtlarda, teatr islahatı adına bəzi səlib yürüşləri iştahlarına qənşər gedəndə də, lap bugünlərin pandemiya sükutuna çarə axtarışı çabalarında da Vidadi dostumu gərdişi-dövrani-kəcrəftar içərisində bimərrə laqeyd-biganə-çarəsiz görməyib, qələmli-qələmsiz daima hərəkətdə, çarəsaz, düşüncələr-ideyalar qanadında pərvazlanan görmüşəm; cəmisi də sosiolojik-metafizik platformadan, yəni emosional yox, rasional məcrada.

Hər bir halda müqayisələr yersizdir; sadəcə yada salıram, bu elə bir ağır zamanlar idi ki, cəmiyyət həyatında teatrın statusunu boş görüb görkəmli teatrşünaslar, teatr başbilənləri canlı prosesdən qopur, kafedralara, pedaqoji kürsülərə, elmi tədqiqatlara çəkilirdilər. O zamanlar idi ki, teatr cəngavəri, ustad Vaqif İbrahimoğlu təkbaşına "Yuğ" ideyası və gerçək "Yuğ"u ilə teatrımızın sabahı naminə, hər gün bir külüng, buz sükutlardan nəsə qoparmağa çalışırdı; cəmiyyyətdən və mühitdən hörülü qatbaqat soyuq divarlar arasında teatr əzabkeşi unudulmaz Hüseynağa Atakişiyev durmadan günü təfsir edən tamaşalar qoyurdu və biz teatrallar da büzüşmüş, gün-gün ölən-öləziyən teatr həyatına pəjmürdə pasibanlıq edirdik... və s. Özümü heç də bilici kimi göstərmək həvəsim yox, bildiyimi, içində olduğumu yada salıram; hətta ol zamanlar, yeni əsrin astanasında böyük teatr xiridarı Aydın Talıbzadə də qətiyyətlə teatrın öldüyünü bəyan etmiş və illərlə çarpışdığı teatr prosesindən bıqıb, öz (virtual) Meta-teatrını yaratmağa girişmişdi. Bu, məhz o zamanlar idi ki, bizdə artıq modern teatr axtarışları sönükmüş, postmodern öz əndrəbadi ideyaları ilə hələ qapıda durub, gəlməyini gözlətməkdə idi...

Açığı, gizlətməyəcəm, ilk zamanlarda heç də Aydın Talıbzadənin elit və mənimcə, bir qədər də estet platformasının deyil, daha çox teatrımızın aqibəti barəsində Vidadi Qafarlının terapevtik xəyalları yanında durur, özlüyümdə daha demokratik saydığım mövqeyini bəyənirdim. Aydın Talıbzadənin öz Meta-teatrında nə qədər haqlı olduğunu isə çox sonralar, postmodern günümüzdə, teatrın olub da olamadığı rəngarənglikdə anlayıb-biləcəkdim. O rəngarənglik - çoxsəslilik - küy içində ki, öz payıma, Azərbaycan teatrında nələrin baş verdiyini metafiziki planda hər hansı teatral məkandan çox Aydın Talıbzadənin yazılarından oxuyub-bilir; teatr prosesini, teatral gerçəkləri isə Vidadi Qafarlının (Elçin Cəfərovla birgə) yaratdığı Teatro.az teatr portalından izləyirəm...
Dostumun böyük teatr sevgisinin ilk olaraq hardan qaynaqlandığını doğrusu, bilmirəm, bugünəcən soruşmaq da ağlıma gəlməyibdir. Yəqin ki, haçansa xatirələrində açıqlayacaqdır. O yadımdadır ki, İncəsənət İnstitutunu bitirib, dörd il N.Vəzirov adına Lənkəran Dövlət teatrında ədəbi hissə müdiri kimi çalışdıqdan, doğulduğu doğma torpağa ləyaqətlə borcunu ödədikdən sonra qayıdıb Bakıya gəldi; AMEA Memarlıq və İncəsənət İnstitutunun doktorantı kimi. Vidadinin yeri məhz bura idi, 1990-cı illər, müstəqillik ab-havası ilə qaynayıb-yaşayan paytaxt Bakımız. Vidadi Qafarlı çox tezliklə bütün sahələrdə sökülüb-yenidən qurulan paytaxt həyatının axarına qarışdı; İnstitutun "Teatr, kino və televiziya" şöbəsində çalışmaqla yanaşı, bir gün ayılıb dostumu o illərin ictimai-siyasi, tarixi-mədəni, mənəvi-ziyalı mühitini bəlkə də ən adekvat, düzgün, liberal mövqedən, tərəfsiz, obyektiv əks etdirən "Press-fakt" qəzetində gördüm. Yazıçı Məqsəd Nurun təsisçisi və baş redaktor olduğu qəzetin məsul katibi kimi. Daha sonra dostumu elə bu qəzetin içindən çıxan müstəqillik dövrünün ilk uşaq mətbuatı "Şəkər villası" qəzetinin məsul katibi görəvində görüb yenə təəccüblənirəm; deyim ki, bu nəşrin yeni dövr uşaq ədəbiyyatının gəlişməsində mühüm payı var, o cümlədən, bugünün neçə uşaq yazıçısını ilk dəfə şəxsən Vidadi Qafarlının kəşf edib qəzetdə üzə çıxardığını da bilirəm. Daha da sonralar dostumun sorağı "Planet", "Gün səhər" qəzetlərində məsul katib və redaktor postlarından gəlir... Vidadi Qafarlının mətbuata gəlişi də, gedişi də heç boşuna olmayıbdır...
Bu günlərdə teatrşünas Aydın Talıbzadənin və C.Cabbarlı adına Teatr Muzeyinin direktoru Sevinc xanımın təşəbbüsü ilə yığışdığımız yubiley tədbirində yubilyarın - Vidadi Qafarlının yaradıcı portretini cızmağa çalışırdıq. Ən çox xatırlanan məziyyətlərindən: işgüzarlığı, zəhmətkeşliyi, son dərəcə məsuliyyətliyi, gördüyü işdə ardıcıllığı, böyük təşkilatçılıq qabiliyyəti və kollektivçiliyi sadalandıqca sadalandı. O sıradan deyim ki: hərtərəflilik, universallıq keyfiyyəti, hər hansı gərəkən işin qulpundan yapışıb irəli aparmaq istedadı əzəldən dostumun canında vardır; bir az da həyat üstünə gəlmiş, cilalamış, kamilləşdirmişdir. Bu ki, Vidadi Qafarlının mətbuata gəlişi də, gedişi də böyük tələbatlardan keçibdir; həm ictimai, həm də elə şəxsi həyatında. Ötən illərin maddi-mənəvi çətinliklərini Vidadi dostum haralarda, hansı yollarla dəf etməmişdir ki. Məhz sevgili teatrına xərcləməli olduğu enerjini həm də digər sahələrə sərf etdiyinin əzablarına necə korun-korun yandığının özüm şahidiyəm. Ona da şahidəm ki, başlıca amalından, boynuna düşən teatr xiffəti-minnətindən heç vəch qopmamış, Vidadi Qafarlı harda çalışmışsa, o yerdə mütləqa teatr platformasına meydan vermişdir. Bu sıradan 2011-2017-ci illərdə "Kaspi" qəzetinin nəzdində yaratdığı və redaktoru olduğu həftəlik "Teatr" əlavəsi bariz örnəkdir. Qəzet az bir zamanda cəmiyyətdə teatra marağın dirçəlməsinə, təmərküzləşməsinə, diqqətə gəlməsinə təkan verdi; nəinki teatr ictimaiyyəti arasında itmiş teatrşünaslığın nüfuzunu bərpa etdi, habelə yeni teatrşünaslar nəslinin yetişməsinə vəsilə oldu, əvəzsiz xidmətlər göstərdi. 

Vidadi Qafarlının 2018-ci ilin aprel ayından, teatrşünas Elçin Cəfərovla birgə təsis etdikləri Teatro.az sənət portalı isə, xatırlatdığım kimi, çağdaş teatr həyatının, teatr prosesinin bugünüdür; ardıcıl, miqyaslı, günün nəfəsini ifadə edən fəaliyyəti ilə, əhatəli, punktual, korrekt analizləri, teatr düşüncəsi və praktikasını yönəldən təşəbbüsləri ilə. O, bugündür; ölkədə teatr sahəsində böyük canlanma, tərpəniş, xoş həyəcan duyulur, görünür, bilinir - köhnə və yeni-yeni teatrların fəaliyyətində, çoxlu və fərqli teatr ideyaları və layihələrinin gerçəkləşməsində, Mədəniyyət Nazirliyinin bilavasitə yardımı ilə çoxsaylı və beynəlxalq teatr festivallarının keçirilməsində. Və mənimçün o da əlamətdardır ki, bütün bu dəstgahın baş tutmasında, prosesin yerindən tərpənməsində öz balaca cüssəsi ilə dostum Vidadi Qafarlının özünəxas iştirakı, payı var. Təkcə elə ötən il (2021-ci ildə), pandemiya şəraitinə rəğmən, baş tutmuş, böyük ictimai rezonans doğurmuş, Teatro.az portalı və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan, 44 günlük Vətən müharibəsində Zəfərimizə həsr olunmuş "4.4 Qısa tamaşalar festivalı"nın məmnuniyyətini xatırlatmağım bəs edir...   

Yubiley tədbirində ADMİU-nun prorektoru, sənətşünaslıq doktoru, Vidadi Qafarlının müəllimi və hər zaman xeyirxahı olmuş professor Məryəm Əlizadə 60 yaşlı tələbəsini təbrik edərkən onu "iddiasız adam" adlandırdı, amma eyni zamanda, teatr sahəsində gördüyü çoxsaylı işləri sadalayaraq bunun özünün "gizli bir iddia" olduğunu da vurğuladı. Teatra xidmətin, sənətə, mədəniyyətə, elmə təmənnasız bağlılığın, təmənnasızlığın iddiası. Mən buna ali iddia deyirəm; tanrıdan sənə, yalnız sənə ayrılmış, boynunda olan işin, görəvin, missiyanın mayasını-məğzini anlayıb peşində olmaq! Bundan gözəl, ali nə ola bilər ki?! 

Vidadi Qafarlı gözəl teatrşünas, çağdaş teatrın inkişafına özəl baxışı və mövqeyi olan teatr tənqidçisidir. Teatrın tarixi, nəzəriyyəsi və sosiologiyasına, mədəniyyət və incəsənətin müxtəlif problemlərinə dair 60-dan çox elmi məqalənin, 2 kitabın müəllifidir; həmçinin, 20-dən çox kitabın tərtibçisi, tərcüməçisi və redaktoru, onlarla beynəlxalq və respublika elmi konfranslarının məruzəçisi, teatr festivallarının iştirakçısı, münsiflər heyətinin üzvü olubdur. 

Vidadi Qafarlının "Azərbaycan teatrının janr poetikası" monoqrafiyası  (Bakı, Qanun nəşriyyatı, 2012) Azərbaycan teatrının tarixi poetikası istiqamətində azsaylı araşdırmalardan olub, milli teatrın öz kökündən, qaynaqlarından törənib, öz tarixi təcrübəsi zəminində yarandığını təsbit etməyə yönəlik dəyərli bir əsərdir. Zamanında mübahisələrlə qarşılanması da heçdən olmayıb, məhz gücünün təzahürüdür. Həmin tədqiqat əsasında teatrşünas-alim 2009-cu ildə "Azərbaycan teatrının janr xüsusiyyətləri: təşəkkül dövrü" mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 

Vidadi Qafarlı AMEA Memarlıq və İncəsənət İnstitutu "Teatr, kino və televiziya" şöbəsində gerçəkləşdirdiyi kolossal işlərlə yanaşı, 2010-2020-ci illərdə Respublika Sənətşünaslıq və Memarlıq Problemləri üzrə Elmi Şuranın elmi katibi vəzifəsində çalışmışdır. 1999-cu ildə "Azərbaycan sənətşünaslığının inkişaf konsepsiyası"nın, 2008-ci ildə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli strategiya və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın, 2014-cü ildə "2015-2020-ci illər üçün Prioritet Elmi İstiqamətlər"in, 2016-cı ildə "Azərbaycan Elminin İnkişaf Doktrinası"nın İnstitut üzrə layihəsini hazırlayan işçi qruplarında fəaliyyət göstərib. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun "Azərbaycanın ənənəvi musiqisi (elekron baza)" qrant layihəsinin icraçısı və məsul redaktoru olub; 2018-ci ildə AMEA Rəyasət Heyətinin təsdiqlədiyi "İdeya-estetik tərbiyədə ədəbiyyat və incəsənətin rolu: milli kimlik və mənəvi zənginlik" elmi-tədqiqat proqramında iştirak edib. Bundan əlavə, Vidadi Qafarlı "Azərbaycan teatrı - dünən, bu gün və sabah" elektron bazasının işçi qrupunun üzvü, Azərbaycan Teatr Xadimləri İttifaqının və Xalq yazıçısı Elçinin veb-saytının yaradıcı qrupunun məsul redaktoru kimi, bu elektron resursların yaradılmasında iştirak etmişdir. 

Vidadi Qafarlı 1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvüdür. 2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti kimi pedaqoji fəaliyyət göstərir. Vidadi Qafarlı Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanı və Diplomu, AMEA Memarlıq və İncəsənət İnstitutunun Fəxri fərmanı ilə təltif edilmişdir.

Bütün bunlar bizim yubilyarın rəsmi bioqrafiyasının göstəriləridir; yubiley günündə Vidadi Qafarlının sənət dostları, teatrşünas həmkarları, müəllimləri, tələbələri həmçinin, onun fəaliyyətinin görünməyən, dilə gəlməyən tərəflərindən danışdılar. Fürsət bilib, daha çox yubilyarın şəxsiyyətindən, insani keyfiyyətlərindən söz açdılar; öncədən söylədiklərimə qüvvət, "nurlu adam", "işıqlı adam", "teatr adamı", "son dərəcə savadlı, bilikli, geniş məlumatlı", "işə etibarlı", "dostlara, insanlara açıq", "xeyirxah, hətta mənəvi xeyriyyəçi", "hamıya sevgi paylayan", böyük ideya və ideallarla nəfəs alan insan obrazını cızmağa çalışdılar. Məryəm Əlizadə Vidadi Qafarlı və Elçin Cəfərovu nəzərdə tutaraq, gördüyü işləri zarafatla Stanislavski və Nemiroviç-Dançenkonun böyük entuziazmı ilə qiyas etdi. Hər zarafatda həqiqət duzu var. Aydın Talıbzadə "Vidadi Qafarlının komandası" olduğunu məxsusi şövqlə vurğuladı. Yubiley günündə o üstünlüklərini sayıb-söylədilər ki, bunsuz nə rəsmi göstəriləri olardı, nə də Vidadi Qafarlının özü. Böyük qürur və sevinc duydum. Mənimcə, Vidadi Qafarlının çağdaş Azərbaycan elmi-mədəni mühitində yeri, günün teatrına xidməti təkcə teatrşünas yazıları, əsərləri ilə deyil, bütövlükdə şəxsiyyəti, geniş - hərtərəfli teatr fəaliyyəti ilə ölçülür. 

60 yaşın mübarək, Vidadi Qafarlı! Yeni həyat və fəaliyyət üfüqlərinə doğru! 
 

Tehran ƏLİŞANOĞLU
AMEA-nın müxbir üzvü

Mənbə: 525-ci qəzet

Load Time (S) : 0.004874