TEATRO

TEATRO

sənət portalı

post-title

Teatr ənənəsi üfüqidir - Karlos Seldran

Bu gün Beynəlxalq Teatr Günüdür. Bu əlamətdar gün UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1962-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə müraciət göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.

Bu ənənəni davam etdirəm Beynəlxalq Teatr İnstitutu hər il mart ayının 27-də müxtəlif ölkələrdən olan bir görkəmli teatr xadiminin müraciətini yayımlayır. 2019-cu ildə Beynəlxalq Teatr İnstitutunun rəsmi saytında Kuba rejissoru, dramaturqu və teatr pedaqoqu Karlos Seldranın müracətini dərc edilib. TeatrO.az sənət portalı Karlos Seldran haqqında qısa informasiyanı və onun cəmiyyətə ünvanladığı müraciətin mətnini diqqətinizə təqdim edir:

Karlos Seldran Kubanın paytaxtı Havana şəhərində yaşayan teatr pedaqoqu və professordur. 20 ildən artıqdır ki, Kuba İncəsənət Universitetində fəaliyyət göstərən Karlos Seldran, həmçinin yaratdığı Arqos Teatrında rejissor və dramaturq kimi də çalışır. Arqos Teatrı Avropa mədəniyyətini Brext, Bekket, Strindberq və İbsen kimi dramaturqların əsərləri ilə Latın Amerikalı tamaşaçıyla tanışdıran və müasir performansları ilə Avropa teatrına yeni nəfəs gətirməyi qarşısına məqsəd qoyan bir teatrdır. Teatrın bu günə qədərki ən tanınmış işi isə Karlos Seldranın ədəbi mətnini yazdığı və quruluş verdiyi “On milyon” adlı tamaşasadır. Bu əsər bir çox tənqidçilər tərəfindən bəyənilib və həm Kuba, həm də beynəlxalq arenada nümayiş etdirilib. Seldran tərəfindən 2018-ci ildə yazılmış və quruluş verilmiş son tamaşa – “Misteriyalar və kiçik hissələr” də maraqla qarşılanmışdı. Kuba və beynəlxalq arenada bu uğurları Karlos Seldrana bir çox mükafatlara da qazandırır. Sənətkar 1988-ci ildən 2018-ci ilə qədər 16 dəfə Kuba Teatr Tənqidçiləri mükafatını qazanır. Həmçinin, 2000-ci ildə Tqazandığı Kuba Mədəniyyətinin Milli Fərqlənmə mükafatı və 2016-da qazandığı Kuba Milli Teatr mükafatı da bunların sırasındadır.

 

Teatr ənənəsi üfüqidir

“Mən teatrı anlamazdan öncə müəllimlərim artıq bu sənətin içində idilər. Onlar ömürlərinin sonuna qədər dəyişməz qalan teatra yanaşma və poetikalarını formalaşdırmışdılar. Bu gün onlardan çoxu tanınmır və ya unudulub: səssizliklə məşq otaqlarında və dolu tamaşa zallarında işlədilər, uzun çalışmalar və böyük uğurların ardından bu sənətdən yavaş-yavaş itdilər. Taleyimin onların yolunu davam etmək olduğunu anlayanda onu da başa düşdüm ki, təkrarolunmaz bir məqamın aşkarlığına varmadan, indiki zamanda yaşamaq kimi bu füsunkar, nadir bir ənənə mənə miras qalıb. Həmin məqam teatrın qaranlığında təbii davranışın, etirafın (vəhyin) himayəsi altında başqasıyla bir görüşdür. Mənim teatral vətənim şəhərimin ən fərqli vilayətlərindən, hər gecə gəlib bizimlə bir neçə saat, bir neçə dəqiqə keçirən izləyicilərlə tanışlıq anlarından ibarətdir. Həyatım özümdən imtina etdiyim, özüm üçün acı çəkdiyim o bənzərsiz dəqiqələrdən qurulur və mən həmin anlarda yenidən doğuluram, peşəmin mənasını yenidən dərk etməyə başlayıram. Bizim nə dediyimizi və nə etdiyimizi yaxşı bildiyimiz, ən dərin, ən özəl cəhətlərimizi səhnə işıqları altında yansıtdığımız yerdə mən saf və fani həqiqətlərlə yaşayıram. Mənim və aktyorlarımın teatral vətəni – ritorik, maskalarımızı çıxardığımız, əslində, kim olduğumuzdan qorxduğumuz və qaranlıqda əl-ələ irəlilədiyimiz belə məqamlardan toxunmuş bir vətəndir. Teatr ənənəsi üfüqidir. Teatrın dünyanın hər hansı bir yerində, hansısa şəhərdə və yaxud xüsusi bir binada yerləşdiyini heç kim sübut edə bilməz. Mənim qəbul etdiyim teatr görünməz bir coğrafiyada yayılıb və onunla məşğul olan insanların həyatını, sənətini bircə qovuşdurucu jestlə birləşdirir. Bütün teatr ustaları onları qoruyan, məşhur edən hansısa bir xüsusi vasitə olmadan təkrarolunmaz aydınlıq və gözəllik məqamında ölürlər. Teatr müəllimləri bunu yaxşı bilir, gördüyümüz işin kökündə qətiyyətlə qarşılaşanda – böyük təhlükənin ortasında qərarsızlıq, güc, azadlıq, doğruluq məqamları yaradanda – heç bir tanıma keçərli olmur. Gördükləri işi solğun formada göstərən video, fotolardan başqa həyatda heç nələri qalmır. Və bu materiallarda həmişə orada baş verən anların tərcümə edilməyəcəyini, başqa yerdə tapılmayacağını, hətta oradakı reallığın həyatın özündən daha şəffaf olduğunu və əsl həyat təcrübəsi olduğunu başa düşən tamaşaçıların susqunluğu əksik olur. Teatrın özlüyündə böyük bir ölkə, bütün dünyanı əhatə edən bir ərazi olduğunu başa düşdükdə içimdə azadlığı realizə edən bir təsbit ortaya çıxdı: çox uzağa getməyinizə, hərəkət etməyinizə ehtiyac yoxdur, siz özünüzdən qaça bilməzsiniz. Kütlə – sənin olduğun hər yerdədir. Sənin yanında olan yoldaşlara ehtiyacın var. Evindən kənarda donuq, anlaşılmaz gündəlik reallığın mövcuddur. Bütün bunlardan sonra Odisseyin arqonavtlarla səyahətini təkrarlamağa başlayırsınız: siz sərt və sıx dünyanızı sürətləndirməkdən bezməyən hərəkətsiz bir səyyah olursunuz. Sizin səyahətiniz başdöndürücüdür və heç kim onun qarşısını ala bilməz. Sizin səyahətiniz insanların xəyallarına istiqamətlənir, ən uzaq yerdə əkilən toxuma dönür: tamaşaçılarınızın sivilliyinə, etikliyinə və vicdanına əkilmiş toxuma. Məhz buna görə mən hərəkət etmirəm, evdə ən yaxınlarımın arasında, durğunluqda gecə-gündüz işləyirəm, çünki, sürətin sirrinə sahibəm.

 

Tərcümə edən: Emin Əliyev 

Load Time (S) : 0.005061