Xalq artisti Bəxtiyar Xanızadənin baş rejissoru olduğu Azərbaycan Dövlət Pantomim Teatrının sözü olmasa da (adından da göründüyü kimi), sənətkarın özünün səhnə sənəti haqqında deyəcəyi çox söz var. Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi də onun öz sənət təcrübəsini, biliklərini bölüşmək üçün bir imkan idi...
Dövlət Pantomim Teatrında gerçəkləşən layihə üzrə “Həqiqi hisslərlə yaşamaq azdır” adlı treninq (10-11 yanvar) aktyorlar, “Şekspirin Hamleti. Hamlet kimdir?” mövzulu ustad dərsi (13 yanvar) rejissorlar, “Teatr və mən – mən və teatr” adlı təlim isə (14 yanvar) teatrşünaslar üçün nəzərdə tutulmuşdu.
Mənim üçün teatr nədir? Bu sualı heç vaxt özümə verməmişəm. Amma, deyəsən, vaxtıdır. Və bu suala cavabı tapmaqda ustad Bəxtiyar Xanızadənin teatr söhbətləri dadıma çatdı.
İlk iki treninq barədə, sadəcə, məlumatım vardı. Sonuncu ustad dərsində mütləq iştirak etməli idim. Yəni bunu çox arzulayırdım. Bəlkə də səbəb uzun müddətdir (pandemiyadan da əvvəl) teatra gedə bilməməyim idi. Yaxud da teatrdan müəyyən mənada küsən adam kimi Bəxtiyar Xanızadənin ustad dərsini izləyib bu küskünlüyü dəf edə bilərəm duyğusu ilə Pantomim Teatrının məkan kimi kiçik, lakin sənətlə ünsiyyət baxımından aurası böyük olan zalına daxil oldum...
Etiraf edim ki, mərhum şair, klassik poeziyamızın bilicisi Ələmdar Mahirdən sonra ilk dəfə idi ki, reallıq və sənət mövzusunda bu dərəcədə lakonik, sadə və düşündürücü məruzə dinləyirdim. Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Teatrşünaslıq fakültəsində professor İsrafil İsrafilov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovun kurslarında dərs alan tələbələr iştirak edirdi. Nə xoş, nə gözəl. Amma mən bu ustad dərsində televiziya proqramlarında təqdimatda ad-soyadının altında “teatrşünas” yazdıran əzbərçiləri görə bilmədim. Yəqin onlar bu sahədə artıq bütün biliklərə yiyələniblər...
Sənət özü bir ideologiyadır
Bəxtiyar Xanızadə əvvəlcə iştirakçılarla bir-bir tanış olur. Əlavə edir ki, ustad dərsləri layihəsi üçün “öyrədərək öyrənirəm” fikrini özü irəli sürüb: “Mən bu gün də öyrənirəm. Sizdən öyrənirəm. Bu gün dialoq şəklində bir-birimizdən öyrənəcəyik”.
Tanışlıq zamanı bir tələbə qız deyir mən ADMİU-nun Teatrşünaslıq fakültəsinə təsadüfi düşmüşəm. Həmin andaca düşünürəm ki, bax elə bu qız da gələcəkdə sənəti üzrə özünə yer tuta bilər. Bu səmimi etirafa Bəxtiyar müəllim də reaksiyasız qalmır, təbii ki.
Sənətkar gələcəyin teatrşünaslarına gəldiyi yolun başlanğıcından danışır. Xalq artisti Həsənağa Turabovun sayəsində Azərbaycanda ilk dəfə festival keçirilir və pantomim yaranır deyir. Daha sonra Pantomim Teatrının ilk xarici səfərini, Ankarada qastrolunu xatırlayır. Orada holland həmkarı Rob van Reylə görüşündən epizodlara diqqət çəkir: “Hollandiyada pantomimin yaradıcısı Marsel Marsonun həmkarı və silahdaşı, böyük usta Rob van Reylə görüşdük. O, bizim tamaşalarımızı gördü və belə dedi: “Biz pantomimi qovub dalana, çərçivəyə salmışıq. Pantomim inkişaf edərək başqa istiqamətdə getməlidir. Bu məqama qədər mən özüm də məhz hansı istiqamətin lazım olduğunu başa düşmürdüm. Sizin tamaşanı görəndən sonra hara getməli olduğumuzu anladım. Heyf ki, 80 yaşım var, yoxsa sizin truppa ilə işləyərdim...”.
Yaratdığı teatrdan bəhs edən Bəxtiyar müəllim bildirir ki, bizim baza-məktəbimiz olmayıb. Teatr həm kadr hazırlayır, həm də var gücü ilə işləyir. Və ustad dərsi bir neçə mülahizə üzərində qurulur: teatr sizin üçün nədir, vətəndaş və cəmiyyətin teatra münasibəti, sənətin adiləşməsi, bu gün yaradıcılıqda hansı məqamdır və s. Bütün bu suallara auditoriya ilə birlikdə cavab axtara-axtara gəlib haralara çıxırdıq bir bilsəniz: “Sənət özü də bir ideologiyadır. “Modern” adı altında ideologiya yaranır və yaradıcılıq hər zaman ideoloji silahdır. İdeoloji silah olanda məqsəd konkret olur. Zaman dəyişdi və yeni dövr gəldi: avtomatlaşdırma, industriya və s. İnsanlıq bir yerdə dayana bilmir. Fridrix Nitsşenin “Tanrı öldü” elanının üstündən əsr yarım zaman keçsə də, biz bu gün yaradıcılıqda “Tanrı öldü”, “Tanrı yoxdur” anlamını görürük. Bu anlam onu verir ki, Tanrı yoxsa, Tanrı mənəm! Mən güclüyəmsə, mənə hər şey olar və hazırda yaradıcılıqda da bu məqamı yaşayırıq...”.

“Özüm yaradım” istəyi...
Qlobal mədəni tənəzzüldən danışan Bəxtiyar Xanızadə deyir: “Düzü, axtarmağa ehtiyac yoxdur. Çünki kələfin ucu artıq itirilib... Teatrlar rəqabətdə uduzdumu, dünya və Rusiya teatrlarında keyfiyyətli tamaşalar nə dərəcədə qiymətləndirilə bilər?”.
Bu məqamda ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi Elçin Cəfərov “Teatr, sadəcə, oyundur” deyir. Bu qızğın polemikada mənsə belə düşünürəm: teatr insana elə duyğular, hisslər verir ki, onsuz yaşamaq darıxdırıcı olardı. Teatr ruha “toxum atmalıdır”. Niyə? İnsanı dəyişmək üçün...
Bəxtiyar müəllimə görə, teatr hansısa insanın ruhi tələbatının nəticəsi ola bilər: “İnsanın ruhi tələbatı dəyişməyəcəksə, yəni nə vaxtsa robotlaşmayacağıqsa, teatr yaşayacaq. Bəs o ruhi tələbat nədir? O tələbat insanın Yaradan olmaq diləyidir. Biz yaratmaq istəyirik. Bu, böyük istəkdir. Oyun lap uşaqlıqdan bu istəyin başında durur. Ən adi bir misal: uşağa ən son model oyuncaq alırıq, özü yeriyir, özü qaçır... Amma uşaq onu atıb gedib sınıq oyuncağını, yaxud plastilini götürür. Niyə? Çünki bizim aldığımız oyuncaqda onun üçün yaratma imkanı məhdudlaşıb. Demək, ilk məqamda nə durur – “özüm yaradım” istəyi. Mənə də teatr yaratmaq üçün lazımdır fikrini diktə edir. Mənim üçün oynamaq, qurmaq, düzəltmək və ondan aldığım həzzi heç nə əvəz edə bilməz. Özümü sənətdə sevirəm yoxsa sənəti özümdə sevirəm? Bu da çox qarışıq bir anlamdır. Bu anlamda da aktyor avantürist olmalıdır. Yəni bir müddətdən sonra bu avantüraların bəhrəsini yığaraq qarşısını almalı və anlamalıdır ki, qarşısındakı iş iradə və düşüncə istəyir...”.
“Bu gün Azərbaycan teatrından kim razıdır” sualına əl qaldıran 2, ya 3 nəfər oldu zalda. Bu zaman Bəxtiyar müəllim “teatr belə olmalıdır” şüarlarına cavab olaraq səsləndi: “Gedin xilas eləyin, niyə eləmirsiz? Heç kim bəyənmir, heç kim də etmir. Bəs nə iş görürsüz? Hamı bilir guya, həqiqətdə isə bilmir...”.
***
Bu məqam konteksində ustad dərsindən sonra Elçin Cəfərovun “Facebook” səhifəsində paylaşımı diqqətçəkən oldu. Aktyorlar müxtəlif reaksiyalar bildirdilər. Bu paylaşımdan belə məlum oldu ki, teatr və mədəniyyət sahəsində çalışan insanların əksəriyyəti mədəniyyət sahəsində yeniliklərin əks olunduğu medianı izləmir. Sözügedən ustad dərsləri haqqında dəfələrlə “Mədəniyyət” qəzeti, Mədəniyyət Nazirliyinin rəsmi saytı, teatro.az saytında məlumat verilsə də, əfsus ki, çoxları bundan xəbərsizdir.
Deməli, Elçin Cəfərov ustad dərsləri ilə bağlı fikirlərində haqlı idi. O yazır: “...Ustad dərslərinin ikisində iştirak etdim. Teatrşünaslar üçün ustad dərsində iştirak etməkdən ötrü universitetdə imtahan yoxlamalarımı təxirə salmalı oldum. Amma dəyərdi. 1-ci və 2-ci kurs tələbələrimdən 8 nəfərlə birlikdə Bəxtiyar müəllimin ustad dərsinə qatıldım. Ustad sənətkarın çox maraqlı söhbətlərini dinlədik, həmsöhbət olduq, mübahisə etdik, fikir bölüşdük. Başqalarını deyə bilmərəm, şəxsən mənim üçün çox maraqlı və faydalı oldu. Ancaq təəssüf etdiyim iki məqam var: görüşlərin videoçəkilişi aparılmırdı və özgə vaxt maraqlı teatr hadisələrinin olmamasından şikayətlənən həmkarlarımız nədənsə bu tədbirə, yumşaq desək, bir qədər soyuq yanaşdılar. Qulağının dibində (Azadlıq pr. 75) belə bir ustad dərsi ola (özü də ödənişsiz), bir-iki gün vaxt ayırıb iştirak etməyəsən. Nə bilim... Düşünürəm ki, əla layihədir və mütləq davam etməlidir... Gərək adamın adı mütləq Marsel, Yan, Tomas ola ki, qədrini bilək...”.
Sonda isə yenə əvvələ qayıdıram. Teatr mənim üçün nədir? Teatr yüksək və qeyri-adi intellekt daşıyıcısıdır. Səhnə mükəmməl dünyadır. Teatr, səhnə bir sirdir və bu sirrin nədən ibarət olduğunu heç kim bilmir. Aktyor teatr, teatr isə aktyordur...
Lalə Azəri
Yazardan aid digər yazılar
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsi çərçivəsində növbəti iştirakçı qardaş Türkiyədən olacaq. Antalya...
Akademik Milli Dram Teatrı IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edib.
Forum çərçivəsində teatr sə...
Bu günlərdə başa çatan I TÜRKSOY Beynəlxalq Teatr Festivalı həm türkdilli ölkələrin müasir teatr prosesini və ona inteqrasiyasını müəyyənləşdirmək, həm də beynəlxalq teatr ictimaiyyətində əməkdaşlıq &u...
Tezliklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncer Çüçenoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşasının premyerası olacaq.
M...
Noyabrın 16-da Sankt-Peterburqda IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun açılışı olub.
Forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir.
Noyabrın 18-dək dava...
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsinin növbəti iştirakçısı Naxçıvan Dövlət Milli Dram Teatrı olacaq. Teatrın koll...
Akademik Milli Dram Teatrının laboratoriyasının “Son xətt” tamaşası təqdim olunub.
Tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edib. O, 8 Noyabr – Zəfər G&u...
Bakı Uşaq və Gənclər Teatrı Şanlı Qələbəmizin üçüncü ildönümü münasibətilə 1-3 noyabr tarixlərində “Bir teatr-bir festival” layihəsi çərçivəsində “3+3=7” festivalını ke&c...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Səmərqənd Vilayət Musiqili Dram Teatrı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Hər iki teatrın rəhbəri – Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev və Özbəkistanın ...
Azərbaycanda CHARACTERS Müasir Dramaturgiya Festivalı keçirilir. İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə, dramaturq İsmayıl İmanın təşkilatçılığı və kuratorluğu ilə həyata keçirilən layihənin tərəfdaşla...