TEATRO

TEATRO

sənət portalı

post-title

TEATR FORUMU BİZƏ NƏ DEDİ?

Xəbər verdiyimiz kimi, "Heydər Əliyev İli" çərçivəsində Bakıda "Azərbaycan teatrı — 150: inkşaf perspektivləri" mövzusunda Teatr Forumu keçirildi. Forum Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştrakı ilə 11-12 aprel tarixində gerçəkləşdi.

İki gün ərzində Forumda ümumi dört panelin iclası baş tutdu. Həm panellərdə çıxış edən ekspertlər, həm də onlara suallar ünvanlayan iştirakçılar bir sıra problemləri səsləndirdilər, çıxış yolları təklif etdilər.

Bəs, arxada qalan "Teatr Forumu bizə nə dedi?"

Mehriban Ələkbərzadə (Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru):

"Teatr Forumu bizə nə dedi?", daha doğrusu, nə anlatdı? Teatr forumu bizə bir-birimizə dözümlü olmaqla dinləməyin mütləq olduğunu dedi. Bütün problemlərin hardan qaynaqlandığını üzə çıxarıb, onu aradan qaldırmaq üçün mütləq məqsədli və predmetli şəkildə toplanaraq fikir mübadiləsi aparmaq, onu davaya, ya mübahisəyə çevirmədən çözməyi anlatdı. Bizim heç də həmişə bir yerdə olmaq fürsətimizin, yaxud niyyətimizin olmadığını anlamağı dedi. Milli teatrın inkişafı naminə birlikdə ortaq məxrəcə gəlmək mütləqliyini dedi. Həll etmək istədiyi məsələlər isə:

-Teatrın inkişaf strategiyasının təyini;

-Müasir dramaturgiyanın yüksəlişi naminə yolların tapılması;

-Yeni trendlərin təyininin vacibliyi;

-Teatr və tamaşaçı münasibətlərinin düşünülmüş metodlarla dəyişməsi;

-Teatrlarda prodüser və menecmentin vacibliyi;

-Çağdaş teatr prosesində müstəqil teatrların rolu.

Ümumiyyətlə, HƏDƏF müəyyən edilməlidir. Ümumi məqsədlər ümumi teatr fəaliyyətinə yönəli olmalıdır.

Yaqut Paşazadə (Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti):

Əslində, teatr forumu onun üçün keçirilirdi ki, teatr cameəsi birlikdə maraqlı təkliflər irəli sürsün və teatrımızın inkişafı, gələcəyi üçün nələrsə desin. Teatr forumu mənə deməməli idi, əslində biz teatr forumuna deməli idik. Mən belə anladım ki, hələ də XXI əsrin 3-cü onili olmasına baxmayaraq, Azərbaycan teatrlarının əksəriyyəti 90-cı illər, 70-80-ci illərin teatr estetikasında, düşüncəsində qalıb. Nə qədər acınacaqlı olsa da, bu belədir və teatr forumunda bu bariz göründü, çünki əvvəlcədən elan olunmuşdu və forumları aşağı-yuxarı bilənlər bilir ki, necə fikirlər səsləndirilməlidir. Panel iştirakçılarının bəziləri  özünü yaradıcılıq gecəsində hiss etdi və  XXI əsrin teatrını yaratmaq üçün təkliflər planını ortaya qoymaq əvəzinə özlərinin yaradıcılıq gecələrini keçirirmiş kimi, sadəcə, fəaliyyətləri barədə "hesabat" verməyə başladılar. İki gün forumda oturub buna qulaq asmaq, sadəcə, acınacaqlıdır. Çünki audtoriya, teatr cameəsindən ibarət idi, orada hamı bir-birini tanıyır, kimin nə işlə məşğul olduğunu, hansı teatrda hansı tamaşaların qoyulduğunu çox gözəl bilir.

Bir daha təsdiqlədim ki, biz daha köklü, daha dərin fikirləşməliyik. Sevindirici hallar da var idi. Bir neçə panel iştirakçısı çox dəyərli, çox vacib təkliflərdə bulundular. Güman edirəm ki, yeni nazirimiz təkliflərə xüsusi qiymət verəcək. Çünki mənə elə gəlir ki, onlar da məhz bunu eşitmək istəyirdilər. Nə yaxşı ki, bir neçə panel iştirakçısından biz bunları eşitdik, bu da o deməkdir ki, Azərbaycan teatrı var, və var olacaq. Vaxtilə Azərbaycan teatrını zamanından qat-qat irəli apara bilən, yaşada bilən sənətkarlar olub və bundan sonra da olacaq. Yəni köhnəlikdən əl çəkmək, bir az irəli baxmaq, yeni nəslin yeni düşüncəsini nəzərə almaq və teatrı məhz bu müstəvidə görmək lazımdır.

Mikayıl Mikayılov (Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru:

Teatr forumu bizə Azərbaycan teatrında mövcud olan problemləri xatırlatdı və bu problemlərin həllini tapmaq üçün ümid yaratdı. Bu fürsətdən hamımız yararlanmalıyıq və danışmadan hərəkətə keçməliyik.

Vəfa Muhacirova (Teatrşünas, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini):

Formla bağlı fikirlərimə keçmədən öncə deyim ki, içərisində teatrın adı keçən hər bir hadisəni, hər bir prosesi əhəmiyyətli hesab edirəm. Çünki teatr sənəti bunların hər birindən az və ya çox dərəcədə öz nəsibini alır. Ən pis halda, növbəti mərhələ üçün təcrübə qazanır.

I Teatr Formunu bu səbəbdən qənaətbəxş hesab edirəm. Doğrudur, müəyyən məqamlarda narazı qaldıqlarım da oldu. Çıxışçılar arasında da, iştirakçılar arasında da məsələni lokallaşdırıb subyektiv yanaşmalarla vaxtımızı alanlar, müzakirələri sadəcə neqativ enerji ilə yükləyənlər, orada danışılanları eşitməyib, öz aləmində vaxt keçirənlər az deyildi. Bunlarla yanaşı, məsələnin ciddiyyətini anlayıb, forumun haqqını vermək istəyənlərin teatr sənətinin inkişafı üçün nə qədər əmək sərf etdiklərinin də bir daha şahidi olduq.

Forum və bundan əvvəl teatrın inkişafına xidmət məqsədi ilə keçirilən tədbirlərin, görülən işlərin əksəriyyətinin iştirakçısı olaraq, deyə bilərəm ki, bizim ən böyük problemimiz görülməyən işlər deyil, görülən işlərin düzgün icra edilməməsidir. Əgər biz icra zamanı ədalətli, şəffaf olmağa çalışmasaq, ikili standardlardan əl çəkməsək, təəssüf ki, nəticə əldə edilməyəcək, həmçinin heç bir forum, konfrans və s. bizi xilas etməyəcək.

Aygün Süleymanova (Teatrşünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi):

Azərbaycan teatrında konfrans, festival təcrübəsindən sonra Teatr forumunun keçirilməsi çoxdan arzulanan hadisə idi. Lakin bu səviyyədə keçirilməsini heç kəs gözləmirdi. Heydər Əliyev mərkəzində yüksək peşəkarlıqla, müasir standartları tədbiq etməklə iki gün keçirilən Forum teatr hadisəsinə çevrildi. Proqramı oxuyub, çıxışçılar üçün ayrılan yerlərə baxıb öz-özümə düşündüm, doğrudanmı bu gördüklərim həqiqətdir? Azərbaycan teatrı yeni mərhələyə keçir...

Proses başlayır...

Mexanizm işə düşəcək...

Birinci panelin ilk çıxışından arzularım suya düşdü... Özümü kolxozçuların illik hesabatında hiss etdim. Mövzular proqram üzərində qaldı...

Problemin təkcə maaş və sosial yaşayış olduğu anlaşıldı...

Qəti şəkildə yenilik lazım olmadığı, 150 yaşlı qocanın ancaq sürünməyə və kömək diləməyə ehtiyacı var...

Teatr forumu bizə nə dedi? Azərbaycan teatrı köklü  dəyişikliyə hazır deyil. "Azərbaycan teatrı"nın təmsilçiləri bir mənalı olaraq, klassik tamaşalara gələn ənənəvi seyrçisi ilə xoşbəxtdir.

 

İsmayıl İman (yazıçı-dramaturq):

Mənə elə gəlir ki, teatr forumu indiki vəziyyəti göstərdi – nəyimiz var, kiminlə işləmək olar və s. Forumun formatı rahat idi, müxtəlif mövzulara toxundu. Nazirliyin yeni komandasının istəyi və təcrübəsi var, mədəniyyətə də yad adamlar deyillər. Azərbaycan teatrı ağır günlər yaşayır, amma bu, təslim olmaq və işləməmək üçün əsas deyil, çünki teatrın məsuliyyəti təkcə dövlət qurumlarının deyil, bizim hamımızın üzərinə düşür.

 

Anar Babalı (Lənkəran Dövlət Dram Teatrının baş rejissoru):

“Teatr forumu bizə nə dedi?”

Mən deməzdim teatr forumu bizə nəsə dedi. Əksinə, biz sənət adamları dərdimizi dedik. Bizə  problemlərimizi deməyə şərait yaratdılar. Bu, mənim fikrimcə alqışa layiq addımdır. Bu tarixi anı yaşayan sənət adamları özlərini xoşbəxt saya bilərlər. Forum, əslində, formal xarakter daşıyır. Məsələ burasındadır ki, sənət adamlarını bir yerə toplamaq, onlara fikirlərini yazılı surətdə bildirmək imkanı yaratmaq və sənət adamlarının dərdini, problemlərini diqqətlə dinləmək özü bir inqilabdır.

 

Nicat Mirzə: (Füzuli Dövlət Dram Teatrının quruluşçu rejissoru)

Teatr forumu bizə çox şey dedi. Əvvala bu forumun təşkilinə görə Mədəniyyət Nazirliyinə səmimi təşəkkürümü bildirirəm. Çoxdandır həqiqi sənət fədailərinin boğazında düyünlənib qalmış problemlər dilə gətirildi. Cəsarətli çıxışlar oldu. Qorxmadan, çəkinmədən. Bu böyük göstəricidir ki, bizi xoş aqibət gözlədiyinə böyük ümidimiz yaranır. Cəsarət sözünü boş yerə qeyd etmədim. Mütilikdən uzaq münbit bir mühit formalaşır deyə bilərik. Özünü gərəkli hiss etmək çox gözəldir. Əgər bu şərait yaranırsa, çox yaxşıdır. Bəzi dırnaq arası adamlar ki, teatra mədəniyyətə qənim kəsilmişdilər, onlara da ciddi siqnal oldu. Hesab edirəm ki, bundan sonra teatr öz inkişaf xəttini peşəkar sənətçilər və məsul şəxslərlə müəyyənləşdirəcək. Üzərimizdə olan mənəvi məsuliyyətin praktiki müdaxiləsini həyata keçirməyin vaxtıdır. Təbii ki, mən də digər sənət insanları kimi nəzərə çatdırılan problemlərin həllini tapmasını istəyirəm. Bunlar maaşlardan tutmuş digər yaradıcı və təşkil olunması vacib olan məsələlərdir. Çox sadə və mübaliğəsiz deyirəm. Yaradıcı insanın maddi təminatı günümüzün tələblərinə cavab verməlidir ki, keyfiyyətli proses və nəticə yaransın. Sonda problemləri nəzərə çatdıran böyüklərə təşəkkür edirəm. Biz gənc sənətçilər bundan sonra daha da şövqlə çalışacağıq.

Nihad Qulamzadə ("Əsa" Teatrının rəhbəri):

Azərbaycanda teatr forumunun keçirliməsi mənə görə müsbət addım idi. İlk növbədə bu bir platforma idi ki, burada teatr işçiləri təkliflərini açıq şəkildə səsləndirə bildilər. Burada həm rəsmilər, həm də teatr cameəsı bu təklifləri dinləyir və hər hansı bir nəticə çıxarda bilir. Bu baxımdan forumun keçirilməsi müsbətdir. Forumda ekspert kimi çıxış etmək də mənə, ilk növbədə, onu göstərdi ki, həqiqətən də, teatr mühitimiz nəinki, problemin həllini, ümumiyyətlə problemin nə olduğunu dəqiq şəkildə bilmir. Hətta hər hansı bir mövcud problemi deyəndə bəziləri başa düşmür ki, bu həqiqətən, lazımdırmı ya deyilmi. Forumla bağlı bu düşüncədəyəm ki, belə müstəvidə qalmalı deyil, yəni orda səslənən, konkret teatrın inkişafına yönəlik konsturktiv çıxışlar varsa, həmin çıxışlar üzrə işçi qrup yaradılmalı, yenidən görüşlər keçirilməlidir. Orada səslənən təkliflərin həyata keçirilməsi ilə bağlı geniş müzakirə şəraiti yaradılmalıdır. Forumda mənə görə mənfi bir cəhət var idi. Ekspertlərin bəziləri mövzudan kənar danışırdılar. Bu da ümumi forumun təsirini azaldırdı. Çünki nəinki mövzudan kənar danışmaq,  hətta bəziləri sadəcə öz fəaliyyətləri barədə hesabat verirlərmiş kimi çıxış edirdilər. Bu da  forumun məramını müəyyən qədər yanlış səpkiyə aparırdı. Amma mənim də bəyəndiyim, fikirlərini dəstəklədiyim adamlar oldu və bu da onu göstərdi ki, 4-5 ideya yaranıbsa, bu o deməkdir ki, forum əhəmiyyətlidir. Bundan sonrakı proseslər də göstərəcək ki, forumun keçirilməsi nə dərəcədə uğurlu oldu.

 

Sorğunu apardı:

Vüsalə İbrahimli, Nərminə Kamalova

Load Time (S) : 0.000301